Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirdiyi tədbirlər, ən başlıcası dil məsələlərinə xüsusi diqqət yetirilməsi xalqımızın tarixində əhəmiyyətli iz qoyub.
Cümhuriyyətin 105-ci ilində "525.az" filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Təranə Şükürlüdən AXC-nin dil siyasəti ilə bağlı açıqlama alıb.
"Cümhuriyyət dövründə ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edildi. Hökumətin qarşıya qoyduğu əsas məqsədlərdən biri cəmiyyətin bütün sferalarında milliləşmə, azərbaycanlılaşdırma idi. Bu proses hərtərəfli şəkildə həyata keçirilirmişdir. Bir tərəfdən bütün idarə, dəftərxana, kargüzarlıq işi milliləşdirilmiş, digər tərəfdən respublikanın bir çox yerində kişi və qadın məktəbləri açılmış, müxtəlif ixtisaslar üzrə 100-dən çox tələbə Avropaya oxumağa göndərilmişdir", - deyən dosent Təranə Şükürlü, həmçinin AXC dövründə bölgələrdə pedaqoji kurslar açıldığını, Osmanlıdan 50-dən çox müəllim dəvət edildiyini, milliləşdirilmiş və digər məktəblərdə milli tarixin tədqiqinə başlanıldığını, yeni dərsliklər nəşr edildiyini və kitabxanaların qurulduğunu da vurğulamışdır.
T. Şükürlünün sözlərinə görə, AXC hökuməti 1918-ci il avqustun 28-də “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərar qəbul etmişdir. 1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilmiş, Bakı, Şəki, Zaqatala, Ağdam və Şuşada müəllimlik kursları açılmışdır.
Dosent AXC hökumətinin dil sahəsindəki növbəti tədbirinin dövlət dilinin orduda tətbiqi ilə əlaqədar olduğunu deyir: "1918-ci il dekabrın 25-də artilleriya generalı S.Mehmandarov hərbi nazir təyin olundu və onun dekabrın 27-də imzaladığı ilk əmr orduda dövlət dilinin tənzimlənməsinə aid idi. 34 nömrəli həmin əmri ilə AXC-nin hərbi naziri orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında belə bir tələb qoyurdu ki, bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Əsgərlərlə ünsiyyətin, təlimin ana dilində aparılması, heç şübhəsiz ki, şəxsi heyəti əsgəri xidmətə daha yaxından bağlayır, onların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərirdi".
"1919-cu il fevralın 11-də isə Azərbaycan Milli Ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərarlar qəbul edib. Bundan əlavə, 1919-cu il martın 21-də AXC Nazirlər Şurasının qərarı ilə ərəb əlifbası islahatı üzrə komissiya yaradılıb. AXC parlamentinin 1919-cu il avqustun 21-də keçirilən iclasında Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti - red.) açılması ilə bağlı çıxışlarda dil məsələsinə xüsusi önəm verilib. Universitetin ilk nizamnaməsində yazılıb ki, dərslər bütün fakültələrdə Azərbaycan dilində keçirilməlidir. AXC hökumətinin vacib tədbirlərindən biri milliləşmiş və milli olmayan orta məktəblərdə Azərbaycan tarixi və ədəbiyyatının tədrisi məsələsi idi. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyasının xətti ilə 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Rəhbər cəbr dərslikləri” nəşr olunmuşdur", - Təranə Şükürlü əlavə edib.
Havar Şəfiyeva