Cavid Zeynallı, yazıçı:
- 1980-ci il, 2 avqust.
Böyük rejissor Tofiq Kazımov avtomobil qəzasında həlak olur.
Ölümündən sonra onun gizli kitabçasını tapırlar.
Belə yazmışdı:
- İstedad tənhalığa məhkumdur.
lll
Bu hadisə mənim üçün həmkar və insan təəssübkeşliyinin ən yaxşı nümunələrindən biridir.
1928-ci ildə Azərbaycan Dram Teatrında "Şeyx Sənan" tamaşası oynanılacaqmış. Abbas Mirzə Şərifzadə ilə Ülvi Rəcəb dublyor olublar.
Tamaşanın başlanmasına yarım saat qalıb, zal dolu, Abbas Mirzə gəlib çıxmır. Öyrəniblər ki, möhkəm xəstələnib. Ülvi Rəcəbin də oyun günü deyil, teatra gəlməyib.
Teatrın ədəbi hissə müdiri olan Cəfər Cabbarlı deyib, özüm oynayacağam. Rejissor razı olmayıb ki, sözləri bilmirsən, biabır olarıq.
Cabbarlı israr edib: Şeyx Sənanın partiyasını əzbərləmişəm, tamaşanı başlayın.
Və bunu belə əsaslandırıb:
- Razı olmaram ki, həmkarım Cavidin əsəri təxirə salınsın.
Qoşqar Məhərrəmov, müəllim:
- Ölkəmizdə belə möhtəşəm bir kitab şöləninin keçirilməsi çox gözəldir. Təşkilatçılara min alqış! Feysbuk dostluğumda çox adam ya müəllif, ya naşir, ya da oxucudur. Növbəti addım kitablarla həyatımızı, həyata baxışımızı dəyişməkdir. Deyirlər, insan həyatını dəyişdirəcək bir kitabı tapmağı üçün çoxlu kitab oxumalıdır. Mən o kitabı tapmışam. Həmin kitab Stephen Koveyin "Effektiv liderlərin 7 vərdişi" kitabıdır. Həmin kitab mənim gündəlik həyatıma təsir edən kitablardandır. Oxuduqlarımızla dəyişmiriksə, zəhmətimiz havayı gedir.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Dünyanın ən güclü robot komandalarının iştirak etdiyi texnoloji yarışmada regiondan olan komandamız inanılmaz uğur qazanıb.
Güman ki, tətil dövrünə təsadüf etdiyindən, mənə elə gəlir ki, bu hadisə cəmiyyətdə yetərincə diqqət cəlb etmədi.
Əslində isə baş verən Azərbaycan üçün çox ciddi hadisədir.
Təsəvvür edin, dünyanın ən güclü robot komandalarının, 80 ölkədən 450 komandanın yarışında Azərbaycanın regiondan olan komandası misli görünməmiş uğur qazanıb.
Azərbaycandan bu yarışda 8 komanda iştirak edib.
Zaqatala və Balakən məktəblilərindən ibarət
Azərbaycan komandası Dünya Robot Olimpiadasında ilk dəfə olaraq 2-ci yer qazanıb.
"Village Boys" komandası bu uğuru "Future İnnovators-Junior" kateqoriyası üzrə qazanıb.
"Village Boys" komandasının üzvləri: Zaqatala rayon Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyin şagirdi
Hacıyev Hacı Abakar oğlu,
Zaqatala rayon Əliabad qəsəbəsi 4 saylı məktəbin şagirdi
Əlibəyov Əlibali Ruslan oğlu,
Balakən rayonu Zərifə Əliyeva adına liseyin şagirdi Muradlı Nihat Nicat oğlu.
Bu olimpiadanın əsas missiyası dünyada robotexnika və STEAM -əsaslı təhsilin inkişafına dəstək verməkdir.
Azərbaycan milli komandası Panamada keçirilən Dünya Robot Olimpiadasında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının dəstəyi ilə iştirak edib.
Hər iki qurumun ölkədə bu sahənin inkişafında və lokal robot olimpiadalarının təşkilindəki ardıcıl fəaliyyəti təqdirəlayiqdir.
Düşünürəm ki, Azərbaycan komandasının dünya miqyaslı bu cür texnoloji yarışmada gümüş medal qazanması çox böyük uğurdur.
