525.Az

Bakıda tıxac kabusu


 

Bakıda tıxac kabusu<b style="color:red"></b>

Bakının bir sıra küçə və prospektlərində günün istənilən saatında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Tıxaclar təkcə mərkəzdə və pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən saatında yaranır. Bu, artıq sakinlərin gündəlik qarşılaşdıqları problemdən çox, vərdiş etdiyi bir hal olub. İnsanlar tıxacı nəzərə alaraq plan qurub, vaxtı ona görə ayarlayırlar. Bir çox ölkələrdə yaşanan bu problem artıq Azərbaycanda da qabarıq şəkildə özünü göstərir, xüsusən də Bakıda.

 

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, Azərbaycan üzrə ümumi avtomobil sayı çox deyil, amma paytaxt sakinlərinin və qonaqların sayına görə çoxdur. Təəssüf ki, avtomobillərin hərəkəti üçün lazımi qədər yol infrastrukturu mövcud deyil. Yəni çox avtomobil buraxılışlı yollarımız azdır, yollar daha çox "butulka" effektlidir. Vaxtilə Bakıda yol infrastrukturu qurularkən körpülər, yol ötürücüləri, tunellər tikilərkən bilinmir ki, bu işlər hansı standartlara uyğun aparılıb. 10 il sonranı görməməklə, əhali sayının artması nəzərə alınmadan yollar salınıb. Bu gün də biz bunun acısını çəkirik: "Tıxacları yaradan səbəblərdən biri sürücülərin avtomobillərini daha çox yolun hərəkət hissəsində saxlamasıdır. Parklanma yerlərinin olmaması, bunun düzgün təşkil olunmaması və cəmiyyətə parklanma yerlərinin ünvanlarının açıqlanmaması tıxaca səbəb olur. Dövlətin balansında olan avtomobil dayanacaqlarının ünvanı açıqlanmalıdır ki, vətəndaş rahatlıqla avtomobilini həmin yerlərdə saxlaya bilsin. İkinci məsələ odur ki, yol infrastrukturu yaxşı qurulmayıb. "Butulka" effektli yollardır, gah enlənir, gah da daralır. Bu gün də yolların daraldılması prosesi gedir. Bakıda avtomobil yollarına aid bütün tikintilər dayandırılmalıdır. Yolların ortasında olan beton plitələr hamısı sökülməli, yol genişləndirilməlidir. Beton arakəsmələrin yolun ortasında yerləşdirilməsi "butulka" effektinə gətirib çıxarır və avtomobil sıxlığı yaradır".

Ekspert qeyd edib ki, paytaxt ərazisində yolların buraxma qabiliyyəti intensivliyə uyğun deyil: "Tıxacların yaranma səbəbləri var. Bəzən buna sürücülər səbəb olur, bəzən də yolun buraxma qabiliyyətinə görə yaranır.

Yağışlı, qarlı havada avtomobillərin hərəkət sürəti istər-istəməz aşağı düşür, buna uyğun da yolun buraxma qabiliyyəti aşağı düşmüş olur.

Nəticədə avtomobil axını yavaşıyır, hərəkət intensivliyi zəifləyir və tıxac yaranır. Yolların hansı formada qurulması da səbəblərdən biridir. Bəzən dar yol müəyyən hissədə genişlənir, bu zaman görürsən ki, dar yolla hərəkət edən avtomobillər genişliyə çıxanda səpələnir və hərəkət asanlaşır, hərəkətin intensivliyi artır. Problem onda yaranır ki, geniş yol hardasa dar yola keçir. Bax belə olduqda yolda hərəkət çətinləşir. Hərəkət zolaqlarının azalması da tıxac yaradan başlıca səbəbdir. 3-4 zolaqlı yolun birdən-birə 2 zolaqlıya keçməsi, avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olur. Sürücülər çalışır ki, tez hərəkət zolağına keçsinlər, basırıq da belə yaranır. Sürücülərin hərəkət zolağı kəskin dəyişən yolda manevr etmək imkanları məhdudlaşır. Avtomobilin manevr etməsinə sərf olunan zaman kəsiyində artıq tıxac yaranır".

