Misirin “Əl-Hivar” (Dialoq) Siyasi və Media Araşdırmaları Mərkəzində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və Ümumdünya Ətraf mühitin mühafizəsi Günü çərçivəsində "Heydər Əliyev və dünya sülhü: Minalarla mübarizəyə giriş" adlı seminar keçirilib.
525.az-a bu barədə Azərbaycanın Misirdəki Səfirliyindən bildirilib.
Seminarda çıxış edən ölkəmizin Misirdəki səfiri Elxan Poluxov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, tarixdəki rolu, onun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı vəziyyətdən çıxış yolu üçün göstərdiyi səylər haqqında geniş məlumat verib. Ulu Öndər Heydər Əliyevin dünyanın bir çox ölkələrində sülhə verdiyi töhfələrlə xatırlandığını qeyd edərək, Azərbaycanın müstəqillik əldə etdikdən sonra çətin mərhələdən çıxmasını təmin etdiyini bildirib, hakimiyyət illərində minalarla mübarizədə göstərdiyi çoxsaylı səylərə toxunaraq, onun uğurlarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib. E.Poluxov 44 günlük Vətən müharibəsi zamanı azad olunmuş torpaqlarda indiyədək qalmış mina təhlükəsi haqqında söhbət açaraq, bu ərazilərdə mina partlaması nəticəsində yüzlərlə dinc sakinin həlak olması və şikəst qalmasını bəşəriyyət qarşısında ağır cinayət kimi qiymətləndirib.
General H.Ləbib çıxış edərək, Ümummilli Lider H.Əliyevin Misirdə xoş xatirələrlə yad edildiyini, Azərbaycan daxilində və hüdudlarından kənarda sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirərək, onu yaranmış böhranlardan səmərəli şəkildə çıxa biləcək mahir siyasətçi olduğunu vurğulayıb. H.Ləbib minalardan əziyyət çəkən ölkələrin bu problemdən qurtulması üçün beynəlxalq təşkilatlar tərəfindən maliyyə və texniki dəstək göstərməsinin vacibliyini qeyd edib, minalardan əziyyət çəkən ölkələrə maliyyə qrantlarının verilməsi ilə məşğul olan beynəlxalq təşkilatların dəstəklənməsinin vacibliyini bildirib. General Ləbib istifadə olunan minalardın daha çox mülki əhali əziyyət çəkdiyini və bunun üçün bu məqsədlərlə minalardan istifadə edən dövlətləri beynəlxalq məsuliyyətə çəkmək zəruriliyini vurğulayıb.
“Əl-Hivar” (Dialoq) Mərkəzinin direktor müavini N. Abu Əl-Futuh çıxış edərək, mina probleminə toxunub və “Ərazilərin minalardan təmizlənməsi: Lider Heydər Əliyev baxışının öyrənilməsi” adlı işçi sənədi tədbir iştirakçılarına təqdim edib. Qeyd olunub ki, məhz Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamla Azərbaycanda minatəmizləmə sahəsində ixtisaslaşmış ANAMA agentliyi yaradılıb və Ulu Öndərin səyləri nəticəsində BMT-nin müvafiq proqramları bu problemin həllinə cəlb ediliblər.
Misir Ərəb Respublikasının ekologiya nazirinin keçmiş müavini Dr A.Haiba minaların ətraf mühitə vurduğu fəsadlar haqqında söhbət açıb, buna dair işçi sənəd təqdim edib.
Süveyş Universitetinin dekan müavini Dr.A. El-Derby çıxış edərək, dünyada mina məsələsi ilə əlaqədar beynəlxalq hüquqda olan məsələlərə toxunmuş və “Beynəlxalq hüquqda minaların təmizlənməsi" adlı sənəd təqdim edib.
Tədbirdə həmçinin azərbaycanlı ekspert, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin seminar iştirakçılarına mövzu ilə bağlı videomüraciəti nümayiş edilib. Sonra məruzəçilər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.