ABŞ və Qərb insan haqları, demokratiya, söz azadlığı adı altında müxtəlif regionlarda öz hegemon siyasətlərini həyata keçirməkdədirlər. İllərdir davam edən bu strategiya müxtəlif xalqlara, dövlətlərə yalnız bədbəxtlik gətirib, onları uçuruma yuvarlayıb. Yaxın tarixə nəzər saldıqda, "narıncı", "ərəb baharı" inqilabları adı altında müxtəlif ölkələrdə yaradılmış xaos, qarşıdurmalar, vətəndaş müharibələrinə sürüklənmələr göz önünə gəlir. Hansı ki, qeyd edilən ssenarilərə məcburi cəlb edilən ölkələrdə bu gün də vəziyyət tam sabitləşməyib. Eyni zamanda ortada illərdir böyük güclərin savaş meydanına çevrilən Əfqanıstan nümunəsi var. ABŞ və onunla bir koalisiyada olan Qərb ölkələri 20 il sonra Əfqanıstanı çıxılmaz vəziyyətə salaraq ölkəni qəfil tərk etdilər. 20 il ərzində ABŞ Əfqanıstanın inkişafı, bərpası, yeni infrastrukturun qurulması üçün heç bir addım atmadı.
Vaşinqtonun Əfqanıstana müdaxiləsi 2001-ci il 11 sentyabr hücumlarından sonra oldu. "Terrorizmlə müharibə" adı altında ölkəyə daxil olan Birləşmiş Ştatlar elə Əfqanıstanı "Taliban"ın ümidinə buraxaraq da Kabili tərk etdi. 30 avqust 2021-ci ildə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi ABŞ qüvvələrinin Əfqanıstandan çəkilmə prosesinin tamamlandığını bəyan etdi. Bu faktın özü ABŞ-ın və onunla bir koalisiyada olanların iç üzünü, əsl simasını açıq şəkildə göstərir. Ötən 20 il ərzində Əfqanıstanda 100 mindən çox mülki əhali həlak oldu. Bu, hələ rəsmi statistikadır. Təbii ki, ölənlərin sayı daha çoxdur. "Taliban" komandirlərini ələ keçirmək üçün aparılan əməliyyatlarda, onların hədəflərinin bombalanması zamanı mülki əhali qətiyyən nəzərə alınmırdı. Ona görə də öldürülən dinc insanların sayı günü-gündən artırdı. Bu güclər üçün əsas onların öz maraqları idi. Təəssüf ki, bu cür qətillər araşdırılmadı, insan haqlarını əlində bayraq edən güclər dinc insanların qətillərinə görə öz hərbçilərinə heç bir cəza vermədilər.
ABŞ və Qərbin bu cür mənfur strategiyaları indi də davam edir. Təəssüf ki, onların oyunlarına, yalan vədlərinə inanan bəzi liderlər öz dövlətinin, xalqının problemlərinin həllini bu qüvvələrin əlinə verirlər. Bir müddət keçdikdən sonra isə həmin qüvvələrin onları necə çıxılmaz, ağrılı vəziyyətə saldıqlarının fərqinə varırlar. Ukraynadakı bugünkü vəziyyət həmin ABŞ-ın, Qərbin əl işidir. Necə ki, Gürcüstanı, Əfqanıstanı yarı yolda qoydular, Liviyada, İraqda, Suriyada və digər nöqtələrdə faciələr, qarşıdurmalar yaratdılar, bu gün artıq Ukraynanı da eyni durumda qoyub, geri çəkilməyə hazırlaşırlar. Digər ölkələrin daxili işlərinə müdaxiləni, marionet rejimlərin yaradılmasını özünə hədəf seçən ABŞ və Qərb dövlətlərinin özü daxili problemlərlə çalxalanır. İnsan haqları pozuntusu, ksenofobiya, iqrqçilik, nifrət zəmnində cinayətlər və s. ABŞ-da qara dərililərə qarşı ayrı-seçkilik, onların polis tərəfindən istənilən an qətlə yetirilməsi faktları saysız-hesabsızdır. Və özünü demokratiyanın beşiyi adlandıran bu ölkədə polis həmişə haqlıdır. Bir neçə il əvvəl Corc Floydun polis tərəfindən təhqiramiz hərəkətlərə məruz qalması və öldürülməsi böyük səs-küy yaratmışdır. Polis Floydun boynuna dizi ilə basaraq onun nəfəs almasına mane olmuş və ölümünə səbəb olmuşdu.
Bu günlərdə BMT-nin irqçiliyin müasir formaları üzrə xüsusi məruzəçisi Aşvini K.P. Birləşmiş Ştatlarda səfərdə olub və öz açıqlamasında bildirib ki, ABŞ-da cəmiyyət sistematik olaraq irqçilik və irqi ayrı-seçkiliklə üzləşməkdə davam edir. Oktyabrın 31-dən noyabrın 14-dək Amerikanın bir neçə ştatında olan məruzəçi 2024-cü ilin iyununda səfəri haqqında tam hesabat təqdim edəcək. Aşvini xüsusən irqçiliklə mübarizəyə yönəlmiş hökumət təşəbbüslərinin insanların əksəriyyəti üçün hələ də əhəmiyyətli irəliləyişlərə səbəb olmadığından və güc bərabərsizliyinin əsasında duran ağ üstünlüyü problemini həll etməməsindən narahatlığını bildirib. Onun sözlərinə görə, bu, irqi ayrı-seçkiliyin müasir formalarını dəstəkləyir.
