525.Az

Yüz qırx yaşlı sənət məbədi - "Tağıyev teatrı"


 

Yüz qırx yaşlı sənət məbədi - "Tağıyev teatrı"<b style="color:red"></b>

"Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 8" ünvanında şəhərimizin arxitekturasının ən gözəl incilərindən biri sayıla biləcək möhtəşəm bina yerləşir. Bu bina yüz qırx ildən bri xalqın "Tağıyev teatrı" adlandırdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrıdır. Niyə, nədən "Tağıyev teatrı"? Bu sualın cavabı XIX əsr Bakısının tarixində, paytaxtımızın o dövrdəki mədəni həyat salnaməsindədir...

lll

Rusiya imperiyasının tərkibində olan Şimali Azərbaycan ərazisində XIX əsrin ikinci yarısında neft istehsalı həcminin böyüməsi ilə kapitalizm inkişaf etməyə başladı. Maddiyyatın zənginləşməsi, mənəvi zövqlərin də fəallaşmasına yol açdı. Bakı şəhərində kapitalizmin yüksəlişi mədəniyyət tikililərinin inşasına ehtiyacı artırırdı. İllər keçdikcə bu sahədə binaların sayı çoxalırdı. Xüsusilə, 1880-ci ildən şəhərdə müvəqqəti yay teatr və sirkbinalarının tikilməsi üçün yerlərin ayrılmasına başlanılmışdı.

Bəhs etdiyimiz mövzu ilə bağlı Azərbaycan Dövlət Tarix Arxivində "Bakı şəhər idarəsi" fondunun tikinti şöbəsinə aid siyahısında bir çox sənədlər qorunmaqdadır. Teatr və sirk binalarının tikintisinə yer ayrılması icazəsi üçün yazılan ilk ərizə Veroni Vest adlı şəxs tərəfindən 16 oktyabr 1880-ci ildə qeydə alınıb. Çox keçmir, Bakı şəhər upravası ərizədə qaldırılan məsələnin təmin edilməsi haqqında qərar çıxardır (f.309, siy.3, sax. vah. 138, səh. 1-4).

1881-ci ilin yanvarında başqa birisi - Nikolay Osipov adlı şəxs Mixaylovski bağında yay teatrı tikilməsinə yer ayrılması səbəbilə şəhər upravasına müraciət edir (f.389, siy.3, sax. vah. 158, səh. 2-5).

Əhalisi elə də çox olmayan o zamanın Bakısında aylar keçdikcə teatr tikintisi söhbətləri sürətlə aktuallaşıb, varlılar arasında yayılaraq geniş müzakirələrə səbəb olur. Həmin ilin aprel ayında bu məsələyə görə Bakı şəhər upravasına otuzadək varlının (bu sırada Hacı Zeynalabdin Tağıyev də vardı) imzası ilə əhatəli bir ərizə yazılır. Edilən müraciətin nəticəsində Mixaylovski bağının yuxarı hissəsində teatr tikilməsi üçün 400 kv. sajen yer ayrılması barədə uprava tərəfindən qərar qəbul olunur (f.389, siy.3, sax. vah. 169, səh. 1-3).

Əlbəttə, bu dövrdə tikilən teatr və sirk binalarının hamısı yalnız ilin isti günlərində istifadə üçün müvəqqəti və taxtadan tikilmiş olurdu. Gələcəyi düşünən və görən, yüksək zəkalı bir insan kimi Hacı Zeynalabdin başa düşürdü ki, tezliklə Bakıda ilin hər fəslində yararlı və qalıcı olan, daşdan tikilən böyük, sanballı teatr binasına ehtiyac duyulacaq. Artıq bir müddət idi, Azərbaycan teatrı da yaranmışdı. 1873-cü ilin martın 10-da Bakı xalq yığıncağının səhnəsində real məktəbin şagirdləri M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" pyesi əsasında tamaşanı səhnəyə qoymuşdular. Ardınca da başqa pyeslər. Ona görə də, çox keçmədi, növbəti il - 1882-ci ildə Tağıyev Bakı şəhərinin mərkəzində yerləşən öz sahəsində - buğda anbarı kimi istifadə etdiyi binanı köklü surətdə dəyişdirərək, teatr üçün uyğunlaşdırmaq qərarına gəldi. O, tikiləcək teatr binasının layihəsini Bakı şəhər Dumasına təsdiq üçün təqdim etdi. Dumanın razılığı alınandan sonra isə 27 yanvar 1883-cü ildə tikinti başladı. İlk dəfə idi ki, sənayeçi və xeyriyyəçi Tağıyevin şəxsi vəsaiti hesabına Bakıda əzəmətli teatr binası tikilirdi.

İlin sonuna yaxın, qış gəlməmiş tikinti işləri başa çatdı. Noyabrın 25-də teatr binasına baxış keçirən şəhər rəhbərliyinin komissiyası, çatışmazlıqları qeyd etməklə yanaşı, binanı teatr üçün münasib hesab edib istifadəsinə icazə verdi (f.389, siy.3, sax. vah. 314, səh. 18). İki gün sonra, tikintisi on aya yaxın çəkən teatrın təntənəli açılışı oldu, səhnədə anşlaqla keçən tamaşa nümayiş etdirildi.

Bu teatr binası 1911-ci ilədək şəhərdə yeganə teatr ünvanı olub. Teatrın səhnəsində onlarla milli pyeslər, operalar və dünya klassiklərinin əsərləri tamaşaya qoyulub. O cümlədən, 1908-ci ilin yanvarında ilk Azərbaycan milli operası olan Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" tamaşasının premyerası da burada gerçəkləşib.

Dəfələrlə ağır, müəmmalı yanğınlardan çıxan, quruluş və layihəsi ciddi dəyişikliklərə uğrayan teatr binası yaşı bir əsri ötəndən sonra yararsız vəziyyətə düşərək müxtəlif yerlərindən dağılmağa başlamışdı. Bakı şəhər rəhbərliyinin qərarı ilə bina 1992-ci ildə tam söküldü. Dörd il ərzində - 1996-cı ildə yerində əvvəlkinin, demək olar, eynisi - Azərbaycan Dövlət Musiqili Teatrının yeni binası tikildi.

Amma hələ də xalqın qəlbində, nəzərində bura 140 il öncə olduğu kimi "Tağıyev teatrı" olaraq qalır.

 





21.11.2023    çap et  çap et