525.Az

"Gəl gör məni eşq neylədi" - Məmməd Oruc yazır


 

VƏ YA "GÖZƏL ŞUŞA - BİR TAMAŞA..."

"Gəl gör məni eşq neylədi" - <b style="color:red"> Məmməd Oruc yazır</b>

Lap erkən yaşlarımdan Şuşanı özümə bir köynək yaxın bilmişəm və təbii ki, bu, səbəbsiz deyil. Üçüncü, dördüncü, beşinci siniflərdə oxuyanda yay mövsümünün, ən azı, bir ayını bu şəhərdəki pioner düşərgəsində keçirmişəm. Yeniyetmə yaşlarımda da bu şəhərdəki uşaqlıq dostlarımı aramaq üçün (atamdan xəlvət), bir günlüyə də olsa, Beyləqandan Şuşaya gedib-qayıtmışam. Sevgilər yaşamışam. Tələbəlik illərimdə də istehsalat təcrübəsini Şuşanın eyniadlı qəzetində keçirməyim səbəbsiz deyildi. Uğursuz sevgilər daha ömürlü olurmuş...

İyulun ikinci həftəsində, Şuşaya gedəcəyim - növbəti Vaqif Poeziya Günlərində iştirak edəcəyim tam dəqiqləşəndən sonra da həyəcanım sovuşmurdu. Albalılıq (Vişnyovka) bağ massivində yaşayan bir qələm əhli səhər saat beşdə özünü yola çıxmaq üçün görüş yerinə - Heydər Əliyev Mərkəzinə yetirməsindən ötrü o, bir günlüyə də olsa, həyatında nəyisə dəyişməli idi. Mənə elə gəlirdi ki, bu səfərə yubanmaqla, ömrümün səkkizinci onilliyinin tamamına az qalmış, bəlkə də, bir çox şeylərdən məhrum ola bilərəm... Yaşamağa borclu olduğum duyğuları yaşamaram...

lll

...Dünyanın işləri elə gətirdi ki, 1986-cı ildən başlayaraq, doxsanıncı ilə kimi hər yay ailəmi də dincəlmək üçün Şuşanın müxtəlif sanatoriyalarına aparası oldum. Əlbəttə, hər şeydən oncə, saf havasına, suyuna görə. Başı dumanlı dağların havası balalarıma düşürdü və o bir ay ərzində uşaqlar dirçəlirdilər. Valideynə, xüsusən anaya da özgə nə lazımdı ki? Təki balaları ətə-qana dolsun, sevinsin, deyib- gülsün...

Və təbii, kimsə bilmirdi ki, bu şəhərdə mənim bir gözüm daha nə axtarır?..

1989-cu ildə məlum hadisələr günbəgün əndazədən çıxırdı, hətta məskunlaşdığımız sanatoriyanın korpuslarından birini sovet əsgərlərinin sərəncamına vermişdilər və onlar bu istirahət evinin həyətində, bütün günü, bir əllərində plasmas qalxan, bir əllərində dəyənək, məşq eləyirdilər...

O qərib axşamların birində qulağıma dəryaz səsi gəldi. Dərəyə endim ki, başına çalma bağlamış bir ahıl kişidi, ot çalır. Salamlaşandan, ordan-burdan danışandan sonra məlum oldu ki, Qərbi Azərbaycandan (Ermənistan SSR-dən) qovulub Şuşaya pənah gətirənlərdəndi. Bir qədər də söhbətləşəndən sonra bildim ki, Vedidəndi, yəni mənim eloğlumdu, ixtisasca da tarix müəllimi.

