525.Az

"Haçansa bir şair köçər bu eldən,


 

BİR ŞAİR ADISA YADİGAR QALAR" DEYƏN SƏYAVUŞ SƏRXANLININ HAQLI OLDUĞUNU ZAMAN SÜBUTA YETİRDİ

"Haçansa bir şair köçər bu eldən,<b style="color:red"></b>

...1974-cü ilin soyuq yanvar ayının ilk günləri idi. Biləcəridə, dəmiryolçuların mədəniyyət sarayında mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı vəzifəsində çalışan bir dostumuz növbəti bir tədbir keçirirdi.

"Asudə saatlarının səmərəli keçirilməsi ilə bağlı" təsdiq edilmiş plana uyğun dəmiryolçuların Səyavuş Sərxanlı ilə görüşü olacaqdı. Tədbir təşkilatçısının dəvəti ilə "fəxri qonaqlar" arasında mən də var idim, hələ tələbə idim.

Tədbirdən qabaq təşkilatçının otağında çay içdik. Yox, deyəsən, bu isti çayın klubun iri, gen-geniş, soyuq zalında bizi qızdırmağa gücü çatmayacaqdı. Ev sahibi, demə, əvvəlcədən yüngülvari, xudmani bir hazırlıq görübmüş.

Ev sahibinin təkidi ilə Səyavuş da, axır ki, süfrəyə əl uzatdı. Təbii ki, tədbir təyin edilən vaxtdan bir qədər gec başlandı.

Səyavuş Sərxanlının o illərdə "Ulduz" jurnalında ərazicə yer kürəsinin altıda biri qədər əraziyə malik olan SSRİ adlı nəhəng bir imperiyanın ayrı-ayrı "qardaş" respublikalarına səfər təəssüratları ilə bağlı çap olunan irihəcmli publisistik yazıları geniş oxucu marağında idi.

Səyavuş Sərxanlı Ukraynadan təzəcə qayıtmışdı. O, həmin görüşdə Donbasda yerin altında çalışan kömürçıxaran şaxtaçıların ağır həyatından özünəməxsus emosionallıqla, ağrı-acı ilə danışırdı (Yəqin ki, tədbirdən qabaq "qızınmaq" üçün içdiyimiz "çay"ın da müəyyən təsiri var idi).

"Ulduz" jurnalında Donbas səfəri ilə bağlı yazdıqlarında isə burda danışdığı, söz-söhbətin çoxusu yox idi. Neçə-neçə belə kütləvi tədbirlərdə iştirak etmiş Səyavuş Sərxanlı, əlbəttə, bilməmiş deyildi ki, belə məclislərdə "havadan iy çəkən, sözü göydə tutan ayıq-sayıqlar" da otururlar...

Şair isə heç nədən qorxub çəkinmədən yerin altındakı "cəhənnəmdə" çalışanların "əmək rəşadətlərindən" odlana-odlana, elə özü də yana-yana danışırdı.

Səyavuş Sərxanlı ilə ilk canlı ünsiyyətim o gündən başlandı. O ünsiyyət sonralar dostluğa çevrildi və Səyavuşun vaxtsız ölümünəcən davam etdi.

lll

1977-ci ilin yayı, iyun ayının 22-si idi. Tarix dürüstlüyü ilə ona görə indi də yadımdadır ki, orta məktəblərdə bizə keçirilən tarix fənnindən bilirdik ki, alman faşistləri SSRİ adlanan ölkəmizə 1941-ci ilin iyun ayının 22-də qəflətən basqın etmiş və Vətən müharibəmiz başlamışdı. Bir də ki, Səyavuşun sözləri: "Atasızlıq da mənimlə davaya həmin gündən başladı..."

Səyavuş Sərxanı ilə bir yerdə idik. Səyavuş bildirdi ki, bəs bu gecə qatarla Ağa Laçınlı və 60-cı illərdə əl-əl gəzən əsərin - "Ata laylası" povestinin müəllifi, yazıçı Faiq Dərgahovla Şəmkirə oxucularla görüşə gedəcəklər. Qatarın yola düşməsinə çox qalmışdı və Səyavuş yır-yığış üçün evə yollandı. Neçə gün idi ki, Səyavuş evdə tək idi. Ailəsi qıraqda idi. Qayıdanda halı özündə deyildi, demə, içəri keçməsiylə telefon zəng çalıb, məlum olub ki, atası Əli kişi qəflətən vəfat edib, sabah da dəfnidir. Təbii ki, mən də Səyavuşa qoşulub Şəmkirə getməliydim. Vağzalda qatarın tərpənməsinə az qalmış Ağa Laçınlı ilə Faiq Dərgahov da gəlib çıxdı. Onlar da məsələdən halı oldular, əlbəttə, oxucularla heç bir görüşdən daha söhbət gedə bilməzdi. Səyavuş Sərxanlı nə qədər təkid etsə də, Ağa Laçınlı və Faiq Dərgahovu fikirlərindən döndərə bilmədi. Hər iki sənətkar bizə qoşulub Şəmkirə yollandılar. İxtiyar atanın dəfnində iştirak edib sonra Bakıya geri qayıtdılar.

