Filarmoniyanın yığcam səhnəsi öz mehriban və isti ağuşunu həmişəki kimi yenə də musiqiçilərin üzünə açmışdı. Bu qədim sənət məbədinin indiki qonaqları xalq istedadları olimpiadasında iştirak etmək üçün respublikanın şəhər və kəndlərindən gəlmiş gənclər idi. Ağzınacan dolu salonda əyləşən musiqi xiridarları arasında kimlər yox idi?! Bəstəkarlar, xanəndələr, müğənnilər, çalğıçılar, ədəbiyyat və incəsənət xadimləri, dövlət məmurları, sıravi insanlar...Tamaşaçılar xüsusi maraq və heyranlıqla gənc ifaçıların bir-birinə bənzəməyən çıxışlarını dinləyirdilər. İfaçıların hər biri də sürəkli alqışlarla yola salınır, sonra salona yenidən lal sükut çökürdü... Gənc istedadlardan bugünkü sənət imtahanını Üzeyir bəy Hacıbəyov başda olmaqla tanınmış musiqi biliciləri götürürdülər.
Növbəti dəfə səhnəyə şuşalı gənc bir tarzən dəvət olundu. O, münsiflər heyəti üzvlərinin və tamaşaçıların qarşısında özünəməxsus tərzdə təzim elədi. Sonra sədəfli tarını sinəsi üstə qaldırdı, iti və şirin barmaqlarını tarın qızılı pərdələri üzərində gəzişdirərək muğamın mayesinə keçdi. İlk mizrabı vuran kimi musiqi xiridarları onun "qabı"nda nə olduğunu gördülər. Çətin və mürəkkəb gəzişmələr, özünəməxsus çalğı texnikası gənc tarzənin ustalığından və virtuozluğundan xəbər verirdi. O, sadəcə ifa etmirdi. Bu cansız alət tarzənin əlində canlanırdı, dil açıb danışırdı. Tarın sarı simləri fəryad qopararaq gah Leyli-Məcnundan, gah Əsli-Kərəmdən, ümumiyyətlə, Şərq həyatından bitkin bir hekayət söyləyir, muğamın çalğı obrazını yaradır, bədii keyfiyyətlərini artırırdı. Xosrovun çalğısını həyəcansız dinləmək mümkün deyildi. Elə tamaşaçıları yerindən oynadan da muğamın çox səlis, olduqca aydın və əzəmətli səslənməsi, gənc tarzənin musiqiyə bu cür yanaşması, muğama belə don geydirməsi idi. "Şur"u böyük atəşlə və təmtəraqla çalıb, başa çatdıran tarzən ayağa qalxıb, pərəstişkarlarına dübarə baş əyərək minnətdarlığını bildirdi. Elə bu vaxt Üzeyir bəy səhnəyə çıxaraq səs-sorağını çoxdan eşitdiyi tarzəni qucaqlayıb, bağrına basdı, sonra üzünü salondakılara tutaraq bu istedadın çalğısından xüsusi zövq aldığını bildirdi, ona uğurlar dilədi...
Xosrov Fərəcov olimpiadada birinci yeri tutaraq min manat pul mükafatına layiq görüldü. Bu, iyirmi beş yaşlı gənc tarzən üçün bəlkə də, ən xoş, ən əlamətdar, ən yaddaqalan gün idi. Həmin o 1947-ci il Xosrovun həyatının ən uğurlu, ən düşərli, musiqi ulduzunun parlamağa başladığı dövr oldu. Bu il ona şan-şöhrət gətirdi, ad-san qazandırdı, sənət dünyasının parlaq təntənəsinə çevrildi.
... Xosrov çal-çağırı heç bir vaxt əskik olmayan bir diyarda - Şuşada dünyaya gəlmişdi. 1922-ci ildə. Sənətkar ailəsində. Atası Cavad musiqi əhli idi, günü musiqiçilərin əhatəsində keçirdi. Tez-tez həmişə qonaq-qaralı evində şeirli-musiqili gecələr təşkil edir, sənət dostlarını məclisinə toplayırdı. Və bu gecələrdə, heç şübhəsiz ki, oğlu Xosrov da iştirak edirdi. İslam Abdullayevi, Pəsxan Cəlili, Seyid Şuşinskini, Zeyniş Cəfəroğlunu, Xan Şuşinskini, qarmonçalan Abutalıbı, tarzən Quzanlı Bəhramı və başqa musiqiçiləri evlərində çox görmüşdü Xosrov. Daha çox dayısı, dövrünün məşhur tarzənlərindən olan İsi Əliyev və onun böyük həmkarı Qurban Pirimov onların daim qonaqları olardı. Hacı Məmmədov və Əbülfət Əliyev kimi gənc musiqiçilər də bəzən bu çal-çağırlı evə gələrdilər. Kiçik Xosrov da qonaqların gəlişindən həmişə sevinər, onların ifalarına diqqətlə qulaq kəsilərdi. Bəzən də dayısının tarı ilə xanəndə qonaqları bir tarzən kimi müşayiət eləyərdi. Atası oğlunun bu ecazkar musiqi alətinə aludə olduğunu görüb, oğluna bir tar da bağlatdırmışdı...
