525.Az

Həm cəllad, həm can Stalin - Rafael Hüseynov yazır


 

Həm cəllad, həm can Stalin - <b style="color:red"> Rafael Hüseynov yazır</b>

Kitablar adamlar kimidir. İnsanlar kimi, onların da öz taleyi var. Elə kitablar var ki, yaranırlar, sonra əsrlərcə yaşayırlar, hər yeni zamanla müasir ola bilirlər. Elə kitablar da var ki, yaranır, müəyyən siyasətlərin, inzibati yönəltmələrin sayəsində əl-əl gəzir, sanki hamı tərəfindən oxunur. Amma qısa bir müddət keçir, tarix süni şöhrət havasını dağıdır, dünənəcən ətrafında hay-küy səngiməyən kitabların hamısı dəbdən düşür, unudulur, yaddan çıxır, qalır tarixin dünənində.

Mənim ev kitabxanamda yaranacağını düşündüyüm ayr-ayrı yazılarımın xatirinə atmayıb saxladığım bir yığın kitab var ki, onlar da vaxtilə həmin əl-əl gəzənlərdən olubdur. Bunları oxuyurlarmış, bir-birinə ötürürlərmiş, kitab dükanlarında, qiraətxanalarda bu kitablar ən yuxarı başda, ən hörmətli yerdə sıralanırmış. Bunlar Stalinin əsərləridir, onun haqqında yazılmış - ömür yolunu, siyasətini əks və mədh edən kitablardır. Zamanında bu kitablar əsasında nə qədər kitablar yazılıb! O kitablar da ölüb, bu kitablar da artıq dünənin malıdır. Amma Stalin keçmişdə qalsa da, bu gün də adı, onunla bağlı müəyyən əhvalatlar, xatirələr yaşamaqdadır. Səbəbsiz deyil. Müxtəlif əyyamların imperatorları, çarları, kralları, şahları, sultanlarının biri müdrik olub, digəri qaniçən, biri yüngülağıllı olub, obiri adil, biri səxavətli, biri uzaqgörən, biri sözəuyan, biri əhlikef - hər cürəsi olub. Amma onların hamısını birləşdirən bir cəhət də var: hakim-imütləq, küll-i ixtiyar sahibi olduqlarından əllərində hüdudsuz hakimiyyət cəmlənib, talelərə, hərdənsə lap tarixin gedişinə təsir göstərə biliblər. Stalinsə məxsusən. O, Azərbaycanın da tərkibinə daxil olduğu Sovet İttifaqına 29 il rəhbərlik edib. Amma hakimiyyət taxtına qalxmasından xeyli əvvəl də gəncliyinin xeyli ili Bakıda keçib.

Söz yox, sovet lideri kimi onun Azərbaycanın - respublikanın və xalqın, ayrı-ayrı insanlarımızın da həyatına ciddi təsirləri olub. Qanlı sovet siyasi repressiyaları baş verib - bu da dövlətin siyasi xəttini aparan birinci şəxs kimi ilk növbədə Stalinin əməlidir, onun əlləri bu gedişatda itirdiyimiz nəsil-nəsil qiymətli insanların qanına da batıb. Amma onun bilavasitə təsiri ilə Azərbaycanın bir çox insanları da parlayıblar, ucalıblar, böyük uğurlara və şöhrətə çatıblar, gözəl əsərlərinin ortaya çıxmasına geniş yol açılıb. Obiriləri deyəndə, bunları da yaddan çıxarmamalıyıq.

İosif Stalinlə bağlı, onun həyatının Bakı dövrü ilə əlaqədar əhvalatlar çoxdur və onların bir çoxu haqqında mən müxtəlif illərdə ayrı-ayrı görkəmli şəxsiyyətlərdən - ya şəxsən onu görmüş insanlardan, ya da ən yaxın qaynaqdan bu əhvalatı bilən insanlardan eşitmişəm.

Və həmin Stalin hekayətlərinin bəziləri sənədləşsin deyə lentə almışam, bəzilərini qeyd dəftərlərində əks etdirmişəm, hansılarısa çoxlarına bəlli olduğu üçün elə mən də yadda saxlamışam.İstəyirəm ki, illərcə topladığım o tarix tikələri unudulmasın. Çünki bunlar bir tərəfdən məşhur bir tarixi simanın portretini tamamlayan cizgilərdir, digər yandan Azərbaycan tarixinin unudulmuş qəlpələridir. Həm də bunlar eyni zamanda Azərbaycan tarixində həmişəlik qalacaq şəxsiyyətlərin ömürlərinin az adama məlum həyəcanlı, bəzənsə müqəddəratla bağlı vacib parçalarıdır. Bu ömür dəqiqələrini diriltməkdə məqsədim o deyil ki, Stalini ya indiyədək göründüyündən daha parlaq, ya tanıdığımızdan bir az da tünd boyalarla göstərim. Tarixin münsiflik aynası həmişə daha insaflı, daha dəqiqdir - ağı ağ göstərir, qaranı qara. Zaman ötüb keçəndən sonra sən köhnə yaddaşla daha heç nəyi dəyişə bilməzsən. Olmuşlar vaxt sovuşduqca durulaşacaq, aydınlaşacaq, nə var, olduğu kimi görünəcək. Amma həmin əhvalatlar ki çoxu unuduluşa məhkumdur və yaddan çıxmamasını, hafizələrdə qalmasını umuram, onların müstəvisində tariximizi də, tariximizlə ayrılmazlaşmış misilsiz şəxsiyyətlərimizi də bir az da düzgün seyr və dərk etmək mümkündür.

Azərbaycanda Stalin haqqında çoxlu şeirlər yazılıb, nəğmələr bəstələnib, rəsm əsərləri çəkilib, bütün Azərbaycan boyu onun abidələri ucalıb. Necə ki, bütün Sovet İttifaqı boyu eyni işlər görülüb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində iri həcmli bir tablo qorunur. Nizami Gəncəviyə həsr edilmiş mərasim keçirilir, Azərbaycanın ən seçkin alimlərindən biri kürsüyə qalxır, ən seçkin alimlərin neçəsi rəyasət heyətindədir və yuxarı başda Stalinin portreti. Stalin orada yalnız şəkil olaraq görünmür. Stalin o hadisələrə də, o alimlərin həyatına da, Azərbaycan gerçəkliyinə də hər an təsir göstərmək imkanında olan və təsir göstərmiş şəxsiyyətdir.

Vaxtilə bu muzeydə də, elə digər muzey və qalereyalarda da Stalinli rəsmlər, təbii ki, çoxmuş. 1950-ci illərin ikinci yarısında, Kremlin şəxsiyyətə pərəstişin mənfi nəticələrini aradan qaldırmaq adı ilə apardığı antistalinist cərəyan zamanı bir çoxu sənət baxımından da yüksək dəyərə malik həmin əsərlərin, demək olar ki, hamısı məhv edilib. Elə həmin tablo ki, haqqında bəhs edirəm, o da ləğv edilməsi qərara alınmış və siyahılardan silinmiş əsərlər qəbilindəndir. Ancaq Nizami muzeyini 1990-cı illərin ortalarında yenidən qururkən mən həmin əsəri bərpa etdirdim, pasportlaşdırdıq və heç kəsin görmədiyi saxlanca qoymadıq, ekspozisiyaya da çıxardıq. Tarixi necə ötr-basdır etmək olar!

