525.Az

Müharibə geniş coğrafiyaya yayılacaq - Xaqani Cəfərli yazır


 

Müharibə geniş coğrafiyaya yayılacaq - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

İsrail ordusunun HƏMAS terror təşkilatına qarşı döyüş əməliyyatlarını bərpa etməsilə Qəzza sektorunda atəşkəs rejimi sona çatdı. Qeyd edək ki, noyabrın 24-də HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəslə bağlı razılıq əldə olunmuş, daha sonra bir neçə dəfə atəşkəs rejimi uzadılmışdı. İsrail hökuməti bütün girovların azad olunacağı təqdirdə atəşkəs rejimini uzadacağını bildirmişdi. Lakin HƏMAS-ın anlaşmaya əməl etməməsi, girovluqdakı azyaşlıları azad etməməsi İsrailin səbrini daşırdı və SAXAL hərbi əməliyyatları bərpa etdi.

Qəzzadakı hərbi əməliyyatlarla bağlı İsrail hökuməti xarici və daxili təzyiqlər altında idi. Bir çox dövlətlər, xüsusi ilə İslam dövlətləri Qəzzadakı hərbi əməliyyatların dayandırılmasını, münaqişənin danışıqlar yolu ilə həllini tələb edirdilər. İsraildə isə müxalifət hökuməti qətiyyətli və çevik addımlar atmağa səsləyirdi. Atəşkəs uzandıqca hökumətə qarşı tənqidlər də sərtləşdirdi. İsrail hərbi və təhlükəsizlik qüvvələrinin rəhbərliyində olduğu kimi, müxalifətdə də belə rəy var ki, atəşkəs HƏMAS-ın xeyrinə işləyir. HƏMAS-ın girovluğundan azad edilmiş insanların, xüsusilə azyaşlıların işgəncəyə məruz qalması və bədənlərinə narkotik maddələrin köçürülməsi ilə bağlı məlumatlar İsrail cəmiyyətində gərginliyi artırırdı. Bütün bunlara görə də müxalifət hökumətə təzyiqləri gücləndirirdi. HƏMAS-ın atəşkəslə bağlı şərtlərə əməl etməməsi hərbi əməliyyatların yenidən başlanmasına səbəb oldu.  Çox böyük ehtimalla demək olar ki, bu hərbi əməliyyatlar qısa zamanda bitməyəcək.

İsrailin hərbi və təhlükəsizlik qüvvələri Qəzzanı tamamilə silahsızlaşdırmaq və HƏMAS-ı tamamilə yox etmək istədiklərini bildirirlər. Bu məqsədlərə nail olmaq üçün əməliyyatların bir il davam edə biləcəyi ehtimal olunur. HƏMAS-ı yox etməyi qarşısına məqsəd qoyan İsrail hökuməti təşkilatın xarici ölkələrdəki təmsilçilərini məhv etmək niyyətindədir. Baş nazir Binyamin Netanyahu bununla bağlı xüsusi xidmət orqanlarına göstəriş verdiyini bəyan edib. İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) rəhbəri Ronen Barının HƏMAS-ın xarici ölkələrdə olan liderlərinin məhv ediləcəyini vurğuladığı səs yazısı yayımlanıb. Bu səs yazısında diqqətçəkən məqam Şin Betin rəhbərinin HƏMAS liderlərinin məhv edilə biləcəyi ölkələr arasında Qətər, Türkiyə və Livanın adlarını xüsusilə vurğulamasıdır. HƏMAS liderlərinə qarşı əməliyyatı 1972-ci ildə Münhen Olimpiadasındakı terror aktından sonra İsrail xüsusi xidmət orqanlarının fəaliyyətinə bənzədən Şin Betin "bu da bizim Münhendir" - deyib. Qərb mediasına sızan məlumatlara görə, İsrail xüsusi xidmət orqanları, xüsusilə də Mossad terrorçuların məhv edilməsini artıq planlaşdırmağa başlayıb. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və təşkilatın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal əsasən iki ölkədə - Qətər və Türkiyədə yaşayırlar. Rəsmi Ankara isə İsrail xüsusi xidmət orqanlarının Türkiyə ərazisində HƏMAS liderlərinə qarşı əməliyyat keçirəcəyinin ağır nəticələrinin olacağı haqqında xəbərdarlıq edib. Bütün bu məlumatlar müharibənin geniş coğrafiyaya yayılacağını göstərir.

