525.Az

Yaşantılarım


 

VƏ YA 65-DƏN BAXANDA...

Yaşantılarım<b style="color:red"></b>

Hər insanın həyatında ağrılı günlər olur. Bəlkə də çətinliklər olmasa, xoş günlərin qədri bilinməz. Oxşar məqamları mən də yaşamışam, on dörd-on beş yaşımda revmatizmdən yataq xəstəsi olmuşam və bir il altı ay yeriyə bilməmişəm. Ölmüşəm, qəbrim qazılıb, ayılmışam və qırx il İlaxır çərşənbədə öz qəbrimin üstündə şam yandırmışam. Xəstəlikdən ayılandan sonra üç ali məktəb bitirmişəm, aspirantura təhsili almışam, dissertasiya müdafiə etmişəm, indi də doktorant kimi elmi fəaliyyətimi davam etdirirəm. Şükür Tanrının kərəminə!

Amma ağrılarım bununla bitməyib, təxminən on il bundan qabaq xərçəng diaqnozu ilə müalicə almalı olmuşam. Atam da xərçəng xəstəliyindən dünyasını erkən dəyişib. Evin böyük oğlu olduğum üçün ailənin yükünü çəkmək mənim boynuma düşüb. Əli çiynimdə olanların qayğısı bəzi arzularımı vaxtında reallaşdırmağın qarşısını alıb, amma qardaşlarımın, bacılarımın bütün problemlərini yerbəyer eləmişəm. Hətta həyat yoldaşımın və uşaqlarımın da ali təhsil almasına nail olmuşam. Tanrı atamdan uzun bir ömür yaşamağıma fürsət verdi, revmatizm xəstəliyindən xilas olduğum kimi, xərçəngdən də yaxamı qurtardım. Bunun səbəbi mənim öz dərdimə özümün əlac etməyim oldu. Mənim fikrimcə, xəstə öz həkimi olmasa, dünyanın bütün həkimləri yığışsa belə, onun dərdinə əlac edə bilməz.

Təkrar müayinəyə gedəndə həkim təəccübləndi və dedi: "Mən xərçəng diaqnozunu xəstəyə bir dəfə qoyuram, gedir və qayıtmır, amma sən qayıtdın, sən möcüzəsən! Neyləmisən ki, sağalmısan?" Mən dedim, özüm öz həkimim olmuşam!

Kimliyimin bu ağrılı səhifələrini təsadüfən xatırlamadım. Sentyabrın 8-də mənim 65 yaşım tamam olur. Nəslimizdə altmışı ilk haqlayan mən olmuşam. Babalarım çox cavan yaşlarında dünyadan köçüblər. Atama yazdığım şeirdə deyirəm:

 

Ata, mən altmışa gəldim,

sənin gəlmədiyin yaşa

daş qoydum.

Çoxlarını heyrətdə saxladım,

özümü də çaşbaş qoydum.

Bu, zirvədirsə, üzü enişə gedirəm,

Oğul kimi böyütdün məni,

indi sənin yaşına

atalıq edirəm.

Sənin çəkdiklərini çəkdim,

doymadım,

Bircə sevdiyin siqareti çəkmədim.

Mən altmışı dizə çökdürdüm,

Bu altmış ildə        

kimsənin önündə

dizə çökmədim.

 

Yeri gəlmişkən bildirim ki, yeniyetmə yaşlarımdan şeirə və folklora maraq göstərirəm. Mənim folklor nümunəsi topladığım insanlar artıq həyatda yoxdur, amma onların söz xəzinəsini öz sinələrində o dünyaya aparmasına imkan vermədim. İlk şeir kitabın "Quş dili" adlanır. Uğurlu alındı, haqqında çağdaş tənqidçilərin demək olar, hamısı fikir bildirdi, məqalə yazdı. Sonralar folklora dair kitablarım, toplama materiallarım işıq üzü gördü. Qırxa yaxın kitabın sevincini yaşamışam. Amma mənim yaddaşımı oynadan Cənub bölgəsində yaratdığım "Nöqtələr" ədəbi qrupunun toplularıdır. Bütün topluları öz şəxsi vəsaitimlə çap etdirmişəm.

