Düzünü desəm, bilmirəm, Vellinqtonda Dəniz Muzeyi var, ya yoxdur. Ancaq mən nədənsə həmişə Yeni Zelandiyaya getmək, sualtı dünyanın o xəyali Muzeydəki eksponatlarına baxmaq istəmişəm. Niyəsini soruşsanız, bilmirəm. Dəniz muzeyi hardan ağlıma gəlib?! Nə bilim..
Biz də dəniz sahilində yaşayan ölkəyik, ancaq bizim də Dəniz Muzeyimiz yoxdur. Heç özüm də bilmirəm ki, bu Muzeyi necə təsəvvür edim.
Çox illər öncə işdən evə gələndə ailəm həmişəki kimi yenə məni qapıda qarşılamışdı. Qızım əlimdəki çantanı almışdı, məni öpmüş və demişdi:
- Ata, səni çox istəyirəm.
Onda yumorla belə cavab vermişdim:
- Marian çökəkliyindəki o nəhəng amöbü Vellinqton Dəniz Muzeyinə aparıb qoysan, inanaram ki, məni çox istəyirsən.
Bu dialoqa hamımız gülüşmüşdük.
Bax, qızımla o yumorlu söhbətdən sonra məndə Yeni Zelandiya səyahəti xəyalı yaranıb. Yumordakı ciddiyyətə baxın da! Bu bəlkə də elə xəyal olaraq qalacaq, bəlkə də yox! Bütün xəyalların gerçək olacağını kim demiş?! Ya da olmayacağını... Məsələ onda deyil.
Kimsə bu xəyalıma dodaq büzə bilər, kimsə də gülə bilər. Amma xəyal etməkdə qəribə, ya da gülməli nə var?! Xəyal etməsək... hə, bax, bu, nəinki gülməli, hətta ağlamalı olar. Hər insanın xəyalları var. Hər millətin də.
Səndən tarixboyu çəkib aldıqlarını geri qaytarmaq xəyalında təəccüblü nə var?! Şuşa da iki il qabaq xəyal idi... Bu haqda yazmışam.
O üzdən ziyalı insanlarımızın milli, coğrafi bütövlük xəyalına kim gülürsə, özünə gülür. Amerika Birləşmiş Ştatları da bir zaman macəraçı, asi avropalının xəyalı idi. Gerçək oldu. İndi dünyanın hər nöqtəsində çox insan ABŞ-da yaşamağı, ya da səyahət etməyi xəyal edir. Bəli, mən desəm: "Vellinqtona gedib Dəniz Muzeyini gəzmək istəyirəm", biri çıxıb yüz cür risk amili və ya çətinliklər sadalayar: "Viza problemdir, yol uzaqdır, həyat bahadır..."
Nə olsun ki?! Ona qalsa, bizdə də insan... ucuzdur.
Əgər kimsə millətin xəyallarını öz şəxsi xəyallarından önə qoyursa, Vətənini azad və bütöv görmək istəyirsə, azad və bvütöv Azərbaycan üçün çalışırsa, deməli, o insanın şəxsiyyəti bütövdür. Əksinə, azad, bütöv Vətən ideyasına qarşı olanlar, natamamlıq kompleksindən əziyyət çəkən yarımçıqlardır. O azadlıq və bütövlük xəyallarımıza dodaq büzənlər də, vaxt gələr, gerçəyin qarşısında büzüşüb qalar, gülənlər özləri gülüş obyektinə dönər. Otuz bir il bundan qabaq da ölkəmin müstəqil dövlət olacağı xəyallarına gülənlər vardı, sonralar elə o dövlətin ən yağlı postlarını qamarladılar... Nə hikmətsə, artıq!
Haqqında danışacağım insan 19 yaşında İranda türməyə düşdü. Yox, cinayət başında deyil, "siyasət başında" yaxalandı. Bilirsiniz, elə bizim ölkədə çox adam cinayətə qarışmağa razıdır, siyasətə yox! Siyasi kimliyi olanlardan oddan qorxan kimi qorxur. Dindirsən, elə danışacaq ki, sanki Vətəni ondan çox sevən yoxdur, amma baxırsan, döyüşdən, vergidən, seçkidən, yəni Vətənə sevgidən ən çox elə özü yayınır. Büdcəni dağıdır, ölkənin pulunu xaricə daşıyır, amma mikrafon, diktafon görən kimi: "Vətən, Millət, Sakarya!"
