525.Az

DİA-da araşdırma əsaslı təqdimat keçirilib


 

NAİLƏ MUSAYEVA: “TƏCRÜBƏ KARYERAYA APARAN ƏN UĞURLU YOLDUR”

DİA-da araşdırma əsaslı təqdimat keçirilib<b style="color:red"></b>

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) sözügedən universitetin İnzibati idarəetmə fakültəsinin, Menecment və Dövlət və bələdiyyə ixtisası tələbələrinin araşdırma əsaslı təqdimatı keçirilib.

Təqdimatın mövzuları iqtisadçı, müəllim Nailə Musayeva tərəfindən tələbələrə təqdim olunub.  

Təqdimatdan öncə çıxış edən Nailə Musayeva ənənəvi, klassik qaydaları rəhbər tutaraq yeni metodla bu qanun və qaydaları tələbələrə çatdırmağın onların əsas məqsədlərindən biri olduğunu deyib:

“Başlıca məqsəd tələbələri əzbərçilikdən uzaqlaşdırıb, verilən biliyi anlayaraq yadda saxlamaq, qazandıqları bilikləri praktiki olaraq tətbiq etməyi öyrətməkdir. Klassik statistik araşdırma metodlarından, formula və qaydalardan istifadə edərək, onlara bilik aşılamaq əsas hədəflərdəndir. Biz bu gün dərslərin nəzəri hissəsini tələbələrə öyrədirik. Ancaq ən əsas olan onların universitetdə əldə etdikləri bilikləri praktiki olaraq düzgün tətbiqidir. Bunu tələbələr öyrətməliyik ki, onlar gələcəkdə iş həyatında problemlərlə qarşılaşmasınlar.  Sözsüz ki, nəzəriyyə də vacibdir, özül rolunu oynayır və praktika onun əsasında inkişaf edir. Əgər nəzərə alsaq ki, təcrübə karyeraya aparan ən uğurlu yoldur, onda əlavə şərhə ehtiyac yoxdur”.

Daha sonra tələbələrin təqdimatları başlayıb. Müxtəlif mövzuları əhatə edən 4 təqdimatın hər biri fərqli və maraqlı alınıb və böyük maraqla qarşılanıb. 

İlk təqdimat Dövlət və bələdiyyə ixtisası tələbələri Nəzrin Bağırlı, Ofeliya Rəfiyeva və Aysu Həsənzadə tərəfindən təqdim olunub. Videoçarx vasitəsilə göstərilən və təhsildə keyfiyyətlə əlaqəli olan bu təqdimat, müəllim və tələbələrin bir-birindən gözləntiləri, tələbləri ilə bağlı idi. Araşdırmada həm müəllimlər, həm də tələbələr iştirak etmişdi. Bu təqdimat müəllim və tələbələrin vurğuladığı ortaq məqamları, dərsə həvəsin və məsuliyyətin artırılmasını, nəzəriyyə ilə paralel dərsdə praktikanında olmasını, bununla birgə əldə olunan biliklərin gələcəkdə yararlı istifadə edilə bilməsini göstərdi.

Növbəti təqdimat Menecment ixtisası tələbələri İrana Qənbərova, Nərmin Vəliyeva, Günel Qocayeva və Havər Cəfərzadə tərəfindən Azərbaycan gənclərinin üstünlük verdikləri yemək məkanları ilə bağlı araşdırma idi. Bu barədə Bakı şəhərində 570 nəfər arasında aparılan sorğuda tələbələrin əsasən “fast-food” məkanlarına üz tutduqları görülür. Maraq üçün qeyd edək ki, İdarəçilik Akademiyasının 83, Bakı Dövlət Universitetinin 65, İqtisad Universitetinin 139, Pedaqoji Universitetin 44, ADA-nın 15 tələbəsi iştirak edib. Həmçinin, fikir bildirənlərin 60 faizini kişilər, 40 faizni isə zərif cinsin nümayəndələri təşkil edib. Araşdırmanın əsas məqsədi Bakıda təhsil alan tələbələrin aylıq yeməyə nə qədər pul xərclədiklərini müəyyən etmək idi. Belə ki, internet vasitəsilə də 18-25 yaş arası tələbələrin iştirak etdiyi sorğuda ən çox üz tutulan məkanların "Mc'Donalds", KFC, "Cafe City" kimi yerlər olduğu məlum olub.