Bir neçə ildən sonra artıq musiqi sahəsində yetkinləşmiş Xosrov müstəqil bir tarzən kimi fəaliyyətə başladı. Toylara dəvət olundu, xalq şənliklərində, el yığıncaqlarında iştirak elədi. İyirmi yaşındaykən mahir bir tarzən kimi bütün Qarabağda məşhurlaşdı. Ancaq öz ifası ilə kifayətlənmədi, Bakıya yollandı. Mir Cəfər Bağırov adına klubda tar çalmağı daha mükəmməl, daha dolğun şəkildə öyrənməyə başladı. Üzeyir Hacıbəyovun yaratdığı xalq çalğı alətləri orkestrinə qəbul olundu. Bu orkestrin tərkibində Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda və başqa rayonlarda səhnəyə çıxdı, 1938-ci ildə Moskvaya səfərə yollandı...
Böyük Vətən müharibəsi başlananda Xosrov cəbhəyə yola düşdü, 58-ci ordunun tərkibində Qafqaz uğrundakı döyüşlərdə iştirak elədi, Mozdok ətrafında üç dəfə yaralandı, hərbi xəstəxanada müalicə olundu. Sonuncu dəfə yaralanarkən Xosrovu artıq ölmüş bilib, hətta onun qəhrəmancasına həlak olması barədə Şuşa rayon Hərbi Komissarlığına məktub da göndərilmişdi, valideynlərinə başsağlığı verilmişdi, belə oğul böyütdüklərinə görə minnətdarlıq da bildirilmişdi. Bu səhv məlumat, necə deyərlər, Xosrovun ömrünü daha da uzatmış, onu müharibə səngərlərində yox, musiqi, incəsənət sahəsində qəhrəmanlıq zirvəsinə çatdırmışdı.
1945-ci ildə qələbəni cəbhədə qarşılayan Xosrov Fərəcov müharibədən alnıaçıq, üzüağ Vətənə döndü. Bir müddət Bərdə və Yevlax rayonlarının mədəniyyət evlərində müdir vəzifəsində çalışdı.
Gənc tarzən 1947-ci ildə Üzeyir bəyin xeyir-duası ilə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. Oxudu, musiqi savadını artırdı, daha da təkmilləşdi. Ali təhsilini tamamlayandan sonra təyinatla Ağdama göndərildi, uşaq musiqi məktəbində tar müəllimi kimi fəaliyyətə başladı. Az müddətdə istedadlı və bacarıqlı bir müəllim kimi rayon camaatının, musiqi ictimaiyyətinin hörmətini və rəğbətini qazandı.
1952-ci ildə Xosrov Fərəcov Ağdamda gözəl səsi olan səkkiz nəfər istedadlı yerli xanəndəni başına toplayıb, bir dərnək yaratdı. Dərnəyin məqsədi xanəndələrin milli muğamlarımızı dinləyicilərə olduğu kimi, düzgün və səlis çatdırmaq idi. Çox çəkmədən bu kollektiv böyüyüb ansambla çevrildi, get-gedə rayon miqyasında tanınmağa başladı. Xosrov müəllim yaratdığı ansambla ad qoymaqda o qədər də çətinlik çəkmədi, onu ən çox sevdiyi muğamın adı ilə adlandırdı: "Şur!" Ağdam xanəndələri bu ansamblda daha sıx birləşdi, kollektivin üzvlərinin sayı xeyli artdı, "Şur"un konsert coğrafiyası genişlənməyə başladı, qonşu rayonların da kolxoz tarlalarına, sovxoz bağlarına, mədəniyyət evlərinə, kənd klublarına ayaq açdı, repertuarı zənginləşdi, təcrübəsi artdı, mükəmməl bir ansambl kimi daha da püxtələşdi, formalaşdı, özfəaliyyət dərnəyi çərçivəsindən çıxıb, peşəkar kollektivə çevrildi. Bu muğam ansamblının təşkilinə görə Xosrov Fərəcov SSRİ Ali Sovetinin Fəxri fərmanına layiq görüldü...
