Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində torpaqlarımızı kütləvi şəkildə minalarla çirkləndirib. Məlumata görə, ərazilərimizə 1 milyona yaxın mina basdırılıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatdıqdan sonra dövlətimiz daha bir çətin problemlə - mina terroru ilə qarşılaşdı. Rəsmi Bakının bütün çağırışlarına, beynəlxalq qurumlara dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, adekvat reaksiyaların olmaması Ermənistanın və Qarabağda mövcud olmuş separatçı rejimin öz mənfur əməllərini davam etdirmələrinə yaşıl işıq yandırdı. Dünyanın gözü qarşısında dinc insanlarımız ermənilərin basdırdığı minaların qurbanına çevrilirlər. Təəssüf ki, beynəlxalq birlik bu məsələyə ikili standartlardan yanaşır. Daha bir dəhşətli mina terroru sentyabrın 19-da törədildi. Həmin gün yeddi vətəndaşımız mina partlaması nəticəsində həyatlarını itirdilər. Onların arasında Daxili İşlər Nazilriyinin əməkdaşları da var idi. İkinci Qarabağ müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfəri həlak olub. Həmin minalar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilib. Belə ki, 2023-cü il aprelin 23-də Laçın postu yaradılana qədər Ermənistanda məhz 2020-ci il müharibəsindən sonra istehsal olunmuş minalar Laçın yolundan sui-istifadə edilərək Qarabağa daşınıb. Və həmin minlar insanlarımızın həyatına son qoymaqda davam edir. Bu cinayətlər sözdə sülhdən danışan Ermənistan hakimiyyətinin riyakarlığını, terroru dövlət siyasətinə çevirən İrəvanın mahiyyətinin dəyişmədiyini göstərir. Tarix boyu Azərbaycana qarşı çoxsayda terror, soyqırımlar törədən ermənilər bu gün də əllərinə fürsət düşən kimi eyni cinayət əməllərini davam etdirirlər. Bakının dəfələrlə çağırışlarına baxmayaraq, qarşı tərəf mina xəritələrini verməkdən imtina edir. Daha əvvəl təqdim edilən bir neçə xəritə isə reallığı əks etdirməyib. Bu gün Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olub. Onu da vurğulayaq ki, sovet dönəmində əsas mina zavodlarından biri İrəvanda inşa edilmişdi. Həmin zavod indi də mina istehsal edir. Və həmin minalar bizim torpaqlarımıza basdırılıb. Ermənilər Vətən müharibəsi bitdikdən sonra üçtərəfli bəyanata əsasən, Kəlbəcər, Laçın və Ağdamı tərk etmək üçün onlara verilmiş vaxtdan sui-istifadə edərək həmin əraziləri minaladılar. 2021-ci ildə Kəlbəcərdə iki həmkarımız da ermənilərin basdırdığı minaya düşərək şəhid oldular. Bütün bunlar və sentyabrın 19-da baş vermiş daha bir erməni terroru Bakını lokal antiterror tədbirləri keçirməyə vadar etdi. Bir gün davam edən tədbirlərlə Azərbaycan bütün ərazisində öz suverenliyini bərpa etdi, qanunsuz silahlı birləşmələrin, separatçı rejimin varlığına son qoydu.
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra qondarma rejimin bu ərazilərdə əlavə minalar basdırdığı üzə çıxıb. 480 km-dən artıq təmas xətti boyunca yerləşdirilən yarım milyondan artıq mina heç də təsadüfi partlayıcı və ya partlamamış hərbi sursatlar deyil. Ən son məlumata görə, Azərbaycan Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlayıb. İnzibati binalara baxış keçirilən zaman bunların qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırıldığı üzə çıxıb.
ANAMA-nın açıqlamasına görə, bu il sentyabrın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 242, tank əleyhinə 447 mina və 909 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bildirilib ki, 4550.1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Göründüyü kimi, azad olunmuş ərazilərin minalardan təmizlənməsi dövlətimiz qarşısında dayanan əsas problemlərdən biridir. Azərbaycan minatəmizləmə işlərini demək olar ki, öz resursları hesabına aparır. Prezident bununla bağlı deyib: "Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Biz, eyni zamanda, bir sıra xarici tərəfdaşlarımızla bu sahədə səmərəli əməkdaşlıq edir və bizə dəstək göstərən ölkələrə və beynəlxalq təşkilatlara buna görə minnətdarıq. Təəssüflər olsun ki, ümumi mənzərəyə baxanda xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur".
Beynəlxalq birlik, nəhayət ki, bu məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirib, insanların mina terrorunun qurbanına çevrilməsini dayandırmaq üçün hərtərəfli dəstəyini verməli, Ermənistana təzyiq göstərməlidir.