Müəllimlik sosial faydaya əsaslanan peşədir və uzun illər cəmiyyət tərəfindən yüksək dəyərləndirilib. Tarixən bütün cəmiyyətlərdə müəllimlər sevgiyə, tərifəlayiq insanlar sayılıblar. Müəllimin rolu o qədər önəmlidir ki, onlarsız cəmiyyətin yaşaması, inkişafı demək olar ki, mümkün deyil. Lakin bu gün müəllimin statusunun çox aşağı səviyyədə olması da hər kəsə məlumdur. Rolun statusa uyğunluğu vacibdir, hazırda isə müəllimin statusu ilə rolu arasında harmoniya yoxdur. Bu, çox ciddi məsələdir...
Əvvəla, unutmaq olmaz ki, təhsil sisteminin keyfiyyəti müəllimin səviyyəsini, müəllimin səviyyəsi isə öz növbəsində təhsil sisteminin keyfiyyətini qidalandıran amillərdən biridir. Sözsüz, bu ikisi yüksələrsə, cəmiyyətdə müəllim peşəsinin statusu da yüksələcək. Elə bu səbəbdən dünyanın ən yaxşı təhsil sisteminə malik olan ölkələr, o cümlədən, təhsildə böyük uğurlar qazanmış Finlandiya, Yeni Zelandiya, İspaniya kimi məmləkətlərdə bu sahəyə başçılıq edənlər öz təhsil sistemini necə təkmilləşdirəcəklərini, daha üstün təhsil sistemini necə yarada biləcəklərini davamlı fikirləşir, gecə-gündüz elm adamlarının fikirlərindən yararlanaraq yeni strategiyalar hazırlayırlar.
Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün peşəsini sevən, peşənin tələb etdiyi bilik və bacarıqlara malik insanların prosesə cəlb edilməsi nəticəyə ciddi təsir edir. Bu baxımdan tələbələr müəllimlik peşəsinə qəbul olunmazdan əvvəl - universitet seçimi dövründə müəllimlik peşəsinin onlardan gözləntilərini dəqiq müəyyən edərək seçim etmələri çox vacibdir. Eyni zamanda, bu ixtisasa qəbul zamanı akademik biliyi ölçən imtahanlarla yanaşı, abituriyentlərin peşəyə münasibəti və peşəylə bağlı bacarıqları da dəyərləndirilməlidir (Bir neçə ölkədə belə nümunələr var).
Təhsil idarəedicilərinin bu peşənin nümayəndələrinə qeyri-qənaətbəxş münasibəti, müəllimliyin nisbətən az balla əldə edilə bilən bir peşə olması, pedaqoji fakültələrdə qeyri-peşəkar təhsil, bu ixtisas üzrə qəbul yerlərinin ehtiyacdan artıq olması, bu sahədə əmək haqqının yetərli miqdarda olmaması, sosial media və kütləvi informasiya vasitələrində bu peşəyə qarşı neqativ paylaşımların yer alması və sair kimi səbəblər keçmişdən bu günə müəllimlik peşəsinin nüfuzuna və peşənin nümayəndələrinə baxışı mənfiyə doğru dəyişib.
Müəllimlərin şəxsi xüsusiyyətləri peşənin sosial statusuna təsir edən ciddi amildir. Müəllim uşaqları sevən, onlarla ünsiyyət qura bilən, hər bir təhsilalana fərdi yanaşa bilən, onlarla dostluq etməyi bacan, eyni zamanda uşaqların psixologiyasından anlayan biri olmalıdır. Eyni zamanda, tədris etdiyi fənnin elmini yaxşı bilməli, sahəyə dair yenilikləri izləməli, tədqiqatlarını geniş tutmalıdır. Müəllim yalnız orta məktəbin tədris proqramında nəzərdə tutulanlarla kifayətlənməməlidir. Müəllim, biliyi, düşüncəsi və peşəsində usta olması baxımından şagirdləri üçün nümunə olmağı bacarmalıdır. Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər (Bəzən pedaqoji fəaliyyətdə bir müəllimin yol verdiyi nöqsanın bütün peşəyə ümumiləşdirilməsi də ədalətli yanaşma deyil).
Müəllimin peşəyə dair sahib olması vacib sayılan qabiliyyətlər də onun nüfuzuna təsir edən amillərdəndir. Müəllimin özünə və peşəsinə hörmət edərək daim inkişafda olması, bilikləri öyrətmə bacarığı, uşaqlarla, valideynlərlə, məktəb rəhbərliyi ilə düzgün ünsiyyət qurması, hisslərini, emosiyalarını idarə edə bilməsi, zamandan geri qalmaması çox vacibdir. Texnologiyadan yüksək səviyyədə istifadə edən nəsillə qarşı-qarşıya olan müəllimlərin bu bacarıqlardan uzaq qalmaları qəbuledilən deyil. Yeni nəslin məlumat əldə etmək üsulları kifayət qədər müxtəlifdir. Bu səbəbdən müəllim şagirdindən geri qalmamaq üçün bütün mümkün kanalları öyrənib izləməsi, bu sahədə daim inkişafda olması şərtdir. Şagirdi ilə "eyni dildə" danışa bilməyən müəllimin sahəsində uğur qazanması mümkün deyil.