"Şur" artıq respublika bədii özfəaliyyət festivallarında uğurla çıxış edir, dalbadal yüksək yerlər tutur, mükafatlar alır, medallara layiq görülürdü. Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbində bu kollektiv üçün yaradılmış zəngin medallar və təltiflər kolleksiyasına nəzər salsaq və onun sənət coğrafiyasını gözdən keçirsək, bunun bir daha əyani şahidi olarıq: 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ongünlüyündə, bir il sonra Bakıda respublika bədii özfəaliyyət baxışının yekun konsertində "Şur"un Ağdam şəhər mədəniyyət evinin "Xalq çalğı alətləri ansamblı" adı ilə çıxışı, 1962-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində I dərəcəli diplomu və qızıl medalı, müxtəlif baxış və festivallarda birinciliyi təsdiq eləyən sənədlər, I və II gənclər festivallarının laureat diplomları, gənclərin və tələbələrin Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən IX Ümumdünya festivalında iştirakı, 1970-ci ildə Bakıda keçirilən özfəaliyyət incəsənətində I dərəcəli diplom, 1972-ci ildə respublika sarayının açılışına, Nəsiminin 600 illik yubileyinə həsr olunmuş təntənəli iclaslardakı çıxışları və sair və ilaxır... Ümumiyyətlə, respublika, Ümumittifaq və Beynəlxalq festivallarda, baxışlarda, olimpiadalarda "Şur"un adına yazılmış qızıl medalların, diplomların, Fəxri fərmanların, qiymətli hədiyyələrin sayı-hesabı yoxdur. Üst-üstə qırx yeddi qızıl medal, onlarla digər təltiflər...
"Şur"un hər bir uğurundan sonra ansamblın üzvləri get-gedə artırdı. Artıq yerli musiqiçilərin hesabına ifaçıların sayı yetmişə çatmışdı. Xosrov müəllim 1962-ci ildə musiqi məktəbinin direktoru işlədiyi zaman həştad nəfərdən ibarət xor kollektivi və ayrıca rəqs qrupu da yaratmışdı. Ümumiyyətlə, Ağdam Orta İxtisas Musiqi Məktəbinin yaranıb-formalaşmasında "Şur" ansamblının böyük xidmətləri vardı.
Musiqişünas Firidun Şuşinski yazır ki, "Şur" ansamblının özünəməxsus, heç bir kollektivə bənzəməyən ifa tərzi vardı: bir muğamı bir neçə xanəndə oxuyurdu. Hər biri də muğamın bir pərdəsini ifa edir, bəzən də bir muğamdan başqasına, məsələn, "Mənsuriyyə"dən "Qarabağ şikəstəsi"nə və əksinə çox ustalıqla keçirdilər. "Şur"un bu orijinal ifası Ağdam xanəndələrinin böyük hünər və cəsarəti kimi musiqi ictimaiyyətində böyük rəğbət doğururdu. Ansambl klassik muğamlarımıza, mahnı və təsniflərimizə qayğı ilə yanaşır, unudulmaqda olan qədim mahnılarımıza yeni nəfəs, yeni təravət, yeni həyat verir. Kollektivin uğur qazanmasında onun üzvlərinin hərəsinin öz payı, öz rolu olub. "Şur"un atası sayılan təcrübəli pedaqoq Xosrov Fərəcov öz balalarını - xanəndələrini həmişə sənət formasında saxlayır və onların inkişafı üçün bütün enerjisini sərf edirdi.
1968-ci ilin yayında SSRİ xalq artisti Niyazinin təşəbbüsü ilə Ağdam rayon zəhmətkeşlərinin nümayəndələri ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görüş keçirilirdi. Görüşdə, əlbəttə, Ağdam Xalq istedadlarının "Şur" ansamblı bütün üzvləri ilə birlikdə iştirak edirdi.
Qızmar iyul günləri. Ayın 11-i. Axşam tərəfi musiqi pərəstişkarları dəstə-dəstə filarmoniyaya axışır. Axı bu gün onlar istəkli qonaqlarını qarşılamağa, onları salamlamağa gəliblər. Tamaşaçılar öz yerlərini tuturlar, bir dənə də olsun, boş yer yoxdur. "Şur"un pərəstişkarlarının həddindən ziyadə olacaqlarını qabaqcadan duyan maestro ona görə də bu görüşün davamının sabah da olacağını bildirir.