Mən bir dəstə biçilmiş otu, gül dəstəsi kimi, burnuma tutub qoxlayanda isə qoca, məlum, mövcud, hamını düşündürən hadisələrdən danışmağa başladı və:

- Oğul, bütün bunlar tamaşadı, - dedi, - bu tamaşa o Aqanbekyan naxələf Fransada "Humanite" qəzetinə müsahibə verəndə və "Dağlıq Qarabağı Ermənistana birləşdirmək lazımdır" deyəndə başlayıb və heç kim bilmir ki, bu oyun nə qədər sürəcək. Hər kəsin öz arşınıyla ölçdüyü bu hadisələr tamaşadı, tamaşa...

lll

...Vaqif Poeziya Günlərinin təntənəli bağlanışına həsr olunmuş gecə də tamaşa ilə başladı. Sərin, buludlu yay gecəsinə hələ solmayan, saralmayan otların, çiçəklərin ətri qarışmışdı. Əvvəlcə, uğultu qopdu, sonra səhnədə mələklər göründü. Ardınca da Vaqifin "Durnalar"ı. Çoxdan dillər əzbəri olan, hafizələrə işləmiş bu mahnı məqbərə önündə quraşdırılmış Yaşıl Teatrı bir anda canlandırdı və səhnədə yaddaşımıza hopmuş Vaqif - Xalq artisti Azad Şükürov görünəndə alqışlar qopdu. Bu gecə Qarabağın, Şuşanın simvolu Vaqif idi. "Bir ala gözlünün sorağında olan" Vaqif...

Səhnədə Molla Vəli Vidadi və sonra da Ağa Məhəmməd şah Qacar görünəndə, tanış dialoqlar səslənəndə, mənə elə gəldi ki, rejissor indi Səməd Vurğunun məşhur "Vaqif" dramını yeni nizamda səhnəyə qoyub. Amma dərhal da məlum oldu ki, təxminimdə yanılmışam. Rejissor bu səhnədə Vaqifin ətrafına, tarixləri yara-yara gəlmiş, ünlü türk şairlərini toplamaqla, onları bir-bir Vaqiflə görüşdürməklə, bu günlər gündəmdə olan, ilkin addımları neçə illər öncə atılan ümumtürk birliyini gündəmə gətirmək istəyib.

...Və bu minvalla Vaqifin salamına özbək libasında, başı araqçınlı Nəvai, türkmən qiyafəsində Məhdimqulu, osmanlı köynəyində, əli qopuzlu Yunis Əmrənın çıxması yenidən alqışlara səbəb oldu. Yunus Əmrəni hansı türk boyunda yad bilirlər ki? Hansı türk boyu onu özününkü saymır? Türk dünyasında doqquz qəbri var Yunusun. Bu da nəyin əlamətidir? Yunus Əmrə irsinə hörmətin, eşqin.

 

Ya əlim tut, qaldır məni

Ya vəslinə yetir məni.

Çox ağladım, güldür məni,

Gəl gör məni eşq neylədi?!

lll

...Hə, Şuşanın "Azərbaycan" küçəsi. Bu da həmin pioner düşərgəsi. Amma hiss olunur ki, bu məkanda amansız döyüşlər gedib. Güllə yaralarını artıq sağaldan ağaclar da var. Amma o tikilidən - hansısa bəyin mülkündən, hər yay yüzlərlə məktəbliyə qucaq açan o binadan yalnız xarabalıqlar qalıb. Deyirlər, armud ağacları uzunömürlü olur, amma mənim yaddaşımda qalmış o armud ağacları yoxdu. Bu həyətdəki alça ağacları da yoxa çıxıb. Yadımdadır, şuşalı Qaçay pəhləvan düşərgəyə arabir öz məharətini göstərməyə yox, o ağacların alçasını dərməyə gəlirdi və deyirdilər ki, o bu ağacların alçası ilə özünü arıqlatmaq istəyir.

