Hər birimizin həyatında səhvlər olur. Kimsə yanlış addımlardan sığortalanmayıb. Səhvlərimizin müxtəlif səbəbləri. Bəzən hətta istəyərək, nəticəsini bilə- bilə bu yanlışlıqları edirik... Bu, adətən həyəcan, macəra axtarışından xəbər verir.
Bir neçə gün əvvəl bir dostla söhbət edirdik. Peşmanlıqlardan, ehtimallardan, olmuşlardan və olacaqlardan danışırdıq. Söz nədən düşdüsə dedim ki, gərək insanın ayağı daim “əyləcdə” olsun. Təəccüblə qarşıladı. Nə demək istədiyimi soruşdu. Üstündə çox dayanmadım. Söhbəti dəyişdim.
Amma indi fikrimi izah etmək istəyirəm. Düşünün ki, yüksək sürətlə avtomobil idarə edirsiniz. İki əlinizlə sükandan yapışmısız. Təhlükəsizlik kəmərinizi də bağlamısız. Bütün diqqətiniz yoldadır. Yolun boş olmağına arxalanıb maksimum sürətdən istifadə edirsiz. Amma qəfil qarşınıza maneə çıxır. Əgər ayağınız əyləcdə deyilsə, ən yaxşı halda qəza şəraiti yaradacaqsız və sizlə eyni yolu gedən başqalarına mane olacaqsız. Ən pis halda isə həyatınızla vidalaşmalı olacaqsız.
Bir ayağınız əyləcdə olduqda isə vaxtı itirmədən sürəti aşağı sala, hətta lazım gələrsə, geri hərəkət edə, bununla da ehtimal olunan bədbəxt hadisənin qarşısını ala bilərsiz.
Nəinki sabah, heç bir saat sonra da nə olacağını bilmirik. Bu, insanı istər - istəməz Qərbdəki məşhur "Carpe diem", yəni "Anı yaşa" nəzəriyyəsi barədə düşünməyə sövq edir. Həmin cərəyana görə, nə keçmiş, nə də gələcək barədə düşünməliyik. Sadəcə bu günü yaşamalıyıq. Bu saatı, bu dəqiqəni...
Əslində həyacan və ya macəra axtarışında olmağımızın heç bir qorxusu yoxdur. Bu, çoxlarına zövq edir. Monotonluq əksəriyyəti yorur, onlar yenilik axtarırlar. Əsas məsələ eyforiyaya qapılmamaqdadırlar. Dayanmalı olduğumuz yeri bilməliyik. Eyni ilə avtomobili yüksək sürətlə idarə edən və qırmızı işıqda qəfil əyləci sıxan sürücülər kimi...
Alkoqollu içki içmək də oxşar nümunədir. Hər növbəti qədəh insana daha çox təsir edir. Bəzən beyin dumanlanır, reallıq hissini getdikcə itirməli olursan. Cari öhdəliklərini, problemləri, qayğıları unudursan. Özünü dünyanın ən güclü insanı hesab edirsən. Bu anların daimi olduğunu düşünürsən. Həmin dəqiqələrdə başa düşməlisən ki, "əyləci sıxmaq" vaxtı yaxınlaşır. Əgər vaxtında tərpənməsən, sonra daha çətin olacaq.
Belə çox nümunə göstərmək olar. Nazım Hikmətin dediyi kimi, tam zamanında yaşamaq lazımdır. Amma tam zamanında dayanmaq da bura daxil olmalıdır.
Bütün işlərdə, o cümlədən münasibətlərdə "əyləci" hiss etməli, onun ayağının altında olduğundan əmin olmalısan. Bunu bacaranlar üçün həyatdan zövq almaq daha asan olur...