525.Az

Din tədrisi, yoxsa dini mövzularda maarifləndirmə?


 

AZƏRBAYCANDA YENİ NƏSİLƏ İLKİN DİNİ BİLİKLƏR HANSI FORMADA AŞILANIR?

Din tədrisi, yoxsa dini mövzularda maarifləndirmə?<b style="color:red"></b>

Müxtəlif zamanlarda orta məktəblərimizdə dini fənlərin tədrisi ilə bağlı müzakirələr aparılıb. Bugünədək "Məktəblərdə din tədris olunsunmu?", "Məktəblərdə dini dərsə ehtiyac varmı?", "Məktəblərdə din dərsləri keçilə bilərmi?" kimi mövzular mediada dəfələrlə müzakirə olunub, ictimaiyyət tərəfindən müxtəlif yanaşmalar irəli sürülüb. Hazırda orta məktəblərdə böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərimizə uyğun formalaşması istiqamətində bütün zəruri tədbirlər görülür. Həmçinin neçə illərdir ki, orta məktəblərdə "Həyat bilgisi" adlı fənn tədris olunur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimovanın dediyinə görə, cəmiyyətdə yanlış bir fikir formalaşdırılmağa çalışırlar ki, guya məktəbdə din tədrisi, şəriət tədrisi təklif olunur. Birincisi, Azərbaycanda dövlət təhsil müəssisələrində din, şəriət tədris oluna bilməz. Azərbaycan dünyəvi dövlətdir. Din dövlətdən ayrıdır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bütün bunlar isə dinin, şəriətin ümumtəhsil müəssisələrində tədrisinə yol vermir. Amma dinlər haqqında biliklərin verilməsinə ehtiyac var. Çünki respublikamızın yerləşdiyi coğrafi ərazi, xüsusilə də Azərbaycanla həmsərhəd ölkələrdə zaman keçdikcə din amilinin güclənməsi, ölkəmizin daimi yad və zərərli dini təsirlərin hədəfində olması dini zəmində ölkəmizə yönəlik təhdidlərin hər zaman olacağını deməyə əsas verir. Belə bir vəziyyətdə azərbaycanlı yeniyetmə və gənclərin dinlər haqqında ilkin bilikləri ibadət evlərindən, internet resurslarından, cəmiyyətdəki təsadüfi şəxslərdən və ya dinlə bağlı lazımi qədər məlumata malik olmayan valideynlərindən alması məqsədəuyğun hesab edilmir: "Bu sadalan "mənbələr" dinlər haqqında yetərli biliklərə və ortaq dini düşüncəyə malik olmadıqları üçün gənclərin dini dünyagörüşünün formalaşması işi onlara etibar edilə bilməz. Həmçinin Dövlət Komitəsi və digər müvafiq qurumlar tərəfindən aparılan müxtəlif formatlı dini maarifçilik işləri radikalizm, dinin siyasiləşdirilməsi və xurafatla mübarizədə effektli olsa da, cəmiyyətdə sağlam və dayanıqlı dini mühitin formalaşması üçün yetərli deyil. Əgər bir gəncin, bir yeniyetmənin dinlərlə bağlı bilgisi yoxdursa, bu bilikləri biz yox, "başqası" verirsə, radikal, qeyri-ənənəvi və ya zərərli dini cərəyan olsun, bunlardan alarsa, elə isə buna görə biz məsuliyyət daşımayacağıqmı?" Şöbə müdiri deyib ki, təhsil sistemimiz vasitəsilə vətəndaşlara hələ yeniyetmə dövründə eyni mənbədən, fərqli izahlara yol açmadan, vahid bir proqrama əsaslanan dinlər haqqında ilkin biliklər verilməsi olduqca zəruridir. Yalnız bu halda yeniyetmələrin sonradan yad təsirlərə məruz qalması ehtimalı məhdudlaşacaq, bütün dinləri əxlaq və mənəviyyat nöqteyi-nəzərindən əxz etmiş gənclərimiz radikal, ekstremist qrupların təsiri altına düşməyəcəklər".

