Noyabrın 18-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında şair və ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyi (AYB) Gənclər Şurasının sədri Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü keçirilib. Görüşü Muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq F.Hüseynin həyat və yaradıcılıq yolu haqqında qısa məlumat verib. Onun əsərlərinin öz dünyagörüşü, həqiqi yaşantıları və bədii ilhamının vəhdətindən yaranmasından, tarixə, klassik irsimizə, müasir dünyada cərəyan edən ədəbi, ictimai-siyasi hadisələrə, zaman, məkan anlayışına analitik yanaşmaqla yanaşı, ənənəyə sədaqətindən, şeirlərilə özünəməxsus üslub yaratmaq məharətindən bəhs edib.
525.az xəbər verir ki, tədbirin qonağı - şair, tərcüməçi və esseist, AYB-nin katibi Səlim Babullaoğlu çağdaş Azərbaycan sərbəst şeirinin gənc nümayəndəsi Fərid Hüseyni gənc yazarlar içərisində ən məhsuldar yazıçı adlandırıb və onun bədii, publisistik, tədqiqat əsərlərini çox yüksək qiymətləndirdiyini bildirib.
F.Hüseynin klassik ədəbiyyatla bağlı araşdırmalarının həm özündən əvvəlki, həm dəgələcək nəsillər üçün dəyərli töhfə olduğunu, onun “Səmərqənd divanı” silsiləsini 32 illik müstəqillik dönəminin ən qiymətli nümunələrindən biri kimi dəyərləndirib.
Mərkəzi Aran Regional İdarəsinin Kürdəmir rayonu üzrə nümayəndəsi Vaqif Alıyev F.Hüseynin özünəməxsus üsluba və istedada malik olmasından, əsərlərində mövzu və süjet xəttinin həyatiliyindən, tərcümələrinin orijinallığından bəhs edib.
Gənc nasir və şair Səxavət Sahil F.Hüseynin şəxsiyyətinin bütövlüyündən, dostluğa sədaqətindən, yardımsevərliyindən söhbət açıb, onun klassik ədəbi irsə dərindən bələ dolmasından danışıb.
Tədbirdə F.Hüseynin şeirləri əsasında hazırlanmış videoçarxlar nümayiş olunub və tədbir iştirakçıları gənc şairin şeirlərindən nümunələr səsləndiriblər.
Sonra F.Hüseyn çıxış edərək yaradıcılığı, həyatı, əsərlərinin sujet xətti və yazılma səbəbləri haqqında oxucularına geniş məlumat verib. Görüşün sonunda şair oxucuların ona ünvanladığı sualları cavablandırıb və maraqlı görüş üçün muzeyin əməkdaşlarına və oxucularına minnətdarlığını bildirib.
Görüşün sonunda Fərid Hüseyn yeni çıxmış kitablarını muzeyə və oxucularına hədiyyə edib.