525.Az

"Birləşmiş Ərəb Əmirlikləri - Azərbaycan ikitərəfli əlaqələri strateji olaraq inkişaf edir"


 

SƏFİR MƏHƏMMƏD ƏL BLUŞİ: "YAŞIL ENERJİ ƏMƏKDAŞLIĞIMIZDA PRİORİTET SEKTORLARDAN BİRİDİR"

"Birləşmiş Ərəb Əmirlikləri - Azərbaycan ikitərəfli əlaqələri strateji olaraq inkişaf edir"<b style="color:red"></b>

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illər bir çox sahələrdə uğurla inkişaf etməkdədir. Bu inkişaf xüsusilə ticari-iqtisadi, o cümlədən, turizm, enerji sahələrində nəzərə çarpır. Yeni əməkdaşlıq sferalarından biri də yaşıl enerjidir. Eyni zamanda, Azərbaycana ən çox turistin gəldiyi ölkələrdən biri də məhz BƏƏ-dir. Azərbaycanda da əsas səfər istiqamətlərindən biri kimi Dubay hələ də öz populyarlığını saxlamaqdadır.

BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi "525-ci qəzet"ə  müsahibəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərindən danışıb.

 

 

- Cənab səfir, bir ildən çoxdur ki, Azərbaycanda diplomatik fəaliyyətə başlamısınız. Söhbətə Azərbaycan haqqında fikirlərinizi öyrənməklə başlamaq istərdim. Bir ildə ölkəmizi necə tanıdınız?

- Azərbaycan unikal və gözəl ölkədir. Mən və ailəm Azərbaycanın gözəl təbiətindən,  əhalinin qonaqpərvərliyindən, sürətlə inkişaf edən şəhərlərindən, mədəniyyətindən, milli mətbəxindən və bir çox digər füsunkar məqamlardan böyük zövq alırıq.

- Azərbaycan ilə BƏƏ arasında diplomatik əlaqələrin qurulmasından 31 il ötür. Bu müddət ərzində iki ölkə nələrə nail olub?

- Bu, geniş sualdır. Söhbət uzun inkişaf yolundan gedir: 30-dan çox saziş, milyonlarla qarşılıqlı investisiyalar, rəsmi səfərlər. Hər iki ölkənin rəhbərliyinin güclü iradəsi sayəsində BƏƏ ilə Azərbaycan arasında ikitərəfli əlaqələr strateji olaraq inkişaf edir. BƏƏ-nin iri şirkətlərindən  olan "Masdar" Azərbaycanda mühüm layihələr həyata keçirir. Və biz mövcud əməkdaşlığı genişləndirmək üçün yeni imkanların araşdırılması üzərində işləməyə davam edirik. BƏƏ-nin bir çox şirkətləri Azərbaycanda investisiya imkanlarından faydalanmaq üçün Azərbaycan tərəfi ilə danışıqlar aparır.

- Diplomatik fəaliyyətinizdə əsas hədəflər və prioritetlər nədən ibarətdir?

-Məlum faktdır ki, həm BƏƏ-nin, həm də Azərbaycanın çox böyük potensialı var. Liderlərimizin güclü iradəsi sayəsində xalqlarımız bu potensialdan bəhrələnir və mən səfir kimi Azərbaycan Respublikası Hökuməti ilə koordinasiyalı şəkildə ikitərəfli əlaqələrimizin inkişafı üzərində işləyirəm. İnanırıq ki, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ticarət mübadiləsi, investisiya və s. kimi sahələrdə ikitərəfli əməkdaşlığımızı genişləndirə bilərik.

- Azərbaycan ilə BƏƏ arasında əlaqələr bir çox sahələrdə inkişaf edir. BƏƏ Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında ölkəmizin ən böyük ticarət tərəfdaşıdır. İqtisadi sahədə əlaqələri necə qiymətləndirirsiniz və qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafı üçün hansı planlar var?

