Azərbaycanın 2023-cü il dövlət büdcəsində ərzaq təhlükəsizliyinin təmin edilməsi xərcləri 2022-ci illə müqayisədə 40 % artırılıb.
525.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov bu gün Rusiyanın Soçi şəhərində keçirilən və qonaq qismində iştirak etdiyi III Avrasiya Konqresinin plenar iclasında bildirib.
O, vurğulayıb ki, hazırkı mərhələdə bəşəriyyətin qarşılaşdığı iqlim dəyişikliyi, qlobal istiləşmə, logistika zəncirlərinin pozulması, istehsal resurslarının və nəqliyyat tariflərinin bahalaşması kimi təhdidlər fonunda ərzaq təhlükəsizliyinin təmin olunmasının vacibliyi dünyanın bütün ölkələri üçün görünməmiş səviyyəyə çatıb.
Hökumət başçısı diqqətə çatdırıb ki, bununla əlaqədar ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatını ölkə prezidenti iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən edib.