Üçüncü təqdimat Menecment ixtisası tələbələri Şəhla Şahbazova və Səfi Qasımov tərəfindən nümayiş edilib. Dağlıq bölgələrimizdə yerləşən “Şahdağ”, “Tufandağ” və “Ağbulaq” turizm və istirahət mərkəzlərinin fəaliyyəti haqqında olan araşdırmada bu mərkəzlərin xalqımıza, turistlərə olan faydalarından, həm də peşəkar və qeyri-peşəkar müxtəlif idman növlərinin keçirilməsi üçün görülən tədbirlərdən danışılıb. Belə ki, bu il Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə, Heydər Əliyev zirvəsinin də olduğu Qusarda yerləşən “Şahdağ” turizm mərkəzinda keçirilən idman yarışlarında xizək, snoubord, kvadrosikl və atlarla nəinki peşəkar idmançılar, sadə vətəndaşlarda iştirak edib, hətta mükafatlandırılıblar. Qəbələdə yerləşən “Tufandağ” istiraht mərkəzində isə rahat, sadə yollar və sahələr olduğuna görə, burada qeyri-peşəkarlar, hətta uşaqlar belə sadalanan idman növləri ilə məşğul ola bilirlər.

Həmçinin, “Şahdağ” və “Tufandağ”da insanlar üçün 4 növ yol sahəsi qurulub. Yaşıl, göy, qırmızı və qara rənglərlə xarakterizə edilən bu yollar, asandan çətinə doğru vətəndaşların və turistlərin müxtəlif idmanlarla məşğul olması üçündür. Son olaraq Naxçıvanda 17 fevral 2021-ci fəaliyyətə başlayan “Ağbulaq” istirahət mərkəzi əsasən qış mövsümü zamanı qarın çoxluğu ilə əlaqədar daha aktiv olur. 1,5 km uzunluğunda olan yollar, kanatlar və xüsusilə gözəl mənzərələr bu istirahət mərkəzinin bir hissəsi kimi turistlərin istifadəsinə verilib. Qeyd edək ki, statistik olaraq bu mərkəzlərdə idman növləri ilə əvvəlki illərlə müqayisədə məşğul olanların sayının artdığı müşahidə edilib.

Sonuncu təqdimat Menecment ixtisası tələbələri Aydan Mirişli, Nərgiz Hüseynova, Kəmalə Məmmədova və Gülnar Aslanova tərəfindən hazırlanıb. Sosial medianın həm ölkəmizdə, həm də dünyada populyarlığı mövzusunda olan araşdırmada 310 nəfər iştirak edib və internet vasitəsilə keçirilən bu sorğuda onlara müxtəlif suallar təqdim olunub. İnsanların sosial şəbəkələrdə keçirdiyi vaxt, hansı yaş qrupununun daha çox aktiv olması kimi sualların təhlili nəticəsində bu şəbəkələrin ödənişli olacağı halda nə dərəcədə istifadə ediləcəyi müəyyən edilib. Sosial şəbəkələrin yaradılmasından və tarixindən də bəhs edilən araşdırmada, 2022-ci il üzrə ən çox "Tik-Tok", "Instagram",  "Facebook", və s. kimi proqramlara daha çox müraciət edildiyi müəyyənləşib. Həmçinin, bu platformaların ödənişli olacağı təqdirdə, yenə də bir çoxları tərəfindən istifadə olunacağı bildirilib.

Məhəmməd Tağıyev
 

 





29.05.2023    çap et  çap et