Rəsmi statistikaya görə, ölkənin avtomobil yollarında piyadaların vurulması ilə nəticələnən yol qəzalarının 98 faizində sürücü günahkar hesab edilir. Hətta piyada keçidi olmayan ərazilərdə belə piyadalar vurulursa, bu halda piyadalar deyil, sürücülər daha çox məsuliyyət daşıyırlar.
Artıq neçə illərdir, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobil yollarında piyada zolağı olmayan ərazilərdən keçən piyadalar cərimələnir. Bu proses Bakı şəhərində daha ciddi şəkildə həyata keçirilir. Amma buna baxmayaraq, piyadalar yenə də piyada zolağı olmayan yerlərdə yolu keçməklə özlərinin və digərlərinin həyatını təhlükəyə atırlar. Bakıda əhalinin sıx olduğu ərazilərdə yeraltı və yerüstü keçidlər olsa da, piyadalar həmin keçidlərdən istifadə etmədən yolun hərəkət zolağından keçməyə cəhd edirlər. Nəticədə ay ərzində onlarla piyada yol qəzalarının qurbanı olur, həyatını itirir və ya müxtəlif dərəcəli bədən xasarətləri alır. Əksər hallarda da bu cür baş verən yol qəzalarında piyada deyil, sürücü günahkar hesab edilir.
"Yol hərəkəti haqqında" qanun, "Yol hərəkəti qaydaları" və İnzibati Xətalar Məcəlləsində yollarda baş verən yol-nəqliyyat hadisələrində sürücü ilə yanaşı, piyadanın da məsuliyyəti göstərilib. Bununla bağlı qanunvericilikdə boşluq yoxdur. Qanunvericilik imkan verir ki, baş vermiş yol qəzalarında sürücü ilə yanaşı, piyadanın da məsuliyyəti müəyyənləşdirilsin və hadisəyə obyektiv hüquqi qiymət verilsin. Amma Azərbaycan praktikasında bu hadisələr araşdırılarkən sonda piyada məsuliyyətdən yayındırılır və bir çox hallarda məsuliyyət sürücünün üzərində qalır.
Məsələn, qanunvericiliyə görə, piyadanın avtomobil yollarında yalnız piyada keçidindən istifadə etməsi vacib hesab edilib. Bundan başqa, sənəddə piyadaların yollarda piyada zolağı olmayan ərazisindən keçməsi qadağan olunub və bunun üçün müvafiq miqdarda cərimələr də nəzərdə tutulub. Əhalinin və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə yol polisi bu cür hallara nəzarət edir və gün ərzində onlarla piyada cərimələnir, onların avtomobil yollarına çıxmasının qarşısı alınır. Amma buna baxmayaraq, yenə də piyadaların avtomobil yollarında piyada zolağı olmayan ərazilərdən keçməsi halları hələ də var. Əksər hallarda piyadaların vurulması hadisələri məhz piyada zolağı olmayan ərazilərdə baş verir. Amma hadisədən sonra aparılan araşdırmalarda əksər hallarda sürücülər məsuliyyətə cəlb edilir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlının dediyinə görə, bu məsələdə hər iki tərəfin məsuliyyəti var. Şəhərin küçə və prospektlərində piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeraltı və yerüstü keçidlər mövcuddur. Məsələn, "İnşaatçılar" metrosunun bir çıxışında yeraltı piyada keçidi fəaliyyət göstərir. Lakin kifayət sayda insan bu keçiddən istifadə etməkdənsə, asfalt yoldan keçməyi üstün tuturlar. Belə hallarda isə qəzalar baş verir. Bu zaman məsuliyyət piyadanın üzərinə düşür. Bir sıra sürücülər var ki, piyadalar üçün nəzərdə tutulan zolaqlarda nəqliyyat vasitəsini saxlamır, hətta sürətlərini belə azaltmır. Piyada isə arxayın olduğundan öz yolunu tutub keçir. Belə hadisələr ömürlük xəsarətlə və ölümlə bitən sonluqlara yol açır".
Ekspert bildirib ki, bu sahədə maarifləndirmə tədbirləri həyata keçirilməlidir: "Şəhərin nəzarət kameraları ciddi yoxlanılmalı, hərəkət qaydalarını pozan sürücülərlə bağlı ciddi inzibati tədbirlər həyata keçirilməlidir. Cəza tədbirləri çoxalsa, qəzaların qarşısı maksimum alınar".
Onun sözlərinə əsasən, son vaxtlar müvafiq qurumlar tərəfindən piyadalara nəzarət bir xeyli zəifləyib. Cəzalanan piyadaların sayı azalıb. Nəzarət zəif olduğu üçün piyadalar hətta keçidlərin yaxınlığında belə, keçiddən istifadə etmirlər. Bu səbəbdən də maşın yollarında piyadaların vurulması halları xeyli artıb. Nəzarəti gücləndirmək lazımdır. Əks halda piyadaların qəzaya düşməsi halları daha da çoxalacaq: "Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin artmasına səbəb insanların təhlükəsizlik qaydalarına, öz həyatlarına laqeyd yanaşmasıdır. Müəyyən işlər görülür, amma yenə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı artır. Bunun qarşısını almaq üçün müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülməlidir. Görülməli işlər sırasında təbliğat və nəzarət mexanizmi olması çox vacibdir. Lakin bəzi hallarda təbliğat işə yaramır. Bu zaman nəzarət gücləndirilməlidir. Qaydaları pozan piyadalar cərimə olunmalıdırlar ki, çəkinib bir də qayda pozmasınlar. Bununla yanaşı, polis mütəmadi olaraq yollarda, piyada keçidlərinin yerləşdiyi ərazilərdə reydlər keçirilməli, qayda pozan piyadalara cərimələr yazmalıdır. Bu yolla biz insanları yol hərəkət qaydalarana riayət etməyə öyrədər, piyadaların vurulması hallarının qarşısını ala bilərik".
Piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələri təkcə ayrı-ayrı fərdlərə deyil, bütövlükdə cəmiyyətə maddi və mənəvi itkilər hesabına başa gəlir. Bu gün hərəkət iştirakçıları arasında yol qəzalarında ən çox zərər çəkən yenə də piyadalardır.
"Bakı" hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov bildirib ki, son illərdə piyadaların iştirakı ilə avtoqəza halları çoxalıb. Bunun səbəbləri əsasən yerüstü və yeraltı piyada keçidlərinin azlığı, həmçinin piyadaların məsuliyyətsizliyi, sürücülərin diqqətsizliyidir: "Məhkəmələr əsasən avtoqəza hadisələrinin videolarına baxmırlar. Çünki bu videolar müvafiq istintaq orqanı tərəfindən əsasən təqdim edilmir. Ediləndə isə baxış keçirilməsinə təşəbbüs göstərilmir. Qanunda hakim məhz videoya baxıb qərar verməlidir kimi göstəriş yoxdur. Bunu da qanundakı boşluq kimi dəyərləndirmək olar. Avtoqəzalarla bağlı məhkəmələrə təqdim olunan sənəd-sübutlar da çox vaxt obyektivlikdən uzaq olur. Bu da yanlış qərarların verilməsinə gətirib çıxarır. Avtoqəzaların əksəriyyətində günah birmənalı şəkildə piyadada olur. Ancaq buna baxmayaraq, yenə də sürücülər məsuliyyətə cəlb olunur. Yol-nəqliyyat hadisələri ilə bağlı ekspert rəylərində yazırlar ki, sürücü qəzanın baş verməsinin qarşısını almaq üçün vaxtında əyləci basmayıb, diqqəti piyadada olmayıb, manevr edib qəzadan yayınmayıb və s. Piyadanın vurulması öz günahıdırsa, sürücü niyə məsuliyyətə cəlb olunmalıdır? Bir müddət əvvəl belə bir təhlil vardı ki, Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisələrinin 50 faizi piyadaların vurulması ilə nəticələnir. Ümumrespublika üzrə isə piyadaların vurulması ilə nəticələnən qəzalar 50 faizdən yüksək olur. Bu istiqamətdə araşdırma aparılanda görürük ki, piyadaların vurulması ilə nəticələnən avtoqəzaların 90-95 faizində sürücülər günahkar bilinir. Araşdırılanda isə məlum olur ki, qəzanın baş verməsində günahkar piyada olub. İşıqlandırılmayan yolda, qara geyimdə gecə yarısı qəfildən saatda 60-70 kilometr sürətlə hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına çıxıb qəzaya səbəb olub və qəza zamanı hadisə yerində keçinib. Bundan sonra sürücünün qara günləri başlayır. Avtotexniki ekspertiza rəy verir ki, sürücü qəzadan yayına bilərdi, əyləci basıb manevr etməklə vəziyyətdən çıxa bilərdi. Əslində isə həmin rəyi verən ekspertin özünü sükan arxasına əyləşdirsələr, həmin qəzadan yayına bilməyəcək. Çünki bu, sadəcə, mümkün deyil".
Hüquqşünas deyir ki, avtotexniki ekspertiza qəzaların 90-95 faizində sürücünü günahkar çıxarmağa əsas verən rəy yazır: "Sovetdənqalma "Yol hərəkəti haqqında" qanuna dəyişiklik olundu. Gözlənilirdi ki, dəyişiklikdən sonra sürücünün günahsızlığı sübut olunacağı halda məsuliyyətdən azad olunması qanuni olacaq. Qanun dəyişdi, amma daha da betər hala salındı. Yazırlar ki, sürət həddi 110 kilometr saat olan yolda piyadanın vurulması ilə nəticələnən qəza baş verərsə, piyada sağ qaldığı halda, sürücü məsuliyyətdən azad edilir. Yəni piyada keçinsə, sürücü günahkardır. Bu qədər absurd yanaşma olar? O sürətdə piyada qəzadan sağ çıxa bilər?"
Hüquqşünas deyib ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məcəllənin 263.2. maddəsinə görə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qəza avtomobil idarəetmə hüququ olmayan şəxs tərəfindən və sərxoş vəziyyətdə baş veribsə, sürücü 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu ilin 7 ayı ərzində ölkə üzrə piyadaların vurulması ilə nəticələnən 350 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ümumi yol qəzalarının 37,3 faizi deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 55 faiz təşkil edir. Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 133 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 65 nəfər həyatını itirib, 77 nəfər isə yaralanıb: "Təəssüf ki, hələ də yeraltı, yerüstü, eləcə də eynisəviyyəli piyada keçidlərinin yaxınlığında piyadaların vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını bir daha gündəmə gətirir. Hansısa yol sahəsində piyada keçidlərinin olmaması barədə haqlı narazılıqlar səsləndirildiyi halda, digər bir ərazidə mövcud piyada keçidlərinin istifadəsiz qalması deməyə əsas verir ki, piyadaların təhlükəsizliyi məsələsi hərəkətin təşkili, infrastruktur və digər amillərə yanaşı, həm də onların şəxsi məsuliyyət hissinə, ictimai davranış vərdişlərinə bağlıdır. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən, mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, nizamlama vasitələrinin tələblərinə qeyri-şərtsiz əməl etməyi, dayanacaqda gözləyərkən, ictimai nəqliyyata minib-düşərkən, eləcə də qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir".
Sevinc QARAYEVA