(Əvvəli ötən şənbə sayımızda)
1701-ci ildən 1714-cü ilə kimi Fransa Avropanın qalan hissəsi ilə üz-üzə gəldi, İspaniyanı və imperiyanın çox hissəsini Burbonlar əldə etməyə qadir oldu. Müharibə həmçinin göstərdi ki, Habsburq Avstriyası Avropada hakimiyyətlərin yeni tarazlığında təkər milinə çevrilmişdir və həm də protestant İngiltərəsi ilə katolik imperator arasındakı ittifaqın bütöv bəhrəsinə yiyələnə bilmişdir. İspan irsi uğrunda müharibə 1713-cü ildə Utrext sülhü və 1714-cü il Rastatt sülhü ilə başa çatdı. Razılaşma əsasında V Filip İspaniya hökmdarı oldu, bununla da İspan Burbon sülaləsi yarandı və bu sülalə XX əsrin 30-cu illərinə qədərki dövrdə və Franko hakimiyyətindən sonra orada hakimiyyətdə qalmaqda davam edir. Lakin İspaniya və Fransa taxt-tacları bir-birindən ayrı olaraq qaldı.
Utrext sülhünün real qalibi isə İngiltərə oldu, o, Gibraltar adasını, Amerikada isə Nyufaundlend, Hadson Buxtası Ərazisi və Nova Skotiya torpaqlarını özünə götürdü. Əlbəttə, Fransa böyük dövlət olaraq qalırdı, İngiltərə isə güclü dəniz donanmasına malik olan ölkə kimi meydana çıxdı.
Utrext sülhündən iki il sonra böyük bir səltənətin kralı öldü. Günəş kral adlanan XIV Lui Fransanı borc və düşmənlərinə təslim olmuş kimi qoyub gedirdi. Ölüm yatağında 76 yaşlı qoca özünün varisi olacaq 5 yaşlı nəticəsinə məsləhət verəndə tam peşman olmuş, vicdan əzabı çəkən kimi görünürdü. O, varisinə özünün müharibə həvəskarı olduğunu etiraf etməklə, ona bundan çəkinməyi, qonşularla dinc şəraitdə yaşamağı vəsiyyət etdi.
1703-cü ildə Avstriyada sərt böhran baş verdi, onun nəticəsi Bavariyanın hücumu və Macarıstandakı narahatlıq oldu. Avropanın vuruş səhnəsinə gələn Hersoq Malboro-Con Cörcill isə burada heç bir müqavimət görmədi. Onun Blenheymdəki 1704-cü ildə qazandığı qələbə Bavariyanı müharibədən uzaqlaşdırdı. Sonra isə onun 1709-cu ilə kimi beş il davam edən üç qələbə seriyası baş verdi.
Leopoldun 1705-ci ildəki ölümündən sonra imperator olan I İosif isə 1716-cı ildə çiçək xəstəliyindən öləndə, Karlı özünün varisi kimi qoyub dünyadan köçdü. Karl 1711-ci ildə imperator seçildi. Macarıstandakı qiyamın yatırılmasına görə, onun mövqeyi möhkəmləndi. Həm Habsburq imperiyasının və həm də İspaniyanın taxt-tacına onun sahib olması müəyyən ziddiyyət yaradırdı. VI Karl inadkarlıqla İspaniya taxt-tacını arzu edirdi. Öz müttəfiqlərindən uzaqlaşmaqla, 1713-cü ildə Utrext sülhünü bağladı. Böyük Britaniya da Avstriya və İspaniyanın birləşməsi nəticəsində onların qorxulu təhlükəyə çevriləcəyindən ehtiyat edib, öz müttəfiqi Avstriyaya xəyanət etdi və Fransa ilə ittifaqa girdi.
Müharibələrə, münaqişələrə baxmayaraq, Byana bu vaxt ən böyük imperiyanın paytaxtı idi. İmperiya paytaxtı olmasını həm də saraylarla, möhtəşəm binalarla, heykəllərlə də sübut edirdi. Vyana incəsənətin, musiqinin tanınmış mərkəzi idi.