Onun sözlərinə görə, hazırda ölkəmizin ali təhsil müəssisələrində tələbələrə "Multikulturalizmə giriş" fənni vasitəsilə dinlər haqqında biliklər verilir. Ümumtəhsil müəssisələrində isə məhdud sayda dini mövzuları da ehtiva edən "Həyat bilgisi" adlı fənn tədris edilir və ya dinlər haqqında məlumatlar Tarix, Ədəbiyyat, Azərbaycan dili fənlərindəki müəyyən mövzulara inteqrasiya olunur. Lakin fikrimizcə, bu, orta məktəb şagirdlərinə dinlərlə bağlı biliklərin verilməsi üçün zəruri tələbi yetərincə ödəmir. Bu baxımdan mövcud reallıqlar nəzərə alınmaqla ümumtəhsil məktəblərində yuxarı siniflərin birində dinlər, tolerant və multikultural ənənələr, milli-mənəvi dəyərlər, radikalizm, xurafat haqqında bilikləri özündə əks etdirən birillik seçmə fənn kimi ayrıca dərsin keçilməsi məqsədəuyğun olardı: "Qeyd edək ki, təkcə müsəlman və Qərb ölkələrində deyil, son illər keçmiş sovet məkanında da ümumtəhsil müəssisələrində dinlərlə bağlı biliklər verən fənnin tədrisinə başlanılmışdır. Bu sahədə ilk addım atmış ölkələrdən biri Gürcüstandır. Hazırda Gürcüstanla yanaşı, Rusiyada "Dünyəvi etikanın əsasları", "Dünya dini mədəniyyətlərinin əsasları", "Pravoslav mədəniyyətinin əsasları", "İslam mədəniyyətinin əsasları", "Buddizm mədəniyyətinin əsasları" və s., həmçinin Belarusda "Pravoslav mədəniyyətinin əsasları", Ukraynada "Xristian etikasının əsasları" və ya "Ukrayna mədəniyyətində xristian etikası", Ermənistanda "Erməni kilsəsinin tarixi", Qırğızıstanda "Din mədəniyyəti tarixi", Qazaxıstanda "Dünyəvilik və dinin əsasları", Özbəkistanda "Dünya dinlərinin tarixi" adlı fənlərin tədrisi çərçivəsində şagirdlərə dinlər haqqında biliklər verilir. Bu fənlərin tədrisi bəzi ölkələrdə məcburi, bəzi ölkələrdə isə könüllülük əsasında həyata keçirilir. ABŞ, Fransa, Yaponiyada ancaq özəl məktəblərdə (dini qurumlar, kilsə) din təhsili, İngiltərə, İtaliyada dövlət və özəl məktəblərdə seçmə fənn, Almaniya, Belçika, Kanadada dövlət və özəl məktəblərdə seçmə din və ya əxlaq fənni, Danimarka, Norveçdə "Vətəndaşlıq bilgisi" dərsi çərçivəsində dövlət məktəblərində icbari dini təhsil verilir.

Qısacası, əksər ölkələrdə ümumtəhsil müəssisələrində yeniyetmə və gənclərə fərqli formalarda da olsa, dinlər haqqında biliklər verilməsi faktdır. Bu baxımdan Dövlət Komitəsi ümumtəhsil müəssisələrinin yuxarı siniflərinin birində, şagirdlərin dünyagörüşünün artıq formalaşdığı bir dövrdə dinlər haqqında biliklərin, milli-mənəvi dəyərlərin öyrədilməsi üçün ayrıca seçmə fənnin tədrisini məqbul hesab edir. Bir daha vurğulamaq istəyirəm ki, məktəblərdə din tədrisindən qətiyyən söz getmir, gedə də bilməz. Məktəblərdə dinin tədrisi müzakirə mövzusu deyil. Ölkəmizdə dini təhsili dini kolleclər və Azərbaycan İlahiyyat İnstitutu verir. Söhbət şagirdlərə dünya dinləri, tolerant və multikultural ənənələr, milli-mənəvi dəyərlər, radikalizm və xurafat haqqında məlumatların verilməsindən gedir. Amma bütün hallarda təhsil müəssisələrində nəyin tədris olunub-olunmayacağı Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsindədir".

