525.Az

Bakı Beynəlxalq Kitab Sərgisində gənc yazarlarla görüş


 

Bakı Beynəlxalq Kitab Sərgisində gənc yazarlarla görüş<b style="color:red"></b>

IX Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Gənclər Kitabxanasının “Ulduz” jurnalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində gənc yazarlarla görüş təşkil olunub.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri İntiqam Yaşar və digər gənc şairlər, yazıçılar iştirak ediblər.

Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov “Ulduz” jurnalı ilə birgə keçirilən layihə haqqında geniş məlumat verib. O, gənc istedadlara, şair və yazıçılara göstərilən dövlət qayğısından danışaraq, bu ənənənin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla, böyük diqqət və qayğı ilə davam etdirildiyini bildirib.

Varis Yolçuyev müasir dövrümüzdə gənclərin öz yaradıcılıq nümunələrini çap etdirmək üçün geniş imkanlara malik olduğunu qeyd edib, yeni minillikdə poeziya və nəsrin mövzusunun dəyişdiyini, yeni istiqamətlər və çalarlar ilə zənginləşdiyini deyib.

Fərid Hüseyn uzun illər davam edən Qarabağın işğalının və Şuşa itkisinin ədəbiyyatımıza, mədəniyyətimizə vurduğu zərbələrdən, yaratdığı boşluqlardan danışaraq, indi istedadlı gənclərin yaradıcılıqlarını məhz bu mövzuya yönəltməli olduqlarını diqqətə çatdırıb.

Təqdimatda Aygün Bayramlının, Emin Quliyevin, İntiqam Yaşarın, Şəhriyar del Geraninin və Fərid Hüseynin şeirləri səsləndirilib.

 





15.11.2023    çap et  çap et