VI Karl İspaniyanın itirilməsi ilə barışa bilmirdi. Onun oğul övladı yox idi, arvadı Yelizaveta çox gözəl olsa da, təəssüf ki, ona irsə yiyələnmək üçün varis doğmamışdı. Ona görə də Avstriyada heç bir qadın ershersoginiya titulunu daşımamışdı. 1740-cı ildə VI Karl göbələk yeyib, öldü. Qızı Mariya Terezanı özünə varis etməklə, mərhum mövcud situasiyanı daha da pisləşdirdi. Axı qız Lotaringiyalı Frants Stefenə nişanlanmışdı. 1733-cü ildə Avropada başlanan müharibə beş il sonra sülhlə nəticələnəndə, Avstriya İtaliyadakı ərazilərinin də çoxunu itirmişdi. Kompensasiya kimi Toskana lotaringiyalı Frants Stefenə verildi, bu, Lotaringiyanın özünün itirilməsinə, Fransaya keçməsinə görə edilmişdi.
Habsburqun taleyi ölkə daxilində heç də yaxşı deyildi. 1737-39-cu illər İkinci Türkiyə müharibəsi, əsl hərbi və diplomatik bədbəxtlik idi. Sülh müqaviləsi isə Avstriyanın əldə etdiklərinin çoxunun itirilməsi ilə nəticələnmişdi. Bu əks xarakterli hərəkətlər nəticəsində nüfuzun itirilməsi, ərazi itkilərindən daha ağır idi. 1740-cı ildə VI Karl öləndə zəifləmiş Avstriya Monarxiyası XVIII əsr Avropasının sülalə dövləti siyasətini sual altında qoydu. Mariya Tereza taxt-tacı qəbul etsə də, Karl qızının legitimliyinin sübut olunmasının müdafiəsini mümkün olmayan bir şəkildə qoyub getmişdi.
Mariya Tereza Avstriya taxt-tacında
1740-cı ilin dekabrında, Mariya Terezanın hökmranlığının başlanğıcında Prussiya qoşunları Sileziyaya müdaxilə etdi. Sileziyanın itirilməsi Habsburq siyasəti, yeni kraliça Mariya Tereza üçün dərin dəyişikliklər dövrünü açdı. İndi bu, rəsmi olaraq Habsburq - Lotaringiya adlanırdı. Prussiyanın təcəssüm etdirdiyi real güc siyasi erası Habsburq maraqlarını himayə etmək işində Mariya Terezanı və onun məsləhətçilərini problemlərlə üzləşdirdi.
Bilavasitə məqsəd Sileziyanı geri almaq və Prussiyanı darmadağın etmək idi, bu vəzifə isə özünün qeyri-mümkün olduğunu göstərdi. Habsburqlar hakimiyyəti Maarifçilik erasında meydana çıxan və uyğunlaşmaq vəzifəsi kimi özünü göstərən ekzistensial vəziyyətlə üzləşməli oldu. Bu, həm də icra hakimiyyətinin böyüməsi, ənənənin rasional çağırışı erası idi.
Yarım əsr ərzində Habsburq hökmdarları islahatlar aparmağa cəhd etdilər, çünki Habsburq Monarxiyası özünün mövcudluğuna qarşı qorxulu bir təhlükə altında idi. Bu böhranın başlıca təhrik edəni Prussiya kralı II Fridrix idi, az sonra o, Böyük Fridrix kimi adlanmağa başladı. O, Bavariya kurfyurstu Karl Albrextin Mariya Terezanın varis seçilməsinə qarşı olan etirazını istismar edərək, Habsburqları şantaj etməyə əl atdı, onun "təklifi" rədd edildikdə, Sileziyaya müdaxilə etdi. 1741-ci ildə Avstriya üzərindəki II Fridrixin Mollavits qələbəsi Habsburq ərazisini parçalamaq üçün Avropanın qalan hissəsinə verilən bir siqnal idi. II Fridrixin cəhdi əsassız deyildi, hətta Bohemiya və Yuxarı Alplar, həmçinin kübar təbəqələri Mariya Terzanın əvəzinə 1740-cı ildə həmin taxt-taca iddia edən Karl Albrexti Avstriya kralı kimi tanımağa hazır idilər. İstehza şəklindəki bircə istisna var idi, bu da Macarıstan idi. Macarıstan parlamenti həmin ilin payızında Mariya Terezanı dəstəkləmişdi.
