525.Az

Dnestryanı bölgədə hərbi əməliyyat olacaqmı?


 

Dnestryanı bölgədə hərbi əməliyyat olacaqmı?<b style="color:red"></b>

Ukrayna Prezidenti Volodimir Zelenski Moldovada Avropa Siyasi Birliyinin 2-ci sammitində bir neçə dəfə Dnestryanı bölgə ilə bağlı fikir bildirib. Ukrayna Silahlı Qüvvələrinin Dnestryanı bölgədə əməliyyatlar keçirmə ehtimalını dəyərləndirən prezident Volodimir Zelenski mətbuat konfransında bildirib ki, bu, yalnız Moldova rəsmilərinin razılığı ilə mümkündür: "Ukrayna yalnız Moldova hakimiyyət orqanlarından xahiş olarsa, kömək edə bilər". Moldova hakimiyyətinin belə bir müraciətinin olub-olmadığı ilə bağlı sualı əvvəlcə cavablandırmaqdan yayınan prezident Zelenski sual ikinci dəfə səslənəndə mənfi cavab verib: "Heç bir müraciət olmayıb".

Ukrayna dövlət başçısı bəyan edib ki, onun ölkəsi Dnestryanı əraziyə iddia etmir: "Onlar öz dövlətləri ilə, yəni Moldova ilə birləşməlidirlər". Prezident Zelenski vaxtilə Dnestryanı bölgəni gəzdiyini və orada Rusiya bayraqlarını görəndə təəccübləndiyini bildirib.

Bundan öncə isə prezident Zelenski Ukraynanın qələbəsindən sonra Moldovanın birləşəcəyinə əmin olduğunu deyib. Ukraynanın Moldovanın "Dnestryanı" probleminin həllində kömək etməyə hazır olub-olmaması ilə bağlı suala cavab verərkən Kiyevin yardıma həmişə hazır olduğunu vurğulayıb. Ukrayna dövlət başçısı deyib ki, Kiyev bu məsələdə Moldovanı həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrell separatçı Dnestryanı ilə bağlı vəziyyətin Moldovanın Avropa İttifaqına daxil olmasına mane olmayacağını bəyan edib. Moldova prezidenti Maya Sandu isə hesab edir ki, Moldova özünü Rusiya təhlükəsindən qorumaq üçün ən qısa zamanda Avropa İttifaqına daxil olmalıdır.

Belə görünür ki, Avropa Siyasi Birliyinin 2-ci sammiti əsasən Şərqi Avropada, xüsusilə Ukrayna və Moldovanın problemlərinin həllinə xidmət edəcək. Bu da təsadüfi deyil. Avropa Ukraynada davam edən müharibənin başa çatmasına çalışdığı kimi, Moldovada da Rusiyanın təsirini aradan qaldırmağa çalışır. Ukrayna ərazilərinin işğaldan azad edilməsi ilə yanaşı, Moldovanın Dnestryanı bölgəsindəki Rusiya hərbi bazasının çıxarılması da Avropanın gündəmindədir. Avropa Siyasi Birliyinin 2-ci sammitində Dnestryanı bölgədəki vəziyyətin əsas mövzulardan olmasından belə görünür ki, bu bölgədən Rusiya hərbi bazasının çıxarılması artıq müzakirə mövzusudur. Bu zaman isə əsas vəzifə Ukrayna Silahlı Qüvvələrinin üzərinə düşəcək. Ukrayna prezidentinin sözlərindən belə görünür ki, rəsmi Kiyev bu vəzifəyə hazırdır. Bu isə o deməkdir ki, Dnestryanı bölgədə hərbi əməliyyat ehtimalı çox yüksəkdir. 

 





06.06.2023    çap et  çap et