Sonralar yaratdığım "Muğan folklor və yaradıcılıq mərkəzi" xeyli iş gördü. Onu da deyim ki, bu yaradıcılıq mərkəzinin yükünü təkbaşına çəkmişəm.

Bölgənin klassiklərini də diqqətdən kənarda qoymamışam. Dini şeirlər yazan Seyid Miryusif ağanın iki, el şairi Misir Alarlının üç kitabını, şair-publisist Qasid Nağıoğlunun ilk (və son) kitabını yazı makinasında və kompüterdə yığıb nəşriyyata təqdim etmişəm. Hər üçünün ruhu şad olsun!

İki yüzdən çox gəncin ilk kitabı nəşriyyata mənim əlimdən gəlib keçib, redaktə etmişəm, ön söz yazmışam, hətta nəşriyyatdan götürüb müəllifə təhvil vermişəm. Şagirdlərimin və tələbələrimin də yaradıcılıq nümunələrini ədəbi orqanlara çıxarmışam, toplu halında nəşr etdirmişəm və bütün bu işlərin maliyyə problemlərini halal əmək haqqımın hesabına həyata keçirmişəm. Xeyir-dua verdiyim gənclərin bir neçəsi artıq Yazıçılar Birliyinin üzvüdür. Halal xoşları olsun!

Bu gün fikirləşirəm ki, az iş görməmişəm. Ciddi mətbu orqanların olmadığı bölgədə ədəbi mühiti canlandırmaq elə də asan iş deyil, bu işdə mənəvi dəstək kifayət etmir, maddi köməyə də ehtiyac duyulur.

Bölgədə yaşayan ədəbiyyat fədailəri vaxtında yada düşmür. Başqaları ilə işim yoxdur, özümlə bağlı bir məsələni çatdırmağı vacib bilirəm. Altmış beş yaşıma qədər bircə dəfə də olsun yubiley tədbirim, kitab təqdimatım keçirilməyib. Bölgədə başqaları üçün keçirilən bu tədbirləri isə mən özüm təşkil etmişəm. Altmış beş yaşım da səssiz keçir, amma kimsədən incimirəm, sadəcə, bütün qələm adamlarının adından bu möhtəşəm yubiley münasibətilə özümü təbrik edirəm. Təki Tanrı yaxşı işləri həyata keçirməyə ömür versin!

Tanrı məni peyğəmbərdən sonra öz nəzərində uca tutduğu bir adam kimi yaradıb, mənə özünə xas olan söz yaratmaq qüdrəti verib. Yaratmaq Tanrıya məxsusdur, söz yaratmağı da şairlərə Tanrı özü hədiyyə edib:

 

Mən ölümdən qorxmuram,

Diri ölüyə dönməkdən qorxuram.

Məni özünə tay tutubsan, Ulu Tanrı,

Bu ucalıqdan enməkdən qorxuram.

Bir diləyim var səndən, Ulu Tanrı,

son duamı eşit,

mənə ləyaqətli bir həyat vermisən,

ləyaqətlə yetir

bu ömrü

son ana da.

Ömrümün sonunda

məni möhtac eləmə

boynunda haqqım olan

insana da.

 

Altmış beş illik "yubileyim" ərəfəsində həmişə mənə qarşı diqqətli olmuş "525-ci qəzet"ə üz tutmaq qərarına gəldim. Elə bilirəm, qəzet həmişə olduğu kimi, bu dəfə də öz səhifələrində bir bölgə şairinə diqqətini əsirgəməz. Oxuculara təqdim etdiyim şeirləri bu il qələmə almışam. Şeirlərin məzmununda yaş ovqatını görmək mümkündür. 

 

Hörmət və sayqılarla  

Bilal Alarlı, filologiya üzrə fəlsəfə doktoru

 

HAYQIRTILAR

 

Qıvrıla-qıvrıla qalıram

ürəyimdəki ağrıları

"Ürəyim" dediyim anlamayanda.

Məni istəyən mənim aşiqimdir,

müsibət olur

məni mənim istədiyim anlamayanda.

