525.Az

Tələbə yataqxanası olmayan universitetlər


 

Tələbə yataqxanası olmayan universitetlər<b style="color:red"></b>

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Ancaq tələbələrin əsas problemlərindən biri olan yataqxana problemi hər il olduğu kimi, bu ildə də qalır. İndi yataqxanalarda yer tapmaq tələbələr üçün əlçatmaz olub. Demək olar ki, bütün ali məktəblərin tələbələri bu böyük problemdən əziyyət çəkir. Uzun illərdir Azərbaycanda ali məktəbdə oxuyanların yataqxana problemi həllini tapmır. Bunun bəzi obyektiv səbəbləri də var. Çünki yataqxanaların xeyli hissəsində məcburi köçkünlər məskunlaşıb. Eyni zamanda son illərdə ali məktəblər yataqxanaların tikintisinə ciddi önəm verməyib.

Bakı Dövlət Universitetindən (BDU) verilən məlumata görə, BDU-nun "Tələbə Evi" 220 nəfərlikdir. Həmin yataqxanada tələbələrin qalması üçün hər bir şərait var. Yataqxanada çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. mövcuddur. Tələbə Evi BDU-nun yaxınlığındadır. Yataqxanadan universitetə qədər məsafə 1-2 dəqiqədir. Yataqxanaya əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları qəbul edilir. Yeni yataqxananın inşası istiqamətində isə işlər davam edir. Yeni yataqxana təxminən 2500-3000 tələbənin qalmasına imkan verəcək.

Azərbaycan Tibb Universitetinin dörd yataqxanası var. Biri əsaslı təmirdədir, digər yataqxanalar isə tam fəaliyyətdədir.

Memarlıq və İnşaat Universitetindən bildirilib ki, təhsil müəssisəsinin 5 yataqxanasının cəmi birində tələbələr yerləşə bilir: "Yataqxana 250 nəfərlikdir və tələbələr üçün bütün lazımi şərait yaradılıb".

Azərbaycan Texniki Universitetindən (AzTU) verilən məlumata görə, ali təhsil müəssisəsinin tələbə şəhərciyi 1965-1970-ci illərdə inşa olunan beşmərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Hazırda binalarda 100-dən çox ailə yaşayır. Yataqxana kompleksi tamamilə daşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək.

Bakı Mühəndislik Universitetindən (BMU) qeyd olunub ki, ali məktəbin oğlan və qızlar üçün 300 nəfərlik iki böyük və müasir tələblərə uyğun yataqxanası fəaliyyət göstərir: "Yataqxanalarda bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları, əlavə olaraq hər iki yataqxanada yaxınlarını görmək üçün gələn valideynlər üçün qonaq otaqları mövcuddur. Binalarda zəngin kitabxana, ayrıca dərs çalışma otaqları, akt və fitnes zalları, iaşə və məişət xidməti fəaliyyət göstərir. Tədbirlər və seminarlar keçirmək üçün yataqxanada 120 nəfərlik akt zalı yaradılıb. Tələbələrin idmanla məşğul olmaları üçün müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, stolüstü tennis zalı və şəhərcik daxilində yerləşən basketbol, voleybol və futbol stadionları var. Yataqxanaya yerləşdirmə zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü (hər 2 valideynini itirmiş, hər hansı valideyn himayəsindən məhrum, şəhid ailəsi, Qarabağ əlili ailəsi və s.) olan tələbələrə üstünlük verilir.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, bütün ali məktəblərin yataqxanasının olması vacibdir. Bunun üstünlükləri düşündüyümüzdən daha çoxdur. Yataqxana tələbələri hədsiz dərəcədə sosiallaşdırır. Ən başlıcası isə yataqxananın olması valideynlərnə böyük iqtisadi köməkdir. Çünki yataqxana olmayanda, tələbə məcbur qalıb kirayə ev tutur. Kirayə pulu da valideynlər üçün əlavə xərc deməkdir.

Professor bildirib ki, bir neçə nazirliyin görə bilmədiyi işi bir yataqxana ilə həll etmək mümkündür: "Kitabxanalar qədər yataqxanalar da universitetin vacib hissəsidir. Hətta deyərdim, ən vacib hissəsidir. Universitetləri kitabxanasız təsəvvür etmək mümkün olmadığı kimi, yataqxanasız da təsəvvür etməməliyik. Yataqxananın universitet üçün nə demək olduğunu yalnız təhsili idarə edənlər dəqiq bilər. Bizim təhsilə baxışımız primitiv olduğundan yataqxanaya baxışımız da primitivdir. Biz təhsilin əsasını bünövrədən düz qoya bilmirik. Təhsilə baxış fəlsəfəsi dəyişməlidir. Dəyişməsə, təhsilimizin səviyyəsi elə olduğu kimi qalacaq".

Ş.Əsgərov vurğulayıb ki, yataqxanası olan universitetə xaricdən çoxlu sayda tələbə də gələr: "Biz özümüzü bu axından da məhrum edirik".

Professor əlavə edib ki, yataqxana şəraitində gəncləri milli ruhda tərbiyə və sosiallaşdırmaq daha asandır: "Milli birliyin, vətənpərvərliyin toxumları da yataqxanada əkilir. Yataqxananın üstünlükləri düşündüyümüzdən daha çoxdur".

