“Biz Nizami Gəncəvi ilə bəşəriyyəti qovuşdurmağa çalışırıq”
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 7-də əziz Şuşada başlayıb 8-də qədim Gəncədə davam edən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda beynəlxalq tədbir möhtərəm Prezidentimiz İlham Əliyevin - Nizami Gəncəvi yaradıcılığı kontekstində - Azərbaycandan dünyaya ünvanladığı ədalət, sülh, birgəyaşayış və multikulturalizm anlayışlarını özündə ehtiva edir. Bütün yaradıcılığı boyu ümumbəşəri dəyərləri əsərlərinin mərkəzində saxlayan Nizami Gəncəvi dilindən,dinindən irqindən aslı olmayaraq hər bir bəşər övladını qucaqlamaqla mənsub olduğu Azərbaycan xalqının tolerantlığını dünyaya bəyan etmişdi.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinin ziyarəti ilə başlayan və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz əl-Tüveycri və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır da öz çıxışlarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə” si vasitəsilə bəşəriyyətə təqdim etdiyi sevginin, barışın, ədalətin, qadın azadlığının dünyaya çatdırılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Nizami Gəncəvi şəxsiyyətini, irsini hər zaman olduqca yüksək diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əvəzsiz rol oynadığını vurğulayıblar.
Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Mərkəzin nəşri olan “Qələmin Sehri – Nizami Gəncəvinin “Xəmsəsi”ndən seçilmiş əlyazmalar” kitabının xüsusi nəşrini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim edərkən: “Azərbaycan-Gəncə torpağı insanlığın ruhuna bir xəzinə, dərmandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzini məhz bu xəzinələrin dünyaya təqdim edilməsi məqsədilə təsis etdiyini və hər zaman da qoruyub, dəstəklədiyini” ifadə etməsi dövlətimizin rəhbərinin milli-mənəvi və bəşəri dəyərlərimizin dünyada təbliğ edilməsi istiqamətindəki fəaliyyətinə xarici diplomatların verdiyi dəyərin bir göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 mart 2023-cü il tarixində Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə X Qlobal Bakı Forumu çərçivəsində söylədiyi “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda həyata keçirilən forumda söylədiyi “ Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyi və istedadının təzahürüdür” fikri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti, irsi ilə bağlı müəyyənləşdirdiyi yol xəritəsinin inkişaf konsepsiyasıdır. Müasir, qüdrətli, müstəqil Azərbaycanın həyatının bütün sferalarında Ata Vəsiyyətini layiqincə yerinə yetirən möhtərəm Prezidentimiz İlham Əliyev təkcə onilliklər boyunca işğal altında qalan torpaqlarımzı azad etməklə deyil, eyni zamanda tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi ən ali səviyyədə qorumaqla, inkişaf etdirməklə də Ata Vəsiyyətini həyata keçirən bir sərkərdə oldu. Dövlətimizin rəhbərinin 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məhz Ulu Öndərin “Biz Nizami Gəncəvi ilə bəşəriyyəti qovuşdurmağa çalışırıq” kəlamının, arzusunun real həyatda təzahürü, reallaşmasıdır.
Böyük izdihamın yaşandığı tədbirdə Gəncə şəhərinin ziyalıları, sakinləri ilə yanaşı müxtəlif ölkələrdən 30-dan çox xarici rəsmi qonaqlar da iştirak edirdilər. İştirakçılar arasında Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Moldovanın sabiq baş naziri Kiril Qaburiç, Maltanın sabiq baş naziri Cozef Muskat, Bosniya və Herseqovinanın sabiq daxili işlər naziri Predraq Kurtes, Rumıniyanın sabiq baş nazir müavini Ana Birçal, Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti (YUNESCO) Benedetto Zaççiroli, Amerikanın xarici siyasəti üzrə milli komitənin prezidenti və icraçı direktoru Syuzan Eliot, Dünya Bankının sabiq vitse-prezidenti Mats Karlson yer alıb.
Əlimuxtar MUXTAROV
AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru