525.Az

Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət - Telman Orucov yazır


 

Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət - <b style="color:red"> Telman Orucov yazır</b>

III Ferdinandın 1657-ci ildəki ölümündən sonra onun oğlu Leopold fransız xəttinə boyun əyməklə imperator seçildi. Florensiya isə Fransa ağalığına müqavimət göstərirdi. O, sülhsevərlik yolunu tutmağı qərara aldı. 1681-ci ildə Leopold Macarıstan başçılarına iri güzəştə getdi, burada protestantların hüquqlarının bərpası ən başlıca məsələ idi. Orada Protestantların "kuruk" (səlibçilər) adlanan qüvvələri ilə Katoliklərin "labank" (piyadalar) adlanan hərbi dəstələri arasında bütöv miqyasda vətəndaş müharibəsi getdi. "Kuruk" qiyamı davam edəndə, onu Osmanlı vəziri Kara Mustafa da dəstəkləyirdi. Üstəlik, fransızlar da vəziri həvəsləndirmişdilər ki, Avstriyaya hücum etsin.

1683-cü ildə türklər Vyananı mühasirəyə aldılar, Macar milli-azadlıq hərəkatı fransız diplomatiyası ilə birləşmişdi. Kara Mustafa Habsburqun vəziyyətinin kövrəkliyindən istifadə etməyi qərara  aldı, xristianlığın bu bastionunu işğal etmək üçün böyük ordu ilə Avstriyaya gəlmişdi. I Leopold öz canını xilas etmək üçün Romaya qaçmışdı, çünki Vyana məhv olmaq ərəfəsində idi. Oradan papa və Leopold xristianlara müraciət etdi.

XVI əsrdən sonra türklərin bura girişməsindən avstriyalılar yayınmağa müvəffəq olmuşdular. Türklərin 1682-83-cü illərdə Vyanaya tərəf irəliləməsi, əksinə, Leopold və Habsburqlar üçün görünməmiş xoşbəxt bir hadisəyə çevrildi. Fransızların gecikmiş taktikalarının ziddinə imperiyanın və Mərkəzi Avropanın dövlətlərinin əksəriyyəti imperatorun tərəfində vuruşmağa başladı. Papa XI İnnokenti və italyan dövlətlərinin çoxu, İspaniya və Portuqaliya pulla köməklik göstərdi. Lotaringiya hersoqu Karlın başçılığı altında Habsburq ordusu qəsdən Dunayın şimal sahilinə çəkildi, yaxşı qarnizonlaşmış Vyananı isə türklərlə üz-üzə qoydu. İyul ayından şəhər mühasirədə idi. Türklərin şəhər divarlarını deşmək cəhdlərinə qarşı Vyana dayana bildi. Bu vaxt imperiyadakı iri ordu Habsburq və Polşa qüvvələrinə əlavə olunmaqla, toplaşdılar. 1683-cü ilin sentyabrında ordu hücum edib, türkləri darmadağın etdi və əks-hücum vasitəsilə vətəndə qələbə çalındı.

Polşa kralı Yan Sobeski 3 minlik "qanadlı" ordu ilə Vyananın müdafiəsinə gəlmişdi. Bu işə Bavaryalılar və digər Avropa ölkələrinin qoşunları da qoşulmuşdu. Sobeski  18 minlik süvari dəstəsini Vyananın müdafiəsinə qaldırdı və hücumla türkləri Avstriya paytaxtının mühasirəsini götürməyə məcbur etdi və Kara Mustafanın ordusu tar-mar edildi. Osmanlı sultanı bu məğlubiyyətə görə vəzirini edam etdirmək istədiyindən, onun göndərdiyi adamlar Kara Mustafanı boğub öldürdü. Habsburqlar və Vyana üçün isə "qızıl era" başlandı.

Vyananın müdafiəsində gələcək məşhur sərkərdə Yevgeni Sivoylu  da fərqləndi. O, Fransanın Günəş kralı XIV Luinin məşuqəsinin oğlu idi. Qadının maliyyə fırıldağındakı iştirakına görə, kral onu və 17 yaşlı oğlu Yevgenini Versaldan qovdu. Bu yoxsul oğlan Vyanaya gəlib çıxdı. Avstriya ordusunda türklərə qarşı igidliklə vuruşdu. Sonra o, fransızlarla döyüşdə də qələbə çalmış, Con Çörçillin - Malboro hersoqunun Blenheymdəki, Ramillesdəki, Odenarddakı və Malplekdəki 1704-1709-cu illərdəki qələbələrində yaxından iştirak etmişdi. 22 yaşında general-mayor olmuşdu. Sonralar böyük xidmətlərinə görə generalissimus rütbəsi almışdı. Yevgeni Savoylu Con Çörçillin - Malboro hersoqunun dostuna çevrildi. 30 il ərzində Avstriya ordusunun baş komandanı olmuşdu. Prints Yevgeni Savoylu şöhrətdə üç imperatoru  kölgədə qoymuşdu.

