Gedənlər və qalanlar
Həyat mum kimi əriyib sönürdü,
Dönürdü tanıdığın, tanımadığın insanlar
Bir ovuc torpağa,
Bir əlçim şəklə daşların üstə
Limanlarda,
Vağzallarda,
Aeroportlarda əl yelləyib yola salırdı gedənlərini
Bəlkə dumanları fikirləri qovurdu başından
Qalanlar,
Çevrilirdi kədərdən büstə
Çevrilirdi bir ümidlə
Gedənlər qalanları olduğu kimi tapalar bəlkə...
Qorxu yazılıbmış, Tanrım...
Zaman hörümçək kimi tor qurub üzlərində
Haçandı qaçmır dodaqları,
Haçandı açılmır düyünü alınların ,
Haçandı qərib qorxu var ürəklərində,
Hər qapı döyüləndə
Sinəsində ürəyi çevrilir qaranquşa çırpılır sümük qəfəsə
Bu şəhərdə
Hər adama, hər nəfəsə
Qorxu yazılıbmış, Tanrım
Ya ölüm xəbəri gəlir axşamüstü
Üstünə evlərin böyük div kimi
Burda evlər məzar olur adamlarına
Burda məzarlar doğmadı insanlara ev kimi.
Payız gətirən buludlara...
Payızı gözü yaşlı buludlar gətirəcək dimdiklərində
Heç kimin bilmədiyi bir küçədə
Boyalı əllərini ağ saqqalına sürtən rəssamı
Xatirələri günəşin qürubu rənginə boyayacaq
Zivədəki corablar kimi budaqlarda titrəyəndə yarpaqlar
Hansısa şərqli müdrikin sözlərini
Nəfəsi ümidsizlik qoxan əyyaş pıçıldayacaq şəhərin qulağına
İşıqlar birdən yanıb, sönəcək
Mikayıl Müşfiq küçəsində
Tərk edilmiş,
Uçuq-sökük bir evə xatirə oğruları girəcək
İllər əvvəldən nəsə tapmaq üçün
Bakı göz vuracaq
Qara çadraya bürünmüş səmaya
Uşaqların yaydan qalma gülüşləri yellənəcəkdə yelləncək
Gecə növbəsindən çıxıb evinə gələn adam
Heç kimi oyatmamaq üçün
Yağışda gəzərkən ayaqları islanmasın deyə
Barmaq uclarında gəzdiyi kimi gəzəcək evin içində
Payızı...
Gözü yaşlı buludlar gətirəcək
Bəlkə...
Tanrı və Şeytan
Güllər solandan
Quşlar öləndən sonra
Ən sonuncu çərpələng də ipini qırıb
Yoxa çıxanda göy üzündə
Üzündə adamların təbəssüm itən zamanda,
Ən sonuncu torpaq işğal edilərkən,
Ən balaca uşaq da ən balaca gülləylə güllələnəndə,
Kilsə zəngi çalanda sonuncu dəfə
"Qad-qamətis salah" deyiləndə Azanda,
Şeytan sonuncu dəfə adəmin övladlarını günaha səsləyəcək
Tanrı sonuncu dəfə bağışlayacaq bizi
Batmadığımız günahlara görə.