Müəllimlik peşəsinin sosial nüfuzuna ciddi təsir edən amillərdən biri də həmrəylik məsələsidir. Ən vacib məsələlərdə belə müəllimlərin birlik nümayiş etdirə bilməmələri peşənin statusuna zərbə vurur.
Müəllimlik peşəsinin sosial statusuna və peşəyə münasibətə təsir edən digər bir məsələ bu sahədə karyera pillələrinin olmamasıdır. Müəllim ancaq idarəçi olmağı qarşısına məqsəd qoya bilər ki, bu da çox fərqli bir sahədir. İdarəçilik fərqli bacarıq tələb edir. Yalnız müəllim kimi pedaqoji fəaliyyətə davam edən, peşəsində irəliləyiş şansı olmayanların özlərini inkişaf etdirmək üçün motivasiyaları az olur. Bu vəziyyət müəllimlərin pedaqoji performansına və bunun təbii nəticəsi olaraq təhsilin keyfiyyətinə mənfi təsir göstərir.
Digər önəmli bir məsələ, müəllimlik peşəsində əməkhaqqının digər peşələrlə müqayisədə az olmasıdır. Müəllimlərin öz işini layiqincə yerinə yetirməsi və fəaliyyətindən daha çox səmərə alına bilməsi üçün əməkhaqqı qənaətbəxş səviyyədə olmalıdır. Müəllimlər öz şəxsi inkişaflarını təmin etmək üçün vaxtaşırı ixtisasartırma kursları, konsertlər, teatrlar kimi mədəni tədbirlərdə iştirak etməlidirlər. Kitab, jurnal, qəzet kimi nəşrləri mütamadi izləyə bilməli, ailəsi ilə birlikdə istirahət məkanlarına gedə bilməli, normal tətil etmək imkanları olmalıdır. Əgər belə ehtiyaclar ödənilərsə, müəllimlərin öz peşələrinə bağlılığı da müsbət istiqamətdə dəyişəcək. Təbii ki, bu dəyişiklik cəmiyyətə də sirayət edəcək.
Müəllim nüfuzuna ciddi təsir edən amillərdən biri də təhsil siyasətindəki tətbiqlərdir. Təhsilin siyasətinin planlaşdırılmasındakı yanlış qərarlar, müəllimlərin işə alınması zamanı kənar müdaxilələrin olması - qeyri-peşəkar insanların peşəyə cəlb edilməsi və digər neqativlər bu gün müəllimin sosial statusuna ciddi xələl gətirən məqamlardır. Bu peşə üzrə diplomu olan, lakin öz ixtisası üzrə peşəkarlaşmayan insanların şəxsi tanışlıqlar nəticəsində pedaqoji fəaliyyətə cəlb olunması, peşəkarların isə prosesdən kənarda qalması vəziyyəti daha da acınacaqlı edə bilər.
Müəllimlik peşəsinin nüfuzuna təsir edən digər nüans siyasətçilərin bu peşəyə münasibətidir. Siyasətçilərin bu sahə ilə bağlı açıqlamaları cəmiyyətdə ciddi əks-səda yaradır. Bu səbəbdən müəllimin ictimai dəyərinin və statusunun yüksəldilməsi həm də siyasətçilərin bu sahəyə münasibətindən ciddi şəkildə təsirlənir.
Müəllimlik peşəsinin cəmiyyətdəki statusuna təsir edən başqa qüvvə isə mediadır. Çağımızda media kanallarının çoxluğu və sosial medianın hər kəsə əlçatan olması nəticəsində insanlar çox qısa zamanda fikir (mənfi və ya müsbət) formalaşdıra bilirlər. Media orqanlarında müəllimliyə dair paylaşılan mənfi fikirlər bu peşəyə olan hörməti zədələyir. Mediada sosial statusa mənfi təsir göstərən nümunələr əvəzinə, müsbət nümunələrə daha çox yer verilməldir. Media gücündən istifadə edilərək cəmiyyətə müsbət təsir göstərilməsi zəruridir. Məsələn, hər hansı bir müəllimin yanlış davranışı geniş ictimaiyyətə təqdim edilərkən bunun ümumi peşəyə damğa vuracağı reallığı unudulmamaldır; Bu məsuliyyəti hər kəs dərk etməli, peşənin sosial statusuna mənfi təsir edəcək rəftar və davranışlardan uzaq durmalıdır.
Sonda vurğulayaq ki, bir ölkənin inkişafında ən mühüm vasitənin təhsil olduğunu düşünürüksə, bu prosesdə müəllimlik peşəsinin ciddi rolunu mütləq nəzərə almalıyıq. Bir millətin gələcəyini hazırlamaqda məsuliyyət daşıyan müəllimlər gənc nəslin yetişdirilməsində və tərbiyəsində mühüm rol oynayırlar. Bu səbəblə, müəllimlərin öz vəzifələrini ən yaxşı şəkildə yerinə yetirə bilmələri üçün peşəyə başlamazdan öncə uğurlu proseslərdən keçmələri, daha sonra isə pedaqoji fəaliyyət üçün onlara zəruri şəraitin yaradılması, ən əsası da müəllim nüfuzunu aşağı salan amillərin aradan qaldırılması peşənin ictimai mövqeyinin yenidən yüksəlməsinə səbəb olar.