Təhsil üzrə ekspert Kamran Əsədov torpaqlarımızın işğaldan azad olunması tələbə yataqxanalarının boşalmasına bir ümid yaratdığını deyir. Onun sözlərinə görə, yeni tədris ilinə az müddət qalmasına baxmayaraq, tələbələrinin əbədi problemi olan yataqxana problemi bu il də həllini tapa bilməyib.

Onun fikrincə, tələbələrin yataqxana probleminin həlli üçün universitetlərin yataqxanalarında məskunlaşmış məcburi köçkünlər tam köçürülməlidir. Bundan sonra tələbə yataqxanalarının əsaslı təmiri, yaxud da yenidən inşasına başlanılmalıdır.

K.Əsədov deyir ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. "Universitetlərdən bəziləri də öz yataqxanalarını təmir edib müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac hər il olduğu kimi cari ildə də qalır. Çünki tələbə yataqxanaları hələ tam boşaldılmayıb. Boşalanların isə əsaslı təmirdən çox sökülüb yenidən tikilməsinə ehtiyac var. Lakin universitetlərin bunun üçün zəruri vəsaiti yoxdur".

Millət vəkili Musa Qasımlı qeyd edib ki, universitetlərimizdə yataqxanaların olmaması və ya çatışmaması tələbələr üçün böyük problemlərdən biridir. Yataqxana ilə təmin olunmağın bir çox tərəfləri var: "Rayonlardan təhsil almağa gələn tələbələrin bir qisminin kirayə ev tutub yaşamaq imkanları yoxdur. Bu yük valideynlərin üzərinə düşür. Ona görə də bəzən tələbələr yaxşı təhsil almaq yerinə, vəziyyətdən çıxmaqdan ötrü işləməyə üstünlük verirlər. Yataqxana probleminin olması ölkəmizə xaricdən gəlib təhsil alanlar üçün problem yaradır. Müasir universitetləri yataqxanasız təsəvvür etmək olmur. Xaricdən gələn tələbələr yataqxana olmadığından ölkəmizə üz tutmurlar. Beləliklə, ali məktəblərimiz xarici ölkələr üçün mütəxəssis hazırlayan mərkəzlərə çevrilə bilmir. Əgər mərkəzə çevrilərsə, onun çox böyük siyasi və ictimai əhəmiyyəti olar. Azərbaycanda diplom almış şəxslər ölkəmizin təbliğatçısına çevriləcəklər. Yataxanaların az olması və çatışmamasının nəticələrindən biri universitetlərimizin beynəlxalq reytinqlərə daxil ola bilməməsinə gətirib çıxarır".

M.Qasımlı qeyd edib ki, universitetlərimizin özlərinin yataqxana tikmək imkanları çox məhduddur. "Ona görə də universitetlər iş adamları ilə, şirkətlərlə bu məsələləri həll edə bilərlər. Bu, beynəlxalq təcrübədə də var. Bəlli şirkətlər yataqxanaları tikirlər, müəyyən ödənişlərlə tələbələr orada qalır və bir müddətdən sonra onları universitetlərin balansına keçirirlər".

Millət vəkili Fəzail Ağamalının fikrincə, Türkiyədə tələbələrin yataqxana ilə təmin olunması baxımından üstün təcrübə malikdir: "Mən çox istəyərdim ki, bu təcrübədən istifadə olunsun. Bir qayda olaraq bu ya ali məktəbin özünün yaratmış olduğu yurd olur. Yaxud da sahibkarlar bu cür yurdları salaraq onu normal, çox da yuxarı olmayan qiymətlə yalnız tələbələrə təqdim edirlər. Düşünürəm ki, bu təcrübə Azərbaycanda geniş yayılsa, həmin problem öz həllini tamamilə tapa bilər. Ali məktəblərin hamısının ödənişli proqramla qəbul olan tələbələri  var. Bununla bağlı ali məktəblərə vəsait daxil olur. Mənə elə gəlir ki, bundan da istifadə edərək özəl və dövlət ali təhsil müəssisələri yurdlar tikib tələbələrin ixtiyarına verə bilərlər".

Millət vəkili qeyd edib ki, ölkədə fəaliyyət göstərən az sayda tələbə yataqxanası da köhnə üslubda tikilib: "Mən özüm də vaxtilə BDU-nun tələbə yataqxanasında qalmışam. Bu günə qədər qalan həmin yataqxanalar müasir tələblərə cavab vermir. Orada tələbələrin normal şəkildə yaşaması və təhsillə məşğul olması qeyri-mümkündür. Bir daha təkrar edirəm, velosiped icad etməyə ehtiyac yoxdur. Buyursunlar, ali məktəblər qardaş Türkiyənin universitetlərinin təcrübəsindən yararlansınlar. Bununla qısa zaman kəsiyində problem öz həllini tapa bilər. Həm də tələbələrimiz normal şəraitdə yaşayar. Universitetlər xeyir götürməsə də, qoymuş olduğu vəsaiti də çıxara bilərlər. Bəhanələrə əsas yoxdur". 

Bəzi ekspertlər isə hesab edir ki, universitetlərin maddi imkanı bu problemi həll edəcək gücdə olmaya bilər. Ona görə də iş adamları ilə müqavilə bağlana, binaların müəyyən bir hissəsi satışa verilə bilər. Qalan hissəsinin bir sıra xərclərində isə dövlət güzəştə gedə bilər.

Sevinc QARAYEVA

 





08.09.2023    çap et  çap et