525.Az

Yaman sənsizliyə öyrətdin məni


 

Yaman sənsizliyə öyrətdin məni<b style="color:red"></b>

Abbas ƏLİYEV

 

HƏSRƏT

 

Yaman sənsizliyə öyrətdin məni,

Dağlar qarsız qalıb, təpə dumansız.

Tutub əllərindən acı həsrətin

Bir ömürdü gedir, səssiz, gümansız.

 

Mən odu sovrulmuş ocağam indi,

Bir dəli sevgini döndərdin külə.

Bəlkə də vicdanın danışdı, dindi,

"Əlvida" deməkçün gələrək dilə.

 

Özünə yolunda qıyan qəlbimi

Sən daşa döndərdin günün birində.

Bu yol hara gedir, görən bilirmi,

Nizami dəyişib göyün, yerin də.

 

Getmək istəyirəm bu daş dünyadan

Bir soyuq aləmə, sənsiz aləmə.

Orda nə həsrət var, nə də yandıran,

Son dəfə görüşək, "Hələlik" demə.

 

Uzat əllərini bir "Sağ ol" üçün,

Uzat ki, əllimdə izlərin qalsın.

Bir xoş kəlmə söylə, bu son yol üçün

Gözümdə əbədi gözlərin qalsın.

 

Bilmirəm, bəlkə də darıxdım orda,

Səni çağırsam da, gəlmə, qıymaram.

Mənə bu dünyada yaşatdığını

Gəl orda yaşatma, vallah, qoymaram.

 

Qaçmaq istəyirəm səsdən, səmirdən,

Sakitcə yox olum, qaralım, sönüm.

Səni haylayıram, niyə dinmirsən,

Hardasan, ay ölüm, başına donüm.

 

HEYİF O SEVGİYƏ...

 

Nə yaman incitdin dünyada məni

Birgə getdiyimiz yollara yazıq.

Qol-qola gəzərdik çölü, çəməni,

Sənə uzatdığım qollara yazıq.

 

Ürəyim sənsizdi, dumandı, çəndi,

Sanma ki, bu duman gəlib keçəndi.

Deyəsən, fərqi yox, mənsiz ya mənli

Bir ömür yaşanır, illərə yazıq.

 

Gözündə yuyulan kədərəm indi,

Həsrətdə sonlanan qədərəm indi,

Mən elə yanmışam, hədərəm indi,

Bu oda-alova, sellərə yazıq.

 

Ürəyim bumbuzdu, donubdu, mənim,

Saçıma ağ kədər qonubdu mənim.

Bir ömür yaşadım, sənindi, mənim?

Heyif o sevgiyə, min kərə yazıq.

 





27.10.2023    çap et  çap et