Bizim bu yazının qəhrəmanı isə əksinə, özünün imkanlarını Vətən üçün sərf edir.
Bax, Viktor Hüqo nə demişdi?! Demişdi: "Heç kəsi şam işığı ilə axtarmayın. Görüləsi adam öz işığı ilə parıldayacaq". Mən də bu fikir üzərində belə düşünmüşdüm: hər kəs doğulandan ölənə qədər öz işığını axtarır ki, parıldasın. Adam da var, öz işığından da qorxur; mahir cərrah olasıydı, zalım cəllad olur. Bu yazının qəhrəmanı öz işığı ilə parlasa da, onu qaranlıq zindanda gizlətməyə çalışdılar. Xəyalının ardınca getdiyi üçün. Ancaq o işıq zindandan çıxdı, Türkiyədən, Avropadan keçdi, nələrdən, nələrdən keçdi, bir Allah və Tarix bilir. Sonunda dünyanın o başındakı xəyallar ölkəsinə - Okeanın o tayına getdi. İlk dəfə Kaliforniyaya ayaq basanda budağından qopmuş bir yarpaqmış sanki. Ölkəsindən qopub getmək asan gəlməsin. İyirmi dörd yaşında uzaq, yad ölkəyə düşürsən. Qəribliyin tənhalığına, qürbət dolusu həsrətinə ayaq basırsan. Və sən hər şeydən əvvəl ayaqda qalmağı bacarmalısan.
Budağından qopub gəlmiş, küləklərin sovurduğu yarpağı göz önünə gətirin. Bu haqda düşünəndə Dadzay Osamunun məşhur romanındakı bir cümlə hardansa yadıma düşdü və məni bərk tutdu: "...çayın dibindəki daşa yapışmış yarpaq". Bəlkə bu, bir kədərli tankanın - qafiyəsiz yapon şeirinin sadədən sadə misrasıdır. Ancaq...
Sən çayın dibindəki daşa yapışmış yarpaqsan. Canlı budağından ayrılıb cansıza - daşa sığınmış bir can. Və minlərlə, milyonlarla kubmetr su öz dözülməz tonnajının ağırlığı ilə sənin... üstündən axır. Bu daşdan qopub, su üzünə çıxaraq sahilə qovuşmaq, Gün işığı ilə canlanaraq bir qızın oxuduğu sevgi romanında səhifə bələdçisi olmaq varmış... O qız romana səni qoyduğu səhifədən davam edəcək...
Bu macəra dolu Amerikaya ilk gəlişində Osamunun dediyi o "çay dibindəki daşa yapışmış yarpaq" olmuşsa da, indi bir sakit göl qırağında iri ağaclarla, güllərlə dolu, otlarla, çəmənlərlə yaşıl bağı var. Bu bizdən çox-çox uzaqlardakı tənhalıqda payız yarpağının arxasındakı o yaşıl bağı görmək... Uzaqgörənlik elə ən çox bu olsa gərək...
Bir zaman bu ölkədən "yaşıl kart" almaq xəyalı vardı. İndi böyük bir yaşıllığın içində öz televiziya kanalı var. Artıq çoxdan ABŞ vətəndaşıdır və bu da o deməkdir ki, doğulub böyüdüyü ölkəsi daha bir uğurlu müəzzəm iş adamını, mükəmməl Söz adamını, ən başlıcası, möhtərəm əqidə adamını, möhtəşəm FİKİR adamını itirib. Hər belə fikir adamını itirən ölkənin düşüncə, vizyon qısırlığı daha da artır, elə deyilmi?!
Onun budağından qopduğu həyat ağacı Ərdəbildə bir həyətdə bitmişdi, özü indi Miçiqan gölünün sahillərində bir parça Ərdəbil kimi dayanıb. Bütöv bir Azərbaycan kimi. Qurduğu ailə bu bütövlüyün simgəsi, simvolu kimidir: özü Arazın o tayından, ömrünün yoldaşı Nahidə xanım isə Arazın bu tayından.