Mariya Tereza İngiltərənin XVI əsrdəki məşhur kraliçası Elizabet kimi zəif qadın bədəninə sahib olsa da, polad bir iradəyə malik idi, bununla o, həmvətənləri olan avstriyalıların özünü də təəccübləndirirdi. O, tac uğrunda mübarizə aparıb, onu qoruyub saxlaya bildi. Onun zəhməti Sizif əməyinə bənzəyirdi. Onun düşməni heç də sadə bir adam deyildi. Prussiya kralı II Fridrix uğurlu kral və bacarıqlı sərkərdə idi, cəsarətli bir hərəkətlə Avstriyaya məxsus olan Sileziyanı tutmuşdu.
Əlacsız qalan Mariya Tereza Macarıstana yollandı və oranın parlamenti qarşısında əsl aktyorluq ustalığı göstərdi. Qucağındakı oğlu, kiçik İosifi göstərib dedi ki, gələcək kral və taxt-tac təhlükədədir. Mariya Terza Sileziyanı itirsə də, tacını qoruyub saxlaya bildi. Bohemiyanı özünə qaytardı və Macarıstana hökmranlıq etdi. Lakin ailəsində də problemlər var idi, əri Frants Stefen başqa qadınlarla yaxınlıq edirdi, bu isə kraliçanın narazılığına səbəb olurdu.
Lakin Habsburqlar tezliklə əks xarakter daşıyan çox pis cavab aldılar. Karl Albrext 1742-ci ildə Müqəddəs Roma imperatoru seçildi və taclandı.Yalnız üç il imperator tacını daşımaqla, o, yeganə Habsburq olmayan imperator olaraq qaldı. İki "Sileziya müharibəsi" müvafiq olaraq 1742-ci ildə və 1745-ci ildə başa çatdı. Niderlandlardakı və İtaliyadakı müharibələr, Fransa ilə Britaniya arasındakı müstəmləkələr uğrundakı müharibə yalnız 1748-ci ildə başa çatdı.
Karl Albrext 1745-ci ildə öləndə, müvafiq olaraq Mariya Terezanın əri, Lotaringiyalı Frants Stefenin imperator seçilməsi Habsburqun ənənəvi hakimiyyət bazasını bərpa etdi. İtaliyadakı ərazi itkisi də o qədər böyük deyildi. Lakin Prussiya bütün Sileziyanı əlində saxlayırdı. Avstriyaya yalnız Yuxarı Sileziyadakı üç qraflıq qalmışdı.
Mariya Tereza protestant iş adamlarına və maliyyəçilərinə tolerant münasibət göstərməyə hazırlaşırdı. Yəhudi maliyyəçiləri Habsburq tədbirləri üçün istifadə edilən kreditlərin mühüm mənbəyi idi. Lakin Mariya Tereza yəhudilərin Praqadan qovulması göstərişini verdi. O deyirdi: "Mən bu irqdən daha böyük taun xəstəliyini tanımıram, çünki aldatmaq, sələmçilik etmək və pul ehtiyatı yığmaq hesabına onlar mənim təbəələrimi dilənçi vəziyyətinə gətirib çıxarmışlar".
