525.Az

"Müstəqil Azərbaycanda müasir ordu quruculuğu Ümummilli liderimizin adı ilə bağlıdır”


 

"Müstəqil Azərbaycanda müasir ordu quruculuğu Ümummilli liderimizin adı ilə bağlıdır”<b style="color:red"></b>

“Bu il anadan olmasının 100 illik yubileyini qürurla qeyd etdiyimiz ulu öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrin inkişafında müstəsna xidmətlər göstərib. Bu baxımdan, müstəqil Azərbaycanda müasir ordu quruculuğu da Ümummilli liderimizin adı ilə bağlıdır”.

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, Ümummilli Liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.

Onun sözlərinə görə, hakimiyyətdə olduğu illərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Ordusunu və onun formalaşması prosesini daim diqqət mərkəzində saxladı. Hələ sovet dönəmində Ulu Öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldı. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da  apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər.

“Məlumdur ki, hər bir ordunun qüdrəti - onun döyüş qabiliyyəti ilə mənəvi gücünün vəhdətində reallaşır. Bu gün Azərbaycan cəmiyyətində, eləcə də orduda ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış və elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. İstər sülh, istərsə də müharibə dövründə hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyimizə sədaqət və məhəbbət hisslərinin möhkəmləndirilməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir. Ulu Öndərimiz vaxtilə demişdi: “Biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik”. Ulu Öndərin bu arzusu onun layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yerinə yetirildi. Azərbaycanın əzəli torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında qalması, beynəlxalq birliyin buna göz yumması problemin diplomatik həllinə imkan vermədi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Tariximizdə “Vətən müharibəsi”, “Dəmir yumruq” əməliyyati kimi yer alan müharibə çox uzun sürmədi. 44 gün ərzində xalqla dövlətin sarsılmaz birliyinin, Azərbaycanın müzəffər Ordusunun şanlı Qələbəsi ilə başa çatan müharibə bütün dünyaya hansı gücə qadir olduğumuzu sübut etdi. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti dünyanın müasir hərb elmində bir yenilik oldu. Təsadüfi deyil ki, dünyanın bir sıra hərbi mərkəzlərində Azərbaycan Ordusunun tətbiq etdiyi strategiya öyrənilir. Azərbaycan xalqı olaraq qürur duyuruq ki, güclü və qüdrətli Ordumuz var. Bu ordu hər zaman dövlətimizin və xalqımızın təhlükəsizliyinin keşiyindədir”, - deyə Fatma Yıldırım vurğulayıb.

 





01.04.2023    çap et  çap et