Böyük xalçaçımız və xalçaşünaslıq elmimizin banisi Lətif Kərimov söyləyirdi (və fotosunu da mənə göstərmişdi) ki, sovet dövründə Azərbaycanın ən nüfuzlu mədəniyyət ocağı hesab edilən Lenin muzeyində (indiki Muzey Mərkəzi) onun toxuduğu iri bir xalça asılıbmış. Həmin xalçanı tələbəlik illərimdə mən də görmüşdüm. Muzeyə daxil olan kimi ekspozisiyanın ən gözəgəlimli yerində tamaşaçını üstündə Leninin portreti olan çox iri və çox da nəfis bir Azərbaycan xalçası qarşılayırdı. Amma Lətif müəllimin mənə göstərdiyi fotoda xalça həmin xalça olsa da, üstündə bir deyil, iki surət vardı - Leninlə Stalin yanaşı idilər. Lətif müəllim danışırdı ki, Stalin vurulub adı hər yerdən silinməyə başladığı günlərdə məni bir axşam Mərkəzi Komitəyə çağırıb qəti tapşırıq verdilər ki, get təcili o xalçanı dəyiş, Stalinin şəkilni çıxart, Lenin tək qalsın, ləngimə, bir-iki günə hazır olsun. Deyir, qayıtdım ki, nə bir-iki gün, bu, heç bir-iki aya başa gələsi iş deyil. Bu, kətan üzərində çəkilmiş portret deyil ki, pozub təzədən çəkəsən. O portretlər bütün xalça ilə bərabər, ilmə-ilmə toxunub, qayçı götürüb kəsmək də mümkün deyil, bütün xalça dağılacaq. Təkid etdilər ki, bilmirik, get düzəlt.

İşin mahiyyətindən xəbərsizə, xalçanın nə olduğunu bilməyənə lap yüz kərə söylə, ha izah et, anlamayacaq ki! O nə başa düşsün ki, lap Stalinin şəklini oradan söküb çıxarsan da, Lenini bir az sağa çəkmək mümkün olmayacaq, onu da hökmən təzədən toxumalı, kompozisiyaya uyğunlaşdırmalısan.

Lətif müəllim danışırdı ki, bir dəstə mahir xalçaçı qadını topladım, özüm də onlarla birgə gecə-gündüz bilmədən həftələrlə çalışdıq, mümkünsüz bir işi yerinə yetirdik. Mərkəzi Komitədən gəlib baxdılar, dedilər ki, bəs deyirdin alınmaz, müqavimət göstərirdin, sadə bir işmiş, görürsən, təzyiq göstərilincə qısa müddətə həll elədin.

"Sağ ol!" əvəzinə "Bir də belə intizamsızlıqlar eləmə" deyib hədələyərək gedirlər.

Lətif müəllim zarafatla deyirdi ki, mən köməkçilərimlə bu xalçanı toxumağa başlayanda da, bundan əvvəl Stalinə həsr edilən, onun 70 illiyi münasibətilə xalçanı toxumaq ərəfəsində də həm lap az vaxt qoymuşdular, həm də hərbə-zorba gəlmişdilər ki, Stalini yaxşı oxşada bilməsən, bəyənilməsə, cəzalanacaqsan, ona görə dəbiz Stalinin tək olduğu xalçanı  toxuyanda təkcə onun sifətindəki cizgiləri, rəng keçidlərini effektli verməkçün 210 müxtəlif çalarlı sapdan istifadə etmişdik. Sonra Leninlə Stalinin qoşa olduğu xalçadan Stalini söküb çıxarmaq məsələsi ortaya gələndə də yenə mənə bərk təpindilər. Toxuyanda elə, sökəndə də belə. Bunlar Stalinin özünün üzündən idi. Harada adı vardısa, orada bir zəhm, təhlükə də hökmən vardı. Hərçənd Lətif müəllim bunu da danışırdı ki, Kişinin 70 illiyinə toxuduqları həmin nəhəng və Kremldə də çox bəyənilmiş xalça onu da, köməkçisi xalçaçı xanımları da o vaxt mümkün repressiyaladan da qorumuşdu.

...Stalinin vəfatından qırx-əlli il ötəndən sonra onun haqqında saysız məqalələr, çoxlu kitablar yazılıb. Hansısa yazıda onu mənfi, hansısa yazılarda daha müsbət nə şəkildəsə dəyişmək, onu daha mənfi, ya daha müsbət təqdim etmək, bəlli təsəvvürləri dəyişmək niyyəti daşımır. Oxucu özü nəticə çıxarsın. Mən nə "yaxşıdır", nə "pisdir" deyirəm. Bu əhvalatlarla o həqiqəti çatdırıram ki, Stalin həm də budur. Olub keçənlər özləri söyləyir ki, bu insanın hər halda silinməz izi var, tarixdə və ömürlərdə dərin təsiri olub. Şəxsiyyətlərin tarixdəki yerini biz heç zaman öz iradəmizlə nə silə, nə arıtlaya, nə əlvan boyaya bilərik. Tarix bütün acısı və şiriniylə özüdür, toxunulmaz, müdaxiləedilməz Əlahəzrət Tarix olduğu kimi yazılmalı, bütün doğru ayrıntıları ilə bəyan edilməlidir.

...Üzeyir bəyin hər əsəri sevimlidir, amma "Arşın mal alan"ın yeri məxsusidir. "Arşın mal alan"a Üzeyir bəyin bütün digər əsərlərindən daha artıq şöhrət nəsib oldu. Bu əsər 70-ə yaxın dilə tərcümə edildi, dünyanın 50 ölkəsinə gedib çıxdı, 150-dən artıq səhnədə tamaşaçı ilə görüşdü. Amma "Arşın mal alan" filminin şöhrət dalğası, əlbəttə ki, daha geniş idi. İlk dəfə bu əsər 1916-cı ildə ekranlaşdırılmış, ilk dəfə 1917-ci il yanvarın 3-də Bakıdakı "Forum" kinoteatrında göstərilmişdi. "Filma" Səhmdar Cəmiyyətinin istehsalı olan bu tammetrajlı filmi rejissor Boris Svetlov çəkmişdi və kino hələ lal idi. Əsgər rolunda Hüseynqulu Sarabski çəkilmiş, Süleymanı Mirzağa Əliyev oynamışdı. Bu filmdə çəkilmişlərin hamısı o dövrün məşhur səhnə xadimləri idi. Əhməd Ağdamski, Ələkbər Hüseynzadə, Yunis Nərimanov, Mirzağa Əliyev, Aleksandra və Yeva Olenskayalar, Hənəfi Terequlov. Azərbaycan səssiz kinonu səsli etməyin də yolunu tapıbmış. Hüseynqulu Sarabski Əsgərin, Əhməd Ağdamski Gülçöhrənin parçalarını film getdikcə elə pərdə arxasından canlı oxuyurmuşlar. 20 il ötür, artıq gerçəkdən səsli olan təzə "Arşın mal alan" filmi çəkilir. Ancaq ekrana çıxan bu film oğurluq idi. 1937-ci ildə bizdən xəbərsiz Amerikada bu ağ-qara lenti "Marana Films" studiyası çəkmişdi. Hadisə Şuşada cərəyan edirdi. Hadisələr Üzeyir bəy necə yazıbsa, o cür, musiqi Üzeyir bəy nə təhər bəstələyibsə, həmin sayaq. Ancaq titrlərdə onun adından əsər-əlamət yox. Filmin rejissoru da, prodüseri də, Əsgər rolunun ifaçısı da eyni adam idi - Setraq Vartyan. Titrlərdə bir-bir bütün iştirakçıların adları gedirdi: Lüiza Barsamyan -Gülçöhrə, Ruben Stepanyan - Süleyman, Bart Ankin - Asya, Setraq Zurabyan - Sultan bəy, Qayuş Sinko - Xala, Vram Sakayan - Vəli, Maşa Zubaryan - Telli. Əsərin əsl sahibindən savayı, hər kəsin adı göz qabağında. Və nə yaxşı ki, həmin film gəlib çıxır İrana. Bu əhvalatısa mənə artıq unudulmaz rejissorumuz, Xalq artisti Şəmsi Bədəlbəyli danışırdı. 1942-ci ildə İrandaymış, bir axşam Tehranda afişalardan "Arşın mal alan" filminin göstəriləcəyi sorağını alınca dostlarla yollanırlar kinoteatra. Şəmsi baxır ki, elə filmin nümayişi başlanınca kadrlarda əsl müəllif əvəzinə "Şərq əfsanəsi əsasında tərtib edilmişdir" sözləri göründü. Axıracan da Üzeyir bəyin adı titrlərdə görünmədi. Yəni bu filmin başdan-sonacan mənimsəmə olması açıq-aşkar idi. Şəmsi müəllim deyirdi ki, Bakıya qayıdınca bununla bağlı Mircəfər Bağırova müraciət etdim, o da tapşırıq verdi ki, bütün bunları təfsilatı ilə yaz.