Qonaqları "ev sahibi" Niyazi salamlayır, görüşün bütün iştirakçılarını səhnədə yerləşdirir. Xalq çalğı alətləri ansamblı, birləşmiş xor, aşıqlar və zurnaçılar dəstəsi, qızlardan ibarət rəqs qrupu və "Şur" muğam ansamblı. Ansambl üzvlərindən qabaqda Ağdamın adlı-sanlı zəhmət adamları dayanıblar. Rayonun əmək qəhrəmanları - məşhur pambıq ustası Sürəyya Kərimova, Turab Məmmədov, İsmayıl İsmayılov, İldırım Cəfərov, Hədiqə Cavanşir-Əliyeva, Maral Süleymanova da burdadırlar. Akademik Həsən Əliyev, şair Məmməd Rahim, aktrisa Leyla Bədirbəyli paytaxt tamaşaçıları adından ağdamlıları təbrik eləyir, onlara uğur diləyirlər. Söz qarabağlı istedadlara verilir. Konsert birləşmiş xorun ifasında Xosrov Fərəcovun "Ağdam" mahnısı ilə açılır, arxasınca onun "Festival" rəqsi çalınır. Bu çıxışlardan sonra "Şur" alqışlar altında səhnəyə çıxır. Kollektiv tamaşaçılara ənənəvi olaraq "Çahargah"ı təqdim edir. Ansambl muğamların içərisində zil səs tələb eləyən, ən çətini və mürəkkəbi sayılan bu muğamı çox yüksək səviyyədə, məharətlə ifa eləyir. Onlar növbə ilə oxuyur, muğamı ustalıqla başa çatdırırlar. Şahmalı Kürdoğlu, Bakir Haşımov, Qədir Rüstəmov, Arif Babayev, Paşa Əsədov, Abbas Yusifov, Sabir Abbasov və Cavanşir Hüseynov xüsusilə fərqlənirlər. Musiqi mütəxəssisləri on dörd yaşlı Sədi Məmmədovu və Ulduz Bağırovanı "Şur"un gələcəyi" adlandırırlar.
Jurnalistlər təntənəli keçən bu konsert haqqında və "Şur" ansamblı barədə bəzi iştirakçı-mütəxəssislərdən rəylərini soruşurlar.
Əfrasiyab Bədəlbəyli: - "Şur" sözünün bir neçə lüğəti mənası var. Onlardan biri də məhəbbət və sevgidir. Mənə belə gəlir ki, ansamblın adı çox əlamətdardır. Bu, o deməkdir ki, onlar öz xalqına, öz musiqisinə, bədii əməyə böyük hörmət bəsləyirlər və onu sevirlər. Sənət aləmində bu, vacib və mühüm şərtlərdən biridir. Bilirik ki, Bakıda bir çox belə ansambl var və onlar bir-birindən həm zahiri, həm də musiqi ifası cəhətdən o qədər də fərqlənmirlər. "Şur" ansamblı isə orijinaldır. Ansamblın bir məziyyəti də ondadır ki, bizim qədim musiqi ənənəmizi davam etdirir. "Şur" ansamblı başqa kollektivlərdən fərqli olaraq musiqidə çox çətin bir cəhəti bərpa edir. O da intiqaldır. Yəni, bir-biri ilə qohum olmayan köklərə məharətlə keçirlər. Məsələn, "Qarabağ şikəstəsi"ndən "Mənsuriyyə"yə keçir, "Mənsuriyyə"dən "Qarabağ şikəstəsi"nə qayıdırlar. Beləliklə də, muğamatın ifadə vasitələri daha da zənginləşir. Bu, çox gözəldir, maraqlıdır, onu davam etdirmək lazımdır. Arzu edirik ki, ansambl muğamatı rövnəqləndirməyə diqqəti daha da artırsın. Muğam illər keçdikcə dəyişir, inkişaf edir. Odur ki, ona həmişə yaradıcı münasibət bəslənməlidir.
Səid Rüstəmov: Qarabağ Azərbaycanın musiqi beşiyidir. Bunu indiki konsert bir daha təsdiq edir. Mən Ağdam xalq istedadlarının çıxışlarından böyük zövq aldım. Onlar Üzeyir nəğməsini, Qurban mizrabını, Seyid səsini, Bülbül avazını yaşatmağa çalışır, xalq musiqisini yeni, müasir formalarda inkişaf etdirirlər. Müğənni Haqverdi Quliyev, qarmonçalan Çingiz Əliyev, solist Hafiz Sədrzadə ümidverən gənclərdir. Sədi Məmmədov isə sözün əsl mənasında, nadir istedaddır...