E.Cəfərov hesab edir ki, yaxşı komanda ilə sadəcə bir neçə ay ərzində paytaxtda avtomobil tıxaclarının sayını azaltmaq mümkündür. Ən azından subyektiv səbəblərdən yaranan tıxacları azaltmaq olar. Qismən də sıxlığın qarşısını almaq mümkündür.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə əsasən, müasir dövrdə əsasən yol şəbəkəsinin genişləndirilməsi, yolları söküb yenidən qurmaq və yaxud yaşıllıqları, binaları söküb yol çəkmək artıq geridə qalmış yanaşmalardır: "Elə dövlətlər var ki, onların yol infrastrukturu hələ də bərbad vəziyyətdədir və ən azından qaydaya salmalıdırlar. Azərbaycan isə artıq bu periodu keçib, yəni yol şəbəkəsini genişləndirmək, inkişaf etdirmək kimi addımlar artıq geridə qalmış yanaşmadır və qeyri-mümkündür. Ola bilər ki, hansısa 1-2 küçədə mümkün olsun, lakin qeyd etdiyim kimi, bu məsələ artıq bitib. Vaxtında bu işlər nizam-intizamla aparılmayıb, əraziyə çıxıb baxmayıblar, xronometraj aparmayıblar, nəqliyyat axınının  hansı istiqamətdə, hansı saatda üstün olduğu araşdırılmayıb. Kabinetlərində oturub qərar veriblər ki, filan yerdə yolu genişləndirmək lazımdır. Amma nə məqsədlə, niyə genişləndirilsin, hansı istiqamətdə nəqliyyat axını güclü olacaq, bunu düşünməyiblər. Sadəcə, yaxşıca pul "yeyiblər". Yanaşma bu formada olduğundan artıq əlavə nəsə etməyə imkan çatmır. Bakının infrastrukturu artıq tükənib".

O qeyd edib ki, Bakıda yeni binalar tikiləndə avtomobil dayanacaqları da inşa olunmalıdır: "İnsanlar yeni binalarda mənzil alıb ora köçürlər. Sonra məlum olur ki, binanın parkovkası yoxdur. Ona görə də sürücülər avtomobillərini harada yer tapdılar orada saxlayırlar. Bu da tıxaclara səbəb olur".

Ekspert bildirib ki, dünyada inkişaf etmiş ölkələrdə isə tıxacın aradan qaldırılması ilə bağlı əsas hədəf ictimai nəqliyyatı inkişaf etdirməkdir. Çox təəssüflər olsun ki, Bakıda ictimai nəqliyyatı inkişaf etdirmək əvəzinə onu məhv edirlər: "Qeyd etdiyim kimi, ictimai nəqliyyatın digər alternativ növləri - trolleybus, tramvay var. Bu istiqamətdə düşünmək lazımdır. İctimai nəqliyyatın alternativ növlərinin bərpası zəruridir. Ortada dövlət proqramı var. Prezident İlham Əliyev həmin proqramı 2018-ci ilin dekabrında imzalayıb. Proqramda ictimai nəqliyyatın digər növləri olan tramvay və trolleybus növlərinin bərpa edilməsinə baxılmalıdır. Lakin aidiyyəti qurumlardan bir səs-soraq çıxmadı, heç kim çıxıb demədi ki, bu məsələ mümkündür, ya mümkün deyil. Məsələn, Bakı kəndləri istiqamətində trolleybus və tramvay xətləri mümkündür. Həmçinin metro şəbəkəsinin genişləndirilməsinə çox böyük imkanlar var və buna böyük ehtiyac da duyulur. Şərt o deyil ki, metro mütləq yerin altında olmalıdır. Bakının harasını  qazırsan neft çıxır, ya da ki, qanunsuz tikililər metro şəbəkəsinin genişlənməsinə mane olur. Bununla da metronun strategiyası yoxdur, çünki zamanında düzgün siyasət yürüdülməyib, xətləri vaxtında qurmayıblar. Zamanında bu düşünülsəydi, həmin xətlərin üzərində heç bir bina tikilməzdi və imkan düşdükcə metro şəbəkəsini genişləndirmək olardı. Beləliklə, bəzi yerlərdə yeraltı, bəzilərində isə yerüstü imkanlarda istifadə edib metro şəbəkəsini genişləndirmək lazımdır".

Elməddin Muradlının dediyinə görə, əgər vəziyyət bu həddi də keçsə, avtomobilləşmə daha sürətlə gedəcək: "Çünki bu gün insanlar iş yerlərini itirməmək üçün özlərinə şəxsi avtomobil alırlar. Səbəb isə budur ki, ictimai nəqliyyatın vaxtında mənzil başına çatacağına inam yoxdur. İctimai nəqliyyatın pik həddində insanlar məcbur olub "manatlıq taksi"dən istifadə edir. Həmin taksilər olmasa, vəziyyət daha da pis olar. BNA həmin "manatlıq taksi"lərə nəzir verib, dua etsin, onların "üzünü ağ" edir. Bu taksilər olmasa, sərnişin axının qarşısını almaq mümkün olmazdı. Xüsusən də Xırdalan-Abşeron, Bakı kəndləri istiqamətində bu cür taksilərə böyük ehtiyac yaranır və bu, acı reallıqdır".