Mərhumun "yeddisi" çıxanacan Səyavuş məni buraxmadı. Onsuz da bilirdim ki, Səyavuş Şəmkirdə sayılıb-seçilən, xətirli-hörmətli bir ocağın övladıdır. O yeddi gündə mən buna bir daha şahid oldum. O yeddi günün hər birində yas mağarı dolub boşalırdı...

Nə yaxşı ki, sonralar şad-xürrəm günlərində də mən dəfələrlə o ocağın halal süfrəsinin qonağı oldum, duz-çörək kəsdim.

lll

70-ci illərin ortalarında Səyavuş Sərxanlının şöhrəti artdıqca, əlbəttə, bədxahlarının, paxıllığını çəkənlərin də sayı artırdı.

Parlaq gələcəyinə inananlar çox idi.

Amma... Həmyaşıdı olan bir şair həmkarı Səyavuş Sərxanlı haqqında sifarişlimi, ya sifarişsiz, bəlkə də öz düşüncəsi, qərarı ilə hər nəsə... bir məqalə yazıb "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirərək onu plagiatda günahlandırdı.

Doğrudur, Anar müəllim "Ulduz" jurnalındakı bir ədəbi müzakirədə özünə xas obyektivlik, həssaslıq və xeyirxahlıqla Səyavuş Sərxanlını bu haqsız ittihamda müdafiə etdi.

Ancaq...

...Səyavuş Sərxanlı əyilmədi. Sındı. Bu qəfil, gözlənilməz zərbədən sarsıldı və özünə gələ bilmədi. Gələcəyi ümidlər doğuran cavan, istedadlı şairin ilham çeşməsi beləcə qurudu, tükəndi.

lll

1992-ci ilin sentyabrın 5-də rayon statusu yenidən bərpa edilmiş Siyəzəndə yerli "Çıraq" qəzetinin ilk sayı işıq üzü gördü. Qəzetə mən redaktorluq edirdim. İlk sayımızda tanınmış qələm dostlarımın təbriklərini də çap etmişdik. Xahişimi yerinə yetirib təbrik məktubu yollayan Səyavuş Sərxanlı öz ürək sözlərində yazırdı: "Təzəcə şölələnməyə başlayan qəzetinizin adı nədənsə yadıma "qığılcımdan alov doğar" məşhur kəlamını xatırlatdı.

...Daha sonra isə... Gör ağlıma nə gəldi: "Çıraq öz dibinə işıq salmaz" ifadəsi. Elə işığın, odun, yanmağın özü kimi sirli, soraqlı, hikmətli bir deyim...

...Lap sonra isə köhnə şairliyimdən qalan iki misram yadıma düşdü:

 

Qələm nida kimi düz olduğundan

Onun yazdığı da düz olmalıdır!"

 

Səyavuş Sərxanlının o vaxt "Çırağ"ın ilk sayında dərc etdiyimiz təbrik məktubunu, ürək sözlərini niyə xatırladıram?

Səyavuş Sərxanlının "köhnə şairliyini yada salması" məni o vaxt da, elə indi də kövrəldir, mütəəssir edir. Yəqin ki, Səyavuş Sərxanlı "köhnə şairliyini" elə özü də qübarlana-qübarlana yada salırmış...

Axı onu qoymadılar. Qolunu, qanadını dəfələrlə sındıranlar oldu.

lll

1975-ci ilin qarlı-şaxtalı fevral ayının ortaları idi. Rayonumuzun ucqar dağ kəndlərinin birində, məşhur Pirəbədil kənd orta məktəbində ixtisasım üzrə müəllim işləyirdim. Kənd poçtalyonu iri bir konvertdə mənə bir banderol gətirdi. Müəllimlər otağında tez-tələsik banderolu açdım. Hələ oxuculara, abunəçilərə çatdırılmamış "Ulduz" jurnalının 1971-ci il fevral sayı idi. Mündəricata baxmadan dərhal səhifələri tez-tez çevirdim. Və budur, "İlk hekayələr guşəsi"ndə "Buz heykəllər əriyir..." adlı hekayəm. Səhifənin sonunda isə bu ilk hekayəmi o zaman jurnalda nəsr şöbəsinin müdiri kimi çapa verən Səyavuş Sərxanlının mənə ünvanladığı ürək sözləri: "Aydın, əzizim! Qoy bu ilk addım həqiqətən böyük bir yolun başlanğıcı olsun!

Əgər ola bilsə...

Səyavuş Sərxanlı 18 fevral, 1975-ci il".

Bu vaxtacan neçə-neçə kitabım işıq üzü görsə də, "Ulduz"un həmin sayını əzizləyə-əzizləyə qoruyub saxlayıram.