Əməkdar elm xadimi, professor, millət vəkili Nizami Cəfərovun sözlərinə əsasən, məktəblərdə dini dərslər tədris olunacağı təqdirdə sırf islam dini deyil, digər dinlər barədə də məlumatlar verilməlidir. Professor vurğulayıb ki, sovet dövründə uşaqlara dini dərslərin tədrisi barədə söhbət gedə bilməzdi: "Təbii ki, dövlətimiz dini böyük bir mədəniyyət və mənəviyyat kimi qiymətləndirir. Reallıq budur ki, ölkə başçısı səviyyəsində məscidlərimiz təmir olunur, eyni zamanda, kilsələr və sinoqoqlar bərpa edilir və yeniləri tikilir. Bu baxımdan, ölkəmizdəki bütün insanların vicdan azadlığı təmin olunur. Lakin Azərbaycanda din dövlətdən ayrıdır. Sovet dövründə də din dövlətdən ayrı hesab olunurdu, eyni zamanda, dinə qarşı mübarizə aparılırdı. İndiki dövrdə isə dinə qarşı mübarizə aparılmır, sadəcə olaraq təmiz, dəqiq, tarixi məzmunu olan, kitablarda nə yazılıbsa ondan ibarət dini məlumatlar verilir, müxtəlif təriqətlərin təqdim etdiyi din formaları yox. Təbii ki, orta məktəblərimizdə klassik dinin öyrədilməsi mümkün ola bilər. Amma orta məktəblərdə din yox, dinşünaslıq dərsi keçirilməlidir. Bu, ayrıca bir fənn kimi yox, müxtəlif fənlərin içərisində tədris edilməlidir. İndi məktəblərimizdə "Həyat bilgisi" dərsliyində din ibtidai formada tədris olunur. Amma ədəbiyyat dərsləri dinsiz mümkün deyil, çünki klassik ədəbiyyatımız müxtəlif dinlərdən- zərdüştlükdən başlanır, həmçinin iuadizmin, yəhudiliyin, xristianlığın materiallarından istifadə olunur. Yəni ki, ədəbiyyatımıza Məryəm obrazını gətirməzdən öncə uşaqların mütləq İncildən, xristianlıqdan, eləcə də başqa dinlərdən məlumatları olmalıdır".

N.Cəfərov qeyd edib ki, uşaqlar dinşünaslığı, yəni ayrı-ayrı dinləri bilsələr, onların düşüncəsində xurafat kimi xoşgəlməz anlayışlar olmaz: "Çox insana elə gəlir ki, dünyada sadəcə bir din var, o da islam dinidir. İslam dininin aurasına düşürlər və çıxa bilmirlər. Bu da insanlarda dini təəssübkeşlik yaradır və ömrünün sonuna qədər başqa dinlərlə mübarizə aparıb öz dininin dəyərlərini müdafiə etməyə çalışırlar, ancaq bilmirlər ki, bütün dinlərin mənşəyi eynidir, bir-biri ilə bağlıdır. Hər bir din mifologiyadan, insanların real gerçəklikləri anlamaq ehtirasından bəhs edir. Bu mənada bütün dinlərin mənşəyi, üslubu, ideya məzmunu və funksiyası eynidir. Bütün bunlar da sadə dildə orta məktəblərdəki bəzi dərsliklərdə izah olunmalıdır. Düşünürəm ki, mütəxəssislərlə məsləhətləşib dinşünaslıq adlı bir dərs tətbiq etmək olar. Lakin söhbət ondan getmir ki, din təbliğ olunsun. Ümumiyyətlə, din elə bir anlayışdır ki, istər-istəməz insanların ruhuna, dünyagörüşünə, həyat tərzinə daxil olur. Çünki hər bir mühit dini təqdim edir. Düşünürəm ki, məktəblərdə ayrıca olaraq dinşünaslıq keçirilsə, yaxşıdır. Uşaqlar dinin nə mənada mənəviyyatımız, mədəniyyətimiz, gələcəyimiz, əxlaqımız, tariximiz və hüququmuz olduğunu dərk etməlidirlər. Bir zamanlar - 17-18-ci əsrlərə qədər belə bir fikir var idi ki, əxlaq yalnız dinə məxsusdur. Yəni sən dindar deyilsənsə, sənin əxlaq normaların zəngin deyil, guya əxlaq normalarını din müəyyənləşdirir. Lakin bu məsələ yeni dövrdə Avropada geniş müzakirə edildi və görkəmli filosoflar sübut etdilər ki, əxlaqın dinə aidiyyəti yoxdur, əxlaq insanın təbiətindədir. Dinlə bağlı çoxlu sayda fundamental məsələlər var. Həmin fundamental məsələlər uşaqlara ya ayrıca fənn kimi, ya da bəzi dərsliklərin içində öyrədilməlidir".

Sevinc QARAYEVA

 





22.09.2023    çap et  çap et