Ümid edirəm ETN, regional təhsil rəhbərləri və rayon rəhbərləri də baş verənlərin fərqindədir.
Qalibləri, məktəb rəhbərlərini və müəllimlərini, valideynlərini, olimpiadaya hazırlayan komandanı təbrik edirəm.
Aqşin Yenisey, şair:
- Mədəniyyət Nazirliyinin Ekspo Mərkəzində təşkil etdiyi kitab sərgisi bitdi. Beş gün kitabın başına fırlanan "zəvvarlar" hərəsi bir xatirə ilə bu gün sərgidən ayrıldılar.
On bir ölkədən nümayəndələrin iştirak etdiyi sərgidə mənim üçün yaddaqalan hadisələr oldu ki, istədim onların bəzilərini sizinlə bölüşüm.
Birincisi, çox yaxşı haldır ki, vəzifəsindən asılı olmayaraq nazirlik təmsilçiləri bu beş gün ərzində özlərini bürokratik heyət kimi deyil, əsl ev sahibi kimi apardılar, bir növ, yaxından-uzaqdan gələnlərin qulluğunda durdular. Ənənəvi məmura "yaraşmayan" bu davranışları ilə xalqın kitab oxuyan, kitab yazan kəsiminə yaraşan performans sərgilədilər.
İkincisi, bu sərgidə Azərbaycan yazarlarının və diqqətli oxucularının beynəlxalq mükafat tilsimi qırıldı. Sərgiyə dəvət olunmuş omanlı yazıçıya verilən Buker mükafatının romanın bədii-estetik gözəlliyinə deyil, orientalist konyukturaya hesablanmış özəlliyinə verildiyi məlum olunca, ədəbi mühitimiz içindən cin çıxarılan adam kimi rahatlaşdı. Bu mükafat cininin çıxarılmasında Qismət Rüstəmovun əməyi danılmazdır.
Üçüncüsü, bu sərgi ədəbiyyatımızda, az qala, bir məğlubluq ənənəsi kimi formalaşmış özümüz yazıb, özümüz oxumaq kompleksimizi aşmağımız üçün bizə güc verdi.
Dördüncüsü, sərgi kitab bazarını yaradan müəllif-naşir-oxucu üçlüyünü bir araya gətirməklə ümumi mənzərəni göz önünə qoydu, yazılı mədəniyyətimizin potensialını qıymətləndirmək üçün əla fürsət oldu.
Beşincisi və ən əsası beş gün ərzində ölkədə kitaba meyilli təbəqənin əsasən həm yazan, həm oxuyan gənclərdən ibarət olması cəmiyyətimizin gəncləşməyə dartındığı gerçəkliyini ortaya qoydu ki, bu da birmənalı olaraq 44 günlük müharibədə əldə olunan qələbənin təsiridir. Ölkədə aşağıdan başlayan gəncləşmə prosesinə görə yazıçılarımıza, şairlərimizə, rejissorlarımıza, bəstəkarlarımıza, rəssamlarımıza deyil, əsgərlərimizə borcluyuq. Sərgidə dolaşan gənclik ruhu ədiblərimizin deyil, əsgərlərimizin ruhu idi.
Müsəllim Həsənov, jurnalist:
- BİLİRDİNİZMİ
...ki, bir neçə ay əvvəl "Bravo" hipermarketində yerləşən bankomatdan silahlı basqın yolu ilə pul çıxarmaq istəyən şəxs bu cinayəti falçının məsləhəti ilə edib?
Təqsirləndirilən şəxsin ifadəsi: Ruhlan dedi ki, falçıya baxdırmışam, falçı deyib ki, basqının nəticəsi yaxşı olacaq...
Tarix: 15 noyabr 2023-cü il.
Məkan: Azərbaycan.
P.S. Gərək Cəlil Məmmədquluzadənin qəbrini ziyarət edək. Görəsən, hər şey qaydasındadırmı?
Asif Nərimanlı, jurnalist:
- Avropa İttifaqının nümayəndəsi Cozef Borelin son açıqlaması Qərbin "Azərbaycanın Ermənistana hücum edəcəyi" ittihamını informasiya müstəvisindən rəsmi səviyyəyə yüksəltməsi deməkdir. Borel bildirir ki, Azərbaycana "Ermənistanın ərazi bütövlüyü pozulmasının ağır nəticələrinin olacağı" haqda xəbərdarlıq ediblər.