Şəmsi yazır, bu məktub əsasında Bakı Moskvaya - Stalinə müraciət edir, o da lazımi göstərişlərini verir. Az sonra ovaxtkı SSRİ xarici işlər naziri Vyaçeslav Molotov Üzeyir bəyə telefon açır, bildirir ki, bizim Amerika ilə müəllif hüquqlarının qorunması ilə bağlı müqaviləmiz yoxdur, sizi müdafiə edə bilməyəcəyik. Ancaq Üzeyir bəyin köməkçisi olmuş Ramazan Xəlilovun söyləməsincə, Molotovun ardınca Sovet İttifaqının Kinematoqrafiya İşləri üzrə Komitəsinin sədri İvan Bolşakov zəng vurur, çatdırır ki, yoldaş Stalin tapşırdı sizinlə əlaqə saxlayım, göstəriş verib ki, bir halda bu əsərin müəllif hüquqlarını qorumaq imkanımız yoxdur, onda özümüz təzə "Arşın mal alan" filmi çəkək.

Və 1945-ci ildə lentə alınan, sonra dünya ekranını fəth edən "Arşın mal alan" beləcə yaranır. Amma... Filmin böyük ekrana çıxması astanasında yox yerdən ortalığa təzə bir əmma pırtlayıb çıxır. Moskvada "Arşın mal alan"ın ilk sınaq baxışı keçiriləcək, bədii şura filmə qiymətini verib qəbul etməlidir. Münsiflər görkəmli sənətkarlardır - Sergey Eyzenşteyn, Mixail Romm, Sergey Gerasimov və neçə-neçə başqaları. Film gedir, sonra müzakirələr başlanır. Çıxış edənlərdən bəziləri o dövr üçün hətta bədii məziyyətlərdən də artıq əhəmiyyət verilən ideya-məzmun məsələsinə diqqət yönəldir, dodaq büzürlər ki, belə film bizə lazımdırmı, bu kinolent başdan-ayağa keçmiş həyatın tərənnümüdür, xalqa bu gün sovet gerçəkliyini, quruculuqlarımızı tərənnüm edən əsərlər lazımdır.

Siyasi damğa vurulmuşdu və artıq filmin ekrana yolunun açılması böyük sual altında idi. Lakin "Arşın mal alan"ın və Üzeyir bəyin bəxti onda gətirir ki, Stalin özü filmə baxır. Sadəcə bəyənmir, hələ özünün Bakı illərindən tanış olduğu və sevdiyi "Arşın mal alan" operettasının ekran təcəssümü ona ləzzət edir və Stalin heyranlığını sadəcə sözlə deyil, o çağ üçün SSRİ-də ən ali sayılan mükafatla ifadə edir. 1946-cı ildə bəstəkar Üzeyir Hacıbəyova, rejissor Rza Təhmasibə, əsas rolları ifa etmiş Rəşid Behbudova, Leyla Bədirbəyliyə, Münəvvər Kələntərliyə, Lütfəli Abdullayevə və Ələkbər Hüseynzadəyə "Stalin" mükafatı verilir.

Çox keçmir ki, bu film Sovet İttifaqını da fəth edir, ayağı dünya ekranlarına da açılır.

Stalinin Bakı dövrü ilə bağlı daha bir maraqlı əhvalatı mənə XX əsrin əvvəllərinin məşhur milyonçusu Musa Nağıyevin ailə üzvləri nağıl ediblər. Bakıdakı siyasi fəaliyyətləri ilə əlaqədar olaraq maddi məsrəflərini ödəmək üçün Stalin və silahdaşları lazım gələndə bank da yarırmış, ayrı-ayrı zənginləri girov götürərək onlardan pul da çırpışdırırmış. Növbəti şikara çevrilən milyonçu Musa Nağıyev olur. Saxlayırlar və hökmlə tələb edirlər, 500 manat verməlisən. 500 manat da o vaxt üçün bütöv var-dövlət idi. Musa Nağıyev bir tərəfdən Bakıda bir-birindən gözəl 100 imarət tikdirərək buranı Avropanın ən cazibədar şəhərlərindən birinə çevirməyi qət etmiş yetərincə səxavətli, o biri yandan da qəpiyinin üstündə əsən qədər xəsis görünən bir qəribə adammış. Ondan pul tələb edənlərə deyir ki, məndə 500 manat nə gəzir, uzaqbaşı 100 verə bilərəm. Bunlar inad edir ki, istədiyimizi verməsən, onda səni öldürərik. Bu da tövrünü pozmadan rişxəndlə dillənir ki, öldürürsünüz öldürün, onda heç 100 manat da olmayacaq. Belə olanda Ağamusanı götürüb aparırlar dəstəbaşının yanına. Aparırlar və içəri girən kimi Nağıyevlə dəstəbaşı tanış çıxırlar, mehribancasına görüşürlər və milyonçu ərklə qayıdır ki, ay Koba, bu nə işdir mənim başıma gətirmisən?

"Koba" Stalinin təxəllüsü idi, cavanlıq illərində inqilabçı olaraq bu ləqəblə məşhur idi və bu adı da Gürcüstanın məşhur yazıçısı Kazbeginin "Ata qatili" romanından götürmüşdü. O əsərdə Koba çarizmə qarşı xalq hərəkatına rəhbərlik edən el igidi kimi təsvir edilirdi.

Koba üzrxahlıq edir ki, tanımayıblar sizi, diqqətsizlik göstəriblər. Amma bilirsiniz də, bizim işlərimiz elədir ki, maddi ehtiyacımız çoxdur. Musa Nağıyev ərklə deyir: "Əşi, ehtiyacın var, xəbər göndərəydin, mən də biləydim sənə lazımdır, nə qədər gərəkdir yollayardım".

