Ukraynaya qarşı müharibədə ard-arda hərbi uğursuzluqlarla üzləşən Rusiyada sosial-iqtisadi göstəricilər də üzü aşağı yuvarlanır. Statistik məlumatları rejimin maraqlarına uyğun saxtalaşdırmaqda tarixi ənənəsi olan Rusiyada rəqəmlərin dəyişdirilməsi də sosial-iqtisadi vəziyyətin qənaətbəxş mənzərəsini yarada bilmir. Rəsmi statistika orta əmək haqqının 80 min rubl həddinə yaxınlaşdığını bildirsə də, Rusiya vətəndaşlarının böyük əksəriyyəti üçün bu qədər maaş sadəcə olaraq əlçatmazdır. Rəsmi məlumata görə, Rusiya əhalisinin 64.4 faizi ayda 45 min rubldan aşağı gəlirlə yaşayır. Rusiya əhalisinin üçdə birindən çoxu 37.7 faizi ayda 27 min rubla qədər əmək haqqı alır ki, bu, cari məzənnə ilə gündə 9.3 dollar gəlir deməkdir. İnkişaf etmiş ölkələrdə əməyin bir saatının dəyəri bundan yüksəkdir. Avropada bir saatlıq işin minimum haqqı 12 avro və yaxud 13 dollardır. Rusiyada isə 13 dollar qazanmaq üçün əhalinin üçdə birindən çoxu gün yarım işləməlidir. Rusiyada çalışanların 21.7 faizi ayda 19 min rubl və ya gündə 6.6 dollardan aşağı gəlirə malikdir və 13 dollar qazanmaq üçün iki gün işləməlidir. Lakin bu da son deyil. Rusiyada işləyənlərin 11.7 faizi ayda 14 min rubl və ya gündə 4.9 dollardan aşağı gəlirlə yaşamağa məhkumdur.
ABŞ Federal Statistika Bürosunun məlumatına görə, ABŞ-da orta əmək haqqı 2023-cü ildə saatda 27.33 dollar təşkil edir. Rusiyada isə belə gəliri olan çox cüzi kəsim var. Rusiyada yüksək əmək haqqı sayılan 100 min rubl Bolqarıstandakı orta əmək haqqı səviyyəsinə yaxındır. Buna görə də, vətəndaşlar kütləvi şəkildə pul çatışmazlığından şikayətlənir və zəruri mallara qənaət etməyə başladıqlarını söyləyirlər. İnsanlar ərzaq xərclərini azaldıblar və tibbi dərmana qənaət etməyə başlayıblar. Sosioloq Kseniya Payzanskaya bildirir ki, ruslar yaranan iqtisadi vəziyyət və artan qiymətlər fonunda qənaət etməyə çalışırlar.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu, yalnız başlanğıcdır. Sanksiyalar artıq dağıdıcı təsirini göstərməyə başlayıb. İqtisadiyyat tənəzzül edir, təchizat zəncirləri və onlarla birlikdə bütün müəssisələr dağılır. Vəziyyət getdikcə pisləşir. Rusiyada bank kreditləri üzrə borcunu ödəməyənlərin sayı ilin birinci yarısının sonunda 17.7 milyon nəfərə çatıb ki, bu da bir il əvvəlkindən 3.5 milyon nəfər çoxdur. Bank kreditlərini qaytara bilməyənlərlə isə məhkəmə icraçıları məşğul olurlar. Çünki 2020-ci ildən bəri borcunu ödəməyənlərin sayı iki dəfə artıb. Borcunu ödəyə bilməyənlərə cinayət məsuliyyət yayınmaq üçün alternativ variant kimi "könüllü" olaraq Ukraynada həyata keçirilən "Xüsusi Hərbi Əməliyyat"da iştirak təklif olunur.
