Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qırğızıstanla bağlı həyata keçirilən layihələrdən söz açılıb. Fond ilə təşkilatın qurucu üzv ölkəsi Qırğız Respublikası arasında əlaqələrin gücləndirilməsindən, nəzərdə tutulan birgə planlardan bəhs olunub.
Tərəflər Fond ilə ölkənin qarşılıqlı iş birliyinin yeni sahələrinin araşdırılması istiqamətində müzakirələr aparıblar. Türk xalqlarının çoxəsrlik irsinin təbliğinə, mədəni mübadilələrinin artırılmasına, eləcə də təhsil və tədqiqat yönümlü əməkdaşlığın inkişafına dair layihə və təşəbbüsləri dəyərləndiriblər.
Görüş Fond ilə Qırğızıstan arasında mövcud tərəfdaşlığın gələcək perspektivlərinə dair fikir mübadilələri ilə başa çatıb.
G.Əfəndiyeva Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti naziri Altınbek Maksutov ilə də görüşüb. Görüşdə Fondun çoxşaxəli fəaliyyətlərindən, eləcə də təşkilatın qurucu üzv ölkələrindən olan Qırğız Respublikasının 2023-cü il üçün təklif etdiyi layihələrə dəstək verməsindən söz açılıb.
Əsas təşkilatçıları sırasında Fondun yer aldığı, bu ilin may ayında Oşda təşkil olunan VII Beynəlxalq Dünya Xalqlarının Dastanları Festivalının uğurla keçirilməsi qeyd edilib. Fond tərəfindən böyük qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə ədibin "Ana tarla" əsəri əsasında tamaşanın Azərbaycan dilində hazırlanması və yubileyin qeyd olunması çərçivəsində nümayişi vurğulanıb. Azərbaycanın görkəmli alimi və manasşünası Adil Cəmilin müəllifi olduğu "Manas dastanı və türk dastançılıq ənənələri" adlı kitabının Azərbaycan və qırğız dillərində nəşr olunduğu diqqətə çatdırılıb. Fond və Türk Akademiyasının birgə əməkdaşlığı ilə tanınmış qırğız manasçı Rısbay İsakovun redaktorluğu ilə "Sağımbaydin Manası" kitabının yayımlanması, eləcə də Kırğızıstanın iştirak etdiyi təşkilatın digər layihələrin uğurla həyata keçirildiyi bildirilib.
Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Naziri Altınbek Maksutov Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat ilə gələcək birgə layihələrə dəstəyini ifadə edib.