Yay fəslində insanların ən çox üz tutduğu məkanlardan biri də dənizdir. Dənizin müalicəvi xüsusiyyətlərə malik olduğu hələ qədimdən məlumdur. Dəniz suyunun tərkibində yod olduğu üçün immunitet sisteminin funksiyasını gücləndirir, infeksiyalara qarşı, parazit, bakteriyalar və göbələkləri məhv etmək üçün orqanizmin müqavimətini artırır. Dəniz suyunun tərkibindəki maqnezium, litium və brom, beyindəki serotonin, melatonin səviyyəsinə təsir edir, depressiya, əsəb, yorğunluq və halsızlıq kimi problemləri müalicə edir.
Mütəxəssislərin sözlərinə görə, dəniz kənarında keçirilən vaxt stressi azaltmağa kömək edir. Su dəridəki məsamələri açaraq qan dövranını artırır. Bu, toxumaların daha yaxşı oksigenləşməsinə kömək edir və ümumi sağlamlığı təsir göstərir.
Dəniz suyu bütün toxumalara, hətta sümük quruluşuna da faydalıdır. Sınıqdan sonra müalicə dəniz mühitində aparıldıqda, xüsusilə də dəniz suyunda olan kalsium sayəsində sağalma prosesi daha sürətli gedir.
Araşdırmalar zamanı dəniz suyunun faydaları ilə yanaşı, zərərlərinin olması da ortaya çıxıb. Xüsusən də həddindən artıq istifadə edildikdə və ya həssas dərisi olan insanlarda qıcıqlanmaya səbəb ola bilər. Dəniz suyu duzlu olduğundan dərini qurudur və bəzi insanlarda allergik reaksiyalarla nəticələnir. Bu səbəbdən, dəniz suyundan istifadə etməzdən əvvəl bütün həssaslıqlar nəzərə alınmalıdır. Dəniz suyunun duzlu olmasının bir çox səbəbi var. Yağış suları torpaqdan və qayalardan keçərkən süzülür. Bu vaxt onun tərkibindəki maddələrin bir qismi əriyir və parçalanma prosesi baş verir. İçməli suda duzun sıxlığı çox az olduğu üçün bunu hiss etmirik. Üzərkən dəniz suyunun ağız və ya buruna daxil olması normaldır. Məlumdur ki, az miqdarda dəniz suyunu udmaq zərərsizdir. Lakin unutmaq olmaz ki, orqanizmə bir çox faydası olan dəniz suyunun həddindən artıq udulduğu təqdirdə nəticə ağır olur.
"Sağlam həyata doğru" İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov "525"ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumunun mütəmadi olaraq Xəzər dənizində monitorinqlər apardığını və suyun keyfiyyətini yoxladığını vurğulayır. Onun sözlərinə görə, bu yoxlamalar eyni zamanda çimərlik ərazilərində də aparılır: "Çimərlik sularında orqanizm üçün zərərli maddələr olduqda bu barədə gigiyena və epidemologiya mərkəzinə xəbər verilir və həmin çimərliklərdən istifadə tövsiyə olunmur. Bir sıra çimərliklərdə monitorinq aparılarkən, müvafiq idarənin xəbərdarlıqları qeyd olunan lövhələr görürük. Heç kəsə sirr deyil ki, Xəzər dənizinin müxtəlif ərazilərində çirklənmələr mövcuddur və bu, sağlamlıq baxımından təhlükəlidir. İnsanlara müraciət edirik ki, daha çox ictimai çimərliklərə üz tutsunlar. Apardığımız müstəqil monitorinqlər ictimai çimərliklərin daha təmiz olduğunu və mütəmadi təmizlik işlərinin aparıldığını göstərir".
Bir çox müstəqil təşkilatlar var ki, onların da müstəqil monitorinqlər aparması məsləhətlidir. Çirklənmiş ərazilər müəyyən olunduğu təqdirdə əhalinin xəbərdar edilməsi mütləqdir. Qeyd edək ki, hazırda Pirşağıda bir çox yerlərdə tullantı sularının birbaşa Xəzər dənizinə axıdılması müşahidə olunur. Müvafiq qurumlar yeni su təmizləmə qurğularının tikintisindən sonra bunun qarşısının alacağını deyirlər. Bütün bunları nəzərə alaraq dənizdə çimərkən mütləq şəkildə həmin ərazini araşdırmaq lazımdır. Dəniz mövsümünə hazırlaşarkən həkimlə məsləhətləşmək tövsiyə olunur. Həkimlərin sözlərinə görə, yeməkdən sonra dərhal suya baş vurmaq məsləhət deyil. Soyuq su yanaşı xəstəlikləri olan (ürək-damar, qaraciyər, böyrək və s. xəstəlikləri) insanların sağlamlığına zərər verə bilər. Dənizdə istirahət zamanı eyni zamanda çoxlu maye qəbulu məsləhətdir. Zərərli maddələr orqanizmdə kifayət qədər maye olduğu halda su ilə dəridən çıxır.
İnfeksiyanın qarşısını almaq üçün görüləcək ən əhəmiyyətli tədbirlərdən biri də sudan çıxdıqdan dərhal sonra dəniz paltarının dəyişdirilməsidir. Yaş çimərlik paltarında uzun müddət dəniz və ya hovuz kənarında oturmaq infeksiya üçün risk faktorudur.
Bəs dəniz suyu hansısa allergik xəstəliklərə səbəb olurmu?
Allerqoloq Ramin Nəriman açıqlamasında dəniz suyuna qarşı allergiyanın olması hallarına rast gəlmədiyini bildirib: "Heç bir allergik xəstəlik fəsli xarakter daşımır. Dəniz suyuna qarşı allergiyanın olması ehtimalı yoxdur və rast gəlinmir. Dəniz suyunun tərkibində duzluluq çox olur, lakin duz orqanizmin tərkib hissəsi olduğu üçün heç bir əks reaksiya müşahidə olunmur. İnsanlar gün altında çox qaldıqda şüa təsirindən dəridə yanıqlar əmələ gəlir. Bu halda su insanlara aşılayıcı təsir göstərir, həmin insanlarda qaşınma və dərinin qabıq verməsi kimi hallar müşahidə olunur".
Havar ŞƏFİYEVA