Hərbi səfərlik iqtisadiyyatda işçi çatışmazlığı yaradıb. Bu problemi həll etmək üçün yetkinlik yaşına çatmayanların işə qəbuluna qoyulan məhdudiyyətlər aradan qaldırılır. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Kremlin saytında dərc olunan sənədə görə, hökumət və Strateji Təşəbbüslər Agentliyi 14 və daha yuxarı yaşda olan vətəndaşların "məşğulluğunun təşviqi və məşğulluğunun stimullaşdırılması"nı nəzərdən keçirməlidir. Kremlin yeni ideyasına görə, yeniyetmələr "müvəqqəti iş" görməyə cəlb oluna, onları işə qəbul edən şirkətlərə isə güzəştlər verilə bilər. Bundan əlavə, Putinin göstərişinə əsasən 18 yaşına çatmamış vətəndaşların işə qəbulu sadələşdirilməlidir. Yeqor Qaydar adına İnstitutunun məlumatına görə, Rusiyada fabrik və zavodlarda kadr çatışmazlığı 1996-cı ildən bəri rekord həddə çatıb. İyul ayına olan məlumata görə, müəssisələrin 42 faizi işçi çatışmazlığından şikayətlənib. Ekspertlər bildirir ki, səfərbərlikdən sonra kadrlarla bağlı problemlər yaranıb. Çünki 300 min insan cəbhəyə aparılıb, bir milyondan artıq insan ölkəni tərk edib. Rusiya hakimiyyətinin payızda 500 min nəfər hərbi xidmətə çağıracaq səfərbərliyə hazırlaşdığı haqqında məlumatlar yayılır. Əgər bu səfərbərlik gerçəkləşsə, Rusiya müəssisələri daha pis vəziyyətə düşəcək.
İyulda Rusiya Federasiyasının sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov bildirib ki, idxalı əvəz edən malları istehsal etməli olan müəssisələrdə 660 minə yaxın mütəxəssis çatışmır. Nazir müavini bildirib ki, Rusiyada insan resursları "həm yerli, həm də strateji baxımdan" tükənib və işçi çatışmazlığı sanksiyaların tətbiqindən sonra əsas problemə çevrilib.
İqtisadiyyatın çöküşü ilə yanaşı, infrastrukturun dağılması da müşahidə olunur. Məsələn, Dağıstanın elektrik infrastrukturu tamamilə çöküb. Rəsmi məlumata görə, Dağıstanda elektrik şəbəkəsində təyinatından və sahəsindən asılı olaraq elektrik avadanlıqları 75 faizlə 85 faiz arasında köhnəlib və istifadəyə yararsızdır. Elə bir vəziyyət yaranıb ki, Dağıstanda elektrik enerjisi gün ərzində 5-6 saat verilir. Bu zaman isə gərginlik çox aşağı, 150-160 volt olur. İsti yay aylarında elektrik enerjisinin gün ərzində 5-6 saat və aşağı gərginliklə verilməsi Dağıstanda xalqı meydanlara çıxmağa vadar edib. Dağıstanın elektrik infrastrukturunun yenilənməsi üçün 14 milyard rubl (təxminən 140 milyon dollar) lazımdır. Ukraynaya qarşı müharibənin bir günənə yalnız mərkəzi büdcədən 28 milyard rubl (280 milyon dollar) xərcləyən Moskva bütün Dağıstanın elektrik şəbəkəsinin yenilənməsi üçün lazım olan 14 milyard rublu tapa bilmir. Dağıstanın elektrik infrastrukturun yenilənməsinin isə 2028-ci ildən sonra həyata keçirilməsi nəzərdə tutulur. Dağıstanda yaranmış vəziyyət istisna deyil. Rusiyada elektrik infrastrukturunun yarısından çoxu köhnəlib və təcili sürətdə dəyişdirilməlidir. Əyalətlərdə isə vəziyyət daha ağırdır. İnfrastrukturun dağılması həyat şəraitinin daha da pisləşməsinə səbəb olur. Sosial-iqtisadi vəziyyətin pisləşməsi, həyat səviyyəsinin sürətlə aşağı düşməsi Rusiya cəmiyyətinin sonuncu birləşdirici amili olan böyük dövlətin vətəndaşlığı cazibəsin məhv edir. Sovet İttifaqının son illərini dəqiq müşahidə etmiş şəxslər bunun nə anlama gəldiyini və hansı nəticələr doğuracağını yaxşı bilirlər.