Qədirbilən avstriyalılar Vyanada, Hofburq sarayı meydanında Yevgeni Savoyluya (sonra o, Yevgeni Avstriyalı adlanırdı) at üstündə onun bürünc heykəlini qoymuşdu. Onun yay iqamətgahı olan Belveder də Vyananın arxitektura incilərindən biri sayılır. Macarıstanın paytaxtı Budapeştdə də, Dunayın sahilindəki kral sarayının qarşısında Yevgeni Savoylunun əzəmətli heykəli ucalır.

Yan Sobeski, türklərin Vyananı işğal etdiyi təqdirdə şimala, Polşaya müdaxilə edəcəyini nəzərə alıb, könüllü qaydada Avstriya paytaxtının müdafiəsinə tələsmiş və türklər üzərində Avropada ilk böyük qələbə çalmışdı. Lakin onun xidmətləri layiqli qiymətini almadı. Paytaxta qayıdan kral Leopold onunla soyuq görüşmüş, onun qəhrəmanlığına və əslində, xilaskar zəhmətinə anlaşılmayan bir laqeydlik göstərmişdi. Yəqin buna görədir ki, Polşa kralının xidmətlərini yada salan hansısa bir nişanəni Vyanada görmədik. Əslində isə Yan Sobeski Vyananı xilas etməklə, Osmanlı türklərinin Avropadakı işğallarına son qoymuşdu və məğlubiyyət hətta onları, sonrakı niyyətlərini həyata keçirməkdən də uzaqlaşdırmışdı. Üç əsr davam edən qalibiyyətli yürüşlərdən sonra Osmanlı İmperiyasının XVII əsrin sonlarından tənəzzül dövrü başlandı və XX əsrin ikinci onilliyində Osmanlı imperiyası özünün vaxtilə məğlub etdiyi və mövcudluğuna son qoyduğu Bizans imperiyası kimi tarixin arxivinə getməli oldu.

Avstriya tarixinə dair əsərlərin bəzi müəllifləri də elə bil ki, Leopoldun nankorluğunun korrelyasiyası kimi bu nəhəng qələbənin əsl müəllifi olan Yan Sobeskinin adını çəkməyə də cəsarət etmirlər. Axı Polşa kralı, bütün qələbələri öz adına çıxmaq istəyən bəzi Roma imperatorlarından fərqli olaraq, şəxsi xidmətlərini şişirtmək qayğısına qalmırdı, lakin bu böyük qələbənin baş müəllifini inkar etmək də insafsızlıq olardı. Ümumiyyətlə, tarix göründüyü kimi həqiqətən də, həm vəcdə gəlmək mənbəyi və həm də lənətdir.

Vyana müsəlman türklər üzərində (ordu osmanlılara məxsus olduğuna görə belə adlanırdı, əslində ordunun əksəriyyəti başqa millətlərin, əsasən xristianların gənc nəslindən ibarət olmaqla, islam ruhunda və igid döyüşkənlik üçün tərbiyə olunmuş yeniçərilərdən ibarət idi) qələbəni bayram etdi. Çünki bu, xristianlığın və həm də Vyananın qələbəsi idi. Türklər darmadağın edildikdən 14 il sonra Leopold ən böyük ərazilərə sahib oldu.

Lotaringiya hersoqu Karl Fransa ilə münasibətdəki dəyişikliyi təcəssüm etdirirdi. Fransa onun torpaqlarını işğal etdikdə, o, Reyndəki vuruşda Habsburqların xidmətinə girdi, bu vaxt avstriyalılar Dunayda şərəfli qələbə qazandılar.

"Vəhşi Şərqdə" karyerasına başlayan və əvvəllər fransız orbitində olmuş prints Yevgeni Savoylu 1697-ci ildə Zentdə Avstriya ordusunun yeni baş komandanı kimi böyük qələbə çalmaqla, qüdrətli türk ordusunu yenidən alçaldılmasına imza atdı. Türklərə qarşı həmin uğur Macarıstanda Leopoldun mövqeyini möhkəmləndirdi. Zentdən sonra türklər 1699-cu ildə Karlovits sülhünü bağlamağa məcbur oldular. 1716-1717-ci illərdə Avstriya ordusu türklər üzərində yenə qələbə çaldı və 1717-ci ildə Belqradı tutdu.

Yevgeni Savoylu həm də ənənəvi olmayan cinsi orientasiya sahibi kimi tanınırdı. Görkəmli şəxsiyyətlərin arasında homoseksuallar az deyildi. XIII əsrdə İngiltərə kralı olmuş II Eduard, Renessansın dahi rəssamı və heykəltaraşı Mikelancelo, böyük ingilis dramaturqu Şekspir, məşhur rus bəstəkarı P.İ.Çaykovski, istedadlı ingilis yazıçısı Oskar Uayld, baletmeyster Rudolf Nuriyev, müğənni Fredi Merkuri əsasən öz cinslərinə məxsus olanlarla yaxın əlaqəyə üstünlük verirdilər.

