525.Az

Hərb tariximizdə Heydər Əliyev fenomeni


 

Hərb tariximizdə Heydər Əliyev fenomeni<b style="color:red"></b>

Mehri QASIMOVA
Heydər Əliyev adına Hərbi Liseyin tarix müəllimi

 

Qədim anadilli yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud"da da əks olunduğu kimi, ta VII əsrdən üzü bəri yadelli istilaçıların işğalçı müharibələrinə qarşı qəhrəmancasına vuruşan igid oğullarımızın şöhrəti hər bir dövrdə dünyanı heyrətləndirib. Bu mənada Cavanşirin, Babəkin, Cahan Pəhləvanın, Qızıl Arslanın, Əmir Altunun, Şah İsmayılın, Koroğlunun, Fətəli xanın, Cavad xanın, Səttarxanın adları tariximizə azadlıq mücahidləri, yadelli işğalçılara qarşı hər zaman mübarizənin başında qeyrətlə, mətanətlə durub rəşadətlə vuruşan xalq qəhrəmanları, igid sərkərdələr kimi həkk olunub.

Hərb tariximizdə XIX-XX əsrlərdə Çar, sonralar isə Sovet imperiyasının ordusunda xidmət etmək məcburiyyətində qalmaqla özlərinin mərdliyi və şücaətilə seçilən eloğlularımız da xüsusi yer tutur. Bu igid sərkərdələr kimlərə xidmət etmələrindən asılı olmayaraq mənsub olduqları yurdun və millətin adını daim ucaltmış, Vətəninə və xalqına şöhrət gətirmişlər. Kəngərli nəslindən olan Ehsan xan, İsmayıl xan, Kalbalı xan, Hüseyn xan, Kalbalı xan-oğul, Cəmşid xan Naxçıvanskilər, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Cəfərqulu ağa Bakıxanov, Həsən bəy Ağalarov, İbrahim ağa Vəkilov, Qambay Vəzirov, Həzi Aslanov, Akim Abbasov rus-sovet ordusunda general rütbəsinədək yüksəlmiş, öz dövrlərinin ən ali mükafatlarına layiq görülmüşlər. Lakin qeyd etmək lazımdır ki, sovet dövründə, İkinci Dünya müharibəsindən sonra, xüsusən 1950-60-cı illərdə milli zabit kadrlarımız ilbəil azalmağa başlamışdı, generallarımız barmaqla sayılırdı, böyük sərkərdələrimiz isə yox dərəcəsinə çatmışdı.

Nəhayət, 1969-cu ildə xalqımız özünün yeni dahi sərkərdəsinə və rəhbərinə qovuşdu, həmin ilin iyul ayında general Heydər Əliyev respublikamızın rəhbəri seçildi. Hərtərəfli biliyə, yüksək savada və intellektual səviyyəyə, geniş dünyagörüşünə, dahiyanə uzaqgörənliyə, müdrik təfəkkürə, zəngin təcrübəyə, qeyri-adi yaddaşa, tükənməz enerjiyə, nadir təşkilatçılıq və idarəetmə qabiliyyətinə malik olan 46 yaşlı liderin gərgin əməyi, ciddi-cəhdi, səyi, səmərəli təklifləri və qiymətli təşəbbüsləri çox keçmədən hər sahədə öz bəhrələrini verməyə başladı.

1960-cı illlərdə demək olar ki, iqtisadiyyatın əksər sahələri üzrə SSRİ-də sonuncu yerlərdə bərqərar olan Azərbaycan, artıq 1970-ci ilin payızında qabaqcıl bir respublika kimi ölkənin ən ali mükafatlarına layiq görüldü.

1970-ci illərin əvvəllərindən respublika həyatının bütün sahələrində bir oyanış, dirçəliş, canlanma baş verdi. Sənaye, kənd təsərrüfatı, tikinti, elm, təhsil, mədəniyyət və səhiyyə yüksək templə inkişafa qədəm qoydu. Respublikada başlayan bu quruculuq işlərində unudulmuş bir sahə də yeni rəhbəri ciddi narahat edirdi. Onun fikrincə, hərb sənətində böyük, tarixi ənənələrə malik olan Azərbaycanda müasir dövrün yüksək səviyyəli milli hərbi kadrlarını yetişdirmək məqamı gəlmişdi.

Həmin ərəfədə Azərbaycan KP Mərkəzi Komitəsinin Bürosu "Cəmşid Naxçıvanskinin xatirəsini əbədiləşdirmək haqqında" qərar qəbul edir. Qərarın bir maddəsində qeyd olunurdu ki, yeni yaradılacaq hərbi təyinatlı respublika orta internat məktəbinə C.Naxçıvanskinin adı verilsin.