Milyonçunu gətirənlər faytonla aparıb qoyurlar evinə. Sabahısı günsə Musa Nağıyev tələb olunan məbləğdən bir az da artığını Kobaya çatdırır. Və ailə üzvləri - nəvə-nəticələri mənə söyləyirlər ki, bu hadisənin üstündən iki gün də keçir. Səhər obaşdandan qapı döyülür. Enib açırlar. Görürlər ki, aşağıda iki hambal dayanıb, yanlarında da iri royal. Soruşurlar ki, bu nədir? Hamballarla gələn adam deyir ki, bəs bunu Koba göndərib. Təşəkkür eləyir ki, ağa bizə çox köməklik göstərdi, bu da bizim kiçik hədiyyəmizdir.

...Bir millətin tarixində və taleyində istiqlaldan və dövlət müstəqilliyindən şirin hansı nemət var ki! Azərbaycan 1918-ci ilin 28 Mayında dövlət müstəqilliyini qazandı, istiqlalını elan etdi. Amma nə acı ki, bu istiqlal çox yaşamadı. 1920-ci ilin 28 aprelində bolşeviklər gəldi, dövlət müstəqilliyimizi beşikdəcə boğdular. Təbii ki, bolşevizmin öndəgedənlərindən olan İosif Stalinin bu qəsddə birbaşa payı vardı. Amma şəklin başqa tərəfi də var. Ona da göz qapamayaq. Məhəmməd Əmin Rəsulzadə istiqlalımızın qurucularından idi. Və Dövlət Təhlükəsizlik Komitəsinin arxivində şahid sənədlər qalır. Artıq Məhəmməd Əmin Rəsulzadənin güllələnməsi haqqında cəllad Pankratov əmr imzalayıb. Həmin əmrin əslini mən illər öncə "Söz heykəli" kitabımda çap etmişəm. Hökmün icrası bir-iki saatın işidir. Rəsulzadə kiçik kağız parçasında məktub yazır, rica edir ki, Stalinə çatdırsınlar. Dəmiryol vağzalındakı xüsusi vaqonda Stalinin qərargahı yerləşmişdi. Məktubu ünvanına çatdırmamağa cəsarət etmirlər. Stalin özü durub gəlir həbsxanaya. Haqqında ölüm hökmü çıxarılmış dustağı həbsxanadan götürərək özü ilə aparmaq istəyir. Rəsulzadə "Tək deyiləm" deyir. Stalin digər iki nəfəri də alıb gedir.

Öz vaqonunda Rəsulzadəni Moskvaya aparır, orada onu işə də düzəldir və başqa təkliflər də edir. Bunu artıq illər sonra Rəsulzadə özü yazırdı ki, Stalin mənə dedi ki, ya qal burada işlə, mənimlə həmkar ol, silahdaş olaq, ya da istəsən, mühacirətə də gedə bilərsən.

1922-ci illərin sonlarında Məhəmməd Əmin Rəsulzadə Sovet İttifaqından birdəfəlik getdi. Qürbətdə onillərcə yaşadı, bir-birindən dəyərli əsərlər yazdı, mühacirətdə istiqlal düşüncəsini sönməyə qoymadı, misilsiz bir vətənsevərlik və mübarizə irsi doğurdu. Buna görə biz ona həmişə minnətdarıq. Amma Rəsulzadə 1920-21-ci illərdə məhv olub gedə bilərdi, Stalinin bu xilaskarlığı olmasaydı, o, artıq ölümlə göz-gözə idi.

1923-cü ilin yanvarında artıq Türkiyədə özünə ilkin şəraiti düzəldərək nisbətən toxtamış Rəsulzadə Stalinə məktub göndərmişdi. Yazırdı ki, mən siyasi əqidəmdə qalmaqla yanaşı, sizə olan dostluğumda da sadiqəm. Mənə etdiyiniz yaxşılığın əvəzini çıxmağa da hazıram.

Stalinin Rəsulzadə ilə yaxınlığının, dostluğunun yaşı uzun idi. Rəsulzadənin də daha əvvəllər Stalinə ən dar macalda nicat verdiyi, onu böyük təhlükələrdən çıxardığı olmuşdu.

Ancaq bu məsələnin bir başqa ilginc tərəfi də var. Stalinin Rəsulzadəni ölümdən qurtarması bir yana, axı Məhəmməd Əminin həyatı mühacirətdə də qəfilcə bitə bilərdi. Azı Trotskinin, ya elə özümüzünkülərdən mayor Fətəlibəyli-Düdənginskinin ki KQB casusları tərəfindən xaricdə xüsusi amansızlıqla qətlə yetirilmələrinin təfərrüatları sirr deyil. Bütün bunlar mühacirətin Rəsulzadə kimi önəmli simasının qarşısına çıxmadısa, yenə səbəb Stalinin üzdən görünməyən örtülü qoruyuculuğudur.

Üç on ilə sığan bir müddətdə Rəsulzadənin işığı gəldisə, buna görə Stalinə bir qaibanə təşəkkür borcumuz da var.

1953-cü ilin martına - Stalinin vəfatınadək Rəsulzadə onun haqqında kəskin mənfi fikirlər söyləmir. Yalnız Stalinin vəfatından az sonra "Azadlıq" radiosundan 28 May münasibətilə səslənən (və lent yazısı da qalan) bayram təbriki və müraciətində Rəsulzadə Stalinin də adını çəkirdi: "Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür. Amma onun sistemi - stalinizm ayaqdadır. Bu sistem gün keçdikcə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haqq ilə batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi bütün istibdad zülmü altında inləyən vətənimizdə 1918-ci il 28 Mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar".

...1930-cu illər Azərbaycanın həyatında həm fərəhli, həm də narahat illər idi. Ruh yüksəkliyi ilə daşan illərdi, ona görə ki, ədəbiyyatda, mədəniyyətdə bir-birinin ardınca əks-sədalı dəyərli əsərlər ortaya çıxırdı, istedadlı yaradıcıların bolluğu idi. Amma həm də nigaran, sıxıntılı tarix kəsiyi idi, ona görə ki, 1930-cu illərdə artıq siyasi repressiya burulğanları müdhiş dalğalara çevrilərək üzə çıxmağa, bir-bir qurbanlarını aparmağa başlamışdı. Həmin şiddətlənən dalğaların uzaq olmayan günlərin birində görkəmli aktyor və müğənni Hüseynqulu Sarabskini də udacağı sadəcə ehtimal deyil, artıq həniri duyulan qaçılmaz təhlükə idi.

O həyəcanlı, sarsıntılı günlərin ovqatını mənə qorxunc ayrıntıları ilə 1980-ci illərin lap başlanğıcında Hüseynqulu Sarabskinin oğlu, teatrşünas alim Azər Sarabski danışırdı (Və söhbətlərini də o çağlar tarixləşdirmiş, sənədləşdirmişəm, o müsahibələrin də əlavə edildiyi verilişlərim Azərbaycan Radiosunun səs xəzinəsində və Dövlət Səs Yazıları Arxivində qorunmaqdadır). Azər müəllim söyləyirdi ki, xüsusən 1937-ci ildə Hüseynqulu Sarabski çox narahat imiş. Artıq aşkar hiss edirmiş ki, nəzarət altındadır. 1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Ongünlüyünə Sarabskinin baş rolda oynadığı "Leyli və Məcnun"un aparılmaması da ona ağır təsir edib ümidlərini qırıbmış. Ongünlükdə iki yeni opera - Üzeyir bəyin "Koroğlu"su, Müslüm bəyin "Nərgiz"i təqdim ediləcəkdi.