Leopold istəyirdi ki, öz paytaxtını ən gözəl şəhərə çevirsin. Həqiqətən də Vyana yavaş-yavaş kosmopolit şəhərə çevrilirdi. Vyana artıq təkcə imperiya paytaxtı deyil,  həm də sülalə və arzular şəhəri idi.

Yevgeni Savoylu 1717-ci ildə türkləri yenə məğlub edərək, Belqradı onların işğalından azad etdi. 1718-ci il Passovits sülhü ilə Avstriya Serbiya paytaxtına və Bosniyanın şimalına sahib oldu. Şahzadə Yevgeni geniş intellektə malik olan bir şəxs idi, Volterlə, Leybnitslə dostluq edirdi. Böyük kitabxanası var idi, yaxşı zövqə malik idi, onun sifarişi əsasında Byanada gözəl Belveder sarayı tikilmişdi. Malboro hersoqu Con Cörcillə hərbi əməkdaşlığı yaxın dostluğa çevrilmişdi. O, 1736-cı ildə 72 yaşında vəfat etmişdi, məşhur ingilis sərkərdəsi də eyni yaşda dünyanı tərk etmişdi.

1699-cu ildə bağlanan Karlovits sülhü Avstriya Habsburqlarına nəhəng fayda verdi. Macarıstan krallığının hamısı kiçik istisnalarla bu vaxt Transilvaniya kimi Avstriyanın oldu.

Leopold Qərbdə protestant liderləri ilə ittifaqa girdi və İngiltərədəki 1689-cu ilin "Şanlı inqilabı", həmçinin Oranclı Uilyam Habsburqlara xeyli xeyir verdi. Leopoldun nəhəg çənəsi var idi, sifəti buna görə bir qədər eybəcər görünürdü. Arvadı ilə qız hələ uşaq olanda nişanlanmışdı. Həmin ispan infantası Marqarita Tereza, uşaq ikən müxtəlif yaşlarında böyük ispan rəssmı Velaskes onun bir neçə portretini çəkmişdi. 15 yaşı olanda qızın toyu olmuş və o, Vyanaya gəlmişdi. Əri Leopoldla hərtərəfli qohum idi. Toy böyük dəbdəbə ilə keçdi, iri xərcə cəbəb oldu.

Toy mərasimində at baleti göstərildi. Balet səhnəsi Hofburq meydanında getdi. Atlar guya suyun içində hərəkət edirdilər, əslində su yox idi, onu müxtəlif rənglərdəki dekorativ parçalar əvəz edirdi. Atlarla çoxlu məşq edilirdi, onlar rəqqaslara bənzər hərəkət edir, baletlərdəki piruetləri yada salırdılar. Vyanada at baleti ənənəsi davam edir, indiki konkur yarışı da həmin tamaşalara çox bənzəyir.

 

İspan irsi uğrunda mübarizə

 

Bu vaxt İspan Habsburqları, ağıldan kəm II Karlın kişi cinsindən varisi olmadığından bütünlüklə sülalə dəhşətlərini yaşamalı oldu. İspan irsi məsələsi XVII əsrin sonunda Avropa siyasətində mühüm əhəmiyyət kəsb etdi. II Karl 1700-cü ildə övladsız öləndə, onun varisliyinə iki ciddi namizəd meydana gəldi, onlardan biri Avstriya Habsburqlarından, digəri isə Fransız Burbon sülaləsindən idi. II Karl Leopoldun ikinci oğlu Karl Avstriyalını özünə yeganə varis seçmişdi. Lakin onun axırıncı vəsiyyəti inandırırdı ki, onun imperator varisliyi XIV Luinin nəvəsi Filipp Anjuluya keçməlidir. Həm də II Karl nəyi vardısa, hamısını fransızlara vəsiyyət etmişdi. Öləndən əvvəl yazdığı vəsiyyətnamədə İspan dünyasına toxunulmayacağı və bütün İspaniya ərazisinin  XIV Luinin nəvəsinə catacağı göstərilmişdi. Bu da təsadüfi deyildi. Məsələ burasında idi ki, Fransa kralı və Müqəddəs Roma imperatorunun hər ikisi daim ölüb, dirilən II Karlın bacılarına evlənmişdilər. Onların hər ikisi ümid edirdi ki, ailələrinin gənc üzvü İspan taxt-tacına sahib olacaqdır. Məsələni həll etmək üçün XIV Lui İspaniya ərazisinin parçalanmasını təklif etdi. Lakin şərtlər Leopold üçün qəbul edilən deyildi. Yalnız Böyük Britaniya və Avstriya birlikdə XIV Luiyə qarşı dura bilərdi. Yeganə çıxış yolu İspan irsi uğrunda gedən müharibə oldu.

(Ardı var)

 





31.07.2023    çap et  çap et