Bilirdik, darıxırdın...
Səni işğal etdilər,
aldılar əlimizdən,
bizsiz qaldın, Qarabağımız...
Bilirdik, darıxırdın
bizdən ötrü,
ayaq izlərimizdən ötrü
daş küçələrin, dağların, dərələrin,
meşələrin, yaylaqların
darıxırdı,
əl izlərimizdən ötrü
otların, çiçəklərin,
xarıbülbülün...
Topxana meşəsindən
Cıdır düzünə çəkilən
asma körpüdən
asa bilmədilər ümidlərimizi...
Yenə bizim oldun,
yenə ayaq izlərimiz
qalacaq sinəndə,
ümidimiz igid oğullara,
Ali Baş Komandana idi,
onlar xilas etdi səni,
azad oldun, Qarabağ!
Suqovuşan yüksəkliyi
Suqovuşan yüksəkliyi,
Səni də aldı igidlər.
Qovuşmuşuq artıq sənə,
Qələbə çaldı igidlər.
Yüksəkliklər alındıqca
İgid oğullar yüksəldi.
Qələbəni bayram edən
Xalq sənə salama gəldi.
Daha ağlamayacağıq,
Dərdimiz qaldı dünəndə.
Gözümüzdə yaşa dönən
Sular qovuşacaq səndə.
"Xudayar təsnifi"
Gülümsər çöhrəylə, şirin səs ilə
"Vətən nəğməsi"ni oxudu, getdi.
İgidlik göstərdi o, həvəs ilə,
Nəğmədən bir çələng toxudu, getdi.
Getdi qorxmayaraq düşmən üstünə,
Getdi Vətənini geri almağa.
Xalqı çıxsın deyə günəşli günə
Getdi Vətən üçün şəhid olmağa.
Nə qədər çıraqlar yanarkən söndü,
Aldılar düşməndən əsir diyarı.
"Xudayar təsnifi" tarixə döndü,
Yaşatdı o igid, mərd Xudayarı.
Dəmir Yumruq
Neçə ildə nələr, nələr çəkmədin?
Gözün aydın olsun sənin, ey Vətən!
Heç kimsəyə gözlərini dikmədin,
Azərbaycan, mübarəkdir qələbən!
Birləşdilər bu xalq ilə bu ordu,
Dəmir Yumruq dedi qəti sözünü.
Ər oğullar xilas etdi bu yurdu,
Qoymadı heç düşmən açsın gözünü.
O dərd, yara qaldı daha keçmişdə,
Millət, ordu - indi hamı bir eldir.
Yumruq kimi bir olduq bu döyüşdə,
Birləşib bir olmaq necə gözəldir!
Torpaq unudularmı?..
Əsirlikdən xilas oldu torpaqlarımız
danışardılar dilləri olsaydı,
bizim üçün necə darıxdıqlarını
deyərdilər,
gördükləri haqsızlıqlardan
söz açardılar.
Yenə bizə dönməyin
sevincini bölüşərdilər...
Onları unutmadığımızı
deyərdik biz də
torpaq unudularmı,
Vətən yaddan çıxarmı?
O günlər də geridə qaldı,
yenə o yerlər bizə doğma oldu...