Qədim türk yurdu Naxçıvanda gerçəkləşən "Qərbi Azərbaycana qayıdış" festivalı və "Qərbi Azərbaycana qayıdışa gedən yol" konqresində şanlı tariximiz iki gün yenidən vərəqləndi. Nidaların üstünə işıq salındı, "niyə, nə üçün, nə vaxt" kimi suallara cavablar axtarıldı. Təhrif olunan xəritəmizin, kiçildilmiş sərhədlərimizin tarixi taleyinə nəzər salındı. "Qərbi Azərbaycana qayıdış" festivalının, "Qərbi Azərbaycana qayıdışa gedən yol" konqresinin bütün iştirakçıları özlərini o iki gündə bütünlüklə Qərbi azərbaycanlı hesab etdilər desək, səhv etmiş olmarıq.
Tarix təkcə möhürlü sənədlərdən, arxiv faktlarından, saralmış xəritələrdən ibarət deyil. Tarix həm də xalqın yaddaşıdır, o yaddaşı özündə saxlayan sənət əsərlərindədir - xalçadadır, kilimdədir, kəlağayıdadır, milli mətbəx nümunələrindədir, musiqi, rəqs, folklor və xalq oyunlarındadır. Bütün bu sadalananlar vəhdətdə xalqın etnogenezesinin, milli kimliyinin obrazıdır. Tarixlər boyu xalça təkcə məişət əşyası olmayıb, hər bir ornamenti, detalı, çeşni və elementi ilə onu ərsəyə gətirən xalqın fəlsəfi dərinliyini, təxəyyül zənginliyini bəyan edib. Geyimlər sadəcə isinmək və örtünmək üçün olmayıb həm də ismət, həya simvolu kimi xarakterizə olunub. Ləziz təamlar da təkcə damaq dadına xidmət etməyib, həm də ana və nənələrimizin zəngin fantaziyasından xəbər verib. Laylası, ağısı, bayatısı da xalqın mental yaddaşının, genetik kodunun daşıyıcısı olub. Bütün bunları diqqətdə saxlayan təşkilatçılar rəsmi açılışdan sonra tədbirə məhz bu sadalananların möhtəşəm kompozisiyasından ibarət sərginin nümayişi ilə başladılar. Qədim Naxçıvan ondan çox da uzaq olmayan Qərbi Azərbaycanın ab havasına büründü. Həmişə dövlətçilik, milli təəssübkeşlik ənənələrinə sadiq qalan qədim diyar bu dəfə də qonaqlarını yallı səfi kimi bir araya gətirdi.
AMEA-dan da otuza yaxın alim və tədqiqatçının qatıldığı konqresdə dinlənilən və müzakirə edilən yüzdən çox elmi məruzə isə bir daha tarixi yada saldı. İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə kimi mahalların, qədim türk yurdunun folkloru, bədii təfəkkürü, mədəniyyəti, coğrafiyası, demoqrafiyası, təbiəti, ərazisi, tarixi, təhrif olunmuş toponimləri, incəsənəti, adət-ənənəsi yada salındı. Gənc auditoriya öyrəndi ki, onun o torpaqlara, o yaşayış yurdlarına nə qədər haqqı çatır, o, bir millət olaraq nə qədər haqsızlığa uğrayıb. Azərbaycanın sərhədləri 100 il, 200 il əvvəl hansı hüdudlarda idi, indi hardadır və bu faciənin, qərəzli münasibətin əsl səbəbi nələrdir, itirdiklərimizin miqyası nə qədərdir? Hansı siyasi məqsədlərin qurbanı olmuşuq? Güclü və böyük olmağımız kimləri və niyə qorxudub? Məhv olunan tarixi abidələrin, maddi və mənəvi dəlillərin bugünkü və sabahkı taleyi necə olacaq? Ərazi bütövlüyümüzü milli-etnik şüurda, yaddaşda nə qədər mühafizə edə bilmişik? Bu kimi məsələ və problemlər müzakirə olundu, dönə-dönə vurğulandı ki, Azərbaycan öz tarixi torpaqlarına silahla, sursatla deyil, mədəniyyəti ilə, hüququ ilə qayıdacaq, haqqı çatana sahib olacaq. Qarabağda ilahi ədaləti bərpa etdiyi kimi.
Vətən həsrəti, yurd ağrısı kürsüdən doğma yurdunun tarixi, ədəbiyyatı haqqında bir çox tədqiqat və monaqrafiyalar yazsa da, danışmağa çətinlik çəkən, doğma yurdun nisgilini bütün varlığı ilə yaşayan ziyalılarımızın simasında da görünürdü. Təyyarə Göyçənin üzərindən keçərkən kəndinə sarı boylanıb doğma yurd yerinə nisgillə, qəlb ağrısı ilə baxan həmvətənlərimizi də anlamaq çətin deyildi. Hələ ömrünü bu ağrı ilə yaşayıb dünyadan köçən soydaşlarımızın tapdanan haqqından danışmırıq.
Bir daha vurğulayırıq ki, Azərbaycan öz tarixi torpaqlarına yallısı, cəngisi ilə, mənəvi dəyərlərin qoruyucusu, yüksək intellektin və sivilizasiyanın mühafizi kimi qayıdacaq. Hərbi qüvvəsi ilə yox, ziyalı ordusu ilə tarixi torpaqlarına geri dönəcək. Tarixi ərazilərində mənəvi-intellektual tarazlığı və ab havanı bərpa edəcək. İstər Azərbaycan Milli Elmlər Akademiyasında Qərbi Azərbaycanın bir çox istiqamətdən öyrənilməsi məqsədi ilə yaranan "Qərbi Azərbaycan folkloru", "Qərbi Azərbaycan tarixi", "Toponomika" kimi şöbələr, istər bu sahədə aparılan tədqiqatlar, hazırlanmaqda olan "Qərbi Azərbaycan Ensiklopediyası", istər müxtəlif universitetlərdə adıçəkilən mövzuların seçmə fənn kimi tədris olunması, istər haqqında danışdığımız festival-konqres Azərbaycan Prezidentinin Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək xarakteri daşımaqla yanaşı, arzuolunan günə doğru atılan addımlardır. Bütün festival və konqres iştirakçıları o günün uzaqda olmadığına dərin inam və ümidlə, hər biri hədəfə çatmaq üçün öz üzərinə düşən vəzifəni yerinə yetirməkdə məsul və müsəlləh əsgər kimi ayrıldı. Bir daha böyük hədəf və ali niyyətə yönəlmiş möhtəşəm tədbirin təşkilatçılarına, ideya müəlliflərinə minnətdarlığımızı bildirir, qədim Naxçıvan elinin qonaqpərvərlik kimi adətini qoruyan əhalisinə təşəkkür edirik.