525.Az

"Necə əla oynamışıq ki, 0:5 uduzmuşuq?


 

"Necə əla oynamışıq ki, 0:5 uduzmuşuq? <b style="color:red"></b>

"Acınacaqlı məğlubiyyətdir. Açığı, uduzmağımızı gözləyə bilərdik. Amma belə məğlubiyyət gözləmirdik. Doğrudan da, oyuna Avstriya ilə matçda olduğu kimi yaxşı başlamışdıq. Amma sonradan ucuz qollar buraxdıq".

525.az xəbər verir ki, bu sözləri Qol.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov millimizin Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda ötən gün İsveçə ağır hesabla (0:5) məğlub olması haqda danışarkən deyib.

O, görüşdən əvvəl millimizdən yaxşı oyun gözlədiyini bildirib: "Statistikaya baxırıq, topa sahibolmada, dəqiq ötürmələrin sayına görə də biz üstünük. Amma gəl ki 5 qol buraxmışıq. Bu, həqiqətən də məyusedicidir. Acığı, millinin 5 qələbəsindən sonra çox şey gözləyirdim, inanırdım. Deyirdim ki, həqiqətən dəyişikliklər var, futbolçular özləri də inamlıdırlar, əlavə motivasiya gəlir. Bunun ardını Avro-2024-ün seçmə mərhələsində də gətirmək lazımdır deyə düşünürdüm. Amma heç də fikirləşdiyim kimi olmadı. Komanda çox zəif oynadı".

Ə.İsmayılovun sözlərinə görə, komandanın oyun taktikasındakı bəzi məqamlar onu təəccübləndirib: "Düzdür, rəqiblərimiz də çox yaxşı komandalardır, hamısının heyətində Avropanın TOP klublarında oynamış və oynayan futbolçular var. Amma yenə də nə olursa-olsun, yaxşı mübarizə aparmaq olardı. Elə matç başlayanda da göstərdik ki, bu rəqiblə oynamaq mümkündür. Lakin sonradan demək olar ki, gücdən düşdük, ucuz qollar buraxdıq. Əsas məsələlərdən biri odur ki, mərkəz müdafiəçisi niyə cinahda oynamalıdır? Əgər uduzursansa, niyə son dəqiqələrdə meydana müdafiəçi buraxırsan? Nə bilim. Bunlar mənə bir az qəribə gəlir. Amma yenə də baş məşqçinin qərarlarıdır. Mən nə qədər danışsam da, hələ o məşqçinin səviyyəsinə çata bilməmişəm, bəlkə də heç çatmayacam. Lakin bir futbolçu, tamaşaçı kimi fikrimi bildirirəm ki, bəzi şeylər başa düşülmür. Çox danışmaq istəmirəm".

Keçmiş yarımmüdafiəçi qeyd edib ki, hələ heç nə başa çatmayıb və qarşıdakı matçlarda maksimum nəticə göstərmək lazımdır: "Yenə də hər şey başa çatmayıb. Bakıda da bu komandalarla qarşılaşacağıq. Üstəlik Estoniya ilə evdə, səfərdə oyunlar var. Hələ Belçikanı kənara qoyuram. Xal və xallar qazanmalıyıq. Çünki əgər yaxşı yerlər gəlmək istəyiriksə, Azərbaycanın adını qaldırmaq istəyiriksə, nəticə qazanmalıyıq. Məncə, artıq Canni de Byazi də başa düşür ki, bu, son şansıdır. Mən həmişə deyirdim ki, De Byazi getsin. Amma ardıcıl 5 oyunda qələbə qazananda inkişaf olduğunu düşündüm. Komana sürətli hücumlar edirdi, əks-hücumlara yaxşı çıxırdılar. Buna görə deyirdim ki, şans vermək olar, irəliləyiş var, başqası gəlsə nə olacaq, nə olmayacaq, bilmirik. Amma bu son 2 görüşdən sonra De Byazi də dərk edir ki, son şanslarıdır, maksimum nəticə qazanmalıdır. Məyusam. Çünki milli komanda mənim üçün tam başqadır. Yığmaya fərqli baxıram, onlar üçün tam fərqli şeylər arzulayıram. Çox istəyirəm ki, millimiz inkişaf etsin. Kim oynadı, kim oynamadı, mənim üçün fərqi yoxdur. Həmişə arzulamışam ki, yığmamız öndə olsun. Çünki milli bizim ürəyimizdir. Hər şey əvvəlcə milli komandadan başlayır. Toparlanmaq və sonrakı matçlara yaxşı hazırlaşmaq lazımdır".

Ə.İsmayılov baş məşqçi Canni de Byazinin görüşdən sonra "əla oyun keçirdik" fikriniə də münasibət bildirib: "Komanda yaxşı oynasa, belə hesabla uduzmaz. Sadəcə matça yaxşı başlamışdılar. Sonradan ümumiyyətlə, zəiflədik. Statistikada bəzi nüanslar bizim tərəfimizdə idi. Amma hər şey bu deyil. Futbolda bitiricilik, əks-hücumlardan yaxşı istifadə etmək lazımdır. Biz bunların heç birini bacarmadıq. Nəticədə də məğlub olduq. Amma İsveç millisi vəziyyətdən maksimum yararlandı. Necə əla oynamışıq ki, 0:5 uduzmuşuq? Bu, mümkün deyil".

Qeyd edək ki, Azərbaycan millisu mərhələnin ilk turunda Avstriyaya 1:4 hesabı ilə məğlub olub.

 





28.03.2023    çap et  çap et