Mərhum Ağamalı Sadiqin bir misrası var: "Bir parça ayaq üstə gəzən Vətənəm". Bu yazının qəhrəmanı da o uzaq Amerikada yaşadığı ştatda, sakini olduğu şəhərdə bir parça Vətəndir. Özü də, ailəsi də.
Və Azərbaycandan Çikaqoya gələn çox qiymətli insanlar onun evinin qapısını açıb... Vətənə keçir. O qapıdan kimlər keçməyib, kimlər! Muğamatın Alimi, kamançanın Habili, tarın Ramizi... Və Məhəmməd Əmin ocağının Rəisi - öndər nəslinin rəssam yadigarı... Saysız-hesabsız söz, fikir, milli dava adamları. Bizimlə eyni zaman kəsiyində yaşayan böyüklərimiz. Bir sözlə, millətin qaymaqları...
Əslində mən Əhməd Obalını elə ilk dəfə bəlkə də "Böyüklərimiz"dən tanıdım (çox sonralar ABŞ-da, Çikaqo şəhərində evinin qapısından Vətənə keçənlərdən biri də mən oldum). Hardasa 6-7 il əvvəl Əhməd bəyin sahibi olduğu GünAZ TV-nin Bakıdakı ofisində qonaq olanda professor Qulu Məhərrəmli mənə bir kitab verdi. Adı "Böyüklərimiz"di. İdeya müəllifi Əhməd Obalı. Kitab Həsən bəy Zərdabi ilə başlayır, Əbülfəz Elçibəylə bitir. Kitabı ərsəyə gətirənlər, məqalələri yazanlar çox böyük alimlərimiz, ziyalılarımızdır. Kimdəsə: "Əhməd Obalı kimdir?!" sualı yaransa, ən dəqiq, dolğun və tutarlı cavab "Böyüklərimiz" kitabıdır yəqin ki.
Əlinə silah götürmək, əlinə qələm götürmək... bunlar fərqli seçimlərdir. Kimsə əlinə silah alıb dünyanı dağıtmaq qəflətinə düşər, kimsə əlinə qələm alıb dünyanı düzəltmək istər. Əlində qələm olanlar tarix boyu həmişə əlində silah olanlarla qonşuydular; şəhidlərin məqamından aşağıda, hökmdarların mərtəbəsindən yuxarıda... Atabəy cahangirləri ilə eyni coğrafiyanı bölüşən Nizami kimi. Osmanlı sultanlarının "söz qonşusu" Füzuli kimi... Bir az əvvəl adını çəkdiyimiz Hüqo kimi, məsələn: bu möhtəşəm fransız monarxiya ilə də qonşuluq etmişdi, respublika ilə də.
Əhməd Obalı da öz çapında şahın mütləqiyyəti ilə də "qonşu" olmuşdu, islam respublikası ilə də. Hərçənd buna "respublika" desək, respublikanın xətrinə dəyər. Həmin o rejim Əhməd Obalını sevmir, bu, təbiidir. Sevməməklə də qalmayıblar; onu öz ölkəsinə qarşı müxalif kimi qaralayırlar. Adamın öz ölkəsinə müxalif olması nə deməkdir?! Ölkəsindəki rejimə qarşı müxalif olmaq bir şeydir, ölkəyə qarşı müxalif olmaq ayrı bir şey. Əlbəttə, adamın öz ölkəsinə qarşı müxalifətdə olmağı neqativ bir seçimdir, pis haldır (bizdə də bu ifadə tez-tez işlənir). Bəs adam(lar)ın öz ölkəsinə qarşı... iqtidarda olmağı necə?! Bu, daha təhlükəli deyilmi?! Əhməd bəy rejimə müxalif mövqedədir, ölkəsinə deyil.