Qəribə situasiya yaranıb: rəsmi Bakı hansısa hücum hazırlığının olmadığını deyir, hətta "hücum ittihamlarının" istinad nöqtəsi olan Zəngəzur dəhlizinə marağın itdiyini bəyan edib, Qarabağda antiterror tədbirlərindən sonra hərbi müstəvidə də hansısa hərəkətlilik yoxdur, əksinə, Azərbaycan sülh gündəliyini önə çıxarıb, buna rəğmən, ittihamlar dayanmır, əksinə, daha da artır və Bakının bütün açıqlamaları, təkzibləri gözardı edilir.
Bütün bunlar Cənubi Qafqazda müəyyən ssenarilərin tətbiqinə hazırlığın tərkib hissəsidir və hədəf məlumdur:
Cari hədəf: Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənmək;
Ortamüddətli hədəf: Rusiyanı Ermənistandan çıxarmaq, bölgədə mövqelərini zəiflətmək;
Uzaqmüddətli hədəf: dəhlizlər uğrunda mübarizədə Orta dəhlizin önünü kəsmək üçün yeni münaqişə ocağı yaratmaq, bu marşrutda təsir imkanları qazanmaq;
Cari hədəf istiqamətində intensiv addımlar atılır:
- Fransa Ermənistanın silahlandırılmasını və ordusunun yenidən dizayn edilməsini üzərinə götürüb;
- Avropa İttifaqının müşahidə missiyasının sayı artırılır;
- Aİ üzvü olmayan Kanadanın müşahidə missiyasına qoşulması NATO-nun bu missiya adı altında Ermənistana daxil olması kimi də qəbul edilə bilər;
- Ermənistana hərbi yardım təkcə Fransa ilə məhdudlaşmır, Aİ Sülh Fondu çərçivəsində prosesə qoşulur;
Ortamüddətli hədəf - Rusiyanın Ermənistandan çıxarılması - cari hədəfə paralel şəkildə həyata keçirilə bilər, çünki Qərb İrəvan üzərindən bölgədə möhkəmlənərkən, Moskvanın əks-həmlələrinin də qarşısını almalıdır.
Daha öncə də yazmışdıq: bu hədəfə nail olmaq - Rusiyanın Ermənistandakı təhlükəsizlik rolunu sıradan çıxarmaq və onun yerini tutmaq üçün əsas-bəhanə lazımdır. Bu hədəfə aparan yolda Azərbaycanın vasitə olaraq seçildiyi görünür. Və hazırlanan ssenaridə sərhəd təxribatının törədiləcəyi istisna deyil. Ermənistan Azərbaycana hücum edir və yaranan eskalasiya fonunda Rusiyanın, eləcə də KTMT-nin "müdafiə öhdəliklərini" yerinə yetirmədiyini əsas gətirərək, "təhlükəsizlik müttəfiqini" dəyişdirməyi, təşkilatdan çıxmağı aktuallaşdırır;
Bakının bütün təkziblərinin, rəsmi açıqlamalarının gözardı edilərək, irəli sürülən "Azərbaycan Ermənistana hücum edəcək" ittihamı ictimai rəydə "alibin" yaradılmasına hesablanıb. Və Borelin timsalında ittihamın rəsmiləşdirilməsi prosesdə təxribat mərhələsinə keçildiyi, yaxud yaxın dövrdə keçiləcəyi ehtimalını ön plana çıxarır.
Bu kontekstdə əsas diqqətçəkən məqam Nikol Paşinyanın KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsidir. Nikol anlayır ki, bu, Rusiyanın təzyiqinin artmasına səbəb olacaq və sammit gününə qədər, eləcə də ondan sonra Moskva-İrəvan xəttində kəskinləşməni gücləndirəcək. Azərbaycanla sərhəddə eskalasiyanın yaradılması ssenarisi də həm Moskvanı qabaqlamaq, həm də İrəvanın təşkilatdan çıxmasını aktuallaşdırmaq məqsədilə məhz KTMT-nin sammiti ərəfəsində tətbiq edilə bilər.
Mümkün təxribat ssenarisində proseslərin nəzarətdən çıxması və genişmiqyaslı hal alması gözləntisi də var. Əslində Orta dəhliz üzərində qanlı toqquşma planlarında hədəflərdən birinin bu olduğu da istisna edilməməlidir.