Bu günlərdə azərbaycanlı model və bloger Leyla Mirzəliyevanın etdirdiyi çoxsaylı plastik əməliyyatlardan, dolğu prosedurlarından sonra bədəninin çürüməsi ilə bağlı çıxışı bir çox insanlarda narahatlıq doğurub. Model bildirib ki, etdirdiyi dolğu və silikonlar nəticəsində bədəni çürüyüb və həkimlər əlacını tapa bilmirlər. Bu hadisə estetik və plastik əməliyyatın, kosmetik prosedurların fəsadlarını yenidən gündəmə gətirdi. Az qala müasir dövrümüzün tələbinə çevrilən, gözəlliyin bir meyarı sayılan botoks, dolğu prosedurları, estetik əməliyyatlar doğrudandamı bu qədər zərərli, hətta həyati təhlükəlidir?
Estetik müdaxilə, plastik cərrahiyyə tibbi problemləri müalicə etmək və ya görünüşü yaxşılaşdırmaq üçün bədəninizin müəyyən hissələrini dəyişdirir. Rekonstruktiv cərrahiyyə qüsurları və ya zədələri düzəldir və funksiyanı bərpa edir. Estetik cərrahiyyə isə qeyri-tibbi səbəblərə görə görünüşü yaxşılaşdırır. Lakin bu cür proseduralar heç də təhlükəsiz deyil.
Estetik müdaxilələrdən biri də günümüzdə geniş şəkildə yayılan və demək olar ki, çox xanımların (müəyyən qədər bəylərin də) gözəl görünmək, qırışlardan xilas olmaq üçün müraciət etdiyi dolğu prosedurudur. Bu, adətən, davamlı həyata keçirilən bir prosedurdur. Yəni dolğu etdirən insanlar 6-8 ayda, ya da ildə bir dəfə bunu təkrarlayırlar. Çünki xüsusən, təbii dolğular bu müddətdə bədəndən sovrulur. Amma mütəxəssislərin dediyinə görə, hətta insan müəyyən zaman sonra dolğu etdirməyi dayandırsa belə, heç vaxt əvvəlki görünüşünə qayıtmır.
Bəli, dolğu preparatları təbii və süni olmaqla iki yerə ayrılır. Süni, yəni sintetik dolğular bədəndə daha qalıcıdır. Buna görə də bəzən kosmetoloqlar pasiyentləri məhz süni dolğuya yönləndirirlər. Bu da fəsadsız ötüşmür.
Bəs dolğular niyə və nə zaman bu qədər ağır fəsadlarla nəticələnə bilir?
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən estet həkim Samirə Mehralının sözlərinə görə, bəzi insanlar ucuz olduğuna görə süni və keyfiyyətsiz dolğulara üz tuturlar ki, bu da sonradan böyük fəsadlara səbəb ola bilir: "Burada əsas məsələ sintetik dolğuların törətdiyi fəsadlardır. Bədən üçün təbii dolğular çox baha başa gəldiyindən əksər hallarda süni dolğulardan istifadə olunur ki, onun da tərkibində poliamid, akril maddəsi var. Bu dolğu orqanizmin immun sistemi zəiflədikcə iltihabi prosesləri sürətləndirir. Buna görə də orqanizmin immun sistemində az da olsa zədələnmə varsa, həm kosmetoloq, həm də pasiyentlər çox diqqətli olmalıdırlar. Bu cür pasiyentlərin immun sistemi bir az aşağı düşən kimi iltihablaşma yaranır.
Həmçinin dolğunun ən böyük təhlükəsi maddənin damara düşüb onu tıxaması, emboliyaya səbəb olmasıdır. Bu halda damar tıxanıqlığı yaranır və qidalanma pozulduğu üçün toxumanın çürüməsi baş verir.
Təbii dolğunun 50-60 qramının qiyməti 1000-1200 manat civarındadırsa, süni dolğunun 100 qramı 800 manatdır. Bu fərq də əlbəttə, tərkibinə görədir. Sintetik dolğular üzə də vurulur, ancaq az miqdarda. Məsələn, dodağa maksimum 2-5 qram vurulursa, bədənə formanı ala bilmək üçün 200-500 qram vurulur. Şübhəsiz, birdən-birə bu qədər keyfiyyətsiz maddə yeridilən bədəndə fəsadların yaranması qaçınılmaz olur. Eləcə də kosmetoloq sinir damarlarının haradan keçdiyini bilməli, dolğunu vurarkən o damarlara toxunmamağa çalışmalıdır. Çünki sinirlərə yaxın düşəndə də bir çox problemlər üzə çıxa bilir".
S.Mehralı bildirib ki, belə halların yaşanmaması üçün pasiyentlər özü də ayıq-sayıq olmalı, onlara hansı dolğuların vurulduğunu araşdırmalıdırlar. Onlar vurulan preparatların, botoks və dolğu materiallarının tərkibi ilə maraqlanmalı, lazım gələrsə, həmin firmanın özündən sertifikasiyadan keçib-keçmədiyini tələb etməlidirlər.
Şahanə MÜŞFİQ