Amma Hüseynqulu Sarabski müğənniliyi, aktyorluğundan əlavə püxtə etnoqraf idi, yaxşı əl qabiliyyəti də vardı, müxtəlif maketlər düzəltməkdə, ekspozisiyalar qurmaqda mahir idi və dekadaya gedən heyətə hər halda onun da adını daxil etmişdilər - Azərbaycan sərgisinin tərtibçisi kimi.

Dekada müvəffəqiyyətlə yekunlaşır, səfərin sonuncu günündə təntənəli ziyafətdən öncə Azərbaycan Kommunist Partiyasının rəhbəri Mircəfər Bağırov ongünlükdə məharətini göstərmiş əsas aktyor və müğənniləri bir-bir Stalinə təqdim edir. Növbə gəlib çatır Sarabskiyə. Hüseynqulu Sarabskini Stalinə təqdim edən Bağırov "Agto pioner naşey operı - pervıy ispolnitelğ roli Medjnuna Sarabskiy" deyir, yəni "Bu da bizim operanın pioneri, Məcnun rolunun birinci ifasıçısı Sarabskidir".

Stalin Sarabskiyə zənnlə baxır və soruşur ki: "Vaşa familiə ne Rzaev? - "Sizin familiyanız Rzayev deyilmi?"

Hüseynqulu Sarabski bu əhvalatı oğlu Azərə danışanda deyibmiş ki, Stalin belə soruşanda ürəyim düşdü. Çünki 1908-ci ildən etibarən, "Leyli və Məcnun"dakı ilk çıxışımdan bəri, əslinə baxsan, hələ ondan da bir az əvvəldən mən "Sarabski" sözünü özümə səhnə təxəllüsü götürmüşdüm. Çox adam, hətta yaxınlarım mənim "Rzayev" olduğumu ya unutmuşdu, ya bilmirdi.

"Fikirləşdim ki, əgər Stalin mənim əsl familiyamı bilirsə, demək, haqqımda cinayət işi açılıb, təbii ki, orada tərcümeyi-halımla bağlı hər şey yazılıb, bu da oradan bilir. Demək, tutulmağım bugün-sabahlıqdır".

Stalin adətən bir sual verəndən, ya hansısa mühüm mətləbi dilə gətirəndən sonra pauza edərmiş və bir neçə saniyəlik bu nəfəsdərmə həmsöhbətə saat qədər uzun, üzüntülü gələrmiş.

Sarabski də yada salırmış ki, Stalinin sualı verəndən sonrakı pauzası mənə il qədər uzun gəldi, gedib o dünyanı görüb qayıtdım.

Stalin bir az da susandan sonra deyir: "Ə pomnö vas, vı peli baətı na poxoronax Xanlara" - "Siz mənim xatirimdəsiniz, Xanların dəfnində bayatı oxuyurdunuz".

Həmin əhvalatsa 1907-ci ildə baş vermişdi. Təsəvvür edin, gənc inqilabçı Xanlar Səfərəliyevin ölümündən 31 il keçirdi (Xanlarla Stalin yaxın dost olmuşdular, XX əsrin əvvəllərində Bakıda müştərək inqilabi fəaliyyətdə idilər. Onların bu ülfəti Səməd Vurğunun vaxtilə Bakıda Milli Dram Teatrının səhnəsindən düşməyən "Xanlar" pyesində şairanə dillə təsvir edilib). O çağın mətbuatından da bəlli olur ki, Xanların dəfni çoxminli izdihamla müşayiət edilibmiş. Əslində Stalin və məsləkdaşları bu dəfn mərasimini də bir siyasi məzmunlu mərasimə çevirməyi bacarmışdılar. Bu hadisə baş verib 1907-ci il sentyabrın 26-da.

Gedib Bibiheybət səmtində, dağ döşündəki həmin məzara baxmışam və getməkdə məqsədim bolşevik Xanların qəbrini ziyarət etmək yox, o məzarın yanındakı bir başqa Stalin izini görmək idi. Bakını Stalin üçün əziz edən xatirələrdən biri də erkən itirdiyi sevgilisi - Polşa əsilzadəsi, Xanlardan altı-yeddi ay sonra vərəmdən vəfat edərək onunla yanaşı basdırılan Sofia Leonardovna Petrovskaya idi. Yəni Bakı, özünün də etiraf etdiyi kimi, Stalini nostaljili cazibəsi ilə həmişə çəkirmiş).

Rəhmətlik Azər Sarabski deyirdi ki, atam həmişə "Bayatı kürd"ü özünün xilaskarı adlandırır, söyləyirmiş ki, vaxtilə ölünün dəfnində oxuduğum bir parça muğam özümü ölümdən qurtardı, Bakıya qayıdandan sonraaçıqda bir söz deyilməsə də, hiss etdim ki, mənə münasibət dəyişilib, ətrafımda dolaşan qara buludlar qısa bir zaman içərisində dağıldı.

Azər Sarabski bir başqa əhvalatı da nağıl edirdi. Deyir, bir gün Bakı kəndlərindən atamın köhnə dostlarından biri evimizə gəldi. Əvvəl xeyli üzrxahlıq elədi ki, məni dəvətsiz təşrif gətirdiyimə görə qınamayın, naçaram, vəziyyət məcbur edib, gəlmişəm, məncə, tutulhatutuldayam.

Qonaq çıxarıb masanın üstünə bir köhnə fotoşəkil qoyur ki, Sonqulu, bir bu ortadakına fikir ver, onu cavan Stalinə oxşadıram. Sonra da danışır ki, bizim kənddə bir inqilabçı cavan vardı, atam da ağır seyid idi. Bir gecə həmin bolşevik qapımızı döydü, atamdan xahiş etdi ki, bir gürcü dostum var, təvəqqe edirəm ki, iki gün sizin evdə qalsın, onu hökumət axtarır, bəlkə bizim kəndə də gəldilər, ancaq sizdən şübhələnməzlər, məhlənizə gəlməzlər, rəva görməyin qonağım ələ keçsin. Həmin adam iki gün bizdə gecələdi, üçüncü gün səhər bolşevik həmkəndlimiz bir neçə dostu ilə gəldi, nəsə sənəd düzəlməli idi deyə özləri ilə fotoqraf da gətirmişdilər, o da aparatının üçayağını qurdu, əvvəlcə həmin qonağı tək, sonra hamımızı bir yerdə çəkdi. Xeyli sonralar həmin inqilabçı kəndçimiz o şəkildən birini heç kəsə göstərməmək şərti ilə atama bağışlamışdı. İndi baxıram o şəklə, həmin bizdə gizlənmiş o gürcü qonağı Stalinə yaman oxşadıram. Sən təcrübəli adamsan, Sonqulu, məsləhətə gəlmişəm, ürəyimdən keçir dərdimi də yazım, bu şəkli də qoyum üstünə, Stalinə məktub yollayım.

Sarabski də fotoya diqqətlə baxır, yaz göndər deyir.

Azər müəllim xatırlayırdı ki, bir neçə ay sonra həmin adam bizə təzədən gəldi. Dedi ki, məktubu göndərdim Kremlə, Stalinin adına, doğrudur, heç bir cavab gəlmədi, ancaq nədirsə, məndən də əl çəkdilər, daha incidib-edən yoxdur...