Niyazi: "Şur" ansamblının ən ümdə cəhəti, zənnimcə, bir də ondadır ki, o, xalqımızın musiqi ənənələrini hifz etməklə yanaşı, həm də respublikamızın müxtəlif şəhərlərində neçə-neçə belə kollektivlərin yaranmasına belə təsir göstərmişdir. Özü "Şur" yaradıcı kollektivdir. Onun üzvləri nəğmələr bəstələyir, unudulmuş gözəl mahnılarımızı üzə çıxarırlar.
Tofiq Quliyev: - Ansamblın Bakıya hər gəlişi musiqiçilər arasında böyük maraq doğurur. Doğrudan da, qabaqcadan bilirsən ki, "Şur" öz səfəri ilə Bakıya muğam nəfəsi gətirir. Son zamanlar həddindən çox musiqi kollektivləri yaranıb. Mən deyərdim "Şur" onların arasında ən güclü kollektivdir. "Şur"un bədii rəhbəri Xosrov Fərəcovun əməyi xüsusilə qeyd olunmalıdır.
Leyla Bədirbəyli: - Mən bu konsertdən xoş əhvalla ayrılıram. Burda könülaçan nəğmələr eşitdik, incə, zərif rəqslərə baxdıq. Müğənnilər, birləşmiş xor öz ustalıqları ilə bizi sevindirdilər. Onların çıxışları çox təbii, səmimi idi. Azərbaycan musiqisi dünyaya səs salmış, mahnılarımız dillər əzbəri olmuşdur. Bu sahədə Qarabağ sənətkarlarının xidməti az deyil. Qoy Ağdam xalq istedadlarının içərisindən yeni ulduzlar parlasın, incəsənətimiz təzə qüvvələrlə zənginləşsin.
"Şur"u "Şur" eləyən təkcə onun bədii rəhbəri yox, həm də çox istedadlı solistləri Haqverdi Quliyev, Aydın Məmmədov, Hafiz Sədrzadə, Aydın Niftalıoğlu, Barat Fərhadov, Paşa Əsədov, Esmira Hüseynova, Cəmilə Qasımova, Südabə Bayramova, İsrafil Əsədov, Hüseyn Hüseynov, Mustafa İsmayılov, Fikrət Əbülqasımov, Yadigar Əliyev, Vaqif Əbülqasımov və adlarını çəkə bilmədiyimiz neçə-neçə istedadlar olub.
Hərtərəfli musiqi savadı və incə duyumu olan Xosrov Fərəcov həm də yaradıcı sənətkar idi. Ustad tarzənin bəstəkarlıq istedadı da vardı. Hərdən o, piano arxasına keçir, mahnılar, prelüdlər, pyeslər yazırdı. Bu görkəmli sənətkarın fitri-istedadı, gözəl zövqü, ifaçılıq məharəti nəticəsində neçə-neçə nəğmə onun pianosunun şirmayı dillərindən pərvazlanıb, həmin dövr Azərbaycan musiqisinin ən populyar mahnıları kimi özünə yer tutub. Həvəskar bəstəkarın "Ağdam", "Ceyran bulağı", "Qəşənglərin qəşəngi", "Sənə inanıram mən" və sair mahnıları Əbülfət Əliyev, Əlibaba Məmmədov, Arif Babayev kimi xanəndə və müğənnilərin repertuarında tez-tez səslənirdi.
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulan "Əməllər yaşayır", "Niyə dirilmisən?", "Vicdan", "Qatır Məmməd" əsərlərinin musiqisini də Xosrov Fərəcov yazıb. "Qatır Məmməd" Bakıda keçirilən müsabiqədə I dərəcəli diploma və medala layiq görülüb. "Qəhrəmanlıq marşı"nın, "Festival rəqsi"nin musiqi müəllifi də odur. Xosrov Fərəcov "Solğun çiçəklər", "Küsülüyəm, barışmaram", "Vaqif", "Qığılcım", "Nəsrəddin" pyeslərinin musiqi tərtibatçısı olub, bir çox tamaşalara dirijorluq eləyib...
Xosrov Fərəcov (1922-1993) məlum olmayan səbəblərə görə 1977-ci ildə "Şur"un rəhbərliyindən uzaqlaşdırıldı. Ansambl başsız qaldı, bədii rəhbər isə ansamblsız...