Həm də Mariya Tereza əla çeviklik və siyasətdə açıq baxış nümayiş etdirirdi, bunlar isə yeni çağırışlara uyğunlaşmaqda Avstriya Monarxiyası üçün xüsusilə mühüm əhəmiyyətə malik idi. Macarıstan parlamenti qarşısında həvəskar qaydadakı bir dramatizmdən istifadə edib, kömək xahiş edəndə, onun dörd aylıq oğlu İosif gənc ananın qolları üstündə idi. O, öz məsləhətçilərini də diqqətlə dinləyirdi, onlar da onu inandırırdılar ki, onun "Evi" öz icra və maliyyə strukturlarını dəyişdirməlidir ki, çətin vəziyyətdən salamat çıxmaq mümkün olsun.
Yeddi illik müharibə (1756-1763-ci illər) başlayanda, Mariya Terezanın monarxiyasında situasiyanın xeyli yaxşılaşmasının ziddinə, onun çox ehtiyatlı tərpənən orduları hələ də Prussiyaya qarşı həlledici qələbə qazanmaqda uğursuzluğa uğrayırdı. Berlin ruslar tərəfindən işğal olunmuşdu və bəzi vaxtlarda II Fridrix monarxdan daha çox qaçqına bənzəyirdi. Lakin o və onun qüvvələri dirilə bildi.
Bu vaxt Fransa okeanın o tərəfində Böyük Britaniya qüvvələri tərəfindən ağır məğlubiyyətə uğramaqdan əziyyət çəkirdi və öz Avstriya müttəfiqi üçün onların göstərdiyi entuziazm əbəs bir cəhdə çevrilmişdi. Rusiyada 1762-ci ildə baş verən hadisələr vəziyyəti dəyişdi, ruslar bu vaxt Prussiya ilə qalibiyyətli qaydada vuruşduqları halda, yeni çar III Pyotr qəflətən Fridrixin ölkəsinin müttəfiqi oldu. Yüngül xasiyyətli III Pyotr II Fridrixi özünün kumiri sayırdı. Bu hərəkəti ilə o, əslində, pərəstiş etdiyi sərkərdənin və Prussiyanın xilas olmasına şərait yaratdı. Onun devrilməsi və öldürülməsi Avstriyanın dəhşətlərinə son qoydu. Lakin taxt-taca çıxan II Yekaterina da neytrallıq mövqeyini seçdiyindən, bu, Avstriya oyununun başa çatması mənasını verirdi.
Müharibə, Fransanın Britaniyaya təhvil verməli olduğu müstəmləkə itkiləri ilə yekunlaşdı. Fransa- Avstriya ittifaqı nisbətən yaxşı nəticələndi, 1763-cü il sülhü ilə ərazi status quo ante - ərazi üzrə keçmiş status-kvo təsdiq edildi. Avstriya münaqişəyə cəlb olunmaqla, ağrılı narahatlıq qazandı. Habsburqlar vaxtilə başlıca güc idi, lakin bu işdə iştirak etməklə, arzuladıqları nəticəyə sahib ola bilmədilər. Sileziya hələ də Prussiyanınkı olaraq qalırdı.
Uğursuzluq Monarxiyanı digər bir çətinliyə də aparıb çıxardı. Direktoriya Birləşmiş Avstriya və Bohemiya kanslerliyi kimi hərəkət etdi. Separat, müstəqil ədliyyə sisteminə və ayrıca maliyyə orqanlarına sahib oldu.
Həm də dini və mədəni işlərdə dəyişiklik meydana gəldi. 1760-cı illərdə həyata keçirilən islahatlar artıq Maarifçiliyə doğru irəliləyirdi. Digər radikal bir dəyişiklik aqrar siyasətdə baş verdi. Sileziya toxuculuq sənayesi Şimali Bohemiyaya keçirildi. Aqrar siyasətin açarı kübar imtiyazlarının hansı şəkildə azaldılması və ya ən azı onların nizamlanması idi. Geniş yayılan kəndli həyəcanları müharibə effektləri ilə birgə meydana gəlmişdi, buna həm də 1770-72-ci illərin aclığı səbəb olmuşdu. Kübarlar da malikanə hüquqlarından sui-istifadə edirdilər, öz müdaxilələrini çox asanlıqla həyata keçirirdilər.
(Ardı var)