525.Az

Köhnə avtomobillərin sonu


 

Köhnə avtomobillərin sonu<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Milli Məclisin ötən gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərdə, Azərbaycanda istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobilləri üçün utilizasiya haqqının müəyyənləşdirilməsi, köhnə avtomobillərin utilizasiyası fondunun yaradılması, köhnə avtomobilləri utilizasiyaya verən şəxslərə yeni avtomobil alan zaman güzəşt tətbiq edilməsi, avtomobillərin utilizasiyaya verilməsi prosedurunun müəyyənləşdirilməsi, avtomobillərin utilizatorlarının reyestrinin aparılması və s. nəzərdə tutulur.Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Qanun layihəsi üçüncü oxunuşda qəbul ediləcəyi halda bu müddəalar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin utilizasiyası zamanı vətəndaşa ödəniləcək məbləğ 1500 manatdan başlayacaq. Artıq Azərbaycana idxal olunan köhnə avtomobillərdən alınacaq ilkin utilizasiya rüsumunun məbləği də açıqlanıb.

 

"Təmiz Şəhər" ASC-nin eksperti Mirzə Laçınov deyir ki, istehsal müddəti 1-3 il olan avtomobillərin üçün utilizasiya haqqı nəzərdə tutulmayıb. Dörd ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Lakin bu rəqəmlər hələ ki, dəqiq deyil, bu istiqamətdə müzakirələr davam etdirilir və dəyişə bilər.

Mirzə Laçınovun dediyinə görə, vətəndaşları avtomobillərin utilizasiyasına sövq etmək üçün iqtisadi model yol verdiyi təqdirdə ödəniləcək məbləğlərin artırılması mümkündür: "Utilizasiyaya təqdim olunan avtomobil o dərəcədə istismara yararsız olmalıdır ki, vətəndaşın onu satmaq və ya digər yollarla əldən çıxarmaq marağı qalmasın. Əgər vətəndaş avtomobilini mövcud bazara uyğun olaraq özgəninkiləşdirməklə daha artıq vəsait qazana bilirsə, biz onun bu hüququnu məhdudlaşdıra bilmərik. Lakin hesab edirik ki, bu qanun vətəndaşları pis vəziyyətdə qalmış avtomobillərini utilizasiyaya gətirməyə stimul verəcək".

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadənin dediyinə görə, dünyada avtomobillərin sayı artdıqca, istismar müddəti bitmiş avtomobillərin utilizasiyası da qlobal problemə çevrilib: "Avropa Birliyi ölkələrində, Yaponiya, Koreya və Çində bu sahədə ayrıca qanunlarla birbaşa tənzimlənmə mövcuddur. ABŞ, Kanada, Avstraliyada utilizasiya zamanı bazar mexanizmi və ətraf mühitlə bağlı ekoloji qanunvericilik əsasında tənzimləmə üsulundan istifadə olunur. Köhnə avtomobilləri istismardan çıxartmaqla ətraf mühitin çirklənməsini azaltmaqla yanaşı, həm də hərəkət təhlükəsizliyini artırmaq üçün bir çox ölkələrdə köhnəlmiş avtomobillərin rəsmi emal müəssisələrinə təhvil verilməsini stimullaşdıran qaydalar müəyyənləşdirilib. Bu qaydalara əsasən köhnə avtomobilin sahibinə kompensasiya ödənilir, yeni avtomobilin alınması üçün endirim kuponu verilir. Bu kuponla avtomobil sahibi yerli istehsala aid avtomobili endirimlə ala bilər. Bu, ölkədə istehsal olunmuş avtomobillərin satışını artıraraq dəstək xarakteri daşıyır. Hazırda havaya nəqliyyat sektorundan atılan tullantıların böyük hissəsi köhnə avtomobillər tərəfindən atılır. Avro-standartların tələbinə görə, nəqliyyat vasitələrinin istehsalı zamanı dəm qazı üçün qoyulmuş norma hər qət edilmiş kilometrə 0,5 qramdan 1 qramadəkdir. Köhnə avtomobillərdə bu tullantıların miqdarı dəfələrlə çoxdur".

R.Səttarzadə bildirib ki, utilizasiya proqramına əsasən qanunvericilik aktlarına müxtəlif dəyişikliklər nəzərdə tutulub. Nəqliyyat vasitəsi sahiblərinin bütün növ nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı və minik avtomobillərinin idxalı zamanı utilizasiya haqqı ödəniləcək. Bu məbləğlərin toplanıldıqdan sonra güzəşt və birdəfəlik məbləğ kimi vətəndaşlara verilməsi nəzərdə tutulub. Nəqliyyat vasitəsini utilizasiyaya təqdim etmiş şəxs yerli istehsala aid nəqliyyat vasitəsi alarkən güzəşt və birdəfəlik ödəniş əldə edə biləcək. Bu məbləğ isə avtomobilin kateqoriyasından asılı olaraq təxminən 1500-3000 manat arasında dəyişir. Bu məbləğin artırılmasına gələcəkdə baxıla bilər. Nəqliyyat vasitəsinin utilizasiyasını müəyyən tələblərə cavab verən və reyestrdə qeydə alınmış utilizator həyata keçirəcək. Bu utilizasiyada əldə olunmuş yararlı mal-material isə təkrar istifadəyə yönəldiləcək. Bununla da utilizasiya köhnə avtomobillərin xammal kimi təkrar istehsal edilərək dövriyyəyə buraxılmasına, beləcə tullantıların idarəolunmasına öz töhfəsini verəcək. Bu proqramın nəticəsində avtomobillərdən havaya atılan zərərli maddələr azalacaq. Ətraf mühitin keyfiyyəti yaxşılaşacaq. Köhnə avtomobillərin dövriyyədən çıxması avtomobil parkının yenilənməsinə, bununla da yol qəzaların sayının azalmasına gətirib çıxardacaq, avtomobil istehsalını stimullaşdıracaq. İstehsal üçün yeni xammal resursları yaranacaq".

