525.Az

"Qarabağ atı" - "Bir rəsmin dedikləri"


 

"Qarabağ atı" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şəbnəm Əzizdir. Onunla rəssam Nərminə Uluxanovanın "Qarabağ atı" əsərindən danışmışıq.

Nərminə Uluxanova 27 oktyabr 1983-cü ildə Bakıda anadan olub. Xarici Dillər Universitetində təhsil alan rəssam, ailəsi ilə birlikdə köçdüyü Londonda incəsənətin müxtəlif sahələrinə olan marağın arxasınca gedir və Tətbiqi sənətin Batik və rəngli yunla toxunma növü ilə məşğul olmaqla yanaşı, rəngkarlıq fəaliyyətini də davam etdirir. İncəsənətə olan marağı rəssamın yolunu "London Art College"ndən salmışdır. Bir-birindən rəngarəng və müxtəlif janrlı əsərlər yaradan Nərminə Uluxanova Türkiyə, Dubay, Paris, Belçika, Lüksemburq, Doha və həmçinin, yerli sərgilərdə də iştirak etmişdi. Türkiyədə 2020-ci ildə "İlin gənc rəssamı" nominasiyasında təltif olunmuşdu.

 

- Şəbnəm xanım, əsərin yaranmasını şərtləndirən amillər nələr olub?

- 44 günlük müharibədəki qalibiyyətin ardından Teymur Rəcəbovun erməni əsilli rəqibinə qalib gəlməsi rəssama ilham mənbəyi olmuş və 2021-ci ildə "Oyun bitdi" əsərini tamamlamışdı. At tarixən güc, qələbə, müstəqillik rəmzi sayılıb və bu rəmzin uğur gətirdiyinə inam olub. Tarixən də qəhrəmanlarla paralel olaraq zoonomik fiqur kimi məhz atın adının çəkilməyi də təsadüfi deyil. Bu rəsmdə qızıl bərbəzəkdə və füsunkar naxışlar fonunda şahə qalxmış Qarabağ atı Azərbaycan xalqının Qarabağda qazandığı zəfərlə qürurlanır. Atın yəhərindəki şahmat lövhəsi isə dünya şöhrətli şahmatçı Teymur Rəcəbovun  qalibiyyətinə işarə edir. Şahmat lövhəsindəki bütün fiqurlar darmadağın olub, yalnız at fiquru öz yerində möhkəm durub. Bu da özlüyündə at fiquruna yüklənən məna ilə əlaqədardır.

- Bəs atın belindən kənara sıçrayan narlar nəyə işarədir?

- Həmin narlar Azərbaycandakı etnik azlıqları və multikultural dəyərləri göstərən simvoldur. Tarix boyu hər zaman etnik azlıqlar torpaqlarımızda məskunlaşmış və öz adət-ənənələrinə və dillərinə sadiq qalmışdır. Bir çox xalqlar bu torpaqda narın içindəki al qırmızı dənələr kimi birgə və mehriban yaşayır, eyni zamanda, mədəni müxtəlifliklərini qoruyub saxlayırlar.

- Əsər hazırda harada saxlanılır?

- Bəzi əsərlər rəssamların ayrılmaz bir parçasına çevrilir. Bu əsər də belələrindəndir. Əsər hazırda rəssamın şəxsi kolleksiyasındadır. Bir neçə dəfə istənilsə də, rəssamın hələ ki əsəri satmaq və ya kiməsə, hansısa qalereyaya vermək niyyəti yoxdur.

- Əsərin rəng koloriti necədir?

- Rəssamın bir çox əsərlərində olduğu kimi, əlvan rəng çalarları tablodakı Qarabağ atının plastik həlli və şahə qalxdığı anda üzərindən tökülən fiqurların dinamikasını əks etdirməyə şərait yaradır. Eyni zamada, batika ustası olan Nərminə Uluxanova əsərin fonunda istifadə etdiyi ornamental batik bəzəkləri kompozisiyanı incəldərək milliliyə olan vurğunu artırmaqdadır.

- Bəs əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Əsərin kompozisiyası rəssamın bir çox işlərində istifadə etdiyi diqqəti mərkəzdə yer alan fiqura cəmləmə xüsusiyyətinə malikdir. Mərkəzi fiquru vurğulamaqla yanaşı, detallara da nəzər yetirilməsini istədiyi üçün dinamik kompozisiya yaradıb. Eyni zamanda tablo izləyiciyə sakitlik və dinclik bəxş etməkdədir.

Hər  zaman məğrur duruşunu və şux qamətini görməyə adət etdiyimiz Qarabağ atının incə və plastik həlli əsərə olan marağı daha da artırır. Belə ki, dekorativ təsvir olunan at miniatür sayağı incəliyə malikdir. Sanki tarixi miniatürlərdən dövrümüzə səfər edərək bizi müjdələməkdədir.

- Sizcə, bu əsər bizə nə deyir?

- Tarixi faktların və ya hadisələrin əsərlərdə öz əksini tapmasını incəsənətin əsas funksiyalarından hesab etmək olar. Azərbaycan xalqı üçün Qarabağ mövzusu daim aktual olub. II Qarabağ müharibəsi isə millətimizin 30 illik həsrətinin vüsatıdır. İllər boyu istər sərhəddə, istərsə də beynəlxalq arenalarda müdafiə olunan "Qarabağ Azərbacandır!" devizinin sübuta yetdiyi andır. Eləcə də bütün müsabiqələrdə düşməni məğlub etmə istəyi və cəhdi də baş tutmuşdu. Bu əsər də özlüyündə dövrünün ən aktual iki hadisəsini birlikdə ehtiva edərək tarixi faktları bir əsərdə simvolik mənalarla ölümsüzləşdirmişdir.

Aytac SAHƏD

 

 

 





31.05.2023    çap et  çap et