Çəkdiyimi çəkirəm,

tüstüm çıxmır ki,

yandığımı görələr,

Göz yaşlarımın selə döndüyünü,

arzularımın islandığını görələr.

lll

İlahi, bir az da möhlət ver,

hələ çox işim yarımçıq qalıb.

Bilirəm, vədə yetişib,

fürsətimin ömrü qısalıb.

Hələ bir dağ da aşmalıyam,

mənzil başına gedən yolumu

yarı etməmişəm.

Məndən asılı olanların yanından

beləcə keçib getməmişəm.

Görəcəyim var,

verəcəyim var, İlahi,

borcumdan çıxmamış

yolumu kəsmə.

Mənə açdığın ovcunu qapaya bilərsən,

mənim mənə ehtiyacı olanlara

kömək üçün uzatdığım

qolumu kəsmə.

İlahi, bir az da möhlət ver,

verdiklərini yerbəyer edim.

Nə at istəyirəm,

nə dəvə,

imkan ver,

sənə gələn yolu

öz ayağımla

piyada gedim.

lll

İlahi, nə baş verir?

Yenə silkələyirsən yeri-göyü.

Hara yazmaq olar bu fəlakəti,

Hara yozmaq olar bu istəyi?

Torpaq üstündə bir-birini qıranlar

görmədimi torpaq onların deyil,

onlar torpağındı?

Torpaq üstündə qan tökən,

torpaq üstündə can qoyan

bilmirmi bütün canlar torpağındı?

Bir dəfə,

bircə dəfə silkələyib ələyirsən yaddaşları,

canının harayına qalır

başda oturanların başları.

İlahi, dinclik gətir ağıllara,

körpələrə qıymasınlar,

anaları övladsız,

övladları anasız qoymasınlar.

Nifrətə son qoy,

kinə son qoy,

Yeri-göyü oynatdın, bəsdir,

silkələ beyinləri,

insanlığını itirmiş insanların

insanlıqdan kənar tamahına bəs de,

fəlakətlərə son qoy.

Nadanlar,

cahillər dayanmaq bilmir,

son nöqtəni sən qoy.

lll

Gəlib görsən evdə yoxam,

daha axtarma,

bil ki, köçmüşəm,

qonaqsız-qarasız bir evdəyəm,

Sığınmışam dörd divar arasına,

dövlətsiz, sərvətsiz,

parasız bir evdəyəm.

Qapım-bacam yoxdur ki, döyəsən,

mən açıb üzünə güləm,

Yanımda yatacaq yox,

oturacaq yox ki,

səninlə yarı böləm.

Amma narahat olma,

burda Tanrı yaxşı baxır mənə,

mən də özümə yaxşı baxıram,

özümlə nə ağrı gətirmişəm,

nə də dərd.

Burda nə paxıllığımı çəkən var,

nə də yolumu kəsən bir namərd!

Gəlib görsən evdə yoxam,

kimsədən soruşma məni,

çıx get öz işinin dalınca,

Öz qayğını çək,

öz dərdini çalxala

məndən nigaran qalınca.

Bil ki, mən artıq acılı-şirinli bir xatirəyəm,

yadına salanlara göynək yeriyəm,

Tanrıya şükür,

mən canlı meyit olmadım

məni sevənlər üçün,

sevdiklərim üçün də hələ diriyəm.

Bax, xatirimi əziz tutanlar,

bir şəkil də asıblar başımın üstündən,

mənə baxıb özlərini görürlər.

Kefimi soruşa bilmirlər,

halımdan da xəbər tuta bilmirlər,

amma mənə baş endirib,

özlərinə salam verirlər.

Gəlib görsən evdə yoxam,

üzüsulu çıx get,

özünə qayıt,

özünə dön,

mənə güvənmə,

özün özünə hakim ol.

Məni axtarma,

yolumu tutub gəlmə dalımca,

unutma,

geriyə qayıtmaq üçün deyil

mənə gələn yol.

 

GÖYNƏRTİLƏR

 

Biz o şəkli çəkdirəndə

sənin gözlərin gülürdü,

təbəssümün çiçəkləyirdi.

Buludların arxasında gizlənən günəş

bizim sevincimizə

gözlərini döyürdü.