Görəsən, unudulmaz dostumun ümidini doğrulda bilmişəmmi?..

lll

Doğulub boya-başa çatdığı Şəmkir şəhərində orta məktəbi qızıl medalla bitirmişdi. Ən mötəbər ali təhsil ocağının - N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-proflilaktika fakültəsinə qəbul olunmuşdu.

Oxuduğu ali məktəbdə vur-tut bircə illik tələbəlik həyatından sonra özlüyündə belə bir qərara gəlmişdi ki, insanlara nə vaxtsa müalicə üçün yazacağı dəva-dərman reseptlərindən daha çox deyəcəyi poetik sözlə şəfa verə bilər, dərdlərinə o sözləri məlhəm ola bilər. Axı hələ orta məktəb illərindən şeirlər yazırdı və o şeirlər də dövrü mətbuatda çap olunur, oxucular tərəfindən də bəyənilirdi.

Beləcə bir ildən sonra Tibb İnstitutunda təhsilini yarımçıq qoydu, həkim olmaq niyyətindən əl çəkib vidalaşdı. Rayona qayıtdı. Bir neçə il istehsalatda çalışdı. Sonra da ADU-nun jurnalistika fakültəsinə qəbul oldu. O zaman 1962-ci il idi. Tezliklə Səyavuş Sərxanlı imzası mətbuat səhifələrində vaxtaşırı görünməyə başladı.

lll

Ötən əsrin 70-ci illərinin əvvəllərində ilk sevgilərindən nakam qalan, "məhəbbət oxları" daşa dəyən cavanların dilinin əzbəri olan məşhur məhəbbət şeirləri barmaqla sayılacaq qədər idi.

Eşqdən, məhəbbətdən "yarımayan" o cavanlar yaralarına məlhəm, dərdlərinə təsəlli kimi o şeirləri əzbərləyir, bəzən elə ürəklərindəcə səssiz-səmirsiz, misra-misra öz-özlərinə pıçıldayırdılar.

Dildə-ağızda gəzən belə şeirlərdən birinin də müəllifi o idi - ucaboy, qıvrım saçlı, qaraşın, suyuşirin bir oğlan olan Səyavuş Sərxanlı.

Tez-tez oxucularla görüşlərə gedirdi, belə görüşlərin də iştirakçıları da daha çox gənc oğlan və qızlar olurdu, cavan oğlanlar da şairin öz dilindən "Qayıt" adlı o şeiri eşitmək istəyirdilər. Səyavuşun səsi indi də qulaqlarımdadır:

 

Ötəri bulud tək dolmağa nə var,

Ömür istəyirəm, gurşadla yağsın.

Dünyada arxasız qalmağa nə var -

Heç kəs məhəbbətdən yetim qalmasın!

 

Nəğmə aparmısan özünlə birgə -

Ömrüm səssiz qalıb, sədasız qalıb.

Dəniz aparmısan gözünlə birgə -

Ürəyim tufansız, dalğasız qalıb.

lll

Ədəbiyyata Nəbi Xəzrinin "Uğurlu yolu" ilə "Azərbaycan gəncləri" qəzetində çap olunan "Cığır" və "Səslədi məni" adlı şeirləri ilə gəlmişdi. Sonra "Ulduz" jurnalının səhifələrində bir xalq şairinin yazdığı geniş təqdimatla az qala o illərdə çap olunan şeirlər kitabı həcmdə yaradıcılığından nümunələr oxuculara çatdırılmışdı.

lll

Sözümün bu yerində elə Səyavuş Sərxanlının özü kimi dünyasını vaxtsız dəyişmiş həmyerlisi, istedadlı şair Taleh Həmidin onun xatirəsinə xitabən yazdığı məqaləsindəndir. Sətirləri yada salıram: "Diz qatlayıb birnəfəsə kitab yazmışdı. Gözəl bir adı var idi: "Göy suların sultanı". Oxumuşdum. Nə qədər zəhmət çəkmişdi. Səyavuş inanırdı ki, bu kitab çap olunacaq. O da həmin kitabdan maddi, mənəvi zövqünü görəcək. Səmimiyyətindən, bir az da sadəlövhlüyündən hamıya inanan Səyavuş bu dəfə də aldandı".

lll

"...Haçansa bir şair köçər bu eldən..." - bu qubarlı misra da Səyavuş Sərxanlınındır. "Bir şair adısa yadigar qalar..." həqiqətinə də, yəqin ki, Səyavuş Sərxanlının şəkki-şübhəsi yox idi.

Yazıb-yaratmaq eşqi, həvəsi ilə:

 

...Yollar üz qoyubdur ömrün qışına,

Mən gərək tələsəm, gərək tələsəm...

 

- deyən Səyavuş Sərxanlı da nə yazıqlar ki, dünyadan, həyatdan vaxtsız köçməyə, isti bir yay günü ömrünün 63-ündə soyuq torpaq altına tələsdi.

 

 

 





21.11.2023    çap et  çap et