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, ölkədə mövcud olan avtomobil parkının əhəmiyyətli hissəsi paytaxt və onun ətrafında cəmləşib, baxmayaraq ki, biz uçotda fərqli rəqəmlər görə bilərik. Uçota nəzər yetirsəniz, görərsiz ki, 2015-ci illə müqayisədə Bakı şəhərində avtomobillərin sayında azalma baş verib. Faktiki vəziyyət isə tamamilə fərqlidir. Regionlarda iş tapa bilməyən, müvafiq sosial-iqtisadi infrastruktura əli çatmayan insanlar Bakı şəhərinə üz tuturlar. Əslində bütün planlama aparılarkən rəsmi qeydiyyatda olan mövcud rəqəmlər üzərindən yola çıxaraq aparılır. Amma faktiki olaraq burada yol infrastrukturundan tutmuş bütün xidmətlərə tələb iki dəfə daha çoxdur. Bunun özü səbəblərdən biridir.

R.Həsənovun fikrincə, tıxacların yaranmasının digər səbəbi nəqliyyatın düzgün idarə edilməməsidir: "Əminəm ki, bu faktor əhəmiyyətli dərəcədə təsir göstərir. Təsəvvür edin, günün müxtəlif vaxtlarında, xüsusilə də səhər və axşam saatlarında tıxacla bağlı ciddi təzyiq yaranır. Bu istiqamətdə yol hərəkətinin tənzimlənməsində öhdəliyi olan Dövlət Yol Polisi həmin saatlarda yollarda yoxdur. Xüsusilə də müəyyən tıxacların formalaşmasını şərtləndirən dairələrdə, keçidlərdə, yol ayrıclarında DYP əməkdaşlarının dayanması bu problemi əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər. Amma təəssüf ki, bu məsələyə diqqət yetirilmir. Eyni zamanda sürücü davranışı da tıxacların yaranmasına təsir göstərən faktorlardandır. Nəzərə almaq lazımdır ki, saatlarla tıxaclarda qalmış insanların artıq reaksiyası, davranışları dəyişir".

Millət vəkili Vahid Əhmədov hesab edir ki, hazırda paytaxtda müşahidə edilən sıxlıq, saatlarla davam edən tıxaclar nəticəsində artan narazılıqların aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır: "Hesab edirəm ki, bu məqsədlə bəzi nazirliklərin paytaxtdan kənara köçürülməsi məqsədəuyğundur. Ayrı-ayrı nazirliklərin köçürülməsi ilə yeni bir şəhər də yaratmaq olar. Bununla Bakıdakı sıxlıq və tıxacların qarşısı da alınar. Kənd təsərrüfatı, ekologiya və digər sahələrlə bağlı nazirliklər köçürülə bilər. Əsas odur ki, bunun üçün müvafiq qərar olsun. Məqsəd ondan ibarət olmalıdır ki, Bakı məruz qaldığı ağır yükdən azad edilsin. Dünyanın bir çox ölkələrində belə layihələr həyata keçirilir. Müsbət nəticələr də var. Azərbaycanın da iqtisadi potensialı imkan verir ki, bəzi nazirliklər yaxın ərazilərə köçürülsün".

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov vurğulayıb ki, təkcə Bakı yox, ümumiyyətlə Abşeron rayonunun bir neçə kənd və qəsəbəsi, Sumqayıtın yolları kifayət qədər yüklənib: "Belə tıxaclar demək olar ki, çox olub. Lakin bu, ciddi siqnaldır. Bakı-Sumqayıt yolunda yük avtomobilinin yükünün dağılması nəticəsində bütün zonanı, yəni Bakı şəhərinin şimal hissəsini Binəqədi şosesini, 20 yanvar dairəsini, Tbilisi prospektini, Moskva prospektini, bir sözlə, hər yeri iflic edib. Deməli, o qədər ifrata yaxın yüklənmə var ki, bir qəza olan kimi hər yerdə aləm bir-birinə qarışır. İlk növbədə dəqiq nəqliyyat infrastruktur siyasəti,  yaxud strategiyası qurulmalı və bu məsələ ilə bir neçə qurumlar məşğul olmalıdırlar. Hətta yollar tikilsə, yaxud genişləndirilsə, fərqli yol qovşaqları, yəni körpü, tunel tikilsə də, alınmayacaq. 2005-ci ildən bu günə qədər bu istiqamətdə işlər görülüb. Məsələn, Bakı-Sumqayıt yolu 2005-ci ildən ən azı 3 dəfə genişləndirilib, çoxlu körpülər, tunellər tikilib, amma yenidən bir qədər boşluq yaranıb. Bir-iki ildən sonra yenidən yollarda ifrata yaxın yüklənmə baş verib. Yeganə çıxış yolu şəhərsalmadakı problem aradan qalxmalı və əsas hədəf ictimai nəqliyytın inkişafı olmalı,  velosipedin real nəqliyyata çevrilməsi və mikro mobilliyə diqqət artırılmalıdır".

Sevinc QARAYEVA

 





06.12.2023    çap et  çap et