525.Az

Gürcüstanda dövlət çevrilişi?


 

Gürcüstanda dövlət çevrilişi?<b style="color:red"></b>

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində və onun hüdudlarından kənarda fəaliyyət göstərən bir qrupun oktyabr-dekabr aylarında Gürcüstanda sabitliyi pozmaq və vətəndaş iğtişaşları təşkil etməyi planlaşdırdığı haqqında xəbərdarlıq edib. DTX xəbərdarlıq edir ki, bunun əsas məqsədi hakimiyyəti zorla dəyişdirməkdir. Yayılan məlumatda iddia olunur ki, sözügedən planın müəlliflərindən biri Gürcüstanın keçmiş daxili işlər naziri Vano Merabişvilinin müavini olmuş, hazırda isə Ukraynanın hərbi kəşfiyyat rəhbərinin müavini Georgi Lortkipanidze, Ukraynada Rusiya ordusuna qarşı döyüşən "Gürcü legionu"nun komandiri Mamuka Mamulaşvili, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin mühafizəsində olmuş Mixail Baturindir.

DTX-nın məlumatına görə, proseslərin başlanması üçün seçilən dövr Avropa Komissiyasının aralıq hesabatı və Avropa İttifaqının yekun hesabatının dərc edilməli olduğu oktyabr-dekabr aylarıdır. Dövlət çevrilişi üçün isə etiraz aksiyalarının başlanması, "çadır şəhərciyi"nin salınması, mərkəzi prospektlərin və strateji obyektlərin yaxınlığında barrikadaların qurulması və hökumət binalarının zəbt edilməsinin nəzərdə tutulduğu iddia olunur.

Moskva əmindir ki, Qərb Gürcüstandakı seçkilərə qədər vəziyyəti sarsıtmağa çalışacaq. Rusiya Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev hesab edir ki, Qərb strukturları və kəşfiyyat xidmətləri Gürcüstan parlamentdəki güc balansını öz xeyrinə dəyişmək üçün vəziyyəti silkələməyə çalışacaqlar: "Bunun üçünsə dövlət çevrilişi həyata keçirəcəklər". Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti Aleksey Koşkin isə hesab edir ki, ABŞ və onun müttəfiqləri Gürcüstanın inkişaf vektorunu dəyişmək və Rusiya sərhədləri yaxınlığında hər cür münaqişələrə od vurmaq istəyirlər. Oxşar mövqeni Rusiya Dövlət Dumasının deputatı Əmir Xamitov da səsləndirib.

Gürcüstan DTX-sının "çevriliş"in təşkilatçılarından biri adlandırdığı Ukraynada "Gürcü legionu"nun komandiri Mamuka Mamulaşvili bu iddiaları "boş şey" adlandırıb:  "Kəşfiyyat xidmətlərimiz uzun müddətdir ki, ruslar üçün işləyir və Kremlin göstərişlərinə əməl edir".

Gürcüstan müxalifəti isə hesab edir ki, DTX-nın dövlət çevrilişinin hazırlandığı barədə bəyanatı vətəndaşların diqqətini daha vacib məsələlərdən yayındırmaq cəhdidir: "İctimaiyyət Rusiyanın casus şəbəkəsinin ifşa olunmasını gözləyir. Partsxaladze Rusiyanın casusluq sxemində iştirakına görə ABŞ sanksiyalarına məruz qalıb. Bütün bunların fonunda Dövlət Təhlükəsizliyi Xidməti bu cəfəngiyyatı yayır. Dövlət Təhlükəsizlik Xidməti Partsxaladze və Rusiyadan gələn sifarişləri yerinə yetirir. Bu adamlar bizi inandırmaq istəyirlər ki, ukraynalıların tərəfində Rusiyaya qarşı vuruşan Gia Lortkipanidze Gürcüstanın düşmənidir, Partsxaladze isə Gürcüstanın dostudur".

Aydın görünür ki, Gürcüstan ciddi proseslər ərəfəsindədir. Rusiyanın Ukraynada hərbi-siyasi uğursuzluğunun artması, Ermənistan hökumətinin Moskvaya qarşı çıxışları Gürcüstana təsir edir və siyasi prosesləri qızışdırır. 

 

 

 





21.09.2023    çap et  çap et