525.Az

Qarabağ zəfərimizin qaytardığı cəsarət - Sosial şəbəkədə yazılanlar


 

Qarabağ zəfərimizin qaytardığı cəsarət - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Ləman Ələşrəfqızı, jurnalist:

- Səməd Behrənginin "Balaca qara balıq" əsərini oxuyanda balaca bir qız idim. Sovet Azərbaycanında, ucqar bir kənddə yaşayan, amma kitabı təkcə oxumaq üçün yox, həm də qoxlamaq, iyini ciyərlərinə çəkmək üçün "həftə səkkiz, mən doqquz" kənd kitabxanasının sınıq-salxaq pilləkənlərini qalxan balaca bir qız. "Balaca qara balığ"ı da kitabxanadan seçmişdim, amma bu balaca, qara balığın missiyasını  sadəcə kiçik bir gölməçədən böyük çaylara, okeanlara doğru üzmək arzusu kimi anlamışdım. Onda AZADLIQ sözü bizə yad idi. Balaca qara balığın azadlıq eşqini mənim kimi balaca uşaqlara anladan böyüklər də yox idi. Mən Cənubu Səməd Behrəngidən yox, Rübabə Muradovadan anlayırdım. Heç onu da bilmirdim ki, Oğuzun kiçik bir dağ kəndində bu kitabı bir balığın hekayəsi kimi oxuduğum vaxt cənubda mən yaşda uşaqlar onu oxumaq üçün hansı təhlükələrə baş vururdular. Kitabxanaçı Bəhram Əşrəf ağa məhz bu kitaba görə dar ağacından asılmışdı. Onun müəllim dostu Əlirza Şükrü Əfşar ağa ilə eyni gündə.

Mən Fatmanın, Qəmərin, İsgəndərin və yüz minlərlə cənublu bacı-qardaşlarımızın real həyat hekayəsini o günlərdə Səməd Behrəngidən yox, bu günlərdə Eluca Atalidan öyrəndim. İran Hizbullah zindanında əsərindən.

Dəyərli bacım, ürək ağrısı ilə oxudum bu kitabı. İranın fars-molla rejimini bizə bu qədər səhih, detallı tanıtdığınız üçün çox sağ olun. Əminəm ki, bir gün balaca qara balıqlar mütləq azadlıqlarına qovuşacaqlar.

Yeri gəlmişkən, ad gününüzü də təbrik edirəm. Azad ruhunuz, azad qələminiz, azad düşüncəniz var olsun.

 

Şəhriyar Del Gerani, şair:

- Heç kəsin xətrinə dəyməsin, İsveç millisiylə dünənki oyunda Emin Mahmudovun vurduğu özünün ikinci, komandasının üçüncü qolunda Qarabağ Zəfərimizin birbaşa rolu var. Yalnız qalib xalqın yığmasının hücumçusu o boyda məsafədən - təxminən meydançanın mərkəzindən qol vurmaq haqda DÜŞÜNƏ bilər. Bir daha təkrar edirəm, söhbət qoldan getmir, vurulan top qol olmaya da bilərdi, söhbət onca məsafədən qol vurmaq haqda düşünmək cəsarətindən gedir. Bəli, cəsarət kişinin istedadıdır. Bu, haqq sözdür. Bu cəsarəti də bizə QARABAĞ ZƏFƏRİmiz qaytardı. Bütün qazilərimizə Allahdan səbr və şəfalar, şəhidlərimizin ruhuna Eşqlər!

 

Ərşad Hüseynov, hüquqşünas:

- Dünən axşam Bakıda baş verən hadisə "Yol-nəqliyyat hadisələri hər kəsin və hər yerdə başına gələ bilər" fikrini ən pis nümunəsi ilə bir daha təsdiqlədi...

Ölkəmizin tanınan həkimlərindən olan, Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun idarə etdiyi avtomobillə tanınmış türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu vurularaq dünyasını dəyişib.

Çox təəssüf. Hadisənin detalları barədə məlumat yoxdur. Amma bildiyimiz bircə şey var: yollarda qırğın davam edir. Potensial olaraq hər kəs qurban, eyni zamanda hər kəs qatil (bu ifadəni birbaşa hüquqi mənasında yox, sadəcə insan ölümündə iştirakçı mənasında işlətmişəm) ola bilər...

Ona görə də, təkrar-təkrar dediyimiz kimi, dəyişmək lazımdır, dəyişdirmək lazımdır. Çox gecikirik...