1938-ci ildə günahsız olaraq repressiya qurbanı olmuş bir Azərbaycan oğlunun, görkəmli sərkərdə, şöhrətli general, həm də xan nəslinə mənsub Cəmşid Naxçıvanskinin xatirəsini əbədiləşdirməklə dahi Heydər Əliyev Vətənin, millətin ləyaqətli övladına əsl bəraət qazandırıb onu tək respublikada deyil, bütün Sovet İttifaqında tarixi şəxsiyyət, hərbi xadim kimi geniş tanıtdı. O dövr üçün bu çox cəsarətli və riskli bir addım idi.

Bir il ötdü və böyük liderin təşəbbüsü, təşkilatçılığı ilə 1971-ci ilin iyun ayında respublika rəhbərliyi "C.Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbinin yaradılması haqqında" xüsusi qərar qəbul etdi. Həmin ilin noyabr ayında yeni yaradılmış məktəbi ilk dəfə ziyarət edən Heydər Əliyev buradakı yığıncaqda geniş nitq söyləyərək vurğulamışdı: "Orduda azərbaycanlı zabitlərin sayı kifayət qədər deyildir. Biz bütün millətlərə sübut etməliyik ki, azərbaycanlılar Xəzərin dibindən "qara qızıl" çıxardıqları kimi, tarlalarda bol məhsul yetişdirdikləri kimi, elmin, texnikanın ən mühum nailiyyətlərinə yiyələndikləri kimi, həm də hərb sahəsində böyük istedada malikdirlər. Odur ki, yerli millətdən olan gəncləri, yeniyetmələri hərbi məktəblərə daxil olmaq və Silahlı Qüvvələrin zabit korpusunda xidmət etmək üçün hazırlamaq ən ümdə vəzifəmizdir".

Moskva isə Heydər Əliyevin Azərbaycanda milli hərbi kadrların xüsusi məktəbdə yetişdirilməsi təşəbbüsünü və respublika rəhbərliyinin qərarını böyük narazılıqla qarşılayır. Bir neçə dəfə məktəbə SSRİ Maarif Nazirliyindən yoxlama komissiyaları göndərilir. Məktəbin fəaliyyətinin qeyri-qanuniliyi vurğulanaraq hətta onun bağlanılması təşəbbüsü də irəli sürülür. Lakin Heydər Əliyevin inadı, qətiyyəti və məntiqi manevrləri məktəbi hifz edir, onu qaragüruh qüvvələrdən qoruyur və bir neçə ildən sonra məktəbin şan-şöhrəti bütün Sovetlər İttifaqına yayılır.

SSRİ-nin müxtəlif yerlərindən gəlmiş qonaqlar, yüksək vəzifəli şəxslər məktəblə tanışlıqdan sonra "Rəy və təkliflər" kitabına aşağıdakı sözlərini yazmaq məcburiyyətində qalırlar. Onlardan bir neçəsinə nəzər yetirək: Sov. İKP MK-nın məsul işçisi V.Sidorov yazırdı: "Azərbaycandakı Hərbi Təyinatlı Orta İnternat Məktəbində böyük və vacib işlər görülür... Azərbaycan KP MK-nın rəhbərliyi, şəxsən Heydər Əliyev hər cür şərait yaradır. Arzu edirəm ki, bu gün burada təhsil alan gənclər, yeniyetmələr gələcəkdə general olsunlar".

SSRİ-nin maarif naziri S.Şerbakov: "Qayda-qanun, nizam-intizam, gənc nəslin tərbiyəsinə diqqət və qayğı məndə məktəbin kollektivinə böyük hörmət hissi oyatdı... Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış bu məktəb SSRİ məktəbləri üçün nümunəvi bir tədris ocağıdır".

Stavropol Ali Hərbi Rabitə Mühəndisliyi Məktəbinin rəisi, SSRİ-nin fəxri rabitəçisi, general-mayor E.İvanov: "Ölkədə şöhrət qazanmış, tanınmış ixtisaslaşdırılmış hərbi məktəbdə oldum. Gördüyüm hər şey sübut edir ki, Azərbaycanın rəhbərliyi və hökuməti buraya böyük diqqət və qayğı göstərir... Arzu edirəm ki, daha çox naxçıvanskilər bizim ali hərbi məktəblərə daxil olsunlar".

Heydər Əliyev 1972-82-ci illər ərzində hər 9 May Qələbə bayramında C.Naxçıvanski adına Məktəbi ziyarət edərək, müəllim-zabit heyətilə və kursantlarla görüşür, problemlərlə maraqlanır, hər hansı bir çatışmazlığın dərhal aradan qaldırılması qayğısına qalırdı.

1982-ci ilin noyabrından Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Moskvada işə başlayan və doğma Azərbaycanını bir an da unutmayan H.Əliyev özünün parlaq əsəri olan bu məktəbi də daim diqqət mərkəzində saxlamışdı.