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, utilizasiya edilmiş avtomobillər üçün ödəniləcək məbləğlər bazar qiyməti əsasında formalaşmalıdır: "Burada söhbət metaloloma çevrilmiş nəqliyyat vasitələrindən gedir. Fikrimcə, utilizasiya proqramı könüllü həyata keçirilməlidir". Ekspert deyir ki, utilizasiya proqramına bu gün, həqiqətən də, ehtiyac var. Lakin nəzərə almaq lazımdır ki, bu proqram böyük iqtisadi, sosial layihədir. Bir günə tətbiq etmək mümkün deyil. Bunun üçün ilk növbədə utilizasiya sənayemiz olmalı, qanunvericilik baza təkmilləşdirilməlidir: "Ölkənin avtomobil parkı çox sürətlə köhnəlib. Bu parkın yenilənməsi mütləqdir. 2015-16-cı illərdə manatın devalvasiyası oldu. Həmin vaxt 19 min manata satılan yeni avtomobilin qiyməti hazırda 34 min manatdır. İndi 19 min manata ancaq köhnə avtomobil almaq mümkündür. Bu səbəbdən avtomobil parkı sürətlə köhnəldi. Nazirlər Kabinetinin yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana idxalına qadağa qoyulması ilə bağlı qərarı da avtomobil parkının yenilənməsi üçün atılan addımlardandır. Növbəti addım isə ölkəyə idxal olunan avtomobillərin "Avro 5" standartlarına cavab verməsi olacaq. Daha sonra utilizasiya proqramı haqqında düşünmək mümkündür".

E.Cəfərovun sözlərinə görə, köhnə avtomobillərin ölkəyə gətirilməsi məhdudiyyəti ilə bağlı qərardan sonra qiymətlərdə artım müşahidə edilir: "İkinci əl avtomobil bazarında qiymətlər təxminən beş faiz yüksəlib. Utilizasiya proqramının həyata keçirilməsi yaxınlaşdıqca, ölkədə ikinci əl avtomobillər üçün satılan ehtiyat hissələrinin qiyməti kəskin enəcək. Yay mövsümündən sonra bunu müşahidə edəcəyik. Çünki park yenilənirsə, təbii ki, ikinci əl ehtiyat hissələrinə artıq ehtiyac qalmayacaq. Ölkədə avtomobil qəbiristanlıqlarının sayı və köhnə ehtiyat hissələrinin idxalı azalacaq".

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, açıqlananlar ilkin rəqəmlərdir. Onun sözlərinə görə, sürücülərə avtomobilin saz vəziyyətdə saxlanılması, yaxud utilizasiya üçün təqdim olunması ilə bağlı şərt qoyulacaq: "Avtomobil parkının yenilənməsi üçün bu addım atılmalıdır. Qəzalar baş verir, ölümlər artır. Bütün bunlarda istismar müddətini başa vurmuş avtomobillərin payı çoxdur".

Ekspert əlavə edib ki, bu məsələ barədə hələ ki, yekun qərar verilməyib, müzakirələr davam edir:"Nəqliyyat vasitəsinin utilizasiyasını müəyyən tələblərə cavab verən və reyestrdə qeydə alınmış utilizator həyata keçirəcək. Bu utilizasiyada əldə olunmuş yararlı mal-material isə təkrar istifadəyə yönəldiləcək. Bununla da utilizasiya köhnə avtomobillərin xammal kimi təkrar istehsal edilərək dövriyyəyə buraxılmasına, beləcə tullantıların idarəolunmasına öz töhfəsini verəcək. Həmçinin utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə edilən materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora "Tullantılar haqqında" qanunda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar. Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək. Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin ediləcək.Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" qanunda nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödəniləcək.Utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən ediləcək".

Millət vəkili Vüqar Bayramov deyir ki, xaricdən avtomobil idxalı zamanı ultilizasiya haqqının alınması idxal qiymətinin artımına səbəb olacaq. Bu, eyni zamanda avtomobil bazarında bahalaşmaya gətirib çıxaracaq: "Qeyd edim ki, tullantıların utilizasiyası ilə avtomobillərin utilizasiyası bir-birindən fərqlidir: "Avropa ölkələrində bununla bağlı iki ayrı qanun var. Daha yaxşı olardı ki, bizdə də bu qanun layihəsi ayrıca qanun kimi hazırlanıb təqdim olunsun".

Sevinc QARAYEVA

 





08.06.2023    çap et  çap et