525.Az

Mərkəzi Asiya uğrunda mübarizə qızışır - Xaqani Cəfərli yazır


 

Mərkəzi Asiya uğrunda mübarizə qızışır - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

ABŞ prezidenti Cozef Baydenin tarixi görüş adlandırdığı C5+1 formatında Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın dövlət başçılarının Nyu-York sammitindən 10 gün sonra Berlində Mərkəzi Asiya respublikalarının liderlərilə yüksək səviyyəli görüş keçirildi. Sentyabrın 29-da Berlində keçirilən "Mərkəzi Asiya - Almaniya" sammitinin orta və uzun müddətdə hansı nəticələrə səbəb olacağını indidən demək çətin olsa da, liderlərin yüksək səviyyəli görüşünün ilk nəticələri haqqında danışmaq mümkündür. Almaniya Mərkəzi Asiya ölkələri ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyi vəd edib, bunun müqabilində isə region ölkələri Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcəkləri və sanksiyaların dəlinməsinə yol verməyəcəklərilə bağlı öhdəlik götürüblər.

Berlin sammitinin Mərkəzi Asiya ölkələrinin liderlərinin sentyabrın 19-da Nyu-Yorkda ABŞ prezidenti ilə keçirdikləri yüksək səviyyəli görüşdən formatca fərqi olmasa da, tərkibcə fərqlər olub. Nyu-York sammitində Türkmənistanı prezident Sərdar Berdiməhəmmədov təmsil etdiyi halda, Berlin sammitində Türkmənistanı prezidentin atası, ölkə parlamentinin yuxarı palatasının rəhbəri Qurbanqulu Berdiməhəmmədov təmsil edib. Bircə bu məqam Türkmənistanın Berlin sammitinə nə qədər önəm verdiyini göstərmək üçün yetərlidir. Rəsmi Aşqabad Avropanın enerji bazarlarına maraq göstərməyə başlayıb və türkmən qazının "köhnə qitə"yə ixracına nail olmaq istəyir. Buna nail olmaq üçün isə Almaniyanın dəstəyinə ehtiyacı var. Bunun üçün də Türkmənistanın Milli lideri olan Qurbanqulu Berdiməhəmmədov Berlin sammitinə şəxsən özü qatılıb. Qurbanqulu Berdiməhəmmədovun Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla görüşündə türkmən qazının Avropaya nəqli müzakirələrin əsas mövzusu olub. Türkmən lider bildirib ki, ölkəsi beynəlxalq bazarlara karbohidrogenlərin ixracı üçün marşrutların diversifikasiyası siyasətini aparır. Bunun üçün də Türkmənistan Avropa Komissiyasının müvafiq strukturları, ayrı-ayrı Avropa dövlətləri və şirkətlərilə fəal əlaqələrini bərpa etməyə hazırdır.

Transxəzər boru kəmərini təkbaşına inşa etmək Türkmənistan üçün mümkün olmadığına görə rəsmi Aşqabad bu layihə üçün sərmayəçilər tapmağa çalışır. Bu məqsədə nail olmaq üçün Berdiməhəmmədov Mərkəzi Asiyada sənaye, texnoloji, nəqliyyat və investisiya imkanlarını Almaniyanın siyasi və biznes elitasına təqdim edib. Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanın 29 ölkə üçün Almaniya iqtisadiyyatının əsas regional təşəbbüsçüsü olan Alman İqtisadiyyatının Şərq Komitəsinin (Ost-Ausschuss der Deutschen Wirtschaft) rəhbərlərilə görüşdə Qurbanqulu Berdiməhəmmədov alman banklarını Türkmənistanın dövlət və kommersiya bankları ilə birbaşa əməkdaşlığa dəvət edib.

Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədov Almaniya şirkətlərini Arkadağ şəhərində sənaye klasterinin yaradılmasında iştirak etməyə, nəqliyyat və rabitə sahəsində əməkdaşlığa dəvət edib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də ölkəsinin Almaniya və Avropa sənayesinin ehtiyac duyduğu təbii ehtiyatlar və vacib xammal sahəsində etibarlı tərəfdaş olmağa hazır olduğunu bəyan edib. Alman İqtisadiyyatının Şərq Komitəsinin rəhbərləri ilə görüşdə Qazaxıstan prezidenti bildirib ki, vacib materiallara və nadir torpaq metallarına qlobal tələbatın 2040-cı ilə qədər dörd dəfə artacağı gözlənilir. "Dünya Bankının hesablamalarına görə, Qazaxıstanda dəyəri 46 trilyon dollardan çox olan 5 mindən çox kəşf edilməmiş xammal ehtiyatı var". Prezident Tokayev birgə xammal layihələrinin həyata keçirilməsi üçün konsorsium yaradılmasını təklif edib.

Rusiya ilə Qərb dövlətlərinin qarşıdurmasımın dərinləşdiyi bir zamanda ABŞ və Almaniya Mərkəzi Asiya respublikası ilə strateji tərəfdaşlığa nail olmağa çalışır. Nyu-York və Berlin sammitlərindən sonra bu əməkdaşlığın gerçəkləşdiyini də söyləmək mümkündür. Vaşinqton və Berlin Mərkəzi Asiya ölkələrinin Çinin "Bir kəmər, bir yol" layihəsinə alternativ kimi görünən "Strategie Global Gateway" ümumavropa infrastruktur layihəsində də yer almasına çalışır.

Berlinin siyasi və biznes dairələrində isə hesab edirlər ki, Mərkəzi Asiyadakı beş dövlətin hamısı Almaniya üçün maraqlı olan əhəmiyyətli resurslara malikdir. Bununla belə, onlarla əməkdaşlıq bu dövlətlərdə insan hüquqlarının pozulmasına görə çətin təsəvvür edilir. Lakin liderlər Berlin sammitində bu maneənin aradan qaldırılması istiqamətində ilk addımı atıblar. Berlin sammitinin yekunu ilə bağlı birgə bəyannamədə deyilir ki, liderlər beynəlxalq hüquqa tam hörmətlə yanaşaraq sülh, təhlükəsizlik, demokratiya, qanunun aliliyi və davamlı inkişaf naminə birgə işləməyə sadiqdirlər.

Berlin sammitində dövlət başçıları Mərkəzi Asiya regionu və Avropa İttifaqı ətrafında geosiyasi vəziyyətlə bağlı məsələləri də müzakirə ediblər. Almaniya prezident Frank-Valter Ştaynmayer bildirib ki, Ukrayna ətrafında böhran Avropanın təhlükəsizliyinə təhdid yaratdığı kimi, Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə ciddi təsir göstərir.

Qazaxıstan prezidenti isə bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalara əməl etməyə və buna nəzarət edən Qərb strukturları ilə əlaqə saxlamağa davam edəcəklər.

Berlin sammitində Azərbaycanın maraqları baxımından önəmli əhəmiyyət kəsb edən "orta dəhliz" (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) vasitəsilə Asiya ilə Avropa arasında ticarət əlaqələrinin gücləndirilməsi də müzakirə olunub.

Nyu-York və Berlin sammitləri göstərir ki, Qərb Mərkəzi Asiyada nüfuzunu artırmağa çalışmaqla bu ölkələrin siyasi və iqtisadi gücünün artırılmasına, təhlükəsizliklərinin təmin edilməsinə töhfə vermək qərarına gəlib. Bu istəyin gerçəkləşməsi Mərkəzi Asiya ilə yanaşı, Cənubi Qafqazda da geosiyasi vəziyyətə ciddi təsir etməklə yanaşı, bölgədə sülhün güclənməsinə və rifahın yüksəlməsinə səbəb ola bilər.

 

 

 

 





04.10.2023    çap et  çap et