Nə yerindən oynamış daşlar səsimə səs verir, nə yarasını sağalda bilməmiş ağaclar. Bu düşərgdə tanış olduğum və bu günə qədər ünsiyyət saxladığım laçınlı Elman Mirzəyev yadıma düşür. O, hər axşam düşərgənin səhnəsinə çıxıb gur səslə bu sözləri deyərdi: "Alqış bu dövrana, alqış bu günə! Gəl, əziz bayramım, bir də öpüşək!" Sonralar biz həmkar olmuşduq. Amma o, "Şuşa" qəzetində işləyirdi. Şuşa şəhərində yaşayırdı. Füzulidən gəlmiş Elşən Hacızadə isə bir zaman xəbər tutdum ki, uşaqlıqdan yetmək istədiyi arzusuna qovuşub: rəssam olub. İndi isə Əməkdar incəsənət xadimi Elşən Hacızadəni bütün sənət dünyası tanıyır. Ən çox sərgilər dolaşan əsərləri isə Xalq yazıçıları İlyas Əfəndiyev və İsmayıl Şıxlı ilə bağlıdır. Mənim bağ evimin bir divarını da Elşənin neçə illər öncə mənə hədiyyə etdiyi tablo bəzəyir: "Dənizdə Ay çiməndə".

...Hə, bu da şuşalı o çil-çil qız. Hər axşam düşərgənin səhnəsində "İnnabı" havasına oynayan mələk... Bu nədi? Yoxsa, məni qara basır? Düşərgənin arxasında həqiqətən də onların mülküdü! Bəli, mülkü! Bu yaralı mülkə, sadəcə, ev demək olmaz. Ən azı, nəhəngliliyinə görə. Kim bilir, Sovetlər Şuşaya yiyələnəndə niyə o mülkü, ümumi məqsədlər üçün istifadə olunan sovet əmlakına çevirməyiblər?.. Sındırılmış dəmir darvazada ANAMA-nın elanı diqqətimi çəkir: "YOXLANILIB: MİNA YOXDUR". İçimdəki mina isə artıq partlamışdı:

"Gəl, gör məni eşq neylədi?!"

Vaqifin məqbərəsi önündəki tamaşa davam edirdi. Artıq məlum idi ki, türk dünyası birliyində Qacar Vaqifi susdura bilməyəcək. Və bütün tamaşalarda olduğu kimi, bu tamaşa da uğurlu sonluqla başa çatacaq...

Ənənəvi Vaqif Poeziya Günlərinin açılışı bir gün öncə olmuşdu. Türk dünyasının ayrı-ayrı məmləkətlərindən dəvət olunmuş şairlər, vaqifşünaslar səhnəyə çıxmışdılar, söz demişdilər, şeirlər oxumuşdular. Ümumtürk Birliyinin vacibliyini vurğulamışdılar. Bərpa- quruculuq işləri ilə diqqət çəkən Şuşa göz qabağında idi. Bir gün öncə isə bizi nəhəng bir tikinti meydançasını xatırladan Şuşanın, artıq bərpa olunmuş məkanlarına, əsasən, məscidlərə və muzeylərə baxmağa aparmışdılar. Məscidlərdə (əsasən, Gövhər ağa məscidində) fürsətdən yararlanıb namaz qılanları da görmüşdüm, diqqətimi isə tamaşaçılara paylanan "Əsgər duaları" kitabçası çəkmişdi. "Allahım, görünən ordumuza görünməz ordunla yardım edərək məni və bütün ordumuzu müzəffər et!" Bu, ilk addımlardan biridi və mən düşünürəm ki, bütün dualarımızı türkün aydın ana dilində etməliyik ki, nə dediyimizi və bir-birimizi başa düşək.

Həmin günün böyük bir bölümü həm nahardan qabaq, həm də nahardan sonra, xan qızı Natəvana məxsus binanın qarşısında, Vaqif Poeziya günlərinə dəvət almış şairlərimizin ixtiyarına verilmişdi və şeirimizin çağdaş durumundan bu müstəvidə də halı olmuşdum. Amma bu bağça-xiyaban da məni uşaqlığıma qaytarmışdı. Dincəldiyimiz pioner düşərgəsinə bu məkan yaxın olduğundan, pioner baş dəstə rəhbərimiz Ofelya müəllimə bizi bu bağa - Üzeyir Hacıbəyovun Ev-Muzeyinə ekskursiyaya gətirərdi. Amma biz bu bağçada əyləncə də tapırdıq. Buraya Ramiz adlı bir şuşalı həmyaşıdımız öz velosipedi ilə gəlirdi və onu bizə - "lager uşaqları"na, bağçanı bir dəfə dolanmaq şərtilə, çağdaş terminlə söyləsək, icarəyə verirdi. Hansı uşaq istəməz ki, necə velosiped sürdüyünü öz tay-tuşuna göstərsin? Lap bu yaxınlarda şuşalı uşaqlıq yoldaşlarımdan eşitmişəm ki, həmin o Ramiz biznesmendi.

