525.Az

Qəlbin qəm dağıdar, telin küləklər


 

Qəlbin qəm dağıdar, telin küləklər<b style="color:red"></b>

Hüseyn BAĞIROĞLU

 

 

 

PAYIZDA

 

Asta-asta həzin qüssə bürüyər,

Yaxınları, uzaqları payızda.

Dəstə-dəstə, qəmli-qəmli köç eylər,

İlk baharın qonaqları payızda.

 

Səsə dönsə, bu daşların havarı,

Daşa dönər bu quşların harayı.

De, kim gəzər yalquzaqdan savayı,

Duman çökən bu dağları payızda.

 

 Ağ buludlar səslənər təbil kimi,

Yerdə otlar səksənər təbim kimi.

Ayrılığa köklənər qəlbim kimi,

Bu dağların bulaqları payızda.

 

Qəlbin qəm dağıdar, telin küləklər,

Sevilmək ümidi sönməz ürəkdə.

Bir gözəlin bəxtini səsləməkdən,

Çat-çat olar dodaqları payızda.

 

Əl çəkməz heç bazarından bircə yol,

Barınmaz heç öz barından bircə yol.

Qırılmaz heç söz barından bircə yol,

Bu ağlımın budaqları payızda.

 

Həsrətin boynuma elə sarılar,

Sinəmdən qılınctək bir ah sıyrılar.

Mənim gözlərimin kökü saralar,

Ağacların yarpaqları payızda.

 

BU DÜNYA DAYAĞIN OLMAZ

 

Neylər bu dünyanın qaranlıqları

Başının üstündə Ay gedənlərə.

Dünya "bəyim" deyib baş əyməzmi, de,

Dünyanın üstünə bəy gedənlərə.

 

Söykənmə, bu dünya dayağın olmaz,

Hər məzar üstündə "Yasin" oxunmaz,

Cəhənnəm odundan xətər toxunmaz,

Cənnətə əlində mey gedənlərə.

 

Bir insan eşqinə min ayə gəlir.

Bir nəğmə eşqinə qəm neyə gəlir.

İnsan bu dünyaya bişməyə gəlir,

Bu dünya neyləsin çiy gedənlərə.

 

DAĞLAR DUMAN OLSA DA

 

İtib-batma təpələrin içində,

Gəl dağ olaq, dağlar duman olsa da.

Qaldır yelkənləri çıxaq dəryaya,

Bu dəryada hər gün tufan olsa da.

 

Bir an kimi keçər min il eşq ilə,

Bu fanidə qeybə çəkil eşq ilə.

Bağrıbadaş olsun könül eşq ilə,

Aşiq könlü hərdən viran olsa da.

 

Bir gün mən də yurd olam bu Yurd ilə.

Sözüm qala qiyamətə qurd ilə.

Hərdən sən də oturub-dur dərd ilə,

Arsız dünya dərdə gülən olsa da.

 

Eşq içində eşqi duyar sözlərim,

Nadan görsə gözün döyər sözlərim.

Bir gün gələr dərdə dəyər sözlərim,

Mənim sözüm indi "saman" olsa da.

 

Daşdan keçsə oxdan iti sözümüz,

Bəlkə də ürəkdən gülər üzümüz.

Şeirlə yazılıb alın yazımız -

Sən də inan bu söz yalan olsa da.

 

NƏ DEYİR

 

Çöldə, çəməndə yaz günü,

Açan gül-çiçək nə deyir?

Qonub çiçəkdən-çiçəyə,

Xallı kəpənək nə deyir?

 

Öyrənək quşların dilin,

Dağların, daşların dilin.

Yağan yağışların dilin, -

Öyrənək, görək nə deyir.

 

Axar sulara qarışaq,

Bir az da sözsüz danışaq.

Yaşıl yarpaqdan soruşaq,

Bu əsən külək nə deyir.

 

Gəl belə çatma qaşını,

At bu dünyanın daşını.

Köksünə endir başını,

Dinlə, gör ürək nə deyir.

 

CƏNNƏT ELƏDİN

 

Bircə baxışınla dəyişdi aləm,

Bu köhnə dünyanı cənnət elədin.

Elə bir eşq ilə görüşdü aləm,

O zülmət səmanı cənnət elədin.

 

Sənə çox yaraşır bu halın sənin,

Məni heyran eylər kamalın sənin.

Dəyişdi rüzgarı camalın sənin,

Belə sərt dövranı cənnət elədin.

 

Bu dünya yarandı məhəbbət üçün,

Məhəbbət yarandı səadət üçün.

Ölməyə dəyərmi, de, cənnət üçün,

Gülüm, sən hər yanı cənnət elədin.

 





20.10.2023    çap et  çap et