Allah alimimizə rəhmət eləsin, həkimə isə ədalətli və obyektiv araşdırma nəsib olsun.

Keçmiş olsun...

 

Asif Nərimanli, jurnalist:

- BMT-nin Beynəlxalq Məhkəməsi qərar çıxarıb ki, Azərbaycan Qarabağı tərk etmiş və qayıtmaq istəyən ermənilərə şərait yaratmalıdır.

Rəsmi Bakı bunu etməyə hazır olduğunu əvvəldən bəyan edib. Buna baxmayaraq, "Azərbaycan ermənilərin geri qayıtmasını təmin etməlidir" məsələsi mütəmadi olaraq gündəmə gətirilir. Erməni əhalisi isə geri qayıtmaq niyyətində deyil, əslində onları "qaçqın" elan edən rəsmi İrəvan da siyasi və iqtisadi maraqlarına görə bunu istəmir. Burada məqsəd "Qarabağın erməni əhalisindən" Bakıya qarşı təzyiq aləti kimi istifadə etməkdir.

Qərarda diqqətçən bir məqam da var: Azərbaycan Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir.

Birincisi, erməni əhalisinin şəxsiyyətini təsdiq edən sənəd Ermənistan pasportu və qondarma rejimin saxta "pasportları"dır: ermənilər özləri ilə sənədlərini də aparıb, bu baxımdan, həmin sənədlərin Azərbaycan tərəfindən saxlanılması praktiki olaraq mümkün deyil.

İkincisi, Azərbaycanın suveren ərazisində başqa ölkənin və qondarma rejimin "pasportunun" mövcudluğu beynəlxalq hüquqa uyğun gəlmir: BM-nin qərarındakı bu tələb kağız üzərində "qeyd" olaraq qalacaq.

Üçüncüsü, erməni əhalisinin xüsusi mülkiyyət sənədləri şübhəlidir, çünki onların böyük hissəsi işğal dövründə Azərbaycan ərazisinə qanunsuz köçürülüb və qovulan azərbaycanlıların mülklərini ələ keçiriblər.

BM-nin qərarı praktiki müstəvidə nəyisə dəyişmək gücündə deyil. Lakin qərara əsasən Azərbaycan 8 həftə ərzində ermənilərin hüquqlarının təmin edilməsi və görülən tədbirlər barədə BM-yə hesabat təqdim etməlidir. Rəsmi Bakı hesabata işğal dövründəki qanunsuz köçürmələri, gedən ermənilərin böyük hissəsinin Qarabağa aidiyyətinin olmadığı faktlarını, o cümlədən, ermənilənin mənimsədiyi mülklərin azərbaycanlılara məxsus olduğuna dair sənədləri daxil edə bilər.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti: 

- MİDA "Güzəştli mənzil" sisteminin DEMO versiyasını istifadəyə verib, əlavə təhlükəsizlik tədbirləri görülüb.

Növbəti onlayn mənzil satışı bir aydan sonra, 16 dekabr tarixdə, həftənin 6-cı günü, saat 11-də baş tutacaq.

Bu onlayn satışa hazırlıq üçün MİDA yenidən 1 aylıq müddət üçün satış modulunun DEMO versiyasını aktivləşdirib.

DEMO haqqında çox yazmışıq. Bu sınaq versiyada məşq etmədən uğur qazanmaq şansı, demək olar ki, yoxdur.

DEMO versiya istifadəçilərə mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, ASAN imzadan və artıq həm də SİMA-dan, həmçinin  texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.

DEMO dan istifadə, uğur qazanmaq üçün diqqət yetiriləcək məqamları bir daha aşağıda paylaşıram.

Diqqət!

MİDA bu dəfə də açıqlayıb ki, "Güzəştli mənzil" sistemində 16 dekabr - 23 dekabr 2023-cü il tarixlərində keçiriləcək mənzil seçimi prosesində də əlavə təhlükəsizlik tədbirləri görülüb.

Yəni CAPTCHA-nı doldurmaqla bağlı və sistemdəki digər addımlar üçün sürprizlər ola bilər.

Sonuncu satışla bağlı da xeyli problemlərin olduğu bildirilirdi. MİDA yalnız fərdi qaydada bunlara aydınlıq gətirdiyini bildirib.

Bütün bunlar haqqında, MİDA sisteminin təkmilıəşdirilməsi, şəffaflığın artıtılması və alternativ satışla bağlı təkliflərimizi də zaman-zaman MİDA-ya təklif etmişik.