1983-cü ilin 9 Mayında yenə də ənənəvi və simvolik olaraq Heydər Əliyevin yolunu gözləyən C.Naxçıvanski adına Məktəbin kollektivi axşam televiziyadan bütün ölkəyə yayılan xoş bir xəbərin sevincini bölüşür: "SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə böyük xidmətlərinə görə və anadan olmasının 60 illiyi münasibətilə Heydər Əlirza oğlu Əliyev Sovet İttifaqının ən yüksək mükafatına - Lenin ordeni və ikinci "Oraq və Çəkic" qızıl medalına layiq görülmüş və iki dəfə Sosialist Əməyi Qəhrəmanı kimi, doğulduğu diyarda onun tunc büstünün qoyulması qərara alınmışdır".

Bəli, həmin axşam Heydər Əliyev öz nurlu, təbəssümlü siması ilə məktəb kollektivinin ənənəvi görüşünə gəldi. Bir il sonra, 1984-cü ildə yenə də Bakıda olan SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev Naxçıvanski adına məktəbi ziyarət edərək, müəllim-zabit heyəti və kursantlarla səmimi görüş keçirmiş, məktəbin 15 illiyinin yüksək səviyyədə, layiqincə qeyd olunması barədə respublika rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlar vermişdi.

1986-cı ildə 15 illiyi təntənə ilə qeyd olunan məktəbin həyətində Cəmşid Naxçıvanskinin üç metrlik mərmər postament üzərində tunc büstünün açılışı olur, "Mənim unudulmaz məktəbim" (müəllifi R.Məlikov) adlı kitab nəşr edilir, məktəb muzeyi yenidən qurularaq yeni eksponatlar - sənədlər, məktublar, fotoşəkillərlə zənginləşdirilir.

1988-ci ildən respublikada başlayan siyasi böhran, gərgin kriminogen vəziyyət bu məktəbdən də yan keçmir. Artıq C.Naxçıvanski adına Hərbi Məktəb respublikanın səbatsız və səriştəsiz rəhbərliyi tərəfindən tənqid atəşinə tutulur. Məktəb bağlanma təhlükəsilə qarşılaşır. Bu dövrdə məktəbin rəisi işləyən və Heydər Əliyevin sədaqətli hərbi kadrlarından olan Valeh Bərşadlı böyük cəsarət və zəhmət bahasına məktəbi 1993-cü ilədək siyasi fırtınalardan və xaos burulğanından qoruya bilir. Qeyd edək ki, məktəbi ağır sınaqlardan çıxaran general-leytenant V.Bərşadlı ömrünün sonuna - 1999-cu ilə qədər məktəbin rəisi vəzifəsində ləyaqətlə çalışmışdı.

1987-ci ilin sonlarında SSRİ rəhbərliyindən istefa vermiş H.Əliyev 1988-1990-cı illərdə ölkə və respublikanın başabəla  başçılarının siyasi təqiblərinə, əsassız tənqidlərə, təzyiqlərə məruz qalırdı. 1990-cı ilin 21 yanvarında Moskvadakı Azərbaycan SSR Nümayəndəliyində Bakıdakı 20 Yanvar qırğınına etiraz çıxışından sonra H.Əliyevə qarşı təzyiqlər daha da güclənir.

Bütün bunlara baxmayaraq, Vətənin ağır günlərində öz xalqı ilə birlikdə olmağı üstün tutan böyük lider 1990-cı ilin yayında Azərbaycana gəlməyə qərar verir. İyul ayının 20-də Vətəninə qayıdan milli lideri rəsmi Bakı qəbul etmir və ondan paytaxtı təcili tərk etməsi tələb olunur. İyulun 22-də Heydər Əliyev doğma diyarı Naxçıvana gəlir. Həmin gün axşamüstü şəhərin "Azadlıq" meydanına toplaşan 80 min nəfərlik izdihamın timsalında xalq onu hərarətlə bağrına basır.

Beləliklə, ömrünün sonrakı dövrünü xalqı ilə birgə keçirməyi arzulayan Ulu öndər, Naxçıvanda qərar tutur. 1990-cı ilin sentyabrında ümumxalq səsverməsi ilə Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatı seçilir. Elə həmin vaxtdan Heydər Əliyevin siyasi fəaliyyətə qayıdışının birinci mərhələsi başlayır.

Həmin il noyabrın 17-də XII çağırış Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası məhz Heydər Əliyevin sədrliyilə öz işinə başlayaraq çox mühüm, xalqımız üçün taleyüklü, son dərəcə əhəmiyyətli qərarlar qəbul edir. Bunlardan biri və çox vacibi də "Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında" qərar oldu. Bu o zaman Sovetlər İttifaqı miqyasında ilk milli hərbi qurum idi. Həmin təşkilat eyni zamanda o vaxt SSRİ-də ilk və yeganə olan milli ordunu formalaşdıran bir orqan idi. Çünki 1991-ci ilin sonunadək mövcud olan sovet imperiyasının heç bir respublikasında və ya regionunda milli ordu anlayışı və strukturu yox idi.

(Ardı var)

 

 





31.10.2023    çap et  çap et