525.Az

Görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı


 

Görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı<b style="color:red"></b>

Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələrindən biri anadilli klassik poeziyamızın mahir bilicisi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Kərimlidir. Orta əsrlər Azərbaycan ədəbiyyatı üzrə görkəmli mütəxəssis akademik Teymur Kərimlini keçən yüzilliyin səksəninci illərində qiyabi olaraq tanımışam. Həmin vaxt Azərbaycan klassik ədəbiyyatı kitabxanası seriyasından çoxcildlik kitablar işıq üzü görmüşdü. "Ədəbiyyat və incəsənət" qəzetində sözügedən kitablardan biri haqqında dərc olunmuş məqalə diqqətimi çox çəkdi. İrihəcmli həmin məqalədə orta əsrlər şairlərimizin yaradıcılığından nümunələri əhatə edən kitabda yol verilmiş səhvlər, onların düzgün izahı və açıqlamaları verilirdi. Bu izah və açıqlamalar klassik poeziya üçün səciyyəvi olan incə məqamlara, həssas mətləblərə aid idi. Belə izah-açıqlamaları klassik ədəbiyyat üzrə kifayət qədər səriştə və biliyi olan şəxs verə bilərdi. Həmin məqalənin müəllifi Teymur Kərimli idi. Çox keçməyəcək ki, bu imza Azərbaycan elmi ədəbi mühitində məşhurlaşacaq, görkəmli ədəbiyyatşünas alim simvoluna çevriləcək...

Orta əsrlərə aid türk əlyazma kitabları üzərində apardığımız çoxillik müşahidələrimizə əsasən deyə bilərik ki, klassik poeziyanı dərindən araşdırmaq, həmin nümunələrdə yer almış bəzi gizli və incə məqamlara yetərincə bələd olmaq bir sıra elm sahələri üzrə müəyyən bilik və bacarıq tələb edir. Həmin sahələr bunlardır: ilahiyyat, Quran və hədislər, təsəvvüf, poetika, əruz vəzni, ərəb və fars dilləri üzrə müəyyən qədər biliklər. Cəsarətlə deyə bilərik ki, bütün bu keyfiyyətlər, sadalanan sahələr üzrə bilik və bacarıq görkəmli ədəbiyyatşünas alimimiz, akademik Teymur Kərimlidə yetərincə vardır. Teymur müəllim haqlı olaraq ölkəmizdə orta əsrlər Azərbaycan ədəbiyyatının, xüsusilə də klassik poeziyanın mahir bilicisi sayılır. Bu fikrin əyani sübutu olaraq ölkəmizin aparıcı televiziya kanalı olan AZ.TV-də, sonralar isə "Mədəniyyət" kanalında böyük maraqla izlənilən "Məclisi-üns" verilişini göstərmək olar. Həmin verilişin demək olar ki, daimi iştirakçısı olan akademik Teymur Kərimlinin orta əsrlər Azərbaycan poeziya nümunələri haqqında sanballı və dəyərli fikirlərini, izah və açıqlamalarını yüksək elmi və bədii təfəkkürün açıq-aşkar göstəricisi saymaq olar.

Bu fikrin ikinci və ən başlıca sübutu-dəlili, əsas göstəricisi isə akademik Teymur Kərimlinin orta əsrlər Azərbaycan ədəbiyyatı üzrə səmərəli və dəyərli elmi yaradıcılığıdır. Orta məktəbi qızıl medalla, Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Teymur Həşim oğlu Kərimlinin ilk sanballı elmi işi 1983-cü ildə böyük uğurla müdafiə etdiyi "Nizamidə tarixin romantik qavrayışı ("Yeddi gözəl" poeması üzrə)" adlı namizədlik dissertasiyası olmuşdur. Məlum olduğu kimi, orta əsrlər Azərbaycan ədəbiyyatının zirvəsi dahi sayılır.

Teymur Kərimli dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı üzərində elmi araşdırmalarını davam etdirərək 2004-cü ildə "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımcısı" mövzusunda yazdığı doktorluq işini tamamlamışdır.

Görkəmli ədəbiyyatşünas alim bu mövzuda qələmə aldığı "Nizami və tarix" adlı dəyərli bir monoqrafiyanın müəllifidir. Ümumiyyətlə, akademik Teymur Kərimli dünya ədəbiyyatı xəzinəsinə nadir incilər bəxş etmiş Nizami Gəncəvinin şəxsiyyəti və bədii yaradıcılığının bir sıra qaranlıq səhifələrinin, yeni məqamlarının üzə çıxarılması sahəsində böyük və əhəmiyyətli elmi işləri həyata keçirmişdir.

Akademik Teymur Kərimlinin elmi yaradıcılığında klassik anadilli poeziyamızın zirvələrindən olan İmadəddin Nəsimi və Məhəmməd Füzuli yaradıcılığının araşdırılması da xüsusi yer tutur. Görkəmli ədəbiyyatşünas alim bu iki böyük şairimiz haqqında da monoqrafiyaların müəllifidir: "Görünməyən Füzuli", "Çağdaşımız Nəsimi".

Qeyd edim ki, akademik Teymur Kərimli bənzərsiz güclü yaddaş sahibidir. Çoxları Teymur müəllimin istər elmi məruzələrində, istərsə də adi söhbətlərində tez-tez Füzuli yaradıcılığına üz tutaraq bu böyük şairimizin qəzəllərindən bir çox nümunələri əzbər söyləməsinin şahididir. Yeri gəlmişkən onu da əlavə edim ki, akademik Teymur Kərimli bədii yaradıcılıqla da məşğul olur. Böyük ədəbiyyatşünas alimin klassik poeziyaya vurğunluğu onun qələmindən çıxmış qəzəllərində açıq-aşkar bir şəkildə özünü göstərir. 44 günlük İkinci Qarabağ savaşı günlərində Teymur müəllim şanlı ordumuza, mənfur düşmən üzərində qazandığımız parlaq zəfərimizə bir sıra gözəl və axıcı qəzəllərini həsr etmişdir.

Akademik Teymur Kərimli ölkəmizdə həm də bacarıqlı elm təşkilatçısı kimi tanınır. Tanınmış ədəbiyyatşünas alim bir müddət AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, direktor əvəzi vəzifələrində çalışmış, AMEA Humanitar elmlər bölməsinin akademik-katibi olmuşdur. Akademik Teymur Kərimli 2013-cü ildən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna rəhbərlik edir. Bu müddətdə Əlyazmalar İnstitutunda bir sıra elmi layihələr başa çatdırılmışdır. Məhz Teymur Kərimlinin təşəbbüsü və rəhbərliyi ilə Məhəmməd Füzulinin türk divanının XVI əsrə aid bir Bakı əlyazma nüsxəsi, eləcə də Xurşidbanu Natəvanın albomu UNESCO-nun mədəni irs siyahısına daxil edilmişdir. Yeri gəlmişkən qeyd edim ki, akademik Teymur Kərimli UNESCO-nun "Dünya yaddaşı" proqramı üzrə Azərbaycan Milli kadrlar yetişdirilməsində də böyük xidmətləri vardır. Qeyd edək ki, tanınmış alimin yetirmələri də ustadı kimi, orta əsrlər Azərbaycan ədəbiyyatı üzrə mütəxəssislərdir.

Akademik Teymur Kərimlinin bu günlərdə 70 yaşı tamam olur. Görkəmli ədəbiyyatşünas alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, hörmətli həmkarıma möhkəm cansağlığı, könül xoşluğu və yeni elmi yaradıcılıq uğurları diləyirəm. 

 





03.10.2023    çap et  çap et