Diqqət!

"Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşların "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən  Asan İmza və ya SİMA İmza ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun DEMO versiyasından istifadəyə başlaması faydalı olardı.

P.S. MİDA hələlik növbəti onlayn satış prosesində şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi istiqamətində atılacaq addımlar haqqında açıqlama verməyib.

 

Elxan Şahinoğlu, politoloq:

- Alternativsizlik Şərq istiqamətini aktuallaşdırıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmirti Peskov son açıqlamalarından birində deyib ki, Rusiya xarici siyasətdə şərq istiqamətinə xüsusi əhəmiyyət verməyə başlayıb. Kremlin başqa alternativi qalmayıb. Ukrayna müharibəsinə görə Avropa ölkələri Rusiyadan üz döndəriblər. Ona görə də belə şəraitdə Kreml başqa alternativlər və bazarlar axtarmağa başlayıb.

Peskov şərq istiqaməti dedikdə ilk növbədə Rusiyanın Çinlə strateji əlaqələrini nəzərdə tutub. Rusiya prezidenti Vladimir Putin oktyabrın 17-də Pekində "bir kəmər, bir yol" forumuna qatılmışdı. Putin Ukraynaya qarşı müharibəyə başladıqdan sonra xarici ölkələrə səfər etmir. Putin Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfər dəvətindən son anda imtina etdi. Putin o ölkələrə səfər edir ki, Rusiyanın həmin ölkə ilə strateji əlaqələri üst səviyyədədir və özünün təhlükəsizliyi yüksək səviyyədə qorunacağı vəd edilir. Buna görə də Putin son iki ildə bir neçə ölkəyə, o cümlədən, Belarusa, Qazaxıstana və Çinə səfər edib. Putin Pekindəki forumda iştirak etməklə yanaşı, Çin lideri Tsi Cinpinlə üz-üzə qapalı şəraitdə bir neçə saat ərzində fikir mübadiləsi aparıb. Müxtəlif ölkələrin ekspertləri iki liderin qapalı şəraitdə nələri müzakirə edə biləcəyini müəyyənləşdirməyə çalışıblar.

Birinci mövzu təbii ki, Rusiya və Çinin ümumi rəqibi - ABŞ-la mübarizə barədə olub. Moskva və Pekin birgə səylərlə beynəlxalq aləmdə ABŞ-ın hegemonluğuna son qoymağa çalışırlar. Bu məqsədlə Pekin və Moskva BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) və Şanxay Əməkdaşlıq Təşkilatını gücləndirməyə və təşkilatlara üzvlərin sayını artırmağa qərar veriblər. Ancaq bu təşkilatlardakı üzvlərin heç də hamısı Moskva və Pekinin istəyi ilə Qərblə düşmən olmaq istəmirlər. Misal üçün Hindistan və Qazaxıstan ABŞ və Avropa İttifaqının müxtəlif ölkələri ilə ortaq layihələr reallaşdırmağa çalışırlar.

İkinci mövzu Rusiya və Çinin iqtisadi inteqrasiyasını gücləndirməkdir. Ancaq bu inteqrasiya Rusiyanın Çin bazarından asılılığına gətirib çıxarıb. Rusiya Avropaya saata bilmədiyi məhsulların tamamını Çinə yönəldib. Rusiya Çinə neft, qaz, taxta və əlvan metallar satır, əvəzində hazır məhsullar alır. Çinin isə Rusiyanın hazır məhsullarına ehtiyacı yoxdur. Çünki Rusiya iqtisadiyyatı enerji resurslarının istismarı üzərində formalaşıb. Çinin alıcılıq gücünün zəifləyəcəyi halda bunun Rusiya iqtisadiyyatına da mənfi təsiri artacaq.

Üçüncü mövzu Çinlə Rusiya arasında hərbi əməkdaşlığın gücləndirilməsidir. İki ölkə il ərzində quruda və dənizdə müxtəlif birgə hərbi təlimlər keçirirlər. Pekin və Moskva bu təlimlərin üçüncü ölkələrə qarşı yönəlmədiyini söyləsələr də, Çinə qonşu olan ölkələr bu təlimlərin intensivliyindən narahatdırlar. Rusiya ilə Çin arasında birgə hərbi təlimlərin sayı artdıqca ABŞ, Hindistan, Avstraliya və Yaponiya kimi ölkələr də öz aralarında birgə hərbi təlimlərin sayını artırırlar.

 

 





21.11.2023    çap et  çap et