525.Az

“Biz qayıdacağıq...” sənədli filminin təqdimat mərasimi keçirildi


 

“Biz qayıdacağıq...” sənədli filminin təqdimat mərasimi keçirildi <b style="color:red"></b>

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi “Biz qayıdacağıq…” sənədli filmini təqdim edib.

525.az Yenicag.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin “Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı – Biz Qayıdacağıq!” layihəsi çərçivəsində hazırlanmış sənədli filmi təqdim olunub.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə tarixi missiyanın davam etdiyini vurğulayıb:

“44 günlük Vətən Müharibəsində hamımız “Biz qarabağlıyıq” deyirdik, indi isə hamımız “Qərbi azərbaycanlıyıq” deyirik. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin irəli sürdüyü tarixi missiyada biz də öz birliyimizi daim göstərməliyik”.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında təqdim olunan sənədli filmin tarixi əhəmiyyətini önə çəkib:

“Hazırlanmış sənədli film bu gün və gələcək üçündür. Bu film yalnız Qərbi azərbaycanlılar üçün yox, bizim hər birimiz üçün əhəmiyyətlidir. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin “Qərbi Azərbaycan” ideyası üzərində işlərimiz davam edəcək”.

Daha sonra söz alan şəhid ailələrinin üzvləri, qazilər, Milli Məclisin deputatı Vüqar İskəndərov, professor Firudin Cəlilov, fəlsəfə doktoru Pərviz Səmədov və psixoloq Rövşən Nəcəfov sənədli film haqqında təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, sənədli filmin ssenari müəllifi və rejissoru Teymur Zahidoğludur.

 

 

 





20.11.2023    çap et  çap et