...1908-ci ildən ta 1920-ci ilə qədər Üzeyir bəy məhsuldardır, ilhamla, işləmək şövqü ilə doludur. Hər il qəzet-jurnalda neçə sanballı məqaləsi çıxır, yeni mahnılar, romanslar yazır, köhnələr öz yerində, amma təqribən hər il təzə bir operası, operettası səhnədədir, di gəl, 1920-ci ilin apreli yetişir, istiqlalımız əldən gedir, Cümhuriyyət devrilir, Şura hökumətinin dövranı başlanır. 1920-ci illərdən ta 1938-dək olan zamansa Üzeyir bəyin həyatındakı ən səksəkəli zolaqdır. Üzeyir bəy Azərbaycan Xalq Cümhuriyyəti ilə yüz tellə bağlı idi, himni bəstələmişdi. "Azərbaycan" qəzetinin redaktoru olmuşdu, qardaşı Ceyhun sabiq hökumətin təmsilçisi olaraq Parisə gedib orada qalmışdı, siyasi mühacir idi və bütün bunların üstündə Üzeyir bəy oğlu idi, hər kəsin hörmət bəslədiyi nüfuzlu şəxsiyyət, ardınca kütlələr düşə bilən nüfuz sahibi idi. Bioqrafiyasındakı bu və buna bənzər çox məziyyətlər onun əziyyətə düçar olmalılar sırasında önə çıxmasına, yubatmadan repressiyaya uğradılmalılar siyahısında yer almasına sadəcə heyanların gümanlar deyil, qəti inam yaradırdı. Və Üzeyir bəy istənilən kəlməsindən yapışıla bilinəcək sözlü əsərlər yazmaqdan çəkinirdi. Qələm sözünə baxmır. 1920-ci ildən etibarən 1930-cu illərin ortalarına qədər, demək olar, yeni musiqi əsərləri, məqalələr ortaya çıxmır. Həmin dövrdə əsasən nəzəriyyə ilə məşğul olur, konservatoriyada oxuduğu mühazirələrin mətnlərindən ibarət "Azərbaycan xalq musiqisinin əsasları" kitabını hazırlayır. Ancaq 1930-cu illərin ortalarında günlərin birində onu xalq maarif komissarı Mustafa Quliyev dəvət edir. Mustafa Quliyevi müəyyən ifratçı, proletkultçuluq təəssüratı oyadan baxışları və hərəkətlərinə görə ən müxtəlif yazılarda tənqid etsək də, onun oçağkı millətə xeyir əməlləri də görməzliyə vurulmamalıdır. Elə biri Üzeyir bəylə olan bu söhbəti - çağırır və deyir ki, siz elə bir əsər yazın, orada azadlıq uğrunda mübarizə olsun, inqilabi mövzu əksini tapsın. Üzeyir bəy də qayıdır ki, elə bir opera başlamışam, "Dəmirçi Gavə"ni yazıram.

"Dəmirçi Gavə" də İran şairi Əbülqasım Firdovsinin "Şahnamə" əsərində el qəhrəmanına çevrilən bir dəmirçi idi, döşlüyünü çıxarıb bayraq etmişdi, xalq kütlələrinin qabağına düşərək onları istibdada, zülmə qarşı üsyana qaldırmışdı.

Bütün bunları Üzeyir bəy Mustafa Quliyevə söyləyəndə xalq komissarı qəbul etmir, "bizə indi İranın Dəmirçi Gavəsi lazım deyil, özümüzün Koroğlumuz var, o mövzuda opera bəstələyin" deyir.

Üzeyir bəy tərəddüd edir ki, axı bu mövzuda operanı artıq Müslüm bəy yazmaq istəyir, mən biləni, işə başlayıb da. Mustafa Quliyev israr edir: "Kim yazır-yazsın, ancaq siz bəstələyənin yeri başqa olacaq. Həm də bunu hökumət də dəstəkləyəcək. Təxirə salmadan işə başlayın".

Üzeyir bəy "Koroğlu"nu yazır və bu əsər onun taleyini - hamımızın qismətini dəyişir. Üzeyir bəyin dəyişən taleyi Azərbaycan musiqisində tamam yeni bir üfüqün açılması deməkdi. 1938-ci il - Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyü keçirilir və ora Üzeyir bəyin təzə operası - "Koroğlu" da aparılır. "Koroğlu"nun nümayişinə Stalin Kremldəki əshabələri ilə gəlir.

Stalin əsəri çox bəyənir və təbii ki, yaxınında əyləşmiş, gözləri onda qalan ətrafındakılar da rəhbərin razı qaldığını hiss edirlər.

Artıq tamaşa bitib, Stalin yaradıcı heyətlə görüşür və əsərin Stalinin qəlbinə yatdığına əmin olan Kliment Voroşilov bir az tələskənlik edərək Üzeyir bəyə üz tutaraq dillənir: "Nadoparu takix oper napisatğ" - "İki belə opera yazmaq lazımdır". Stalinin bu sözlərə reaksiyası hamını şoka salır. Əlbəttə ki, ilk növbədə rəhbərin münasibət bildirməsini gözləmədən belə bir qiymətverici fikir söyləmiş Voroşilovu, amma ondan da qat-qat artıq Üzeyir bəyi. Voroşilov o cür deyəndə Stalin dərhal etiraz edir: "Net!" - "Yox!"

Üzeyir bəyin həmin anlar barədə dediklərini mənə Maestro Niyazi söyləmişdi. Üzeyir bəy deyirmiş ki, Stalin o sözü deyəndə gözüm qaraldı, düşündüm ki, batdım, mən ümidimi "Koroğlu"ya bağlamışdım ki, bəlkə xoşa gələ, yolum açıla, bu da belə, evim yıxıldı. Baxdım ki, Voroşilovun da rəngi avazıyıb.

  Stalin üzücü, nəbzin sürətini ikiqat artıran ənənəvi pauzasından sonra davam edir: "Net! Dve parı takix oper nado sozdatğ" - "Yox! İki cüt belə opera yaratmaqlazımdır". Təbii ki, məclisdə ovqat həmin andaca büsbütün dəyişir, hamının əhvalı yüksəlir. Üzeyir bəy Moskvadan "SSRİ Xalq artisti" kimi qayıdır. Amma həm də Stalinin birbaşa zəmanəti ilə partiyaya qəbul olunur. O vaxt Sovet İttifaqı Kommunist Partiyasına qəbul olunmaq çox şərəfli, şərəfli olmaqdan savayı, həm də hər kəsin iş karyerasında son dərəcə vacib bir mərhələ sayılırdı və uzun sınaqlı bir gedişatdı - üzvlükdən əvvəl gərək üç il namizədlik müddəti də keçəydin. Amma Stalinin zəmanəti ilə Üzeyir bəyi partiyaya birbaşa qəbul edirlər və sovetlər dönəmində bu nadir ehtiram Üzeyir bəydən başqa yenə elə Stalinin zəmanəti ilə akademik B.Y.Patona nəsib olmuşdu.

Və beləcə, Stalinin "Koroğlu"nu xoşlaması, əsərə yüksək dəyər verməsi Üzeyir bəyi yalnız repressiya təhdidlərindən qurtarmır, onun konservatoriyadakı həyatını, bəstəçilik fəaliyyətini də, ictimai-siyasi mühitdəki yerini də kökündən dəyişir. Üzeyir bəy daha artıq inam və arxayınlıqla yaşamağa və yaratmağa başlayır, məhz 1938-ci ildən sonra yenə əvvəlki məhsuldar, əvvəlki qələmi daim işləyən Üzeyir bəy meydandadır: yazır, yaradır, tələbələr yetişdirir, Azərbaycan mühitində şəfalı nurunu saçmaqda davam edir.