- Biz müxtəlif sektorların nümayəndələri ilə işləyirik. Gündəliyimiz çox məhsuldardır. Rəsmi şəxslərin qarşılıqlı səfərlərini, eləcə də müxtəlif sektorlar, o cümlədən, dövlət, özəl və yarı dövlət qurumları arasında dialoqları artırmağa, həmçinin, həm BƏƏ-də, həm də Azərbaycanda biznes imkanları haqqında yenilənmiş məlumatları təqdim etməyə davam edirik.

- Azərbaycan və BƏƏ bərpa olunan enerji sahəsində fəal əməkdaşlıq edir. 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası Masdar şirkəti tərəfindən tikilir. Bu sahədə başqa layihələr nəzərdə tutulubmu?

- Yaşıl enerji əməkdaşlığımızda prioritet sektorlardan biridir. Hər iki tərəf layihələr üzərində uğurla işləyir. Bu yaxınlarda Masdar Bakıda ofisini açdı. Səfirlik Masdar komandası ilə sıx əlaqə saxlayır. İnanırıq ki, BƏƏ tərəfi ilə Azərbaycan tərəfinin birgə səyləri ölkələrimizə daha çox rifah və davamlı inkişaf gətirəcək.

- Turizm ölkələrimiz arasında inkişaf edən sahələrdən biridir. BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Bu sahədəki əməkdaşlıq haqqında fikirlərinizi bilmək istərdik. İki ölkə arasında viza rejiminin aradan qaldırılması bu sahənin inkişafına töhfə verəcəkmi? Sizcə, daha çox nəticə əldə etmək üçün daha hansı addımlar atılmalıdır?

- Turizm mühüm sektordur. Bu, təkcə görməli yerlərdən zövq almaqdan ibarət deyil. Bu həm də millətlər arasında təmasdır. Ölkələrimiz arasında qarşılıqlı turist axınının artması onu göstərir ki, həm BƏƏ-də, həm də Azərbaycanda ziyarətçilər özlərini yaxşı hiss edirlər. Mən burada turizm sahəsində əməkdaşlığa müsbət təsir edən bir neçə amili qeyd etmək istərdim: mədəniyyət, adət-ənənələr, qonaqpərvərlik dəyərləri. Məqsədimiz turistlər üçün səfərləri asanlaşdırmaqdır.

- Yəqin ki, həm paytaxt, həm də bölgələrimiz ilə tanış olmusunuz . Turizm baxımından sizi Azərbaycana cəlb edən nədir? "Mütləq görməli" deyəcəyiniz yerlər varmı?

-  Azərbaycan gözəl ölkədir. Artıq Azərbaycanın müxtəlif məkanlarını, şəhərlərini gəzmək imkanım olub. Onların hər biri böyük təəssürat yaradır, hər biri unikaldır.

- Bildiyiniz kimi, azərbaycanlılar səyahət üçün daha çox Dubayı seçirlər. Ölkənizin digər əmirliklərini tanıtmaq üçün hansı planlarınız var?

- Dubay turizm məkanı kimi inkişaf edib. Digər əmirliklərin də turistlərə təklif edəcəyi çox şey var. Hər bir əmirliyin özünəməxsusluğu mövcuddur: Füceyrənin təbiəti, Ras Əl-Xeymənin kurort və çimərlikləri, Şarjanın mədəniyyət mərkəzləri, Umm Əl-Quveyn və Ajmandakı tarixi yerlər və şübhəsiz ki, Əbu-Dabinin gözəlliyi. Bunu göstərmək üçün keçən il biz fotosərgi təşkil etdik. Mən səfir kimi müxtəlif tədbirlərdə çıxışlar edirəm və bunun insanlar üçün maraqlı olduğunu müşahidə edirəm.

Beləliklə, fürsətdən istifadə edərək, bir daha Azərbaycan xalqını BƏƏ-ni ziyarət etməyə dəvət etmək istərdim.

 

 





01.06.2023    çap et  çap et