Tən ortadan bölünüb o xatirələr indi,

acısı mənimdi,

kədəri sənindi.

Təkcə mən boylanıram

sevdalı günlərdən,

Bir parçası əlimdə qalmış şəklimə baxıb

səni xatırlayıram hərdən.

Kimsələr bizi birlikdə görməsin deyə

öz şəklini cırıb götürmüsən.

Özünü dedi-qodudan xilas etmisən,

məni birdəfəlik itirmisən.

Bəlkə də haçansa yenidən

birlikdə şəkil çəkdirə bilərik,

Yalandan da olsa

bir-birimizin üzünə gülərik.

Amma bu şəkil

əvvəlki kimi alınmayacaq,

kəsilib atılmış xatirələrə

yamaq kimi görünəcək.

Mənim gözlərimdə bulud oynayacaq,

sənin baxışların dumana bürünəcək.

Cırıb atdığın şəkil üçün

darıxacaqsan o ki var,

gözlərinin kölgəsində

közərə-közərə qalacaq

puç olmuş arzular.

lll

Demirəm ki, pis yaşayıram,

Yüküm ağırdı bir az,

dünyanın axırına

söz yükü daşıyıram.

Ürəyimdə qalan arzularım,

başa yetirmədiyim vədlərim

kürəyimi yağır edib.

Vaxtında görə bilmədiyim işlər

dilimi güdə,

özümü fağır edib.

Bir qarın çörək üçün

yaşamadım ki mən,

çox adam fayda gördü

görə bildiklərimdən.

Aldıqlarım az olub həmişə

verə bildiklərimdən.

Şükür eləyirəm bu qismətə,

hamıya mal-mülk düşdü,

mənim bəxtimə söz doğuldu.

Evinin divarına

qızıldan kərpic qoydu tanıdıqlarım,

mənim can evim

qızıl kimi sözdən yoğruldu.

Demirəm ki, pis yaşayıram,

mən sözə əl açdım,

söz də məni qucağına aldı.

Ömrüm boyu söz axtardım,

söz topladım,

özümlə söz aparıram,

dünya malına mail olanlar

nə yığdılar,

bu dünyada qaldı.

 

TAPINAQLAR

 

Gəl, birlikdə uçaq,

qanad-qanada verək,

uçaqlar kimi buludları dələk.

Uçunaq,

uçurumlardan uçub,

dərələrdən keçib gələk.

Biz qanad çalanda

qayalar uçsun havamıza.

Uçaq

zirvələrdə uçanaqlar ümidinə qalmış

əl çatmayan yuvamıza.

Şığıyaq sıldırımlar boyunca,

uçaq qanadımız qırılınca.

Birlikdə halay vuraq havada,

çırpaq özümüzü boşluqlara,

çırpınaq buludların arasında

yorulunca.

Qanadını qanadımdan üzmə,

bu dünyanın sonuna gedək,

bizə həsrətlə baxanlara

birlikdə uçmağı öyrədək.

Gəl, təklikdən qaçaq,

gəl, birlikdə uçaq.

Tək uçanlar zirvələr fəth edə bilmir,

tək uçanlar uzağa gedə bilmir.

lll

İldən ilə dostlarım azalır,

birini mən öldürürəm,

biri məni öldürür,

biri də qolunu-qıçını uzadıb

təkbaşına özü ölür.

Əzrayıl qılıncı ilə oynayıram hər il,

hər il bu qılıncla mini doğranır,

yüzü ölür.

Hər dəfə kimsə öləndə,

elə bilirəm,

Tanrı mənimçün qəbir qazır,

İnkir oturub qismət arayır,

Mənkir durub tale yazır.

Ölümün də növbəsi var,

gec yazılmışam bu növbəyə bir az,

Tanrı fürsət verir

Haqqa dönməyə hər payız,

hər qış,

hər yaz.

Ölüm bütün dərdlərin xilas yoludur,

əzabın, zillətin bitən yeridir.

Bunu yaxşı bilir

kim ki, çoxdan ölməliydi,

amma hələ də diridir.

2023

 





06.09.2023    çap et  çap et