Əhməd Obalı kimi mübariz aydınların ən böyük özəlliyi dünyanın harasında olursa-olsun, Vətən sevgisi ilə yaşaması, bu sevgini başqalarna da aşılaması - bu sevgini yaşatmasıdır. Məhəmməd Füzulinin o məşhur misrası! "Məhəbbət bir bəla şeydir, giriftar olmayan bilməz". Bu, təkcə qadına məhəbbət deyil, Vətənə məhəbbətə və hər cür məhəbbətə də aiddir. Sol Bellounun əsərlərindən birinin qəhrəmanı deyir: "Mən bu sevgidən müalicə olunmaq istəmirəm". O məşhur amerikalı romançı nəhəng şairimiz Mirzə Ələkbər Sabirin qəzəllərini oxuyub bəlkə! Çünki Sabir bu dünyadan köçəndə Bellounun 4 yaşı təzə tamam olmuşdu. Və təbii ki, Sabir o yəhudi əsilli yazıçıdan qabaq yazmışdı:
"Mübtəlayi-eşqəm,
əl götür məndən təbib,
Öylə bir tədbir qıl ki,
bu dərdə dərman olmasın".
Haqqında yazdığım şəxsiyyət - Əhməd Obalı da Vətən sevgisinə geri dönüşü olmadan "yoluxub" və bütün təqiblərə, təzyiqlərə, sıxıntılara rəğmən heç "müalicə olunmaq" fikrinə də düşmür. Əslində əsl sevginin "müalicəsi" niyə olsun ki?!
Söhbət, əlbəttə, mənəvi sıxıntılardan gedir. Mən müxtəlif zamanlarda müxtəlif ölkələrdə öz ölkəsinə yolu bağlanmış çox mühacirlər gördüm. Baxırsan, halı, vaxtı yerində, iş-gücü, ailəsi, biznesi, var-dövləti də var. Ancaq Vətəni istəyirlər. Öz torpağı, ata evi üçün darıxmayan mühacir görmədim. Bəlkə də var, mən görmədim. Bir vaxt Almaniyada, Kölndə böyük bir otel, restoran sahibi olan Güneyli mühacirlə İsveçrənin Sürix şəhərində - hava limanında qarşılaşmışdım. Mənim jurnalist kimi Təbrizə gedib gəldiyimi biləndə dedi: "Qoy gözlərindən öpüm, Təbrizi görmüsən". Təsəvvür elə: hər şeyin var, təkcə Vətənin yoxdur. Daha doğrusu, öz Vətənin üçün "yoxsan".
İsveçrə dedim, yadıma düşdü. Bu yaxınlarda qəribə bir olay olmuşdu; elə həmin Sürix şəhərində Erix Surzimmer adlı bir məhkum cəzasını çəkib qurtarsa da, həbsxanadan çıxmaq istəməyib. Adam türmədən çıxıb öz ölkəsinin (həm də azadlıqlar ölkəsinin) həyatına qarışmaq istəməyib. Deyib: "Həbsxanada normal insan yaşamı üçün hər şey var, çıxmıram". Üstəlik "içəridə" ola-ola, bir şirkətdə onlayn işə düzəlib. İki aylıq araşdırmadan sonra məhkəmə də qərar verib ki, azad adamdır, onu zorla həbsxanadan çıxarmaq qanunsuzluqdur. Ancaq di gəl ki, "dünyanın bu tərəfində" - başqa ölkələrdə adamlar nəinki ölkəsinin həbsxanasından, hətta ölkənin özündən də yan qaçır. Dünyanın bir yerində insan həbsxananın içində belə azad yaşaya bilir, başqa bir yerində ölkə özü böyük bir həbsxanadır! Əhməd Obalı kimi bir ziyalı insan indi ABŞ-ın, yəni azadlıqlar ölkəsinin azad Vətəndaşıdır, amma öz ölkəsinin həbsdən, öz millətinin "böyük həbsxanadan" qurtulması üçün çalışır. Həm də çox çalışır bu böyük xəyalların İnsanı. Bizdən çox uzaqdakı o YAXIN ADAM!
Müəllifdən: Bu esseni ABŞ-da yaşayan və iki gün əvvəl həyatına sui-qəsd edilmiş Əhməd Obalıya həsr etmişdim. Əhməd bəyə və övladına Allahdan şəfa diləyirik.