İsrail Qəzzaya qarşı əməliyyatları bərpa etdikdən sonra İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian da müharibənin çox geniş coğrafiyaya yayıla biləcəyini bəyan edib. Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr bin Həməd bin Həmud Əlbusaidi ilə birlikdə mətbuat konfransı keçirən İran xarici işlər naziri Vaşinqtonu İsrailə dəstəyini dərhal dayandırmağa çağırıb. İran Prezidenti İbrahim Rəisi isə deyib ki, ölkəsinin Qəzza və Fələstinə dəstəyi Konstitusiyanın tələbidir. Fələstin xalqına dəstək İslam İnqilabının qələbəsindən sonra İran İslam Respublikasının xarici siyasətinin əsas prinsipinə çevrilib.

İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsindən sonra İranın "Kayhan" qəzeti  Fars körfəzində İran, Rusiya və Çinin birgə keçirəcəyi hərbi təlimlə və üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı geniş təhlil yazısı dərc edib. Məqalədə deyilir ki, İran, Rusiya və Çin arasında Fars körfəzində yarana biləcək hərbi ittifaq dünyanın ən güclü hərbi alyanslarından biri ola bilər. Tehran rejiminin əsas təbliğat vasitəsi olan "Kayhan" qəzeti bu ittifaqa Şimali Koreyanın da qoşula biləcəyini və antiNATO alyansının yaranacağını qeyd edir. Məqalədə bildirilir ki, Çin və Rusiya artıq hərbi texnologiyaların inkişafı üçün birgə tədqiqat mərkəzi yaratmaq barədə razılığa gəliblər. İran da Rusiyadan qabaqcıl Su-35 döyüş təyyarələri alacağını təsdiqləyib. Şimali Koreya həmçinin Yer orbitinə ilk casus peykini göndərib. Çin lideri Si Cinpin ölkəsinin ABŞ-a qarşı alyans yaratmayacağı ilə bağlı vədinin əks-sədası çəkilməmiş "Keyhan" qəzetinin antiNATO ittifaqının yaranacağı ilə bağlı iddiası sağlam ağlın məhsulu hesab oluna bilməz. Ancaq bu onu göstərir ki, İran ABŞ-a və onun müttəfiqi İsrailə qarşı təkbaşına dayana bilməyəcəyinin fərqindədir. Eyni zamanda İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatların daha geniş coğrafiyaya yayılacağı ehtimalının artdığı bir zamanda İran müharibənin onun sərhədlərinə çatacağından qorxur. ABŞ-ın Suriya ərazisində İran qüvvələrinə zərbə endirməsi müharibənin sərhədinin İrana yaxınlaşdığını göstərir. Digər tərəfdən İsrail və ABŞ-ın İranın Yaxın Şərqdəki proksi qüvvələrini məhv etmək üçün hərəkətə keçəcəyi də İranın narahatlığını artırır. Suriyanın yenidən qanlı döyüş əməliyyatlarının meydanına çevrilməsi ehtimalı Türkiyəni də narahat edir. Belə bir vaxtda ABŞ-ın Suriyadakı kürd birləşmələrinə müasir silahlar, o cümlədən, hava hücumundan müdafiə sistemləri verməsi ilə bağlı xəbər yayılıb. ABŞ-ın Suriya ərazisində İrana bağlı qüvvələrə qarşı həyata keçirdiyi əməliyyatda beşinci nəsil F-35 qırıcılarından istifadə etməsi isə tamamilə yeni vəziyyətin yarandığını göstərir.

 

 





06.12.2023    çap et  çap et