"Mən eşitmişəm ki, hökumət təşəbbüsləri hələ də əhəmiyyətli irəliləyişlərə gətirib çıxarmayıb, irqçiliyin müasir formalarını alovlandıran güc balanssızlığının əsasını təşkil edən ağ üstünlüyü problemini adekvat şəkildə həll etmir. Birləşmiş Ştatlar irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüklə mübarizədə kritik bir mərhələdədir", - deyə o bildirib.
Həmçinin irqi ədalətə nail olmağa yönəlmiş təşəbbüslərə qarşı koordinasiyalı müqaviməti qeyd edib. Aşvinin səfəri zamanı tanış olan insanların çoxu fundamental hüquqları uğrunda mübarizə aparmağın zəruriliyindən və nə qədər tez-tez maneələrlə qarşılaşdıqlarından danışıblar.
Mütəxəssis ABŞ-ın irqi ayrı-seçkiliyə qarşı mübarizədə kritik mərhələdə olduğunu vurğulayıb. BMT ekspertinin bəyanatında deyilir ki, irqçiliyin təzahürləri irqi cəhətdən təcrid olunmuş qruplara mənsub insanlara həyatlarının hər mərhələsində tarixən, sistemli və institusional olaraq təsir edir.
Bundan əvvəl BMT-nin İnsan Haqları Komitəsi də öz hesabatında qeyd edib ki, ABŞ-da cinayət ədaləti etnik azlıqlara qarşı ağdərililərdən daha sərtdir. Qaradərili insanlar daha çox ölüm cəzası alırlar və daha ağır cəzalara məruz qalırlar.
2023-cü ilin əvvəlində hüquq-mühafizə orqanlarında irqi ədalətin və bərabərliyin inkişafı üzrə Beynəlxalq Müstəqil Ekspert Mexanizminin nümayəndələri də bildirmişdilər ki, sistemli irqçilik Amerika polisi və cinayət ədalətinə nüfuz edir və buna görə də ABŞ hakimiyyəti bunu aradan qaldırmaq üçün onları fəal şəkildə islahat etməlidir. Bu mexanizm 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən yaradılıb və onun işində üç ekspert iştirak edir.
Almaniya, Fransa, Kanada və digər Qərb ölkələrində də eyni pozuntular qalmaqdadır. Son vaxtlar Almaniyada ksenofobiya mənbəli hücumlar artıb.
Qeyd edilən hallarla bağlı Fransa daha "öndədir". Paris Avropa şəhərləri arasında müsəlman əhalinin sayına görə ilk yerlərdən birini tutur. Məlumata görə, 1978-ci ildən ölkədə yaşayan fərdlərin irqi, etnik və dini mənsubiyyəti barədə məlumatın toplanması birmənalı qadağan olunub. Bu, Fransanın rəsmi dövlət siyasəti kimi qəbul olunur. Bunun səbəbi kimi ölkədə yaşayan etnik, dini və digər azlıqların cəmiyyətə inteqrasiyası, onların problemlərinin həlli üçün əsas maneə kimi göstərilir. Əslində isə azlıqların problemi Fransa cəmiyyətinin gözündə "görünməz" kimi qəbul edilir. Fransada belə düşünürlər ki, etnik və dini zəmində ayrı-seçkiliyə dair statistik məlumatlar nə qədər toplanılmır, təhlillər aparılmır bir o qədər yaxşıdır, bixəbər cəmiyyət daha sağlam yaşam əldə edir. Dövlət nə qədər qadağalar tətbiq etsə də, ölkənin müsəlman əhalisi, afrikaəsilli fransızlar və digər etnik və dini qruplara qarşı ayrıseçkilik halları çoxalıb. Söhbət təkcə ölkə daxilində hakim dairələrin yürütdüyü ayrı-seçkilik siyasətindən getmir, Fransa müstəmləkəsi olan ölkələrdə də bu siyasəti davam etdirir. İllərdir Afrika qitəsində öz hegemonluğunu quran, bu ölkələrin sərvətlərini talayan Fransa, insanlara zülm etməklə məşğuldur. Hətta azyaşlıları belə istismar edir, onları ağır işlərə cəlb edir, qızıl mədənlərində işlədir. Fransanın imza atdığı ən qanlı hadisələrdən biri də 1967-70-ci illərdə Nigeriyanın cənub-şərqində başlatdığı separatçı müharibədir. Fransa xüsusi xidmət orqanları tərəfindən qızışdırılan yerli separatçılar qondarma "Biafra Respublikası"nı təsis edərək yerli hakimiyyətə qarşı qanlı döyüşlər aparıblar. Məhz bu zaman yüz minlərlə insan həlak olub, dəyən ziyan isə milyardlarla ölçülür.
Yuxarıda qeyd etdiyimiz kimi, eyni hallar Kanada da geniş yayılıb. Xüsusilə, islamofobiya, nifrət zəminində cinayətlər, rasizm. Müsəlmanlara qarşı bu ölkədə açıq hücumlar, təqiblər həyata keçirilir. Bütün bunlar "demokratiyanın", insan haqlarının, söz azadlığının "beşiyi" olan güclərin əslində mahiyyətlərinin nədən ibarət olduğunu bir daha təsdiqləyir.