1920-30-cu illərdə Üzeyir bəyin başı üzərindəki digər labüd təhlükə, hər an kəsməyə hazır "Domokl qılıncı" doğma qardaşı Ceyhun Hacıbəyli idi. Üzeyir bəyi istənilən an aradan götürməkçün siyasi mühacirətdəki qardaşdan artıq nə bəhanə lazımdı ki! Ancaq 1938-ci il dekadasında bu kor düyün də çözülür. Bunusa mənə vaxtilə Üzeyir Hacıbəyli muzeyinin direktoru olmuş, bəstəkarın sabiq katibi Ramazan Xəlilov söyləmişdi. Stalin Üzeyir bəydən "Fransadakı qardaşınız necədir?" soruşur. Üzeyir bəy nigaranlıqla cavab verir ki, yoldaş Stalin, bizim illərdir ki əlaqəmiz yoxdur. Stalin tövsiyə edir: "Yox, hər halda qardaşınızdır. Məktublaşmaq lazımdır". Üzeyir bəy Bakıya qayıdıb gəlirvə üstündən çox keçməmiş Parisdən məktub alır - Ceyhun göndərmişdi. Ali səviyyədə rüsxət verilmişdi və Üzeyir bəy isti-isti cavab məktubu yazır, yollayır, bir-iki ay sonra poçtalyon növbəti Paris məktubunu gətirir. Beləcə, ardıcıl yazışmaları başlayır.

Mən Üzeyir bəyin Ceyhun bəyə, Ceyhun bəyin Üzeyir bəyə 1910-cu illərdə göndərdiyi, ərəb əlifbasında olan, bəzənsə rusca yazılmış məktubları görüb oxumuşdum. Amma bu sonrakı Paris məktubları, əlbəttə ki, daha maraqlı idi. Görünür, o yazışmalar bizdən daha artıq Fransadakı siyasi mühacirətdən nə şəkildəsə məlumatlar almaq baxımından xüsusi xidmət orqanları üçün maraqlı imiş ki, belə qapı açılmışdı. Yəni bu imkanın yaradılması, mənim nəzərimcə, Üzeyir bəyə xüsusi sayğıya görə yox, dövlətə gərək olması səbəbindən mümkünləşmişdi.

...Dəhşətli 1941-45-ci illər müharibəsində Azərbaycandan 600.000 insanın iştirak etdiyi yazılır. Bu, rəsmi statistikada belədir, köhnə sovet ensiklopediyaları bu cür göstərir. Əslində isə son illərin dəqiqləşdirilmiş araşdırmaları təsdiq edir ki, cəbhəyə gedənlərimizin miqdarı 700.000-dən çox olub. Ən müdhişi isə budur ki, əksəri cavan olan bu 700.000-dən çox vətəndaşımızın yarıdan çoxu cəbhələrdən geri qayıtmayıb - həlak olub, itkin düşüb. Sovet dönəmində 41-45 müharibəsində iştirak edənlərə verilən ən ali təltif "Sovet İttifaqı Qəhrəmanı"nın "Qızıl Ulduz"u idi. Azərbaycanın o dövrdən 42 Sovet İttifaqı Qəhrəmanı var. 41-i bu ada elə müharibə dövründəcə layiq görülüb - kimisi sağkən, kimisi ölümündən sonra. 42-ci qəhrəmanımızın mükafatının növbəsi isə davadan xeyli sonra - 1957-ci ildə çatıb. Həmin 42-cini bütün Azərbaycan tanıyır: Mixaylo - Mehdi Hüseynzadə. Amma ola bilərdi ki, Mehdi bu ada layiq görülməsin, tam unudulsun, xatırlansa belə, xain kimi anılsın. Çünki Mehdi Hüseynzadə almanlara əsir düşmüş, həbs düşərgəsində saxlanmış, sonra faşistlərin yaratdığı milli legionda xidmət etmişdi. Sovet dövlətinin ozamankı yanaşmalarına görə isə hətta Mehdi müharibədən sağ-salamat Azərbaycana, Sovet İttifaqına qayıtsaydı, hökmən həbs ediləcəkdi, sürgünə göndəriləcəkdi. Legionda xidmət etmişlərə güzəşt yox idi. O dövrün sərt meyarları belə idi. Lakin həlak olmasından 8 il sonra Mehdi Hüseynzadənin naxışı gətirir. 1952-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının XIX qurultayı keçirilirmiş. Adətən belə qurultaylara müxtəlif ölkələrdə olan kommunist partiyalarının təmsilçiləri də dəvət edilirdilər. İtaliya Kommunist Partiyasının rəhbəri Palmiro Tolyatti də qonaqlar arasındaymış. Stalinlə görüşündə o, 1944-cü ildə italyan partizanları ilə birgə faşizmə qarşı mübarizədə misilsiz şücaətlər göstərmiş "Mixaylo" adlı qafqazlının adını çəkir. Stalin göstəriş verir, dərhal təhqiqat başlayır. Bu araşdırmalarla o zaman Dövlət Təhlükəsizlik Komitəsi məşğul idi. Yuqoslaviyanın, İtaliyanın çeşidli arxivlərinə müraciət edilir, həqiqətən də Mehdi Hüseynzadənin müstəsna şücaətləri haqda ciddi sənədlər üzə çıxır. Bu minvalla unudulmuş bir qəhrəman yenidən həyata qayıdır. Bu işlərə təkanı Stalin vermişdi, 1953-cü ildə o, vəfat etsə də, artıq dövlət maşını bu istiqamətdə işləyirdi, Moskva ilə yanaşı, Azərbaycan da proseslərə qatılmışdı, bizdə bu işlərə rəhbərlik etmək o zaman Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində çalışan Heydər Əliyevə həvalə edilmişdi. Heydər Əliyev qəhrəman haqqındakı "Uzaq sahillərdə" filminin çəkilməsi gedişatına da, Mixaylo ilə bağlı bir çox iftixar oyadan gerçəklərin aşkarlanmasına da töhfələrini verir, unudulmuş Vətən övladı layiqli haqqını alır, tarixə qayıdır, hamının olur.

...1948-ci ilin noyabrında Azərbaycan Üzeyir bəyi itirdi. Bu, kədərli, hamını yandıran ayrılıqdı. Əlbəttə, hər qırılan ömür yolu göynədir, qəlb sıyırır. Ancaq Üzeyir bəy kimi təkrarsızların, millət sərvəti olanların əbədi gedişi həmişə vaxtsız, qat-qat sarsıdıcıdır. Üzeyir bəyin ürəyi 63 yaşında dayandısa, bu gedişi sürətləndirən bir çox danılmaz səbəblər vardı - onu çərlədib öldürdülər. 1940-cı illərdə, xüsusən müharibədən sonra Üzeyir bəyin vəziyyəti heç də ürəkaçan deyildi. Tez-tez onun rəhbərlik etdiyi konservatoriyaya müxtəlif təftişçiləri yoxlamalara göndərirdilər, onu sıxışdırırdılar, təqib edirdilər, həbs, sürgün təhlükəsi istisna deyildi və bu rəzalətlərin yönəldicisi Mircəfər Bağırov idi. 1948-ci ilin noyabrından fotolar yadigar qalıb. Üzeyir bəyin tabutunu çıxarırlar, onu dəfn etməyə aparırlar, öndə gedən Mircəfər Bağırovdur. Sifətinə kədər maskası taxıb. Amma təfərrüatlardan xəbərdaram axı, gərgin günlərin şahidlərinin lentə aldığımız ifşaedici söhbətləri qalır və onların hamısı birmənalı şəkildə işarə edir ki, Üzeyir bəyin ağır şəkər xəstəliyinə tutulmasında, bu erkən ölümdə yerdəki əzrayıl vəzifəsini iblisliklə icra edən bilavasitə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi olmuşdu.