Növbəti Vaqif Poeziya günlərinin bağlanış mərasimindən əvvəl isə Cıdır düzünə getmişdim. Əvvəl tək, sonra isə həmkarım Seyfəddin Hüseynli ilə. Cıdır düzündən Topxana meşəsinə, qarşı təpədə görünən Malıbəyli kəndinə boylanmış, Mir Möhsün Nəvvabın düzdən bir azca aşağıda - qədim qəbirstanlıqda yenicə bərpa olunmuş məzarına, qəbirüstü abidəsinə baş çəkmişdik. O kəndi obyektivə almaq istəyəndə isə növbədə dayanmış əsgər səsini qaldırmışdı: "Olmaz o səmti çəkmək, oralar sülhməramlıların səlahiyyət zonasına daxildir!" Ötən əsrin 70-ci illərində "Azərbaycan gəncləri" qəzetində işləyəndə, əslən o kənddən olan iş yoldaşım Şahin Quliyevlə o balaca insan məskəninə necə getməyimiz yadıma düşmüşdü o dəm.

 İndi dayandığım təpədən Xankəndi də apaydın görünürdü, amma mən Malıbəyliyə baxırdım və nəhayət ki, qarşı yamacda nəyinsə tərpəndiyini gördüm; bu yəqin ki, rus sülhməramlısı idi. Və nədənsə, o an unudulmaz Cəfər Cabbarlını xatırladım: "Atan kazaklardı!"

Vaqif Poeziya Günlərinin bağlanış tamaşası davam edirdi və mən bir daha düşünürdüm ki, bu da, bütün tamaşalar kimi, uğurlu sonluqla qurtarmalıdır. Belə də oldu. Yenə də səhnəyə mələklər gəldi. Əlləri, barmaqları ilə danışan mələklər... Yenə də bir mələyin fəryadı eşidildi: "Mən cahan mülkündə mütləq doğru halət görmədim..."

Məni tərpədən səs isə Yunus Əmrədən gəlmişdi:

"Gəl, gör məni eşq neylədi?" Və mən bilmirdim ki, bizim musiqiçilər bu şeiri artıq mahnıya çeviriblər. Yapışıqlı səs tikinti meydançasından gəlirdi, daş baltasının ahəngdar səsinə bu mahnının beytləri də qarışırdı:

 

Mən yürürüm eldən-elə,

Şeyx anaram dildən-dilə,

Qürbətdə halım kim bilə,

Gəl gör məni eşq neylədi?!

 

Və biz elə gəldiyimiz avtobusla da Şuşanı tərk eləyirdik. Özü də mənim təsəvvürümdəki İrəvan qapısından. Mən bu qapını beş-altı ay öncə "525-ci qəzet"də çap olunmuş Şuşa ilə bağlı yazımda axtarmışdım və indi mənə elə gəlirdi ki, bu qapının açarını da artıq tapmışam...

Qalanı tərk eləyəndə özümdən asılı olmayaraq, bir də çönüb arxaya baxdım və mənə elə gəldi ki, Şuşa darıxır... Şuşalılar üçün darıxır... Mən bu duyğunu Şuşada keçirdiyim iki günün bəlkə də hər saatında yaşamışdım...

17 iyul, 2023.

Bakı-Şuşa-Bakı

 

 

 

 

 

 

 





31.07.2023    çap et  çap et