525.Az

Asi olmamışam Yaradana mən...


 

Asi olmamışam Yaradana mən...<b style="color:red"></b>

Kirman RÜSTƏMLİ

 

Asi olmamışam Yaradana mən...

 

Dar ağacına salam verən

Rüstəm Behrudiyə

 

Qarşına gəlmişəm, bitir bu zülmü,

Nə göz yaşı axıt, nə mənə acı.

Mən qəbul edərəm belə ölümü,

Çağır cəlladını, ay dar ağacı!

 

Nədir ki günahım: haqdan qaçmışam?

Asi olmamışam Yaradana mən.

Tanrıya bircə yol ağız açmışam,

Demişəm: bu mənəm - qürurlu bəndən!

Axı nə cür dözüm, puç olur arzum,

Dilim lal olubdur, kilidlənibdir.

Yediyim hər tikə olubdur zəqqum,

Qəlbimsə boş yerə ümidlənibdir.

 

Bir gülün yerinə burda bitmisən,

Neçə can almısan, məgər saydılar?

İndi hamımızdan betər dərdlisən,

Sənə bu taleyi necə qıydılar?

 

Səni kimlər qurub, kimlər ucaldıb?

Qoyublar başına cəlladlıq tacı.

Varlığın həyatı əzib, alçaldıb,

Bir gün sən də asıl, ay dar ağacı!

 

Batabatda bir gün

 

Bu torpaqda bulud yeri yalayır,

Yağış yağır, seli selə calayır,

Dolu düşür, gül-çiçəyi talayır,

Günəş çıxsa, şəfəq saçır Batabat,

Qonaq görcək qucaq açır Batabat

 

Mən burada gül ətrinə büründüm,

Səcdə edib torpağında süründüm.

Gözəlliyə vurğun kimi göründüm,

"Zor bulaq"dan su da içdim bir qədər,

Yada düşdü bir vaxt olub-keçənlər.

 

Zəncirotu ləçəklənib - sapsarı,

Quzeylərdə əriməyib dağ qarı,

Biçənəyin yüz bəhəri, yüz barı,

"Bu yerlərə bir də qayıt  gəl" deyir,

Mərcan gözlü bulaqlarla gül deyir.

 

Oba köçüb, yurd yerləri bomboşdu,

Dağa qalxan yollar xeyli yoxuşdu,

Kim gəlməyib buralara, naxoşdu,

Ocaq çatsan, ləzzəti var dumanda,

Bu da belə yolçuluqdur zamanda.

 

Qantəpəri neçə dərdi siləndir,

Hər yer çiçək, dörd yanımız çəməndir.

"Batabat"dır, bura bizim vətəndir,

Gözəlliyə burda min don biçilir,

Kədər-qüssə tez əriyib kiçilir.

 

Bir yol gəldim, yəqin gəlləm dübarə,

Tapım burda bir dərdimə min çarə.

Bu dünyada niyə qalım biçarə,

"Salvartı"nı verin mənə, dərdləşim,

İlqar edib, mən onunla əhdləşim.

 

 

 





01.12.2023    çap et  çap et