Rəhmətlik Şəmsi Bədəlbəyli qubarla mənə ürəkqarsan bir əhvalatı danışırdı. Deyir, vacib bir mərasim keçirilirdi, partiya-dövlət rəhbərliyi də, sənət xadimləri də iştirak edirdilər. Üzeyir bəy də kürsüyə qalxdı, çıxış elədi və Mircəfər Bağırov çımxıraraq bir az ikrahla onun sözünü kəsdi, təkəbbürlü əda ilə dedi ki, söz vermişdin ki, "Babək" operası yazacam, nə oldu, bəs niyə yazmırsan?

Şəmsi müəllim qəhərlənərək yada salırdı ki, Üzeyir bəy həyəcandan titrəyərək əlindəki qalın qara dəftəri açdı, dedi ki, bax budur, yazıram.

Bunun üzərindən bir neçə gün ötüncə baş verən hadisə isə daha könüldağlayandır. Bunu da mənə Şəmsi müəllim söyləyirdi. Deyir, getmişdim Üzeyir bəyi yoluxmağa. Onda artıq Monolitdəki binada yaşayırdı. Üzeyir bəyin əlində ekzema da əmələ gəlmişdi, isti havalarda çıxırdı balkona, əllərini gün işığına tuturdu, aşağıdan, Sabir heykəlinin yanından, Kommunist küçəsindən (indi İstiqlaliyyət) keçənlər dayanırdılar, eyvandakı Üzeyir bəyə həsrətlə, sevgi ilə baxırdılar: "Gəlmişdim Üzeyir bəydən hal-əhval tutmağa, baxdım ki, həmişəkindən daha üzgündür, sanki son bir neçə günün içərisində xeyli sınıxıb da, gözləri çuxura düşmüşdü, dodaqlarının qanı qaçmışdı, rəngi ağappaqdı. Soruşdum ki, ay Üzeyir bəy, nə baş verib? Dedi ki, heç soruşma, dünənəcən babat idim. Dünən axşam məni Mərkəzi Komitəyə çağırdılar, dedilər Mircəfər Bağırovla görüşməliyəm. Getdim, qəbul otağında əyləşib gözləməyə başladım. 10 oldu, 11-i keçdi, gecə 1, 2. Məni 5 saat orada otuzdurdular. Nəhayət ki, içəri çağırdılar. Girib-çıxmağım iki dəqiqə çəkmədi. Mircəfər dedi ki, səni çağırtdırdım ki, şad xəbər verim, yoldaş Stalin zəng vurmuşdu, dedi, məndən Hacıbəyova salam deyin. Elə bu xəbəri verməkçün səni çağırtdırmışdım. Gedə bilərsən".

Mircəllad yaxşı bilirdi Üzeyir bəy xəstədir, Moskvadan, uzun müalicədən yenicə qayıdıb, yüksək şəkəri var, ona həyəcanlanmaq heç yaramaz. Ancaq əqrəb idi, sancmalı idi, bu, onun təbiəti idi, yaxşı agahdı ki, beş saat gözlətməsi Üzeyir bəyi hansı stressə salacaq və nə edirdisə, qəsdlə edirdi. Mən də fərz edirəm, elə Şəmsi müəllim də bu gümandaydı ki, Stalinin Üzeyir bəyə məxsusi münasibəti olmasaydı, Mircəfər 1947-48-ci illərin yeni repressiyalar dalğasında Üzeyir bəyin axırına çıxmağı hədəf götürmüşdü...

...Tarixin qəribə hikmətləri var. Çəkməçi oğlu Soso Cuqaşvili taleyin hökmü ilə XX yüzildə dünyanın iki ən böyük imperiyasından birinin rəhbəri oldu. Qarşısında milyonlar zağ-zağ əsirdi. Amma tale kəc üzünü də göstərdi. Bir zaman insanları ürcah etdikləri öz bəxtinə də çıxdı. Heykəllərini uçurtdular, adını hər yerdən sildilər və tarix qəribə bir cazibə ilə elə etdi ki, onun şəkillərinin qaldığı yeganə yer elə çəkməçi dükanları oldu. Tarix haqq-hesab çəkməyi sevən qüdrətdir! ...Azərbaycanda vaxtilə İosif Stalin haqqında sıra-sıra şeirlər yazılıb, bəstəkarlar nəğmələr qoşub, aşıqlar onu vəsf ediblər, haqqında səhnələrdə pyeslər oynanılıb. Amma hakimiyyətdə olanda da, tifaqı dağılandan sonra da əleyhinə yazılar da olub. Unudulmaz alimimiz Əkrəm Cəfər iri poema yazmışdı - "Cəlladnamə". Stalini tar-mar edən bir əsər.

Zamanında Azərbaycan radiosu ilə hər səhər az qala himn kimi səslənən bir nəğmə varmış:

 

Yaşa-yaşa, can Stalin,

Dillərdə dastan Stalin.

 

Sözlərini Rəsul Rza yazmışdı, musiqisini Niyazi bəstələmişdi. Hər gün, bəzən lap bir gündə bir neçə dəfə o nəğmə səslənirdi. Stalin epoxası bitdi, o nəğmə də öldü. Bir dəfə Maestro Niyaziyə dedim ki, heyifdir, qəşəng melodiyadır, itməsin, gəlin sözlərini dəyişək, bunu mən də edə bilərəm, yaxud Anara deyin, Rəsul Rzanın oğlu kimi daha artıq ixtiyarla o dəyişsin. Maestro fikrə getdi: "Bu mahnı o illərin içərisində yaranıb, o illərin məşhur nəğməsi olub. Qoy o illərdə də qalsın".

...Razıyam, tarixin elə hadisələri var ki, gərək elə dünəndə qala. O şeirlər, o nəğmələr, o əsərlər ki Stalini mədh edirdi, onların ömrü haçandır ki bitib, onlar gərək elə dünəndə qala. Amma o əhvalatlar ki şəxsiyyətlərimizin ömrünə işıq tutur, tariximizin hansısa guşələrindəki qaranlıqları qovur, dünəni daha aydın və dürüst görməyimizə yardımçı ola bilir, onlar gərək yaddaşın alt qatında qalaraq unudulmasın. Gərək itib-batmasın, sabahdakıların da bilməsi üçün gələcəyə ötürülsün. Məgər yaddaşlardan yığaraq qovuşdurduğum bu xatirə qırıqları Azərbaycanın çöhrəsini və böyük azərbaycanlıların ömrünü qəliz zaman içərisində bir az da dəqiq göstərən cizgilər, naxışlar deyilmi?

25 oktyabr 2023

 





30.10.2023    çap et  çap et