525.Az

"İki gənc kəndçi qadın" - "Bir rəsmin dedikləri"


 

"İki gənc kəndçi qadın" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Türkan Hacırəhimovadır. Onunla məşhur rəssam Kamil Pisarronun "İki gənc kəndçi qadın" əsəri haqqında danışmışıq.

Fransız boyakarı, impressionizmin yaradıcılarından biri Kamil Pissarro 10 iyul 1830-cu ildə Karib dənizindəki Virgin adaları qrupuna daxil olan Sent-Tomas adasında dünyaya gəlib. Danimarka doğumlu yəhudi rəssam dövrünün ən məşhur mənzərə ustalarından hesab olunur. İmpressionistlərin çoxundan fərqli olaraq Pissarro daha aydın və tam kompozisiya quruluşuna, forma plastikliyinə üstünlük verib.

 

 

- Türkan xanım, əsərin yaranma tarixi haqqında nə bilirik?

- Rəssam bu tablonu 1891-ci ildə çəkməyə başlamış və 1892-ci ildə bitirmişdi. Əsər Josef Durand Ruelin sərgisi üçün nəzərdə tutulmuşdu. Əsər kətan üzərində yağlı boya ilə təsvir olunub.

- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?

- Əsərdə açıq rənglərdən geniş istifadə olunub. Əsasən yaşıl rəngin əlvan tonları və torpaq rəngləri göz oxşayır və ümumilikdə, tamaşaçıya xoş əhval-ruhiyyə bəxş edir. Cərgə ilə düzülmüş yamyaşıl ağaclar sanki əsərin içindəymişik kimi bir təəssürat yaradır. Tarlada iş başında olan qadınların geyimlərinə nəzər saldıqda görürük ki, onlar zəhmətkeş və son dərəcə torpağa bağlıdırlar.

- Bəs kompozisiya necədir?

- Əsərdə kəndçi qadınların çəkdikləri əziyyət və çətin iş şəraitinə dair detallar var. Bu əsər eyni anda üzüntü, şəfqət, çətinlikdən can qurtarmaq istəyi kimi ortaq xristian mövzularını özündə birləşdirib. Obrazlar olduqca zərif işlənib. Üz cizgilərindəki üzüntüdən tutmuş geyimlərinin qırışlarına qədər bir-birini tamamlayır. Bu əsər Pisarronun usta çalışmalarından hesab olunur. Söhbət edən iki qadın çərçivənin tam mərkəzində təsvir olunub. Onların sanki dərdləri də eynidir. Çətin yaşayışlarını bir-birilə bölüşüb dinclik tapırlar. Qızmar günəş altında işləyən bu qadınlardan birinin başında örtük var. İstidən yanaqları qızarsa da, aralarında o qədər səmimi bir söhbət gedir ki, digər xanım əli çənəsində bütün diqqəti ilə söhbətə qulaq asır. Onu da qeyd edək ki, bu əsər rəssamın 1881-ci ildə çəkdiyi "Çoban qız" əsəri ilə oxşarlıq təşkil edir.

- Türkan xanım, sizcə, bu rəsm bizə nə deyir?

- Bu rəsm ilk baxışda hüznlü təsir bağışlayır. Lakin qadınların yorğun olmalarına baxmayaraq, həvəsli söhbəti əməyə sevginin göstəricidir. Rəssamın da bizə çatdırmaq istədiyi məhz budur. Hansı şəraitdə, hansı vəziyyətdə olmağına baxmayaraq hər anı olduğu kimi qəbul edib, hər şəraitə uyğunlaşmağı bacarmaq lazımdır.

Aytac SAHƏD

 





04.10.2023    çap et  çap et