Pakistanın Bəlucistan və Xeyber-Paxtunxva əyalətlərində həyata keçirilən terror aktlarında 2-si polis olmaqla 57 nəfər həyatını itirib, 140-dan çox insan isə yaralanıb.
525.az yerli mətbuatda yer alan xəbərə əsasən bildirir ki, Bəlucistanın Məstunq bölgəsində bir məscidin yaxınlığında vətəndaşların Mövlud günü üçün toplaşdığı bölgədə terror aktı törədilib.
Hücumda biri polis məmuru olmaqla 52 nəfər həyatını itirib, 130-dan çox adam yaralanıb. Partlayış bölgəsinə çoxlu təcili yardım maşınları və axtarış-xilasetmə qrupları göndərilib. Rəsmilər hadisənin kamikadze hücumu ola biləcəyi ehtimalını nəzərdən keçirir. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Digər tərəfdən Xeyber-Paxtunxva əyalətinin Hanqu bölgəsindəki məsciddə kamikadze hücumu həyata keçirilib.
İlkin məlumata görə, terror aktı nəticəsində biri polis olmaqla 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
Müvəqqəti hökumətin Baş naziri Ənvarul Hak Kakar sosial media hesabından verdiyi açıqlamada hücumları pisləyib.
Malik Atilay